Xəbər lenti
Qurban bayramının diqqətdən kənarda qalan - FƏLSƏFƏSİ
Moderator.az təqdim etdiyi yazıda Qurbanın mahiyyətinə, onun aysberqin gizli üzü kimi “su altında qalan” fələfəsinə toxunulub.
Öncə, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də Qurbanın əsas mahiyyətini çatdıraqn iki ayəyə diqqət edək:
Həcc surəsinin 37-ci ayəsində buyurulur: "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”
Bildiyimiz kimi, Qurban mərasimi yalnız Həzrəti İbrahimin məlum sadiqlik nümunəsindən sonra başlamır. Allaha qurbanvermə hadisəsi İbrahim əleyhissəlamdan qabaq baş verib və bu hadisə Maidə surəsinin 27-ci ayəsində bu cür "(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı......” xatırlanır.
Qurban bayramı "peyğəmbərlər atası” sayılan Həzrəti İbrahim əleyhissəlamın adı ilə bağlı olmaqla ondan sonra ümmətə vacib sayılıb.
Elə biz də İbrahim peyğəmbərdən başlanan Qurban ayininin daxili qatına diqqət yetirək:
Dini rəvayətlərə görə, İbrahim peyğəmbər Allahdan əmr alan kimi buyruğu yerinə yetirmək üçün Mina dağına gedir. Əvvəlcə qarşısını şeytan kəsir və düz üç dəfə ona mane olmaq istəyir. İbrahimi bu işdən yayındırmağa çalışır. İbrahim peyğəmbər isə hər dəfə daş atmaqla şeytanı özündən uzaqlaşdırır. Qeyd edək ki, Həcc mərasimində şeytana daşatma ayini də buradan götürülüb. Uzun illər övlad həsrətində olan İbrahim Allahın ona sonradan bəxş etdiyi oğlu İsmayılın boynuna düşünmədən bıçağı dayayır. İti bıçaq iki dəfə İsmayılın boynunu kəsmir. Üçüncüdə isə Allahın vəhy mələyi olan Cəbrayıldan səda gəlir və səmadan İsmayılın-insan övladının ölümünə son qoyan qoç endirilir. İslam hədislərinə əsasən o qoç düz 40 il cənnət çəmənliklərində otarılmış və həmin gün üçün hazırlanmışdı. İbrahimlə İsmayılın Allaha
etiqad sınağından üzüağ çıxmağı insanlıq tarixində yeni bir mərhələnin əsasını qoydu. Cəbrayılın endirdiyi qoç əslində kosmik nizamın, İlahi ahəngin var oluşunun bir növ təminatı idi. Həmin qoçu insan övladının adına göndərilən səma razılığı, İlahi təşəkkür kimi də anlamaq gərəkir. Qoç- mahiyyətində razılıq, etibar, etiqada qarşılıqlı təşəkkür olan kosmik ismarıcın maddiləşmiş formasıdır. İslam dünyası artıq əsrlərdi ki, həmin ismarıcın göylərdən insana çatdığı günü, həmin günün müqəddəsliyini qeyd edir.
Qurban bayramlarında kəsilən heyvanlar, paylanılan ətlər məsələnin yalnız zahiri yönüdür ki, Qurbanın əsas fəlsəfəsini, mahiyyətini anlamaq üçün yalnız onları görmək kifayət etmir. Qurban bayramı ilk dəfə olaraq insanla Ali İlahi Energetika arasında olan səddi aradan qaldırıb. O, enerji səmadan insan ruhuna- İbrahimin qəlbinə, İsmayılın gözlərinə axır. İbrahimin qəlbi yenidən dirilir, İsmayılın gözləri işıqlanır. Ata oğlunu qucaqlayaraq hönkürtü ilə ağlayır. Bu əslində sevincin, İlahi tərəfindən razılıq qazanma səbəbindən yaranan xoşbəxtliyin acizanə ifadəsidir. Kosmik bənd aradan qalxır- İlahi razılığın maddiləşmiş forması olan heyvan insan oğlunu-bəşəriyyətin əşrəfini xilas edir.
Hər il keçirilən Qurban bayramı, bu zaman insanlar tərəfindən müqəddəs niyyətlərlə kəsilən 4 növ heyvan-qoç, keçi, cöngə və dəvə İslam coğrafiyasını müqəddəslik dumanına bürüyür.
Elmin Nuri
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar