Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan poeziyasında Miili qəhrəman Şirin Mirzəyev obrazı -Mərziyyə Nəcəfova yazır

Tarix: 25-03-2021 11:26     Baxış: 3297 A- / A+
Azərbaycan poeziyasında Miili qəhrəman Şirin Mirzəyev obrazı


Qarabağ müharibəsi başlanan gündən xalqımızın fədakar, qəhrəman oğulları vətənə ləyaqətlə xidmət göstərmiş, Azərbaycanın suverenliyi uğrunda mərdliklə, rəşadətlə vuruşmuşlar. Müasir Azərbaycan poeziyası Qarabağ müharibəsində böyük qəhrəmanlıq, igidlik göstərmiş övladlarımızın bədii obrazını yaratmağa çalışmışdır.
Ümumiyyətlə, qəhrəman kimdir, o necə olmalıdır, - sualı ədəbiyyatı-mızı hər zaman düşündürmüşdür. Bu xüsusda Yəhya Seyidovun “Qəhrəman və həyat” məqaləsində gəldiyi qənaətlər maraqlıdır: “Zəhmətkeşlər, namuslu adamlar üçün qəhrəman o adamdır ki, həlledici anda cəmiyyətin mənafeyinin tələb etdiyi kimi hərəkət etsin, lazım gələndə öz şəxsi rahatlığını və faydasını xalqın mənafeyi naminə qurban verməyi bacarsın; hər cür məhdud eqoizmə, xırda hisslərə nifrət edərək səadətini xalqın xoşbəxtliyində görsün. Bu mübariz qəhrəmanlar, əsasən, mübarizənin ön xəttində, qüvvələrin və hisslərin gərginliyi tələb edilən anlarda özlərini daha aydın göstərirlər” (1).

Bu mənəvi keyfiyyətlər Qarabağ mövzusunda yazılmış poemalardakı qəhrəman döyüşçü obrazlarının səciyyəvi xarakteri, müsbət xüsusiyyətləri sayılır desək, zənnimizcə yanılmarıq. Şairlərimiz bu qəhrəmanların ən nəcib mənəvi keyfiyyətlərini tərənnüm etmiş, onların keçdikləri döyüş yolunu yüksək qiymətləndirmişlər.

1990-cı illərin əvvəllərində Qarabağ mövzulu əsərlərdə kədər, ələm, dərd motivli şeirlər üstünlük təşkil edirdisə, bir müddət sonra poeziyada qəhrəmanlığın tərənnümü ön plana keçdi. Araşdırmalarımız göstərir ki, müharibənin ilk günlərində vətənin müdafiəsinə çağırış motivləri üstünlük təşkil etdiyi halda, vətən oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət konkret olaraq obrazlar vasitəsilə əks olunmurdu. Halbuki Qarabağ müharibəsi ölkəmizin taleyində ağır, mürəkkəb hadisə idi və bu günü-gündən böyük, faciələrə yol açırdı. Müharibənin qarşısını almağa çalışan, döyüşlərdə böyük qəhrəmanlıq göstərən oğul və qızlarımız var idi. Təbii ki, ilk günlərdə Qarabağ müharibəsinin gətirdiyi dəhşətləri canlı şəkildə, öz gözləri ilə görən şairlərimiz daha təsirli əsərlər yarada bilərdilər. Qarabağ müharibəsinin iştirakçısına çevrilən, Xankəndində evi yağmalanan, Xocalı soyqırımında ahıl yaşda olan atasını, ən yaxın qohumlarını itirən şairlərimizdən biri Ələmdar Quluzadədir. Onun qələmə aldığı sosial-psixoloji poeziya örnəkləri ilə yanaşı, vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən epik əsərləri də bu günümüz və sabahımız üçün qiymətlidir. Tədqiqatçılar çox haqlı olaraq şairin 2006-cı ildə işıq üzü görən “Qadan mənə, Qarabağ” kitabına daxil etdiyi silsilə poemalarını – “Qarabağ oyunu”, “Şəhid şəhər”, “Şəhid bacısı”, “Alay komandiri”, “İlmələrin dastanı” əsərlərini “Müasir dövrün Qarabağnamələri” adlandırırlar.

Gələcək nəsillər Qarabağ hadisələrini tarixdən çox, Ələmdar Quluzadənin “Qarabağnamə”sindən öyrənə bilərlər, erməni neofaşistlərinin günahsız soydaşları-mızın başlarına açdığı oyun və müsibətləri, öz aramızdakı vətən xainlərimizin şərəfsiz əməlləri barədə dərin məlumatları bu əsərdən əxz etməyə müvəffəq olarlar.

Cəsarətlə deyə bilərik ki, müasir poeziyamızda qəhrəman döyüşçü obrazının ilk layiqli yaradıcılarından biri Ələmdar Quluzadədir.

Şairin “Alay komandiri” əsəri poeziyamızda qəhrəman döyüşçü obrazının uğurlu təsvirinə nail olan bədii nümunə kimi çox dəyərlidir. Müəllif 1998-1999-cu illərdə qələmə aldığı iri həcmli bu epik poemasını Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin və vətən uğrunda döyüşlərdə şəhid olan igid və cəsur oğullarımızın əziz, unudulmaz xatirəsinə həsr edib. Şirin Mirzəyev cəbhəyə könüllü yollanan, Ağdam uğrunda gedən döyüşlərdə igidliklər göstərən bir döyüşçüdür. O, kiçik, çevik qüvvə ilə məharətli döyüş taktikaları seçərək Ağdamın neçə-neçə kəndini düşmənlərdən təmizləyir. Düşmən üzərinə bütün həmlələri böyük uğurlarla nəticələnir. Şirin Mirzəyevin təşkil etdiyi könüllü döyüşçü dəstəsi ilk vaxtlar onun öz kəndçiləri və qohum-əqrəbalarından ibarət olur. Sonralar göstərdiyi igidliklərə, apardığı uğurlu əməliyyatlara görə onu alay komandiri təyin edirlər. Bütün bunlar o dövrdə cəbhə bölgələrini qarış-qarış gəzən şair Ələmdar Quluzadənin gözləri önündə baş verən tarixi reallıqlardır. Müəllif gördüyü o dəhşətli hadisələri böyük ustalıqla əsərində canlandırır:

Millət hara köçür, hara baş alır?
Qollar qoltuqdadır, yumruq döşdədir.
Kəndlər yandırılır, oba boşalır,
Vətən dara düşüb, haray ərşdədir
(2).

Şair bu misralarda Qarabağda baş verən olayların tablosunu yaratmışdır. Şübhəsiz ki, bu hadisələri görən və duyan heç bir kəs yaxasını kənara çəkməməli, vətənin müdafiəsinə qalxmalıdır. Doğrudan da, çarəsiz qalıb, fəryad qoparan, sinəsinə övlad dağı çəkilən anaların iki yumruğunu da çarpazlayıb, öz sinələrinə zərbələr endirməsi insanı dəhşətə gətirir. Qarabağ qara günlərini yaşayır:

Gah körpə doğulur güllə səsində,
Gah içinə çəkir ölkə ününü.
Zamanın, tarixin dönəlgəsində
Qarabağ yaşayır qara gününü.
( 2).

Bütün bunlara dözməyən Şirin Mirzəyevin qəlbində düşmənə qarşı qisas hissi tüğyan edir. Ailəsi ilə belə vidalaşmayan bu qəhrəman, cəsur vətən oğlu Ağdam bölgəsinə yola düşür. Şair bu səhnəni belə təsvir edir:

Soyuq şüşələri döyür nəfəsi.
Çölündə azaddır, içində məhbus
Bakı. Avtovağzal. Diktorun səsi:
- Bakıdan Ağdama gedən avtobus…
(2).

Şair o dövrdəki ölkə başçısının səriştəsizliyini, xalqın, vətənin taleyinə biganə münasibətlərini ifşa edir, Şirin kimi qəhrəmanların həyat yolunu nümunə gətirir. Şirin Mirzəyev yalandan torpağa and içənlərdən deyil, o sadəcə olaraq vətənin bu dar günündə, vətən qarşısında imtahan verir:

Göylərə çəkilir bir ulduz kimi,
Torpağa and içmir, imtahan verir.
Vətənin ürəyi burda buz kimi,
Vətənin qolları orda can verir
( 2).

Şirin Mirzəyev çox gözəl dərk edir ki, vətənin ürəyini – mərkəzini paytaxtını buza döndərən kreslo, vəzifə düşkünləridir. Şair Ələmdar Quluzadə poemada öz qəhrəmanının xarakterini bütün incəliklərinə qədər açmağa çalışır və nəticədə onun kamil obrazını yaratmağa nail olur. Müəllif qəhrəmanının keçirdiyi hiss və duyğuları, girdabına qərq olduğu narahat, gərgin düşüncələri, yaşadığı psixoloji həyəcanları ustalıqla təsvir edir. Şair qəhrəman döyüşçü Şirinlə, humanist, ailəsini və övladlarını sevən Şirinin xarakterini birləşdirir. Müəllif meşşan var-dövlət hərisləri ilə, vətənin, xalqın azadlığı uğrunda canından keçən mərd oğullar arasında olan sənətkar qələminin gücü ilə ibrətli, təsirli misralarla təsvir etməyə çalışır:

Aşır kimisinin işi zər ilə,
Tamah pərvazlanıb, işdah qudurub.
Pulundan keçməyən kişilər ilə.
Canından keçənlər üz-üzə durub
(2).

Əsərin giriş hissəsində o vaxtkı şəraiti, hadisələrin gedişatı və mahiyyətini açıqlayan şair Şirin Mirzəyevi oxucusuna daha yaxından tanıtmaq üçün onun xasiyyəti barədə poetik cizgilər cızır:

Yaşayıb dadla yox, halal ad ilə,
Balı barmağında tutandan deyil.
O qırx beş yaşında təqaüd ilə
Oturub başını qatandan deyil
(2).

Bu misralarda Şirin Mirzəyevin halallığı, zəhmətkeşliyi ilə gözlərimiz önündə canlanır. Oxucu hadisələrin gələcək inkişafı üçün darıxır, intizarda qalır:

Oxucum, intizar yormasın səni,
Sualına cavab verirəm indi.
Şirin yuxusundan keçən Şirini
Soyuq səngərlərdə görürəm indi
(2).

Poemanın bu hissəsində şair Ağdam cəbhəsinin ab-havasını şair çox təbii şəkildə təsvir edir:

Ağdam ah-nalə çəkir,
Şəhər ayaq üstədir.
Dodaqlarda, gözlərdə
Göynəyən şikəstədir.


Göylərdə qara bulud,
Qarqar hər gün bulanır.
Hər Şəhidin üstündə
Məscid qovrulub-yanır.

Yandırılıb, uçulub
Neçə yazığın damı
Qovulanlar, qaçanlar
Arxa bilir Ağdamı
(2).

Ələmdar Quluzadə bu əsərində Qarabağın, eyni zamanda ətraf rayonlarının işğalına möcüzə kimi baxır. Axı necə oldu ki, Şirin Mirzəyev kimi yüzlərlə igid vətən oğullarımız könüllü cəbhələrə atıldığı halda, biz son nəticədə məğlub olduq, torpaqlarımızın 20 faizi düşmən çaynağına keçdi?

Nə qədər Vətən oğlu.
Yağıyla üz-üzədir.
Bu eşq ilə yağıya
Uduzmaq möcüzədir
(2).

Əfsuslar olsun ki, o dövrdə döyüşən dəstələr kürək-kürəyə verə bilmədilər. Hakimiyyət hərisləri vətənimizin döyüşən güc və qüvvələrini parçaladılar. Mərd, qeyrətli oğullarımız təklənərək vaxtından əvvəl – ömrün cavan çağında şəhid oldular. Mərkəzdən gözlənilən bütün köməklər cəbhə bölgələrinə yetişmədi. Silah qıtlığı, ərzaq, geyim çatışmazlığı, qeyri-peşəkarlıq özünü büruzə verirdi. Şair özü də iştirakçısı olduğu o müdhiş günləri ürək ağrısı ilə təsvir eləyir:

Qarabağ əldən gedir,
Nəyi gözləyirik biz?!
Sərkərdəsiz ölkənin
Qələmi var, qəmi var.
Qardaş, müharibənin də
Qələmi var, elmi var.
Neçə vaxtdır biz-bizi
Didirik, deyişirik.
Hələ düşmənimizlə.
Təkəlli döyüşürük
( 2).

Şair doğru söyləyir ki, “Bu millət haqqında bəd danışanın, Nə qanı, nə südü bu millətdəndir”. Vətənin ağır günlərinə biganə qalan, xəyanət eləyən, şöhrət axtaranlar nə qədər olsa da, yurdun harayına yetişən mərd oğulların sayı onlardan dəfələrlə çoxdur. Sadəcə bu igidlərin layiqli bir sərkərdəyə ehtiyacı var idi. Ələmdar Quluzadənin bu poemasında da təlqin olunan ideya budur ki, xalq və ordunun bacarıqlı rəhbəri olmasa, qələbədən danışmağa dəyməz. Hətta, Şirin Mirzəyev kimi kiçik bir dəstənin də başçısına ölkənin layiqli, işbilən Ali baş komandanı göstəriş verməlidir. Poemada Şirini narahat edən də məhz ölkədə vahid komandanlığın olmaması idi:

Nədən ürpənirəm, nədən qaçıram.
Kilkədən, kilimdən kim kimə desin?
Sizi qoruyandan söhbət açıram,
Satanlar barədə məhkəmə desin (2).


Kütləsi də vəzifə siyasətində, siyasəti də satqınlıq səyahətində olan bir xalqın isə, təbii ki, düşmənə qalib gəlməyə gücü olmayacaqdı. Hamının başı öz şöhrətini, var-dövlətini, vəzifə ehtirasını təmin etməyə qarışdığı bir vaxtda isə Şirin Mirzəyev öz canını vətəninə qurban vermək üçün heç kimdən icazə istəməmiş, xahiş, minnət etməmişdir:

Qapılar, xahişlər…
necə soyuq səs,
Adam gördüyünə heyrət eləyir.
Niyə ölümünə razı olan kəs
Razılıq verənə minnət eləyir
(2)

Qəribə və ağrıdıcı təzaddır! Şirin könüllü olaraq ön cəbhəyə atılır, lakin arxa cəbhə ona, arxa, dayaq, kömək olmur. Şair bu məqamı həssaslıqla vurğulayaraq yazır:

…Əgər arxa cəbhə arxa deyilsə,
Qəmədir, bıçaqdır kürəyimizdə.


Belə bir vəziyyətdə Şirin Mirzəyev heç bir komandanlığa, arxa cəbhəyə söykənmədən Ağdam uğrunda gedən döyüşlərə atılır. Sayca az, özünümüdafiə dəstəsi ilə Ağdamın neçə-neçə kəndlərini düşməndən azad edir, erməni terrorçularını ağır itkilərə məruz qoyur. Onun ətrafında könüllülərin sayı artdıqca, “sapı özümüzdən olan baltalarımız”, ona açıq-aşkar daxili xəbislərimiz maneələr yaratmağa başlayırlar. Qərəzli şöhrət düşkünlərinin müxtəlif yönlü təzyiqlərinə baxmayaraq Şirin Mirzəyev alay komandiri seçilir. Müxtəlif döyüş əməliyyatlarında uğurlu taktikalar həyata keçirir. Şirin düşmənin dilini mükəmməl bildiyi üçün başçılıq etdiyi alayı qələbələrə doğru aparır. Lakin çox çəkmir ki, alayın gücü tükənir, ərzaq, silah-sursat ehtiyatı azalır. Şairin “məramı ermənilər” adlandırdığı, “ermənidən betər” hesab etdiyi daxili düşmənlərimiz alay komandirini dəfələrlə aldadaraq arxadan kömək göstərmirlər. Alayın çətin günləri başlayır. Buna baxmayaraq alaydakı dəmir təlim, polad nizam-intizam döyüşlərdə hər şeyi yerinə qoyur, könüllülər ruhdan düşmürlər, döyüş yollarını davam etdirirlər:

Təkəbbür, təşəxxüs məramına yad,
Həftələr dolanır, günlər ötüşür.
Təlim dəmir kimi, intizam polad,
Silah da, sursat da yerinə düşür
(2).

Lakin alay komandiri yenə narahatdır. Onu narahat edən ölkədəki “sirli haqq-hesablar”, “məkrli niyyətlər”, pərakəndə idarəçilik, kimsənin özbaşınalığı, ordunun bir yox, bir neçə mərkəzdən idarə olunmasıdır:

Gizlicə haqq-hesab çəkilir hələ,
Başı dumanlıdır, fikri qarışıq!
- Əl-ələ verməsək, Qarabağ ilə
Bir ilə, üç ilə vidalaşarıq (2).


Bütün bu narahatlıqlara baxmayaraq, yenə Şirin inamla, mətanətlə döyüş yolunu davam etdirir. Neçə-neçə düşmən mövqeyini darmadağın edir. Şair bu uğurları poetik ilhamının gücü ilə, uğurlu bədii ifadə vasitələrlə oxucuya çatdırır:

Hücumda, həmlədədir.
Hər sərkərdənin zoru.
Hər döyüş həndəsədir,
Bu da Şirin düsturu (2).


Şair doğru olaraq Şirin Mirzəyevin Ağdam cəbhəsindəki əməliyyatlarını “qələbə deyil, uğur” adlandırır. Müəllifə görə qələbəni Xankəndinə milli bayrağımız sancılan günü adlandırmaq olar. Lakin nə yazıq ki, o vaxtkı səriştəsiz, bacarıqsız, laqeyd, məkrli, qərəzli nanəciblər Şirin Mirzəyev kimi neçə-neçə mərd oğullarımıza arxadan vurdular. Şair bu tükürpədici mənzərələri ürək ağrısıyla qələmə alır. O, Şirinin son anda – ölüm ayağında da öz döyüşçülərini nikbin olmağa, döyüş yollarında hünər göstərməyə səsləyir:

…Səsimiz yetməsə Cıdır düzünə,
Biz baxa bilmərik elin gözünə.
Atalar didərgin, analar qaçqın,
Bacılar vədəsiz ağardır saçın.
Gözəllər qarıyıb qocala bilər,
Vətən köçə bilər, alçala bilər.
Bizdən asılıdır yurdun taleyi,
Kimin təklifi var, kimin gileyi (2)


Əsərin sonunda şair belə nəticəyə gəlir ki, Şirin Mirzəyevin adı təmiz olduğu qədər, ruhu da bir o qədər nigarandır. Nə qədər ki, Qarabağ düşmən tapdağı altında inləyir, bu ruhlar bizi rahat yaşamağa qoymayacaq. Biz hər an düşmənlə cəngə hazır olmalıyıq. Döyüşə getməzdən əvvəl onun uyuduğu torpağa and içməliyik. Bu and şübhəsiz ki, bizi qələbələrə doğru aparacaqdır.
Azərbaycan poeziyasında Miili qəhrəman Şirin Mirzəyev obrazı

Mərziyyə Nəcəfova,
Filologiya elmlər doktoru, dos.


1999 cu il

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar