Xəbər lenti
Təhsilə münasibət dəyişib - Yenidənqurma işləri aparılmalıdır...
Zaman-zaman məktəb direktorları ilə bağlı qınaq xarakterli məsələlər gündəmə gəlir. Tez-tez məktəb direktorları tərəfindən rəhbər işçiyə yaraşmayan hərəkətlərə yol verilməsi, kollektiv üzvləri və valideynlərlə qarşıdurma yaratması kimi faktlarla rastlaşırıq. Hətta, bəzən kollektiv və valideynlər hansısa direktorun idarəçiliyinə narazılıq əlaməti olaraq onun vəzifəsindən azad edilməsi tələbi ilə çıxış ediblər.
Maraqlıdır, direktor obrazı necə olmalıdır?
Manevr.az bildirir ki, məsələ ilə bağlı təhsil mütəxəssisi Nadir İsrafilov AzEdu.az-a açıqlama verib.
““Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən orta məktəbdə təhsil öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır. Məktəbin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır. Direktor konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır, Nümunəvi Nizamnamə ilə müəyyən edilən vəzifələrin həyata keçirilməsinə nəzarət edir. O, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır”.
Nadir İsrafilov bildirib ki, məktəbdə formalaşan iş mühiti təlim – tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır:
“Direktor məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı ilə fərqlənməlidir. O, təhsilə aid olan hüquqi-normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. Kollektivdəki işçilərin əmək funksiyasını və hüquqlarını bilmək xüsusi ilə önəmlidir. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın VII bölməsi ümumtəhsil məktəbində işləyən işçilərə şamil edilib. Həmin bölmədə direktorun əmək funksiyası da kifayət qədər əks olunub.”
N.İsrafilov qeyd edib ki, direktorların şəffaf və ictimai nəzarət şəraitində seçilib təyin edilməsi məqsədilə “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilib:
“Hesab edirəm ki, seçim zamanı namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdə biri ola bilər. Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. Direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri məktəbə rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən “bir baş” yüksək olmalıdır. Azərbaycan gerçəkliyində müxtəlif təfəkkürə, fərqli mədəni səviyyəyə malik, peşəkarlıq göstəricilərinə görə də bir-birindən tamamilə seçilən məktəb direktorları var. Həmin məktəb rəhbərlərinin hər biri öz vəzifəsini özünəməxsus tərzdə icra edir, meydana gələn problemləri də özünəməxsus tərzdə həll etməyə çalışır”.
Təhsil üzrə mütəxəssisi bildirib ki, bir vaxtlar məktəbləri daşıdığı nömrəyə görə deyil, direktoruna görə tanıyırdılar.
“İndi, ideal direktor obrazı yaratmaq o qədər də real görünmür, çünki məktəbə ideal rəhbərlik nümunəsi ortalığa qoyulmayıb. Təsadüfi deyil ki, hazırda təhsilə dair dövlət strategiyasında hədəf kimi xüsusi bir məsələ yer alıb: insan resurslarının inkişaf etdirilməsi, müəllim nüfuzunun yüksəldilməsi. Təbiidir ki, məktəbdə direktorun nüfuzu müəllimin nüfuzundan daha yüksək olmalıdır, yəni kollektivdə ən yüksək nüfuz sahibi həmin məktəbə rəhbər seçilməlidir. Ümumiyyətlə, təhsil çox mürəkkəb sahədir. Daim yenilənməyi, daim təkmilləşməyi tələb edir. Dövr, zaman dəyişir, bu gün dəyərlər dəyişib, təhsilə münasibət, baxış dəyişib. Bu səbəbdən də təhsil sahəsində yenidənqurma işləri aparılmalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar