Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəb illərindən sonra kitab oxumağa nə vaxt qalır, nə də həvəs- Nadir İsrafilov

Tarix: 13-11-2023 12:04     Baxış: 3301 A- / A+

Məktəb illərindən sonra kitab oxumağa nə vaxt qalır, nə də həvəs- Nadir İsrafilov
 Nadir İsrafilov


Kitab haqqında kimlər tərəfindən nələr deyilməyib, nələr yazılmayıb…“Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar” ; “Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir“ ; “Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır” ;  “Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir” ; “Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir” ; “Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir” ;  “Yaxşı bir kitabla əlaqə qurmaq, boş bir insanla ünsiyyət qurmaqdan yaxşıdır” ;  “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə ; küncdə kitabla tapdım”; “Kitablar həyatım, təcrübələrim isə müəllimimdir” və s. və i.a.

Bakı Ekspo Mərkəzində 9 - cu Bakı Beynəlxalq kitab sərgisi davam edir. Gəlib-gedənlərin ardı- arasının kəsilməməsi sərgiyə böyük maraq olmasından xəbər verir. Kimisi kitab alır, kimisi kiməsə kitab hədiyyə edir, kimisi köhnə tanışları ilə rastlaşıb hal-əhval tutur, kimisi də yeni tanışlarla bir araya gəlib şəkil çəkdirir. İstələn halda sərgidə hökm sürən xoş əhval-ruhiyyə son illər kitaba ola maraq meyllərini bir az da artırır. Sərgidən aldıqları təəssüratları sosial şəbəkələrdə paylaşanlar, sərginin təşkilinə obyektiv və subyektiv münasibət bildirənlər də az deyil.
Belə paylaşımlardan biri Milli Məclisin Elm və təhsil komitəsının üzvü, millət vəkili Etibar  Əliyevin bununla bağlı bölüşdüyü dünyünın ən nəhəng yazıçılarından biri Stevan Svayqın "Mişel Monten" essesindən gətirdiyi bir nümunə diqqətimi çəkdi və məni bir anlığa, heç vaxt yadımdan çıxmayan orta məktəb illəri ilə bağlı bəzi xatirələrimi gözümün önündə canlandırdı: "Mən Monteni bir qədər gec oxuduğumdan onun haqqında əsəri də gec yazdım. "Təcrübələr" i oxuyanda 20 yaşım var idi." Böyük yazıçı 20 yaşı gec hesab edir.
Stevan Svayqı qoyaq bir kənara... Biz deyəndə mən özümü nəzərdə tuturam, o vaxtlar onun barədə heç eşitməmişdik də. Bununla belə, nə oxuduqsa, elə orta məktəb illərində oxuduq, yəni 18 yaşından sonra kitab oxumağa nə həvəs qaldı nə də vaxtımız oldu. Əlbəttə bədii ədəbiyyatı nəzərdə tuturam. Ali məktəbdə ixtisas fənlərinə dair elmi kütləvi ədəbiyyatı oxumağa məcbur idik, çünki, bunlardam imtahan verəcəkdik. Marksizm-leninizm klassiklərinin çox cildıli əsərləri isə ideya-siyasi tərbiyəmiz və mənəvi yetkinliyimiz üçün vacib sayılırdı. Keçək əsas mətləbə. Kitaba həvəs bizdə nədən yarandı, daha doğrusu bu həvəsi bizdə kim yaratdı...?

Orta məktəbdə təhsil aldığımız illərdə onlarla müəllim bizə dərs deyib,  lakin hər birindən lazimi dərsi ala bilməmişik, sadəcə onun tədis etdiyi fənni üzrə proqram materialını az-çox mənimsəməyə çalışmışıq. Elə müəllimlərimiz də olub ki, onlar bizə təkcə bilik, savad deyil, həm də həyat dərsi veriblər, yaxşını pisdən, düzü əyridən, həqiqəti yalandan ayırmağı öyrədiblər. Uzun illər keçməsinə baxmayaraq, bu gün də onların bir qismi xatirəmizdə işıq kimi, digər müəyyən qismi kölgə kimi əks olunur.
İbtidai təhsil pilləsini başa vurub, o vaxtlar əsas təhsil adlandırlan təhsilin ikinci pilləsinə – V sinfə qədəm qoymuşduq. Bizə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən orta yaşlı bir qadn müəllimə sinfə daxil olaraq, sanki salam verməyi belə unutmuş kimi, yazı lövhəsinin qarşısına keçdi. Ara-sıra fasilələr verməklə, müəyyən cizgilər çəkib, 5 qrafadan ibarət bir cədvəli nəhayət, tamamladı. Cədvəl sadə olduğu qədər də maraqlı və diqqətçəkən idi: 1.Sıra nömrəsi; 2.Əsərin adı; 3.Əsərin janrı; 4. əsərin müəllifi; 5.Əsərin qəhrəmanı. Üzünü bizə tutub, hər birimizə 44 vərəqli ümumi dəftər alıb, həmin cədvəli dəftərə köçürməyi, oxuduğumuz və bundan sonra oxuyacağımız kitabları müvafiq qayda üzrə qrafalara doldurmağı və ilin sonunda bunu qiymətləndirəcəyini tapşırdı. 
Sıradan olan bir rayon müəlliminin adi və sadə görünən bir “taktiki gedişi” bizi böyük ”strateji hədəflərə” meyl etməyə sövq etdi. Birinciliyi qazanmaq üçün “Kim ən çox kitab oxuyar” yarışına qoşulduq. Məktəb kitabxanasında oxumadığımız kitab qalmadı. Rayondakı böyük konserv zavodunun kitabxanasına üz tutduq, mərkəzi şəhər kitabxanasına üzv yazıldıq. Valideynlərimizin böyük tənəffüslərdə bulka və limonad almaq üçün verdikləri 20-30 qəpiyə qənaət edərək, bu qəpik-quruşu kitaba verdik. 
 
O vaxtlar ən ucuz qiymətə məhz kitablar satılırdı. Elə bir ev olmazdı ki, orda o zamanlar “etajerka” adlanan kitab rəfi olmasın. Qrim qardaşları və Andersenin nağılları ilə başlayıb, Fyodor Dostoyevski və Teodor Drayzerin klassik ədəbi irsi ilə tanışlıqla, 11-ci sinfi bitirdik. Məzun olduğumuz dövrdə Azərbaycan ədəbiyyatı öz yerində, artıq Viktor Hüqonu və Aleksandr Dümanı, hətta Onore de Balzakı, Şarlotta Bronteni, Gi de Mopassanı belə oxumuşduq. Orta məktəbdən xatirə kimi, doldurulmuş üç 44 vərəqlik ümumi dəftər bu gün də durur. Gərək bir gün araya salıb, oxuduğum kitabların dəqiq sayını hesablayım.
 Mark Tvenin bir sözü var: “ Mənim kitablarım – su; dahilərin kitabları – şərab. Suyu hər kəs içir.” Region müəlliminin adi stimullaşdırıcı bir metodu bizi uşaqlıqdan  kitabları su kimi, sonralar isə artıq şərab kimi içməyə alışdırdı. İllər keçdikcə bir daha şahidi olursan ki, müəllim təkcə dərs deyən deyil,  həm də dərs verəndir.
 
Dövr dəyişib, yüksək texnologiyalar əsrində yaşayırıq. onlayn və ya offlayn rejimdə kompüter, planşet, mobil telefon diktəsinin əsiriyik. Ancaq, istəsək də, istəməsək də, müasir dünyanın böyük mütəfəkkirlərindən sayılan Umberto Eko ilə də razılaşmalıyıq: "Cəhd edib yarım saat hansısa romanı kompüterin ekranından oxuyun. Gözləriniz iki tenis şarına çevrilər. Kompüter elektrikdən asılıdır: ondan vanna otağında, yaxud divanda böyrü üstə uzanıb istifadə etmək olmaz. Kitab daha çevik alətdir".
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar