Xəbər lenti
“Cəmiyyət müəllim adını yaşatmalıdır ki, müəllim də təhsili yaşada bilsin!”– Nadir İsrafilov
Nadir İsrafilov
Manevr.az xəbər verir ki, bu gün, bəlkə də müəllim qədər diqqətə, qayğıya, mənəvi dəstəyə ehtiyacı olan digər ikinci peşə sahibi yoxdur.
“Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bu sözlər dövlətin, cəmiyyətin həyatında təhsilin, elmin, məktəbin ən vacib amil olduğunu, məktəbin, təhsilin, elmin uğur qazanmasında valideyinlərin, bütövlükdə cəmiyyətin xüsusi rolunu, yerini və vəzifələrini bir daha təsdiqləyir.
Bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, müasir islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır, diqqət və qayğı artırılır. Təlim-tərbiyənin, təhsilin komponentləri, faydalanan hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə, məsuliyyət və hüquqlar dəyərləndirilir. Pedaqoji heyətin, müəllimin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynlərin təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bu sahədə maarifçilik və praktik tədbirlər həyata keçirilir.
Bununla belə hal-hazırda hələ ki, valideynlər, məktəb kollektivi və rəhbərliyi arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyası yoxdur. Bu qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi işlənib hazırlanmamışdır. Məktəb rəhbərlərinin pedaqoji kollektivlə valideyn resurslarından səmərəli istifadə etmə istiqamətində apardıqları iş bir o qədər effektli deyil, müəllimlərin valideynlərlə apardığı iş o qədər də ürəkaçan deyil. Valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin imkişafında iştirakı, məktəbə dəstək imkanlarını müəyyənləşdirən konsepsiyanın ortalığa qoyulmasına böyük ehtiyac duyulur.
Belə ki, bu sahədə fəaliyyətin uğuru əsasən iki amildən asılıdır: Təhsil sisteminin, təlim-tərbiyə işinin konseptual dəstəklənməsi və məktəbə, məktəb kollektivinin bütün üzvlərinə cəmiyyət və ictimaiyyət tərəfindən hörmət və qiymətləndirmə mədəniyyətinin formalaşdırılması. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Ancaq, indi bir çoxları tərəfindən nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxılır. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, virtuallıq buna şərait yaradır. Ona görə də valideynlə müəllim arasında sanki, müəyyən uçurum yaranıb. Hansısa məktəbdə, hansısa müəllim tərəfindən özəl günlərdə şagirdlərdən pul və ya hədiyyə tələb edilməsinə dair ittihamlar zaman-zaman-zaman, xüsusilə də son onilliklərdə yazı manşetlərinin bəzəyinə çevrilib.
Halbuku, bir vaxtlar “Məktəb üçbucağı”- məktəb, ailə və cəmiyyət anlayışı pedaqoji ədəbiyyatda və kütləvi mətbuatda ən çox işlənən ifadələrdən biri idi. Hamı dərk edirdi ki,bu üçbucağın bütün mexanizmləri işlək vəziyyətə gətiriləndə məktəb həyatı da saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır. Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Axı, insanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir, və burada hər şey düzgün idarəçilikdən asılıdır.
Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. Təhsil siyasətinin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.
Istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, dövrümüzdə təlim – tərbiyə ocağı olan məktəblərimizdə müasir tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib.
Bu gün əsas vəzifələrdən biri ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, müəllim, şagird və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. Təhsil siyasətinin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır. Görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik.
Bu gün, bəlkə də müəllim qədər diqqətə, qayğıya, xüsusilə də mənəvi dəstəyə ehtiyacı olan digər ikinci peşə sahibi yoxdur. Bununla belə, istəsək də, istəməsək də etiraf etməliyik ki, ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz peşə sahibi olan müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvvəlki mövqe və nüfuz sahibi deyil. Müəllimə verilən dəyərin aşağı düşməsinin bir çox obyektiv və subyektiv səbəbləri var. Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, təhsilin mövcud durumu ilə tam əlaqələndirmək də düzgün olmazdı. Müəllimin nüfuzunun aşağı düşməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorakılıq və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən adi hal, hətta norma kimi qəbul edilirsə, belə hallara müəllim tərəfindən yol verildikdə, bu, təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır.
Müəllim faktoru ilə bağlı neqativlər qəsdən və ya bilməyərəkdən həddindən artıq qabardılır, bu da müəllimin nüfuzu baxımından yol verilməzdir. Digər bir məsələ müəllimə olan inam və etibarın azalmasıdır. Səmimi olaraq onu da etiraf edək ki, bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib. Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ "yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi "bunker repetitorlarının” dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Bir sözlə, müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb. Korporativ maraqların əksinə olaraq məktəb mühitinin deformasiyaya uğramasının qarşısı alınmalı, müəllim və şagird məktəbə qaytarılmalıdır.
Nə qədər ki, təhsil alana təhsil verən tərəfindən “müştəri” gözü ilə baxılmaması üçün lazımı mühit yaradılmayacaq, təhsil prosesi subyektləri arasında “təmənna sindromuna” son qoyulmayacaq, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edən repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi rəğbət qazanmaqda davam edəcək, məktəb-ailə münasibətlərinin optimal yolu tapılmayacaq, müəllim fenomeni şagird və valideynlərin ümid, inam və güvən mənbəyinə çevrilməyəcək, cəmiyyət üzvləri arasında məktəb deyəndə müəllim, müəllim deyəndə məktəb düşüncəsi formalaşmayacaq, müəllim nüfuzunun qaldırılması cəhdləri də bir o qədər real görünməyəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar