Xəbər lenti
Ermənilərin əsassız “təzminat” iddiası - İrəvan Bakının tələbi altında ƏZİLƏCƏK
Azərbaycanın Qarabağda separatizmi ləğv etməsi və suverenliyini tam bərpa etməsindən sonra qondarma rejim Ermənistanın dəstəyi ilə erməni əhalisinin kütləvi şəkildə bölgədən çıxmasını həyata keçirdi. Hətta beynəlxalq təşkilatlar belə bunun niyə baş verdiyi anlamadıqlarını bəyan edirlər. Çünki ermənilərin Qarabağı tərk etməsi üçün heç bir səbəb yox idi.
Birincisi, keçirilən antiterror tədbirləri zamanı mülki əhali və infrastruktura heç bir zərər vurulmadı: bunu bölgəyə səfər edən BMT nümayəndələri də təsdiqlədilər;
İkincisi, Azərbaycan erməni əhalisinin təhlükəsiz və bərabərhüquqlu yaşaması üçün bütün şəraiti yaradıb: hazırda Qarabağda qalan ermənilər bu şəraitdən itifadə edirlər;
Bu mənzərə fonunda ermənilərin Ermənistana qayıtması beynəlxalq müstəvidə də təəccüblə qarşılanır. Aydındır ki, erməni əhalisini buna sövq edən Ermənistan oldu və çox çəkmədi ki, rəsmi İrəvanın bu addımı atmasının səbəbləri də ortaya çıxdı.
1. Qərb təşkilatlarından “erməni qaçqınlara yardım” məqsədilə maliyyə dəstəyinin alınması: artıq Avropa İttifaqı bu ad altında Ermənistan hökumətinə milyonlarla avro yardım ayırıb, erməni baş naziri Nikol Paşinyan Strasburqa son səfərində daha çox yardımın ayrılması haqda çıxışlar edib;
2. Azərbaycana qarşı yeni ittihamlar irəli sürmək: rəsmi İrəvan bu ittihamlarını “deportasiya” iddiası üzərindən qurur və belə ittihamlar həm daha çox maliyyə yardımı almağa, həm də rəsmi Bakıya qarşı kampaniya aparmağa imkan verir;
Və daha bir məqsəd Azərbaycana qarşı “təzminat”, “kompensasiya” iddialarının qaldırılmasıdır. Artıq bu iddiaların gündəmə gətirilməsi prosesi başlayıb.
“Qarabağdan köçən ermənilərin mülkiyyət haqqına görə Azərbaycandan kompensasiya almaq hüququ var”.
İddia bu kontekstdə irəli sürülür və rəsmi İrəvanın məsələni gündəmə gətirməmişdən öncə ictimai rəyin yaradılması istiqamətində təbliğat aparırlar. Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan, keçmiş ədliyyə naziri Gevorq Danielyan və digərləri “ermənilərin mülki, mənəvi və sağlamlığa dəymiş zərərə görə” iddialar irəli sürməsinin vacibliyindən danışıb. Son olaraq, keçmiş ombudsman Arman Tatoyan “kompensasiya tələb etmək” iddiasından çıxış edib. Bəllidir ki, Ermənistan “kompensasiya” iddiasını beynəlxalq müstəviyə çıxarmağa cəhd edəcək, ilkin mərhələdə ictimai rəyi formalaşdırmağa çalışırlar.
Ermənistanın bu iddiaları beynəlxalq hüquqa uyğundurmu, “kompensasiya planı” baş tuta bilərmi?
Beynəlxalq hüquqda qaçqın “irqi, dini, milli mənsubiyyəti, mənşəyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsə” deyilir. Bu, 1951-ci il Cenevrə konvensiyasında əksini tapıb və BMT sənədlərinə daxil edilib.
Bu hüquqa görə Qarabağdan Ermənistana köçən, daha doğrusu, qayıdan ermənilər “qaçqın statusu” daşıya bilməz.
- Ermənilər heç bir irqi, dini, milli təqibə məruz qalmayıblar: Ermənistanın iddialarının əksinə olaraq, onların bölgədə qalması və bərabərhüquqlu vətəndaş kimi yaşaması üçün lazımi şəraitin yaradıldığına dair faktlar var, hətta təkcə Laçın sərhəd-keçid məntəqəsini sərbəst şəkildə keçən ermənilərin kameralar qarşısında etirafları bu iddiaları çürütməyə yetərlidir;
- Ermənilər öz ölkəsini, yəni Azərbaycanı tərk etməyib, əksinə, məskunlaşdıqları başqa ölkənin ərazisindən öz ölkələrinə qayıdıblar;
- Qarabağdan gedən ermənilərin “qaçqın statusu”nda qəbul edilməsi üçün “öz ölkələrini” tərk etmələri lazımdır. Ki, onların “ölkə” dediyi ərazi beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir və bu ərazidə “ölkə” adlandırdıqları qondarma separatçı rejim beynəlxalq hüquqda tanınmırdı, bu baxımdan, ermənilərin “qaçqın” olması gülünc iddiadan başqa bir şey deyil;
- Qarabağdakı ermənilərin mənsub olduğu hüquqi pasport – separatçıların onlara verdiyi qondarma pasport kağız parçasından başqa bir şey deyildi – Ermənistana məxsus olub: bu fakt ermənilərin “öz ölkələrini” tərk etmədiyini, sadəcə vətəndaşı olduqları ölkəyə qayıtdıqlarını sübut edir;
Beynəlxalq hüquq Qarabağdan gedən ermənilərin “mülkiyyət hüququ”nu da tanımır, bu baxımdan, Ermənistanın “mülkiyyətə görə kompensasiya tələb etmək” istəyi də cəhd olaraq qalacaq.
Birincisi, ermənilərin Qarabağda yaşadıqları mülklər I Qarabağ müharibəsində məcburi köçkün düşən azərbaycanlıların mülkləri idi: işğaldan sonra bu mülklər onlar tərəfindən ələ keçirildi;
İkincisi, ermənilərin “mülkiyyət hüququ” “öz ölkələri”ndə yaşadıqları halda mümkün ola bilərdi: onlar Ermənistanın pasportu ilə işğal edilmiş ərazilərdə qalırdılar;
Və ən əsası Qarabağda yaşamış, hazırda Ermənistana köçən “100 min erməni”nin böyük əksəriyyəti işğal dövründə Azərbaycan ərazisinə qanunsuz köçürülənlərdir. Bu fakt onların “mülkiyyət hüququnu” sıradan çıxarır.
Ermənistanın bu faktı təkzib etməsi mümkün deyil, çünki özlərinin bununla bağlı rəsmi sənədləri, açıqlamaları, proqramları, o cümlədən, beynəlxalq təşkilatların hesabatları mövcuddur.
Ermənistan I Qarabağ müharibəsində Azərbaycanın işğal etdiyi ərazilərinə ermənilərin köçürülməsi prosesini başlatdı. Daha sonra bu qanunsuz köçürmə rəsmi proqram halını aldı. 2001-ci ildə Ermənistanın qəbul etdiyi “demoqrafik artım və əhalinin yenidən qurulması” adlı 10 illik Məskunlaşma Proqramında 2010-cu ilə qədər işğal altında olan Qarabağda əhalinin sayının 300 minə çatdırılması planı yer alırdı. Bu məqsədlə Ermənistanın müxtəlif yerlərindən, eləcə də başqa ölkələrdən – Livan, Suriya və s. – ermənilərin qeyri-qanuni məskunlaşdırılması həyata keçirilib. (Oxu: ‘Enhanced security’: Armenian settlers in Nagorno-Karabakh).
Beynəlxalq Böhran Qrupunun hesabatında qeyd olunur ki, Ermənistan etnik ermənilərin Qarabağda məskunlaşması üçün çoxsaylı stimullaşdırıcı təkliflər edib.
“Bura pulsuz mənzil, sosial təminat, ucuz və ya pulsuz kommunal xidmətlər, pul, mal-qara, vergi güzəştləri, torpaq sahələri, sərfəli kreditlər və s. daxildir”, - hesabatda bildirilirdi. (Oxu: Nagorno-Karabakh: Viewing the Conflict from the Ground).
2010-cu ildə Suriyada münaqişənin başlanmasından sonra bu ölkədəki ermənilərin Qarabağa köçürülməsi sürətləndirildi. Eyni proqram Livan ermənilərinə də tətbiq edilirdi və bu məqsədlə böyük güzəştlər tətbiq olunurdu. (Oxu: Ermənistanın Qarabağda törətdiyi beynəlxalq cinayət – FAKTLAR).
44 günlük müharibədə azad olunan ərazilərdə qeyri-qanuni məskunlaşdırma ilə bağlı Azərbaycan ciddi faktlar əldə edib, hətta köçürülən şəxslərin pasportlarına qədər. Misal üçün: 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693); 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (pasport: 004-11-L128622); 01.01.1962-ci ildə Suriyada anadan olmuş Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227);
Belə faktlar kifayət qədərdir. Qeyri-qanuni məskunlaşmaya Ermənistanla yanaşı, erməni diasporu tərəfindən də böyük maliyyə dəstəyi verilirdi. Məlumatlara görə, “Hayastan ümumerməni fondu” “Tufenkyan fondu”, “erməni ümumi xeyriyyə birliyi”, “erməni inqilabi federasiyası”, “artsax roots investmen” və digər fondlar 1993-2020-ci illər arasında bu məqsədlə milyonlarla dollar xərclədiyi haqda məlumatlar var. Ermənistanın “hetq.am” saytının 44 günlük müharibədən sonra – 2021-ci ilin yanvarında hazırladığı araşdırmada qeyri-qanuni məskunlaşmanı sübut edən çoxsaylı faktlara rast gəlmək mümkündür. (Oxu: Armenians Invested Millions in Artsakh; Much Is Now in Azerbaijani Hands).
Məlumatlara görə, Ermənistan işğal etdikləri Qarabağda əhalinin sayını qeyri-qanuni məskunlaşdırma proqramları vasitəsilə 300 minə çatdırmaq hədəfinə nail ola bilməsə də, 1993-2020-ci illər ərzində 50 minə yaxın ermənini Azərbaycan ərazilərinə köçürə bilmişdi.
Bütün bu faktlar ermənilərin Qarabağdan Ermənistana köçdüyünü yox, qayıtdığını sübut edir və bu gün İrəvanın “qaçqın” olaraq təqdim etdiyi “100 min erməni”nin (bu say ən azı iki dəfə azdır) Azərbaycan ərazisində “mülkiyyət hüququ” yoxdur.
Ermənistanın “təzminat”, “kompensasiya” kimi iddiaları heç bir hüquqi əsasa söykənmir və məsələni beynəlxalq müstəviyə çıxarmaq cəhdləri də nəticə verməyəcək. Hərçənd, bu iddialar bölgədə sülh gündəliyinə mane olur və bunun ağır nəticələrindən yalnız Ermənistan əziyyət çəkəcək. Təkcə ona görə yox ki, sülh gündəliyinin pozulması Ermənistanın “dalan ölkə” olaraq qalması deməkdir, bu həm də Azərbaycanın milyardlarla dollar dəyərində təzminat tələbini aktuallaşdıracaq. Çünki Ermənistandan və 30 il işğal altında saxlanılan 20 faiz torpağımızdan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Və onlar Qarabağda özlərinin olmayan evləri yandıraraq, Ermənistana qayıdan və gedərkən avtomobillərindən tutmuş yorğan-döşəklərinə, hətta unitazlarına qədər hər şeyi rahat şəkildə aparan ermənilərdən fərqli olaraq, hər şeylərini geridə qoyaraq, evlərini ayaqyalın tərk etmişdi. İşğal dövründə şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz erməni işğalçılar tərəfindən darmadağın edildi, Yer üzündən silindi. Bu, Azərbaycana Ermənistana qarşı milyardlarla dollar dəyərində təzminat tələbi irəli sürmək imkanı verir və Ermənistanın “kompensasiya” iddiasından fərqli olaraq, Azərbaycanın tələbi tamamilə beynəlxalq hüquqa əsaslanır.
Asif Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar