Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

. Əleyküm Salam

Tarix: 10-08-2016 16:21     Baxış: 4363 A- / A+
.

Qurban Yaquboğlu

Hərdən mənə elə gəlir, bütün üzvi və qeyri-üzvi maddələri, nəsnələri, cəmi dünyanı zaman keçdikcə qocaldan, tərg eləyən, yoxa çıxaran işıq, hava, su, rütubət, isti-soyuq, insanın yaddaşında yavaş-yavaş, eşələnə-eşələnə məhv olub özüylə çox şeyi aparan hüceyrələr bəzi görüntülərə, gözümüzün çəkdiyi bəzi şəkillərə heç cür dəyib toxuna bilmir; belə baxanda deyəsən, dünya elə baxıb görməkdən ibarətdi. Bir qocanın sözü, duası yadıma düşür: Allahım, mənə dəymə, qoy bu işıqlı dünyaya baxım.

Yadıma Salam Sarvanı gördüyüm soyuq bir gün düşür, 1993-cü ilin axırı olardı. Ozamankı Tərcümə Mərkəzinin “Yol” qəzetindən mükafat almağa gəlmişdi. Bu şıq geyinmiş, eqosu dərhal nəzərə çarpan, qaradinməz, arıq-şüvərək şair “Yol” qəzetində çap olunmuş şeirlərə görə Qulu Ağsəslə aldığı mükafatın yüngülvari təqdimat mərasimi bitən kimi əl uzadıb hamıyla görüşdü, təcili rayona gedəcəyini söylədi. Qəribədi, onda tələsik mənim haqqımda da bir söz dedi, indiyəcən o söz haqda heç nə soruşmamışam.

Salamla mən uzun müddət bir yerdə qalası olsaydıq, yəqin o müddətin böyük hissəsini susardıq.

Ancaq bu o demək deyil ki, bu sükutda söz, əhvalat, hadisə yoxdu. Var, hətta qəribəliklər də var, hətta mən həmin qəribə əhvalatın birini hekayə kimi yazmağı da düşünmüşdüm. Onu başqa cür yazmaq, ad-ünvanla danışmaq qeyri-mümkündü.

Salam Sarvanın bir dəst qəşəng kostyum geyib şəhərə pul xərcləməyə gəldiyi günlərin birində, onun qaldığı mehmanxanadakı qonaqlıqda baş vermiş “Anamızın toyunda...” əhvalatı çox populyardı, imkan düşəndə onu danışıb-gülürük. Salam Əlisəmid Kürü, Fəxri Uğurlunu, Qulu Ağsəsi, bir də məni qaldığı otağa qonaq çağırmışdı. Allah verəndən, mağazada tapılandan bir süfrə düzəldilmişdi, amma nəsə hələ söhbət gərgin keçirdi. Hələ Salamı da yaxşı tanımırdıq, bəlkə Salamı bütün yaradıcı adamlar kimi axıracan tanımaq mümkün olmayıb, bundan sonra da mümkün olası deyil.

Qərəz, Əlisəmid sağlıq deyəndə toyunda iştirak eləməli, yeyib-içməli olduğumuz subayları sadaladı, “Qardaşımızın, bacımızın, anamızın toyunda” deyib dayananda, “anamızın” əlavəsindən sonra mən Qulunun oyur-oyur oynayan gözünə baxdım, o da mənə baxırdı, uğunmuşdu. Mən birtəhər özümü saxlayardım, ancaq Qulu bu fürsəti buraxmazdı, şaqqıldayıb qəfil koridora cumdu, hamımız onun dalıyca...

Gərginlik açıldı.

***


Dünya əhvalatların sıralanmasıdı, elə ki sükut çökür, onda şeir gəlir. Salamın o illərdə – 90-larda şimşək kimi çaxan şeirlərinin hansı birini hansı misrasından oxusan, dərhal o şeirin ritminə, havasına, ovqatına köklənirsən; tüklərin biz-biz olur, bəzən lap kövrəlirsən də. İndi bilmirəm, onda Salamın susub qəfil şeir deməyi vardı. Salamın şeirlərini eşitmək də olur! Çünki bu şeirlər təkcə söz deyil, səsdi, ritmdi, havadı, uğultudu.

Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur...


Düzdümü, qardaş? Düzdü, atan rəhmətlik. Ya buna baxaq:

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.


Bir zamanlar mən də şeir yazmışam, hərdən indilərdə də qaraladığım misralar olur, amma səsin, sözün, fikrin şeirdə olduğu kimi birləşib necə möcüzə yaratdığını, insan təfəkkürünün, iradəsinin bu prosesə nə təhər qatıldığını anlamaq, dərk və təsəvvür eləmək indinin özündə də mənimçün qeyri-mümkündü. Yaxşı şeir belə doğulur.

Filoloji təhsilin, humanitar sferanın praktik ədəbiyyatla birbaşa əlaqəsini inkar eləyən fakt Salam Sarvanın simasında da öz təsdiqini tapıb. Salam ixtisasca iqtisadçıdı, ən yaxşı şeirlərini siyasi fəaliyyəti dövründə yazıb, mənim xəbərsiz olduğum daha hansı qəribəlik var, Allah bilir.

Belə baxanda ədəbiyyat insan anomaliyasıdı.

***


Salam Sarvanın 50 yaşı bu gün tamamdı. 1993-dən bu yana Salamla görüşümüzün sayı, əlbəttə, 50-dən çox olar. Biz qonşu məhəllələrdə yaşayırıq. Getsəm, mən onun evinin yerini yəqin taparam, məncə, o da bizim evi tanıyar.

Hə, 1993-cü ildə, ilk görüşün sonunda Salam Sarvan “Qurbanı təsəvvür elədiyim kimi görmədim” dedi. Rəhmətlik Məmməd Nazimoğlu demiş, yekəlik çıxmasın, onda mən ədəbiyyatda müəyyən qədər tanınmışdım, tez-tez çap olunurdum. Salam məni necə təsəvvür eləmişdi, necə gördü – bilmədim. Soruşmadım da. Məsləhət bilsəydi özü deyərdi.

Salamın şeirləri həmişə oxucusuyladı, mənimlədi, o şeirlərlə vaxtaşırı salamlaşıram. Hərdən salam-kalamsız, tez-tov özünü çatdıran misralardan da salam alıram:

- Və əleyküm Salam!

***

Bütün üzvi və qeyri-üzvi maddələri, nəsnələri çürüdən, heçə çıxaran işığın, rütubətin, zülmətin, isti-soyuğun gücü çatmadığı, əlində aciz-avara qaldığı bir şey də var bu dünyada: Söz!

Belə bir sözə can vermiş Salam Sarvanın 50 yaşı qoy mübarək olsun.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar