Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ürəyində sözü varsa...

Tarix: 05-07-2018 23:57     Baxış: 2586 A- / A+
Ürəyində sözü varsa...

Xatirə Rəhimbəyli bu dünyaya Ağcabədi rayonunun Aran kəndində göz açıb.

Mən o kəndi heç vaxt görməmişəm, yəqin ki, tipik bir Qarabağ kəndidi. O kənddən tanıdığım elə Xatirə Rəhimbəylidir ki, günlərin bir günü “Bir sözüm var ürəyimdə” şeirlər kitabını mənə hədiyyə etdi. Amma Xatirə xanım bilmir ki, mən onun şeirləri ilə keçən əsrin sonlarından tanışam, həm mətbuatda dərc edilən şeirlərini, həm də “Sevgi də dindi” və “Sonuncü şeirdir yazıram sənə” şeirlər kitabını oxumuşam.

Qadın şairlərin dünyası həmişə öz qəribəliyi ilə seçilib. Onların şeirlərində çox həzin və kövrək şəkildə ifadə olunan hisslərlə, duyğularla rastlaşırıq, narahat, daim coşub-daşan dənizi xatırladan çırpıntalarla üz-üzə gəlirik, kədər də, qüssə də, hıçqırtı da yad deyil bu şeirlərə, elə o şeirlərdə kədərin də, sevincin də min bir çalarını görürük, hətta üsyankar, dəli-dolu, fırtınalı məqamlar da gözdən yayınmır. Xatirə Rəhimbəylinin şeirlərində bu hisslərin və duyğuların bütün rəngləri, çalarları ilə qarşılaşırıq. O, hər hansı şeirində ürəyində qopan, onu narahat edən nə varsa, gizlətmir-istər fərdi, subyektiv, intim mənada, istərsə də, cəmiyyətlə, təbiətlə, əhatə olunduğu, içərisində dolaşdığı mühitlə bağlı olsun. Bu şeirləri oxuyanda həm də, təkcə nədən yazılmağının deyil, həm də necə yazılmağının da fərqinə varırsan.

Şairlər özlərini ifadə edirlər-bu fikir çox-çox yazılarda dönə-dönə çözələnib. Amma bu məlum fikirdə bir məqam da var: şair özünü ifadədə həm də dünyanı, həyatı, gözəlliklər aləmini və bizim hiss və duyğularımızı da ifadə etməlidir. Yəni biz şairin şeirlərində özümüzə məhrəm olan duyğularla üz-üzə gəlirik. S.Yeseninin bir şeirində deyildiyi kimi: “Bəli, şair olmaq odur ki gərək, Vurub isidəsən özgə qanını”.

Mən öncə Xatirə xanımın “Dünya” adlı bir şeirinə müraciət etmək istəyirəm. Bu şeir üzünü dünyaya tutub özüylə bu qoca dünya arasında bir vəhdət axtaran bir fərdin harayıdı (belə düşünənlərimiz az deyil):

Mən sənin ən mağmın, həlim uşağın,
Payımdı həmişə sərt şapalağın.
İmdad diləmirəm-kardı qulağın!
Sıx məni, sıx məni, sıx məni dünya.
Dadmadım ki, sənin şirin dadından,
Sevincin, sevginin çıxdım yadından.
Namərdlər aldatdı sənin adınnan
Çox məni, çox məni, çox məni dünya.
Ellər asi oldu, mən ar eylədim.
Könlümü dərdinə qəmxar eylədim.
Üsyan edəmmədim, qübar eylədim!
Ax, məni, axx məni, axx məni, dünya!
Sən qalib nişançı, hədəf sənindi!
O zurna sənindi, o dəf sənindi.
İlansan, aşıqsan, çal, kef sənindi!
Ox, səni, oxx səni, oxxx səni, dünya!

Bu şeirin məziyyəti təkcə məzmununda deyil, həm də ifadə tərzindədir. Səslərin və sözlərin təkrarı şeirdə bir ritm yaradır.

Ömür haqqında düşüncələrə dalmaq - yaşanılan ömrün “fəlsəfəsinə” baş vurmaq şairlərimiz bu yöndə onlarla, yüzlərlə şeirlər
Ürəyində sözü varsa...

yazıblar. Xatirə xanım da həmçinin. Amma ironik bir tərzdə.

Pah, mən də deyirəm nə imiş dünya-
bir azca sevincmiş, bir azca həsrət.
verib,
başımızı aldadır guya-
bir azacıq kədər, bir az məhəbbət.

“Açın haqqın qapısını, Allaha, Tanrıya baxın! Mən azadlıq istəyirəm!” - məncə, Xatirə xanımın həm bir qadın, həm də bir şair kimi ən böyük istəyi Azadlıqdır. Cismani yox, mənəvi azadlıq. Elə bir azadlıq ki, “Yol verin, çıxım özümdən-içimdə boğuldum axı!” Hər bir insanın içində bir azadlıq duyğusu yaşar-özünü xəstə xəyallardan, aramsız üzüntülərdən, kədərli anlardan xilas etmək üçün:

Gözlərim işıq istəyir,
ürəyim nur umur mənim.

Xatirə Rəhimbəylinin şeirləri sanki öz adıyla həmahəngdir-illərin, ayların, keçmiş günləri xatirələri yaşayır bu şeirlərdə. “Əski xatirələr... Bir-bir yığıram” - bu xatirələr nostalji hisslər də yaradır, xoşagələn və xoşagəlməz duyğular da. Hər halda, “qayıdış”ın “geriyə dönüşü”ndən söhbət getmir, ötən anları bir daha yaşamaq olmaz, amma ömür yolunda nələri itirdiyini xatırlamaq lazımmış... Çünki: “Yoxdu bu dünyada kimsə günahsız”. Amma şeirlərində günahsız bir qəlbin çırpıntıları səslənir: “Boğulur içimdə duyğu çayları - kəsib qarşısını əjdəha adın. Mən səndən o yana heç nə görmədim, sənsə gözlərimə çıraq olmadın”.

Sevgi şeirlərində də bir saflıq, səmimiyyət duyursan. Xatirə xanımın şairlik məharətini daha çox bu şeirlərdə hiss elədim. Məsələn “Dan üzünün şeiri” onun ən gözəl sevgi şeiridir desəm, özü də inciməz.

Bakı...iyul...səkkizinci mərtəbə
Sərincə bir gecə keçir yarıcan.
Sayrışan işıqlar, dəniz...Ay və mən...
İlahi...Bir azdan ağaracaq dan...

Ağlım qaldıracəq ağ bayrağını,
gedəcəm sakitcə ayrılıqlara.
Həs rətin sıyrılmış qılıncdı sənin,
ürəyim sinəmdə mənim aypara..

Görürəm, baxırsan əli qoynunda.
Sən mənim sevgimsən, ay qəmli xəyal.
Ah, bu lövhə sənə məndən yadigar,
mən gedəri oldum, sən salamat qal!

Xatirə Rəhimbəyli ənənəvi mövzulara dönə-dönə qayıdır, amma çalışır ki, hər şeirində nəsə təzə söz desin, yeni bir təşbihlə, bədii təyinlə, metafora ilə buna nail ola bilsin. “Məhəbbət” şeirini oxuyuram, böyük, ustad şairlərimizin şeirlərini xatırlayıram. Və Xatirə xanımın o şeirində seçilən, fərqlənən fikirlərlə qarşılaşıram:

Oddu, amma oda yaxmaz gələndə,
Könül tikər-könül yıxmaz gələndə.
Ömrə baxmaz, yaşa baxmaz gələndə,
haçan gələr, vaxtlı gələr məhəbbət.

Onsuz ümid qönçələri açılmaz,
O qismətdi, o, arınmaz, seçilməz.
O taledi, o yazıdı, seçilməz,
Nahaq gəlməz, haqlı gələr məhəbbət.

İlk məhəbbətin odu, alovu yaşar şeirlərində. “Sən ay ilk məhəbbətim, danış, səsindən öpüm”. Ümumiyyətlə, sevgi şeirlərində daha sərbəstdi Xatirə Rəhimbəyli, ürəyində nə varsa, açıb-tökür. Amma ən ümdəsi budur ki, onun sevgi şeirlərinin qəhrəmanı həyatın, gözəlliyin, yaşamağın mənasını məhəbbətdə axtarır. Hətta bu lirik qəhrəman-bu çağların Leylisi sevgini din ucalığına qaldırır... Bu müasir Leyli belə düşünür:

Dağların da başı ağa bürünər-
qara başım üstdə çənimsən mənim.
Yalandı, əzizim, onu kim deyir?
Ömrümə-günümə qənimsən mənim.

Acı həsrətindən, demə, qaçağam,
Bu şirin sehrindən çətin ki, çıxam.
Sənin xəyalınla ovunacağam,
Elə yoxluğunla mənimsən, mənim!

Metaforalarla doludur onun şeirləri. “aç yuxusun qapısın”, “üşüyür xəyallarım”, “xəyallarım ağlaşır”, “ömrün viran çəməni”, “perikmişdi ağ quş günlər”, “Qalmışdı qara daş günlər”, “ağızlarda söz eylədi gözümdəki yaşlar məni”, “Vulkan həsrətim püskürdü”, “dərd məni oynadır” - misalların sayını artırmaq da olardı.
Xatirə Rəhimbəylinin bəzi şeirlərində “yenə yaxınlaşır ölüm anlarım” qəbilindən tipli çox kədərli, çox sıxıcı misralar, hətta şeirlərlə də qarşılaşırsan. Ölüm haqqında bu cür qabaqdangəlmişlik olmaz. Çünki onun lirik qəhrəmanı həyat eşqilə çırpınır, məhəbbəti yaşamağın mənası hesab edir, kədəri də, sevinci də o məhəbbətin varlığından doğur. Müşfiqin bu misraları yada düşür: “yaşa məhəbbətim, yaşa ürəyim!” Mən bu misralarla da razılaşmıram: “Ölməyi bacara bilmiriksə biz-lənət canımızın şirinliyinə!” Amma o şeirdə bu misralar daha önəmlidi: “Anadan, Vətəndən şirindisə can-lənət canımızın şirinliyinə”.

Xatirə xanımın “ictimai” şeirləri az olsa da, məna tutumu baxımından bəyənimlidir. “Qaçqın qardaşım”, “tullayın quyuya Məlikməmmədi” şeirlərində olduğu kimi: “ucuz ölümlərlə ölməyə dəyməz... Dünya bir yanadı, Vətən bir yana”.

Xatirə Rəhimbəyli adlı bir qələm adamından sizə söz açdım və belə düşünürəm ki, istedadlı, sözü poeziya işığına bürüyən bir şairlə yaxından tanış oldunuz.

Vaqif Yusifli
525-ci qəzet


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar