Xəbər lenti
Nadir Israfilov: “Peşəyə sədaqət insanın xarakteri haqqında çox mətləblərdən soraq verir”
“Təhsil bizim gələcəyə biletimizdir. Çünki gələcək bugündən ona hazırlaşanlarındır.”
Məlumdur ki, cəmiyyət inkişaf etdikcə, təhsil sferası da inkişaf edir, yeniləşir, təkmilləşir və dünyəviləşir. Qloballaşan dünyada ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyəti və mövcud kadr potensialı ilə ölçülür. Heç də təsadüfi deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün bir sıra genişmiqyaslı tədbirlər müəyyənləşdirib. Respublikamızda son onillikdə Beynəlxalq təhsil sisteminə inteqrasiya sahəsində yeni addımlar atılıb.
Ölkənin ən çoxsaylı sosial platformalarından biri olan Təhsil Forumu - 2024 sosial platformasının 5 illiyi münasibətilə 1250 nəfərin iştirakı, “Life Academy”nun rəsmi tərəfdaşlığı ilə keçirilən Beynəlxalq Təhsil Forumunu bu istiqamətdə atılan növbəti addım hesab etmək olar.
Beynəlxalq Təhsil Forumununda dünyanın aparıcı təhsil ölkələrindən sayılan Finlandiya, Sinqapur, Çin və Türkiyədən təşrif buyurmuş mütəxəssislərin təqdimatında “Məktəb işinin təşkili və idarə olunması”, “Müəllim-şagird münasibətlərinin qurulması”, “Sinfin idarə olunması və disiplinin qorunması”, “Şagirdlərə psixoloji yanaşma”, “Məktəbəqədər təhsilin təşkili” kimi məruzələr tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Beynəlxalq Forumda Respublikamızdan spiker olaraq tanınmış jurnalist, peşəkar təhsil araşdırmaçısı, bir çox tədqiqatların müəllifi Böyükağa Mikayıllı çıxış etmişdir.
Onu da qeyd etmək yerinə düşər ki, Forumda Böyükağa Mikayıllının Ülviyyə Mikayıllı ilə birgə nəzəri və təcrübi araşdırmalarının nəticələrinə əsaslanan, Təhsil Forumunun bilavasitə sponsorluğu ilə nəşr olunan “Şagirdi məktəbdə necə xoşbəxt etməli?” kitabı bütün Forum iştirakçılarına hədiyyə edilmişdir. Bu günki günümüzdə maarifçilik missiyası yerinə yetirmək heç də asan iş deyil. Onun oxucu auditoriyası əsas etibarilə müəllimlər, təhsil tədqiqatçıları, pedaqoji sahənin mütəxəsisləridir. Uzun illərdən bəri tanıdığım Böyükağa müəllimin yazıları klassik pedaqoji irslə müasir elm, təhsil, pedaqoji problemləri əhatələyir, oxucuya, belə demək mümkünsə, “qatı açılmamış mövzular” təqdim edir. Onun son illər çap olunmuş “Dünyanın təhsil mənzərəsi”, “Sinqapur təhsilinin fəlsəfəsi”, “Yanuş Korçak”, “Bir səma altında”, “Stiven Hokinq – təslim olmayan adam”, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” kitabları dediklərimə əyani sübutdur.
Bu kitabların hər birində araşdırılan mövzular, qaldırılan problemlər Azərbaycanın təhsil və pedaqoji ictimaiyyəti üçün tamamilə yenidir. Doğrusu, jurnalist dostumuzun bəhs etdiyi mövzular, eləcə də həmin mövzulara nümayiş etdirdiyi yanaşma bir jurnalistin fəaliyyət dairəsindən xeyli kənardır, desəm, yəqin ki, Böyükağa Mikayıllının oxucuları məndən inciməzlər. Bu əsərlərin hər biri elmi-tədqiqat işi səviyyəsində işlənmiş əsərlərdir. Kitablarla tanış olduğum üçün elə bilirəm ki, fikrimdə yanılmıram.
Bu gün biz müasir dünyanın pedaqoji mənzərəsini, təhsil problemlərini, yeni təhsil tendensiyalarını, qısaca desək, dünya təcrübəsini öyrənməliyik və müəyyən məqamlarda öyrənirik də. Böyükağa Mikayıllının tədqiqatlarında da bu cəhət özünü göstərir, amma fərqli formatda. Bu fərq jurnalistin dünyanın elmi pedaqoji irsi ilə müasir təhsil məsələlərini vəhdətdə təqdim etməsidir. Yəni, düşünmək olar ki, o, bir tədqiqatçı jurnalist olaraq ya müasir təhsil məsələlərini, dünyanın qabaqcıl universitetlərini araşdırar, ya da klassik pedaqoji irsə müraciət edib onları oxucuya təqdim edər.
Böyükağa müəllim yazıları ilə dünyanın müasir təhsil sistemləri, qədim və müasir universitetləri, onların keçdikləri inkişaf yolu haqqında əhatəli materiallarla çıxış edir. Jurnalistin elmi-publisistik üslubu da bir tərəfdən ona geniş oxucu auditoriyası qazandırır. Etiraf edim ki, bu yazıların hər birini mən də maraqla oxumuşam və düşünmüşəm ki, nə yaxşı ki, təcrübəsindən bəhrələnməli olan bizim öz mütəxəssislərimiz var. Sərvəti dəryanın dərin qatlarında axtarmayaq, o, bizim öz aramızdadır, əl uzatsaq, çatacaq.TehsilForumu Az - Bu əsərlər taftalogiyadan, sözçülükdən tam uzaqdır. Onlar sözün həqiqi mənasında oxucunun gözləri qarşısında müasir dünyanın təhsil sisteminə, klassik pedaqoji irsə pəncərə açır, zəngin məlumat mənbəyi formalaşdırır.
Müəllifin əsərlərinin bir qisminin xarici dillərə tərcümə edilməsi də həm onun özünün, həm də təhsil mətbuatımızın uğurudur. Yeri gəlmişkən Böyükağa Mikayıllının tədqiqat xarakterli məqalələrinin yer aldığı “Yaradıcılıq axtarışları” və “Müasir dərs, yeni yanaşmalar” kitabını xüsusi vurğulamaq lazımdır. Qabaqcıl pedaqoji təcrübədən bəhs edən bu yazılarla jurnalist unudulmaqda olan bir tendensiyaya – qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması tendensiyasına yeni həyat verir. Bununla da Böyükağa Mikayıllı təhsildə, pedaqoji mühitdə zəngin ənənənin yaşamasına, müasir pedaqoji tendensiyaların yayılmasına, müasir ruhlu müəllimlərin tanınmasına, onların mənəvi həvəsləndirilməsinə nail olur.
Mənim üçün, elə oxucu üçün maraqlı olan cəhət həm də burasıdır ki, o, tədqiq etdiyi mövzuların arxasınca, minlərlə kilometr məsafə qət etməyə cəsarət tapır, dünyanın məşhur universitetlərinin arxivlərində, muzeylərində, elmi laboratoriyalarında araşdırmalar aparır. Bu tədqiqat obyektləri Almaniyanın Humboldt adına Berlin Universiteti, Berlin Texniki Universiteti, Düsseldorf Henrix Heyne Universiteti, Praqada Karlovi, Krakovda Yagellon, Quzey Kıbrısda Girnə Amerikan, Doğu Akdeniz və digər universitetlərdir, elmi tədqiqat mərkəzləridir. Jurnalist bu universitetləri tədqiq edib oxucuya çatdırmaqla, yüz illərlə yaşı olan, dünyada tanınan, böyük nailiyyətləri ilə seçilən universitetlərin inkişafına yol açan amilləri göstərir, universitet quruculuğunun təməlində dayanan faktorları sadalayır.
Onun tədqiq etdiyi universitetlər müasir universitet modelinin özüdür. Yalnız bilik deyil, insanın malik olduğu ürək onu gördüyü işdə irəli apara bilər. Jurnalist dostumda da məhz bu xüsusiyyəti illərdir ki, müşahidə edirəm: onun yaradıcılıq yoluna məhz biliyi ilə ürəyi rəvac verir. Böyükağa müəllimin peşəyə sədaqəti sayəsində yaşatmaqda davam etdirdiyi “Məktəbəqədər və ibtidai təhsil” jurnalıdır. Bu yazıda jrunalist dostum Böyükağa Mikayıllının yaradıcılığının və xarakterinin müəyyən cizgilərindən bəhs etdim. Əslində yazmağa, danışmağa, təhlil etməyə çox nüanslar var. Düşünürəm ki, dünya təcrübəsinə istinad etməklə yanaşı, öz dəyərlərimizi də tanımalı və tanıtmalıyıq. Onlar bizim gənclərimiz də ola bilər, orta nəslin nümayəndələri də, yaşlılar da...
Nadir İsrafilov
Təhsil eksperti
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar