Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir Israfilov:“O, bütün canı və qanı ilə şəxsi yox, ictimai mənafe daşıyıcısı idi…”

Tarix: 05-01-2024 19:05     Baxış: 3254 A- / A+
Nadir Israfilov: “O, bütün canı və qanı ilə şəxsi yox, ictimai mənafe daşıyıcısı idi…”
“Gərək nəbzin, Vətənin nəbzi ilə vursun…
Vətənpərvərlik insanın daxilindəki duyğudur.
Əgər bunlar yoxdursa insan mənəviyyatsızdır.”

(Heydər Əliyev)
Həyatda bizim öyrəndiyimiz, öyrənəcəyimiz, öyrənməyi hələ bundan sonra da öyrənməkdə davam edəcəyimiz böyük müəllimlərimiz olub. Bunların biri də bu gün doğum gününü ehtiramla yad etdiyimiz Azərbaycan maarifinə nə az, nə çox, düz 23 il rəhbərlik etmiş, hədsiz dərəcədə aydın, işıqlı, xeyirxah, qayğıkeş, təmənnasız, millətsevər, vətəninə sadiq, xalqına bağlı böyük bir insan, təhsil fədaisi, nəsillərə örnək ola biləcək bir şəxsiyyət – akademik Mehdi Mehdizadədir.
Mehdi Mehdizadə əsrin dörddə biri qədər Maarif Nazirliyinə rəhbərlik edib. O, nəinki, bizdə, SSRİ məkanında şəxsi nümunəsi, elmi mövqeyi, təşkilatçılıq qabiliyyəti ilə tanınan, böyük nüfuz qazanmış, sözün bütün mənalarında əsl ziyalılıq etalonu, SSRİ Pedoqoji Elmlər Akademiyasının təşkilatçılardan, Akademiyanın fəaliyyətə başladığı andan onun ən hörmətli, sayılıb-seçilən nüfuzlu simalarından biri olub. YUNESKO-nun təhsil üzrə komitələrindən birinin üzvü olan M. Mehdizadə inkişaf etməkdə olan ölkələrdə xalq maarifi quruculuğu təcrübəsinin yayılmasında fəal iştirak edib.
Azərbaycanda təhsilin inkişafında müstəsna rolu olan akademik Mehdi Mehdizadənin o zaman gördüyü işlər və irəli sürdüyü ideyalar dövrü üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, indiki orta təhsil sisteminə də önəmli töhfələr verib. Onun “Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr”, “Azərbaycan xalq maarifi yeni yüksəlişdə”, “Azərbaycan xalq maarifinin sürətli inkişafı”, “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” monoqrafiyası və yüzdən artıq məqaləsi Azərbaycan pedaqogika elminin inkişafında sanballı yer tutur.
O, dərs prosesində elmliyin, emosional vəziyyətin təmin edilməsinin tərəfdarı idi. Deyirdi ki, “dərs vermək məharəti həm də hər şeyə maraq oyatmaq məharətidir. Bu, kimə məlum deyilsə və dərsdə elmi mühitlə emosianal vəziyyət yaratmırsa, şagirdlərdə iftixar, hər şeyi öyrənməyə maraq hissi inkişaf edib formalaşmırsa, o dərsin dəyərindən bir o qədər də danışmağa dəyməz”.
Mehdizadə məktəbə, müəllimlərə, şagirdlərə xüsusi dəyər verirdi: “Nümunəvi müəllim dərsdə elmi əsaslara söykənməlidir, elmlik gözlənilməlidir. Hadisələr, anlayışlar elmi əsaslarla izah olunmursa, ona nə ad vermək olar? Elmliklə bərabər dərsdə emosianal vəziyyət, heyrət yaradılmalıdır. Şagirdlərdə elmi anlayışları öyrənməyə, mənimsəməyə bir maraq hissi olmalıdır, sıxıntı olmamalıdır”. Əsas tezislərindən biri bu idi ki, “dərsdə müəllim şagird münasibətlərində tam səmimilik olmalıdır”.
Böyük Azərbaycan maarifçisi mərhum akademikimiz Mehdi Mehdizadə "Azərbaycan xalq maarifinin sürətli inkişafı” kitabında yazırdı: "Məktəb direktoru - bu məsul vəzifə bir çox ixtisası özündə birləşdirir. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli olmaq tələb edir.”
Azərbaycan müəllimlərinin qurultaylarının üçünün (VII, VIII və IX) keçirilməsi Mehdi müəllimin Xalq Maarifi komissarı və Xalq Maarifi naziri olduğu illərə təsadüf edir. Həmin qurultaylar nazir və alim kimi onun pedaqoji sahədə dərin bilik və təhlil qabiliyyətini bir daha sübuta yetirir. Təhsilimizin korifeyi M. Mehdizadə haqqında “Mehdizadə çox halal insan idi”, “Mehdizadə çox əməli-saleh insan idi”, “Mehdizadə son dərəcə xeyirxah insan idi” , “Mehdizadə əsl xalq adamı idi”, “Mehdizadə əsl alim, əsl ziyalı, əsl pedaqoq idi” və s. bu kimi sözləri onunla təmasda olan hər kəsdən həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra eşitmişik. Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi.
Mehdizadə elə bir şəxsiyyət idi ki, vəzifəsindən, ixtisasından, peşəsindən, onunla yaxınlığından asılı olmayaraq, hamının rəğbətini qazanmış, onların qəlblərində dərin iz buraxmışdı. SSRİ xalq rəssamı, Rəssamlıq Akademiyasnın həqiqi üzvü Mikayıl Abdullayev, bəstəkar, xalq artisti, professor Süleyman Ələsgərov, akademik Budaq Budaqov, akademik Fuad Qasımzadə, akademik Hüseyn Əhmədov, professor Əbdül Əlizadə, professor Bəşir Əhmədov, professor Zahid Qaralov, professor Yəhya Kərimov, professor Şəmistan Mikayılov, professor İmanverdi Əbilov, professor Əjdər Ağayev, professor Vidadi Xəlilov, daha kimlər, kimlər və adlarını sadalamqla bitməyən digər ziyalılarımızın xatirələrı insanda fərəh hissi oyadır.
Onlarla təhsil mütəxəssisinin yetişməsində, onlarda təhsilimizə hədsiz rəğbət oyatmasında Mehdi müəllimin şəxsi nümunəsinin böyük rolu olub. Mehdi müəllim özünü kimdənsə üstün tutmaz, yaxud nazir olduğunu kiməsə biruzə verməzdi. Özüm bilavasitə şahidi idim ki, İttifaq miqyaslı elm və təhsil “nəhəngləri” Prokofyev, Babanski, Xripkova və bir çox digərləri mötəbər tədbirlərdə zala daxil olarkən hörmət və ehtiram əlaməti olaraq, ona necə yol verirdilər. Bu nüfuzu, bu hörməti Mehdi müəllim məhz sadəliyi və təvazökarlığı, səmimiliyi və alicənablığı ilə qazanmışdı.
Akademiklə ilk tanışlığım ötən əsrin 70-ci illərinin sonlarına təsadüf edir. O zaman pedaqoji stajımın 5 illik müddətinin tamamı üçün 6 aylıq çatışmazlığa görə məni işlədiyim məktəbə direktor təyin etməmişdi. Gülümsəyərək “nə yaşın var ki, sənin, get çalış, həyata alış, nəzərimiz üstündə olacaq” demişdi. Aspiranturanı bitirib, Maarif Nazirliyi yanında Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi kimi çalışarkən məni Riqaya göndərdi. Orada Latviya tarixinin müstəqil fənn kimi tədris edildiyini və attestada ayrıca qiymət yazıldığını bildirdim. Həmin vaxtı isə Azərbaycan tarixi SSRİ tarixinin içərisində tədris olunurdu. Onun göstərişi ilə 80 saatlıq Azərbaycan tarixi proqramını hazırladım və 1980-ci ildən bu fənn müstəqil fənn kimi keçilməyə başladı və attestata ayrıca qiymət yazıldı.
Prezident İlham Əliyevin Cəbrayıl şəhərində səfərdə olarkən təməlini qoyduğu orta məktəbin pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, akademik, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Mehdi Mehdizadənin adını daşıyacağı dövlətimizin Mehdizadə irsinə olan diqqət və qayğısının təzahürüdür.

Nadir Israfilov
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar