Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

c

Tarix: 28-10-2019 22:46     Baxış: 128 A- / A+
Artıq neçə illərdir ki, Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Beləliklə, 1989-1993-cü illər ərzində Azərbaycanın 20 faizdən artıq torpaqları zəbt edilib.
Qeyd edək ki, 1988-ci ilin fevralından 1991-ci ilin sonuna qədərki dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin daxili problemi hesab edilirdi. Lakin SSRİ-nin dezinteqrasiyasından, Azərbaycan və Ermənistan müstəqilliyini bərpa edəndən sonra bu münaqişə sürətlə beynəlmiləlləşdi və dövlətlərarası münaqişəyə çevrildi. Bu münaqişə beynəlxalq problemə, regional və dünya miqyaslı müxtəlif aktorların və onların mənafelərinin toqquşduğu nöqtəyə çevrilməklə bərabər, həm də qarşıdurma vəziyyətindəki tərəflərə təsir və təzyiq mexanizmi oldu.

Rəsmi mənbəələrdə vurğulandığı kimi, Sovet İttifaqı dağılandan sonra Azərbaycanın beynəlxalq sərhədləri (digər müttəfiq respublikaların sərhədləri kimi) dünya birliyi tərəfindən “uti possidetis juris” prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındı. Bu, Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il 8 dekabr tarixli Sazişdə də öz əksini tapdı. Həmin Sazişin 5-ci maddəsinə uyğun olaraq “Razılığa Gələn Ali Tərəflər bir-birinin ərazi bütövlüyünü və Birlik çərçivəsində mövcud sərhədlərin toxunulmazlığını tanıyır və buna hörmət edirlər”. Bununla əlaqədar xatırlatmaq lazımdır ki, həmin Saziş 1991-ci il dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla, on bir keçmiş müttəfiq respublika tərəfindən Alma-Atada imzalanmış protokol ilə təsdiqlənib.

Tarixə nəzər yetirək: 1992-ci il yanvarın 30-da Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM, 1995-ci il yanvarın 1-dən onun adı dəyişdirilərək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırıldı) üzvü, 1992-ci il martın 2-dən isə Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü oldu. 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinki əlavə görüşündə Minsk prosesinin əsası qoyuldu, o cümlədən ATƏM-in himayəsi altında mümkün qədər tezliklə Dağlıq Qarabağa dair konfrans çağırmaq qərara alındı. Bu konfrans böhranın dinc yolla, ATƏM-in prinsipləri, öhdəlikləri və müddəaları əsasında tənzimlənməsi məqsədilə danışıqlar aparılması üçün daimi fəaliyyətdə olan foruma çevrilməli idi. Sənəddə, eyni zamanda, göstərilirdi: “Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri konfransda iştirak edən dövlətlərlə məsləhətləşmələrdən sonra maraqlı tərəflər kimi konfransa onun Sədri tərəfindən dəvət ediləcəklər”. Burada göstərilən “Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri” dedikdə Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının nümayəndələri nəzərdə tutulurdu. Sənəddə maraqlı tərəflər qismində məhz bu icmalar nəzərdə tutulurdu. Eyni zamanda, müvafiq razılıq əldə edilərsə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılandan sonra çağırılması nəzərdə tutulan Minsk konfransına Dağlıq Qarabağ regionunun hər iki icmasının maraqlı tərəflər kimi dəvət edilməsinə baxıla bilər.
Qeyd edək ki, hələ 1992-ci ildə Minsk qrupunun sədri Ermənistanın bəzi əsassız iddialarına cavab olaraq Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabərliyi haqqında bəyanatla çıxış etdi: “İtaliyadan olan Sədr onun apardığı məsləhətləşmələrin gedişində Ermənistanın tezisi barədə Minsk qrupunun qalan üzv ölkələri arasında konsensus aşkar etmədi. Həmin tezisə görə, 24 mart tarixli mandat Dağlıq Qarabağın erməni tərəfini Azərbaycan tərəfindən üstün tutmağa və ya hətta birinci tərəfi “seçilmiş nümayəndələr” adlandırmağa imkan verir (ATƏM-in 279 nömrəli informasiya məktubu, Praqa, 15 sentyabr 1992-ci il). Aşkardır ki, bu məsələyə hələ 1992-ci ildə, Minsk qrupunun yaranmasının başlanğıc mərhələsində aydınlıq gətirilmiş, bildirilmişdi ki, Dağlıq Qarabağın hər iki icması bərabər hüquqlara malikdir”.
Rəsmi məlumatlara əsaslanaq: 1992-ci ilin əvvəlində baş vermiş hadisələrə qayıdaraq xatırlatmaq olar ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Minskdə sülh konfransı çağırılması hərbi əməliyyatların fəallaşması və erməni silahlı dəstələri tərəfindən 1992-ci ilin mayında Şuşanın və Laçının işğalı nəticəsində pozuldu. “Azərbaycanlı əhalinin hələ yaşadığı Şuşanın süqut etməsi ilə keçmiş DQMV-nin etnik təmizlənməsi başa çatdırıldı, Azərbaycanın keçmiş DQMV ilə həmsərhəd olan Laçın rayonu işğal ediləndən sonra isə hərbi əməliyyatlar keçmiş muxtar vilayətin ərazi hüdudlarından kənara çıxdı. 1993-cü ilin sonuna qədər Azərbaycanın keçmiş DQMV ilə həmsərhəd olan daha 6 rayonu (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edildi, bu rayonların azərbaycanlı əhalisi isə daimi yaşayış yerlərindən qovuldu. Beləliklə, 1994-cü il mayın 12-də atəşkəs haqqında saziş qüvvəyə minəndə keçmiş DQMV-nin və onun ətrafındakı yeddi rayonun ərazisi Azərbaycan tərəfinin nəzarəti altında deyildi”.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana çox böyük maddi və mənəvi ziyan vuruldu. “1988-1993-cü illərdə Qarabağda 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb”. Bu münaqişə nəticəsində hərbi əməliyyatlar dövründə 20 min azərbaycanlı həlak olub, 50 min nəfər şikəst olub, 4 minə yaxın azərbaycanlı itkin düşüb, 2 mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.
Tarixə nəzər yetirək: Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası dörd (822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli) qətnamə qəbul edib. Bu qətnamələrdə Dağlıq Qarabağ regionunun Azərbaycana mənsub olması birmənalı şəkildə təsbit edilib. Eyni zamanda, bu sənədlər Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü, onun beynəlxalq sərhədlərinin toxunulmazlığını və ərazilər əldə olunması üçün güc tətbiq edilməsinin yolverilməzliyini təsdiq edir. Bu qətnamələrdə təsbit olunmuş tələblərdən biri bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycan Respublikasının işğal olunmuş bütün rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması barədədir. Eyni zamanda, qətnamələrin demək olar ki, hamısında münaqişədən zərər çəkmiş mülki əhaliyə humanitar yardım göstərilməsi, habelə qaçqınların və köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması məsələsində onlara kömək edilməsi barədə Baş katibə və müvafiq beynəlxalq təsisatlara müraciət var.

Zəngilan rayonunun işğal tarixi və haqqında məlumat:

Yaranma tarixi – 08. 08. 1930

Ərazisi – 0,71 min kv. km

Əhalinin sayı – 39,1 min nəfər (1 yanvar, 2009-cu il)

Əhalinin sıxlığı – 1 kv. km 55 nəfər (1 yanvar 2009-cu il)

Şəhər – 1

Kəndlərin sayı – 79

Qəsəbələrin sayı – 5

İnzibati-ərazi dairəsi – 22

Bələdiyyə – 0

İri və orta müəssisələrin sayı – 445

Məktəbəqədər uşaq müəssisələrinin sayı – 46

Ümumtəhsil məktəblərinin sayı – 68

Texniki, orta ixtisas və peşə məktəblərinin sayı – 1

Xəstəxanalar və tibb müəssisələrinin sayı – 6

Mədəniyyət ocaqlarının sayı – 141

Zəngilan rayonu ilə Bakı arasında olan məsafə – 385 km

30.10. 1993 – cü ildən erməni işğalı altındadır.

Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir.

Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə idi.

XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli qeyd olunur.

1929-cu ildə ZSFSR-nın qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.

Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur. Ərazisi – 0,71 min km2, əhalisi 41,5 min (01.04.2013) nəfərdir.

1967-ci ildə Zəngilana şəhər statusu verildi. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə(Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Kəndləri bunlardır: Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, İkinci Alıbəyli, Sarıl, Bartaz, Qarqulu, Tatar, Tiri, Şəfibəyli, Məşədi İsmayıllı, Şərikan, Bürünlü, Yuxarı Yeməzli, Rəbənd, Yenikənd, Zəngilankənd, Cahangirbəyli, Turabad, Vəliqulubəyli Canbar, Ağkənd, Dərəli, Günqışlaq, Qazançı, Pirveys, Yuxarı Çöpdərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Üdgün, Şamlı, Vənədli, Hacallı, Seyidlər, Vejnəli, Ağbənd, Əmirxanlı, Qıraq Müşlan, Məlikli, Muğanlı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Məmmədbəyli, Babaylı, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, İçəri Müşlan, Tağlı, Yusiflər, Aşağı Yeməzli, Orta Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Zərnəli, Havalı, Nəcəflər.

Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçuçay arasında Ağ Oyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir. Şimal-şərqdə Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən (Geyan) çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin şərq kənarı Bartaz dağı (2270 m) yerləşir.

Əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmışdı. Bu şəhərin özünün bir çox məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan, MTS məhəlləsi, Məscid düzü, şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, Rayşelk (ipək idarəsi olan yer) və s. məhəllələri vardır.

Rayonun bir tarixi qurum kimi iqtisadi inkişafı sovet hakimiyyəti illərində geniş vüsət almışdır. Eyni zamanda məhz bu dövrdə rayona daha çox mənəvi zərbə vurulmuşdur.

İşğala qədər rayon əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etmişdir.

Zəngilan rayonundan 13 nəfər sovet imperiyasının ən yüksək dövlət mükafatına – Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdü. Bu hadisə bütün dünyaya səs salmışdı. Buna görə bölgə “Qızıl Zəngilan” adı ilə tarixə düşmüşdü.

Rayonun ərazisindən Bakı-Yerevan dəmir yolu (Mincivandan Qafana yol ayrılır), İmişli-Laçın və Bakı-Şərur magistral şose yolları keçirdi. Zəngilan rayonu ilə Bakı arasında olan məsafə 385 km-dir.

Özünün bir qurum kimi mövcud olduğu 63 ildə(işğala qədər) bu bölgə hansı müsibətlərə düçar olmadı?! Özünün 63 illik son tarixində bu bölgə elə ilk illərdən zorla yaradılan kollektivləşmə, 37-ci il həbsləri, 1941-45-ci illər müharibəsini də yaşadı. Rayon əhalisinin bir qisminin qohum-əqrəbası Arazın o tayında qalmış, əlaqələri kəsilmişdi. Qardaş qardaşdan, ana balasından ayrı düşmüşdü.

Zəngilanın sözünü deyən adamların 1930-cu illərdə bir qisminin sürgün olunması(Sibir, Orta Asiya, Qazaxıstan), bir qisminin isə qəddarlıqla güllələyib xəndəyə salınması, ölməyənlərin günlərlə inilti səsləri (Kənd Zəngilan: o vaxt rayon mərkəzi burada yerləşirdi) gəlirdi. Sürgün dövrü qurtardıqdan sonra da geri qayıdan adamları öz doğma yurdlarına buraxmırdılar.

Oz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı.

1993-cü ilin oktyabr ayında Ermənistan qoşunları tərəfindən işğal olunanadək əhalisi 32.6 min nəfər (01.01.1989) olmuşdur. İşğaldan qabaq rayonda 10453 yaşayış evi, 28200 yardımçı bina, 195 inzibati bina, 870 təsərrüfatların yardımçı binaları, 128 mədəniyyət müəssisəsi, 123 təhsil müəssisəsi, texniki peşə məktəbi, 64 səhiyyə müəssisəsi, Qotursu sağlamlıq zonası, 80 rabitə müəssisəsi, 7 səyyar avtoklub, 21 kino qurğu, 2 diyarşünaslıq muzeyi, 142 ticarət obyekti, 49 ictimai-iaşə obyekti, 2 Şərab zavodu, Konserv zavodu, Toxuculuq sexi, Kərpic zavodu, Çörəkbişirmə zavodu, Çınqıl zavodu, 2 Asfalt zavodu, Yazı düzü Su nasos stansiyası kompleksi, 3 Su nasos stansiyası, 8 Dəmir yol vağzalı, Mincivan Depo, Quşçuluq fabriki, Mal-qara kökəltmə kompleksi, 3400 hektar üzüm bağları, 6 süni su tutarları olmuşdur.

Rayon mərkəzində yerləşən Muzeydə yüzlərlə eksponat var idi. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirirdi.

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar