Sizin Reklam Burada
Xəbər lenti
18-11-2025
17-11-2025
BÜTÜN XƏBƏRLƏR

"Doldurucu sözlərdir, poetik süni nəfəsdir" - Cavid Fərzəli Emil Rasimoğunun bir şeiri haqda

Tarix: 19-11-2025 09:56     Baxış: 240 A- / A+


Cavid Fərzəli


Bir imza, bir şeir rubrikamızın bu axşamkı qonağı gənc yazar Emil Rasimoğludur.
Bu gün onun bir şeirinə nəzər salacağıq. İzzətli sənətsevərlər, yaxın durun, gəlin əvvəlcə Emil bəyin müzakirə edəcəyimiz şeirini birlikdə oxuyaq.


Yalqız yaşadığım evin
qapısını tapıram şəkillərin arasından
və döyürəm;
söykəndiyim bütün ağaclar gizlənir it səsindən,
qağayı dimdiyindəki kibrit qutusundan...

Bir rəssamsa 
filmə çəkilməmiş
ömür axtarmağa başlayır körpələr evində.

Beləcə...
Heç təqvimdə iməkləyən
pilləkənlər də böyümədi, dostum...

Düşüb arxamca qaçır üzümü tanıyan ayağı palçıqlı qırışlar

...və qışqırır:
Bağışla,
bağışla,
tor qurub işıq dirəklərinə Tanrı...

Görürsənmi...
bizi bu dayanacaqda akvariumlar da tərgitdi,
yarpaqları itkin düşmüş yürüklər də.

Göz yaşlarına söykənmə,
barmaqlarımdan gizlədirəm skripkamın yaşını,
skamyaların dəfn yerini...

...və unutma,
unutma ki,
qapılar hər iki tərəfdən qıfıllana bilirsə,
demək, sən uşaqlıqda oynadığın topun
çiçəklədiyi günə qədər azadsan.

Get,
get bir ocaq qala tərkedilmiş notların otağında...
Daha sevgi qovuşmaq üçün yox,
bir-birini unutmamaq üçündür...

Günəşi qar,
qarı su,
suyu od unutduğu kimi...

...Bilirəm, bu saat
sən dən səpirsən göy üzünə, qollarına xatir

Mənsə
hələ də
gözümü çəkmirəm cüt rəqəmlərin yuvasından...
...və birdən
qonşu evdə yaşayan qocanın
öz qarısına dediyi sözü eşidirəm:
Bağışla,
heç sən də,
heç sən də qalmamısan yadımda!


Şeir birinci misradan nə olmaq istədiyinin axtarışındadır və bu qərarsızlıq bütün mətni gözümçıxdıya salır.

...Yalqız yaşadığım evin qapısını tapıram şəkillərin arasından... Müəllif ekzistensializm yaratmaq üçün ürəkyanğısı ilə danışır, amma yalnız sentimental xatirə bəzəyi alınır. Şəkillərin içindən qapı tapmaq ideyası poetik ağırlıq daşımır: görünüşcə poetikdir, mahiyyətcə iç boşdur. Ekzistensial ağrı olacaqkən illüziya səviyyəsindədir, qısır bir təsvirdir.
Burada müəllif sanki psixoloji zərbənin intiqamını almaq üçün keçmişin təsvirlərini silkələyir, ona sevgi verən adamlardan geri dönən bir ağrının içindədir.

...və döyürəm... Keçmişin qapısını döymək şeirdəki yeganə işlək metaforadır, amma əvvəldəki qarışıq obraz buna tutunmağa imkan yaratmır, sanki yaxşı cücərti bərbad torpağa düşüb.

Ağaclar, it səsi, qağayı, kibrit qutusu
Burada şeir sürreal detalların səpələnməsindən çox, metafora qəbiristanlığına bənzəyir. Obrazlar bir-birini doğmur, poetik sistem alatorandır, hər biri ayrıca bir şeirdən gətirilmiş bəzəkdir.
Ağacların gizlənməsi niyyət var,
it səsi sosial qınağın imkanı var,
qağayı azadlıq,
kibrit yandırılmış keçmiş.

Amma bunlar yan-yana qoyulmuş səhnələrdir, poetik mexanizm deyil, şikəst obrazlar, doğmaq qüdrəti olmayan metaforalar.

Hansı ki, bu yerdə müəllifin enerjisi başqa yerdən qidalanır, psixoloji zərbənin yaratdığı daxili qaranlıqdan. Dünən ona işıq olan adamların üzünə tüpürən bir ruhun parçalanması duyulur. İntiqam almaq qorxusu buradakı adamlara söykənmir, boşluğa yönəlir.

Rəssam, filmə çəkilməmiş ömür, körpələr evi
Güclü üçlü obraz ola bilərdi. Lakin əvvəlki keçirilməmiş metafor sisteminə calaqlandığı üçün canlı orqanizmi əks etdirmir, sanki ayrı obrazın ağrısıdır.
İstifadə edib lazımsız əşya kimi atdığı adamların taleyi burada gizli şəkildə boy göstərir, müəllif onları görməməyə çalışmaq əvəzinə, bəlkə də ilk dəfə əclaf olmağın ağrısını etiraf edir.

Poetik fikrin rəngləri bir-birinə qarışmır. Sürrealizm, simvolizm, xatirə lirizmi yanaşı durur, amma bir-birini qurmur. Şeir öz içində dil tapa bilmir.
Çünki poeziya fikirin qarışıq dili deyil, poeziya düşüncə ruhunun qarışıq dilidir. Bu mətnin dolaşıqlığı fikir dolaşıqlığından doğur, ruh dolaşıqlığından yox.

İmitasiya sürrealizmin qopduğu nöqtədə dayanır.
...Heç təqvimdə iməkləyən pilləkənlər də böyümədi...
Bu misra sürreal olmaq cəhdi yaradır, amma daxili məntiqsizliyə söykənmir. Sürrealizm üçün anlamın qeyri-mümkünlüyü lazımdır, məntiqli davranış gərəksizdir. Burada isə metafora imitasiya sürreal bəzək qurur.

...ayağı palçıqlı qırışlar arxamca qaçır...
Şeirdəki ən yaxşı misralardan biridir. Müəllif öz xəyanətlərini, öz çirkli səhvlərini tanıyır. Bu misra poetik olaraq güc alır. Təəssüf ki, ətrafı bunu daşıya bilmir.
Elə bil ki, bu misrada ilk dəfə müəllif özündən qaçmır, illərlə üstündən keçdiyi vicdanın səsini qəbul edir.

...Tanrı tor qurub işıq dirəklərinə...
Fəlsəfi ton əldə etmək istəyi var, amma Tanrı obrazı nə şeirdə işlənib, nə də metafizik kontekst mövcuddur. Anlamsızlıq yaratmaq postmodernizmin güzgüsüdür, düzdür, amma burada hadisəyə deyil, boşluğa güzgü tutulur.
Üstəlik texniki cəhətdən yanlış ifadədir, axı işıq dirəklərinə Tanrı niyə tor qursun, ona nə lazımdır? Bəlkə müəllif obrazın taleyinin qaranlıqda boğulmasını demək istəyib, amma alınmayıb, olduqca bəsit və bərbad. İşıq dirəklərini insan yaradıb, Tanrı yox.
Əlavə olaraq, bu misra mətnə aid deyil, yaxşı səslənən, amma funksiyasız poeziya səthi bəzəyidir.

...akvariumlar bizi tərgitdi...
Poetik səs var, amma mətnin yükünü qaldırmır, atmosferdən asılı gözlə seçilən bulanıq rəngdir.

...skamyaların dəfn yeri...
Güclü obraz təsiri yaradır, amma səbəbi və konteksti yoxdur, obrazlar bir-biri ilə danışmır, hiss etmir. Tək qalır.

...unutma, unutma ki...
Doldurucu sözlərdir, poetik süni nəfəsdir, mətni uzadır.
Burada “bağışla” ifadəsi də emosional təməlsiz qaldığı üçün gücsüz görünür, halbuki müəllifin içində bu sözün arxasında qopan etirafın dərin bir yanğısı var.

...qapılar hər iki tərəfdən qıfıllanırsa...
Burada şeir birdən lirizmdən nəsri oxunuşuna keçir. Fəlsəfi fikrin şeirə bağlanması yoxdur, maksimalist iddia özünü boğur.

...sən uşaqlıqda oynadığın topun çiçəklədiyi günə qədər azadsan...
Misra melodramatik və teatral təsir yaradır. Topun çiçəkləməsi yenə imitasiya sentimental yaraşdırmadır və şeirin tonunu qarışdırır.
Niyə qarışdırır deyim: top uşağın sevincidir, çiçəklədiyi günə qədər azaddır, yəni xoşbəxt olan məqama qədər. Bura qədər isə qapılar hər iki tərəfdən bağlanmışdı.
iç və çöl dünya qaranlıqdırsa, bu xoşbəxtlik hardan yaranır?

...ocaq qala tərk edilmiş notların otağında...
Sənət motivi indiki dünyada sənətin can verdiyinə bir işarədir. Təəssüf ki, şeir boyu görünmədiyi üçün bu obraz havadan gəlmiş görünür. Üstəlik, bunun obraza nə aidiyyəti var? Axı obrazın sənətkar olduğunu birdən-birə niyə səhnəyə gətirsin ki?

...Daha sevgi qovuşmaq üçün yox...
Çox çeynənmiş gedişat. Şeir introspeksiya ikən birdən orta statistik sevgi şeirinin tonuna keçir.

Və obrazın psixi gərginliyini özü də bilmədən ələ verir. Tənqid etdiyi mental çürüntüyə qayıdır. Sentimental boyunduruğa düşür.

...Günəşi qar, qar suyu, su odun unutduğu kimi...
Dörd ünsür sistemi qurmağa cəhd var, amma simvollar bir-birini yaratmır.

...sən dən səpirsən göy üzünə...
Yeni metafora sisteminə keçid açılır, amma artıq gecdir, mətn bu qaranlıqdan bezir.

...cüt rəqəmlərin yuvası...
Obraz kobuddur, məna vermir, daha çox görünüş təsiri yaradır.
Müəllif demək istəyir ki, cüt rəqəm, yəni iki nəfərin yuvası. Amma bu da olduqca bəsitdir, yanğı yox, hiss yox, dil yox.

...qoca arvadına deyir: “Heç sən də qalmamısan yadımda”...
Bu realist səhnə şeirə aid deyil. Sentimental daxili monoloqdan məişət dialoquna kəskin keçid şeiri parçalayır.

Aydın olmayan bir cəhət budur ki, müəllif obrazın xasiyyətini götürür, yoxsa obraz müəllifi formalaşdırır? Axı hadisələr məkansız yerdə baş verirsə, obrazın xarakteri niyə özünə məmləkət, özünə isinəcək bir sığınacaq yanğısı ilə danışır?
Burada daha çox müəllifin obrazın içində olması açılır.
Müəllif obrazın izinə düşdükcə, anabeyt qəbiristanlığından şəhər türbəsinə qədər boylanan bir daxili yol keçir.
Müəllif obrazın özüdür ya Seymur Baycan, ya Xeyrulla Xəyal, ya da Əli Mirəliyev taleyini daşıyır, elə bil, dəvə dərisinin sıxdığı şüurun əlamətlərini danışır.
Bu misra həmin sıxılmanın, şüurun dartılıb sınmasının realist çürüməsidir, poetik axından qopub müəllifin özünə toxunan çatın yeridir.

Yol keçir. Bu fikirdən sonra açılan bu yeni qat müəllifin obrazla birləşməsinin daha da dərin olduğunu göstərir. Və burada qeyd edilməlidir ki, bu obraz nə yapon, nə italiyan, nə də ispan təxəyyülünün məhsulu deyil.
Dünyəvilik ştrixli sözlərin yığını deyil, dünyəvilik həyat təcəssümünün yaşatdığı düşüncədir. Hər bir sənət öz mayası ilə yoğrulur.
Bu da bir sübutdur ki, heç bir italyan qocalığın yaddaşsızlıqla intiqamını qadından almaz. Şərq sənəti ifadə tərzlərini yeniləyə bilər, amma düşüncə və yaşam tərzi öz mədəni kodlarını qoruyur. Buradakı kişi obrazı da həmin kodun daşıyıcısıdır, ona görə davranır, ona görə susur, ona görə yadlaşır.

Sondakı ...unutma, bağışla... motivi emosional təməlsizdir. Şeirin əvvəlində bunun üçün zəmin yoxdur və bağlanma baş vermir.
Halbuki “bağışla”nın alt qatında müəllifin öz özünə çevirdiyi bir cəza var, bütün qaranlıq boyu hiss olunan həmin vicdan yanğısı bu sözlərdə tamamlanmalı ikən yarımçıq qalır.
Metamodernizm üçün də geri dönüş başlayır, hər hissədən yarım qalmış mətn küskünlüyü ilə baş-başa qalır.

Müəllifə hörmətlə

Gələn görüşlərədək...

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar