Xəbər lenti
“Dünənə nəzər salmaq, sabah üçün etibarlı zəmanətdir…”
“Döyüşərkən ölənləri qəhrəman edən, ölümləri deyil; ölümlərinin səbəbləridir.”
40 ilin söhbətidir. Aspirant və gənc alimlərin Latviyanın paytaxtı Riqa şəhərində “Burjua ideologiyasına qarşı barışmazlıq tərbiyəsi” mövzusunda keçirilən Ümumittifaq konfransına mən də dəvət almışdım. Protokol qaydalarına əsasən tədbirin gedişi ərzində 15 müttəfiq respublikanı təmsil edən konfrans iştirakçılarının şəhərin görməli yerləri və bir sıra təhsil ocaqları ilə tanış edilməsi nəzərdə tutulmuşdu. Paytaxtın orta məktəblərinin birində olarkən, diqqətimi müəllimin stolunun üstündə “Latviya tarixi” dərsliyi və ayrıca tədris proqramı cəlb etdi. Dərs başa çatdıqdan sonra müəllimlər otağında həmin müəllimlə xeyli söhbətləşdik. Məlum oldu ki, onlar “SSRİ tarixi” və “Ümumi tarix”lə yanaşı, “Latviya tarixi”ni də ayrıca fənn kimi tədris edirlər və attestata da həmin fənn üzrə qiymət ayrıca qeyd olunur. Maraqlı cəhət isə ondan ibarət idi ki, onlardan fərqli olaraq bizdə, həmçinin digər müttəfiq respublikalarda ölkə tarixi ayrılıqda deyil, məhz “SSRİ tarixi”nin tərkibində öyrənilir və vahid fənn olaraq qiymətləndirilirdi. Yəni, “SSRİ tarixi” üzrə keçirilən hər bölmənin sonunda Respublika tarixinə cəmi 1 dərs saatı ayrılırdı.
Konfransdan qayıtdıqdan sonra, fikirlərimi Təhsil Nazirliyinin nəzdində olan Azərbaycan ETPEİ-nin (indiki Təhsil institutu) direktoru Zahid Qaralovla bölüşdüm. Zahid müəllim bir qədər fikrə daldıqdan sonra, tələsmə dedi, düşündüyümüz qədər də asan məsələ deyil, Nazirlə razılaşdırmaq lazımdır... Səhərisi gün birgə Nazirin yanına getdik. Mehdi müəllim tərəddüd etmədən vəziyyətin yerlərdə öyrənilməsi üçün mənim bir neçə Respublikaya ezam olunmağım barədə tapşırıq verdi. İşgüzar səfərlərdən qayıdan kimi “Proqram” üzərində işləmək üçün gecəni gündüzə qatdım. Təhsil nazirliyində mütəxəssislərin iştiraki ilə müzakirələrdən və təsdiq olunduqdan sonra, V-XI siniflər üçün nəzərdə tutulan 80 saatlıq ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqram 1980-cı ildə işıq üzü gördü.
Həmin proqram əsasında “Azərbaycan tarixi” artıq “SSRİ tarixi” kursunun tərkibində deyil, müstəqil fənn kimi tədris planına salınır və bu fəndən attestata ayrıca qiymət yazılırdı. O dönəmdə mənim də azacıq payım olan belə bir cəsarətli addımı yalnız Mehdi Mehdizadə və Zahid Qaralov kimi vətənsevərlər və onların arxasında dura bilən nüfuzlu bir şəxsiyyət ata bilərdi.
Düzdür, sonralar da bu istiqamətdə müəyyən addımlar atıldı. IV sinifdə tədris olunan “SSRİ tarixinə dair epizodik hekayələr” ləğv olunaraq, əvəzində 5-ci sinif üçün “Ata yurdu” adlandırılan dərsliklə əvəz olundu. Artıq, Təhsil nazirliyinin rəhbərliyi dəyişmiş, mən isə başqa sahəyə keçirilmişdim. Kim bilir, bəlkə də aşağı siniflər üçün nəzərdə tutulan bu dərsliyi “Ata yurdu”na çevrirmək ideyasının təşəbbüskar(lar)ı rus dilinin incəliklərinə dərindən bələd olmadıqlarından, rus terminologiyasında işlədilən “Oteçestvo” ifadəsini əsas götürərərək, bu ifadəni "отец" (ata) ilə qarışdırmış, belə bir qənaətə gəlmişdilər. Halbuki, bu kimi “dəyişikliklər” “Oteçestvo”( Vətən) ilə “Otçestvo” (soyad ) arasındakı məna fərqinə önəm verilməməsinin nəticəsi idi.
Nə yaxşi ki, o vaxtlar dərsliklərimizdə rus dilində işlənən “oteçestvennaya istoriya” ifadəsini “ata tarixi”, “oteçestvennaya voyna” ifadəsini “ata müharibəsi”, “za oteçestvo” ifadəsini “ata uğrunda”, “rodina matъ zovet” ifadəsini “ata vətən çağırır” kimi ifadə etməmişik. Aləmə biabır olardıq. Nə bilmək olar, bəlkə də dərslik vasitəsi ilə yurdun ataya, yaxud anaya məxsus olmasını vurğulamaqla, bəlkə uşaqlarımıza elə erkən vaxtlardan “mülkiyyət hüququnun əsaslarını” öyrətməyi qarşımıza məqsəd qoymuşduq?
Orta məktəblərdə tədris olunan “ibtidai hərbi hazırlıq” məşğələlərinin adını dəyişərək “çağrışaqədərki hazırlıq” adlandırmağımız, “Əlifba”nı “Ana dili” ilə əvəzləməyimiz də təhsildə dərslik siyasətimizə elə də bir uğur gətirmədi. İstisna olunmaya bilər ki, ərəb mənşəli bu söz birləşməsi (“Əlif”- “Bey”) kim (lər)insə “milli dirçəliş” ruhunu narahat etmişdi. Onda gərək zəhmət çəkib, elə həmin mənşədən olan Əl-Cəbr-in adını da “Cəbr və analizin başlanğıcı” kursundan çıxaraydıq. Sanki, dilimizdə işlənən ərəb və fars mənşəli söz təkcə əlifba imiş. Heç olmasa, yaxın sərhəd qonşumuz olan rusların “Al-qebra” və “Az-buka” söz birləşmələrinə münasibətindən nümunə götürəydik. Əgər digər sahələrə də gözucu nəzər yetirsəydik, bir daha əmin ola bilərdik ki, bir vaxtlar apardığimız bütün dəyişikliklər məzmun istisna olmaqla, əsasən formaya xidmət edib... Deməyim odur ki, dərsliklərlə bağlı görəcəyimiz işlər hələ çoxdur…
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar