Xəbər lenti
Duman cəllad kimi kəsdi yolunu - Ötərxan Eltac yazır
Əli Birinci Qarabağ savaşının sona çatmasından 3 il sonra - 1997-ci ilin cırhacırlı avqust ayında, Şərurun Oğuz kəndində doğulub. Buz bulaqların, sıldırım qayaların, əlçatmaz dağların əhatəsində yıxıla-dura böyüyən Əli sehirli təbiətin sehrinə düşüb. Keçəl dağlardan əsən meh, Xan Arazın bağır yaran gurultusu, hətta şimşəyin çaxışı onun üçün bir layla olub. Güllərin, çiçəklərin ətrinə bələnərək duyğu və düşüncələrini fırçanın dili ilə dostlarına, sinif yoldaşlarına çatdırıb. İlahi təbiətin bir rəsm əsəri olduğunu və Haqqın qüdrəti ilə çəkildiyini bilə-bilə könül ovsunlayan mənzərələrə rəng qatmağa çalışıb. Deyilənə görə ilk dəfə vərəqlər üzərinə həkk etdiyi rəsm üçrəngli bayrağımız olub. Axı o, körpəlikdən bayraq düşgünü idi. Mağazaya girərkən həmyaşıdları şirniquş hayında ikən onun gözləri bayraq gəzirdi. Əli Oğuzda doğulsa da, Daşarx kəndində orta məktəbə qədəm basdı. Torpaqlarımızın işğal altında olmasını ilk dəfə valideynlərindən eşitdiyi gün hərbçi olacağına söz verdi. Və içində düşmənə qarşı nifrət cücərtdi. İnanırdı ki, bir gün silaha sarılıb Sədərkin Kərki kəndini, sonra da Qarabağ ərazisini düşmənlərdən təmizləyəcək. Elə bu amalla səkkizinci sinfi başa vuran Əli öncə Naxçıvandakı H.Əliyev adına Hərbi Liseyi, sonra isə paytaxtdakı H.Əliyev adına Ali Hərbi Akademiyanı bitirdi. Çiynində qoşa ulduz parlayanda, artıq düşmənin sonunun yaxınlaşdığını hiss elədi. Axı uşaqlıqdan özünə söz vermişdi. Söz vermişdi ki, düşmən üçün kabus olacaq. Əli istər orta məktəbdə, istərsə də hərbi məktəbdə müəllim kollektivinin dərin hörmətini qazanmışdı. Səmimi, mehriban, gülərüz, xeyirxah, sədaqətli və səxavətli oğul idi. Tikəsini paylaşmaqdan zövq alardı. Bütün fənlərə maraq göstərsə də, tarixi başqa həvəslə oxuyurdu. Soruşanda da: “orada bizim keçmişimiz gizlənir” deyirdi. O, həm də idmançı idi, yüngül atletika üzrə məktəbin adını qoruyurdu hər zaman. O gün gənc leytenant Əli Yusifov Beyləqandakı hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başladı. Ara-sıra kəşfiyyata yollanan leytenant Yusifov bəzən komandanlığın əmrindən çıxıb düşmən postlarını darmadağın etmək istəsə də, son anda fikrindən daşınır, səbrlə Ali Baş Komandanın əmrini gözləyirdi. Hərdən dikdirə çıxıb durbinlə düşmənin necə də rahat gəzdiyini seyr edir, “az qalıb, lap az, sizə elə bir dərs verəcəyik ki, əsrlər keçsə unuda bilməyəcəksiniz. Qisas qiyamətə qalmaz deyiblər, qisasın vaxtına az qalıb” deyərək özünü suçlayır, bir güllə ata bilmədiyi üçün özünü günahlandırırdı. Həqiqətən də çox az qalmışdı döyüşün başlayacağı günə. Cəmi 1 il 3 aydan sonra vaxtın yetişəcəyini Əli hiss etməsə də, təxmin eləmişdi. 26 sentyabr 2020-ci il... O gün Əli evə zəng vurdu.
-Necəsən, ata?
-Həmişəki kimi, oğul!
-Səsin niyə titrəyir, ata?
-Eee, ay oğul, Vətəni bizdən üstün tutdun, bizə deyil, ona qulluq etməyi seçdin. Axı yeganə ümid yerimiz sən idin, səndən başqa kimim var ki, söykənə bilim.
-Ata, Vətən dardadırsa, ona kömək gərəkdi, düşmən qapının ağzını kəsibsə, gizlənmək deyil, üzərinə yerimək lazımdır. Vətənin azadlığı ailənin, xalqın azadlığıdır. Axı özün deyirdin: “Tək bircə gün yaşa, amma azad yaşa!”. Mən də Vətənimizin, xalqımızın azadlığı üçün bu yolu seçdim, özü də sənin xeyir-duanla.
-Bəli, oğul, haqlısan, xeyir-duam hər zaman səninlədir. Allah səni və ordumuzu qorusun. Nədənsə, bir az qəhərlənmişdim, sən də lap yerində zəng elədin, eynim açıldı. Bir də de görüm cəbhədən nə xəbər?!
-Həmişəki kimi nisbi sakitlikdir, ara-sıra atışma olsa da, itin karvan dalınca hürməsi kimi bir şeydir, fikir verməyin. Anama da, qohumlara da salam de, mən bir az gec zəng eləsəm narahat olmayın! Atanın şübhələri artdı. Necə yəni, gec zəng eləsəm...
-Nə olub ki, oğul? Əli sabah döyüşün başlayacağını atasına deyə bilmədi.
-Heç, elə-belə... Rəhbərlikdən yoxlama gəlib, telefondan istifadəni qadağan elədilər. Ata oğlunun yalan danışdığını hiss eləsə də, nələrin baş verdiyini kəsdirə bilmədi. Olanları yoldaşına da danışmaqdan çəkindi. Artıq əlaqə kəsilmişdi. Düşündükcə şübhələri artdı Süləddin kişinin. Aranı-dağa, dağı-arana çəkdi o gecə. Yerinə qor doldu. Dirigözlü açdı səhəri. Həmişəki kimi cəbhə xəbərlərindən halı olmaq üçün televizorun pultunu axtardı. Müharibənin başladığı xəbərini öz qulaqları ilə eşitdi mavi ekrandan. Bütün kanallarda eyni xəbəri təkrar-təkrar izləyəndən sonra şübhələrinə aydınlıq gətirdi. Anladı ki, oğlu ilə elədiyi söhbət növbəti bir görüş deyil, vida imiş. Ta o gündən sonra heç bir xəbər gəlmədi Əlidən... Neçə il idi ki, Əli nişanlı idi.
...Ata toy tədarükü görür, bir yandan da mağarın qurulması üçün münasib yer axtarırdı. “Bəlkə yazda olsun, onda havalar sərin olur, hər kəs açıq havada rahatlıqla qol götürüb oynaya bilər. Yay çox istidir, torpaq qovrulur, ilğım yanağı qarsır. Bəlkə payızda eləyək, yox, külək tozanaq yaradır, olmaz. Elə yaxşısı yazdır”. Bu kimi düşüncələr atanın məşğuliyyətinə çevrilmişdi. Hələ gəlini hansı maşınla gətirəcəyini, maşını necə bəzətdirəcəyini demirəm. Ata sevgi dolu arzular qanadında uçmaqda ikən tankların bağır yaran nərəsi, pulemyotların qaqqıltısı, artilleriyanın, eləcə də, “Bayraktarın”, “Haropun” qəlb susduran uğultusu həyatın nizamını dəyişdi. Arzular qırıldı, ümidlər öləzidi. Amansız savaş cəhbə boyu neçə-neçə insanın ömrünə nöqtə qoydu. Ordumuz xain, məkrli, hiyləgər düşmənin sonuna çıxmaq üçün Ali Baş Komandanın əmri ilə irəli atıldı. Keçilməz sədlər, basılmaz tunellər darmadağın edildi. Uğurdan vəcdə gələn oğullar daha da irəli atılıb düşməni qovmağa çalışdı. Yaralıların, ölənlərin, ələ keçirilən ağır texnikaların sayı-hesabı bəlli olmasa da, döyüş səngimir, əksinə daha da qızışırdı. Cəbhəboyu düşmənin səflərini paramparça edən ər igidlər kənd və şəhərlərdə bayrağımızı dalğalandırmaqdan qürur duyurdular. Əli də tağımı ilə fərqli cinahdan düşmənin üzərinə yeriyirdi. Arasıkəsilməz döyüşlərin birində (Horadiz istiqamətində) yaralını təhlükəsiz yerə çəkmək üçün fürsət yaranmışdı. Hər iki tərəfdən xeyli ölən və yaralanan vardı. Əli yaralını çiyninə alıb bir neçə silahdaşı ilə döyüş bölgəsindən uzaqlaşmağa çalışdı. Hava duman və çiskinli idi. Bir qədər irəlilədikdən sonra leytenant Yusifov səmtin düzgün təyin edilməməsini anladı. Yolu dəyişsələr də yenə də seçim düzgün deyildi. Əslində, qatı duman onları yolundan azdırmışdı. Təəssüf ki, çox gec idi. Artıq düşmənin bir addımlığında idilər... Bir gün öncə - oktyabrın 3-də axşam saat 9 radələrində nişanlısı ilə əlaqə saxlayıb bir neçə dəqiqəlik söhbət eləmişdi Əli. Düşmənin uduzaraq geri çəkildiyini, bir də rəşadətli oğullarımızın cəsarətindən, qorxmazlığından danşmışdı. Onu da demişdi ki, bu sürətlə qısa zamanda Qələbə çalacağıq. Əlinin səsindəki inam və qətiyyət hətta nişanlısını silaha sarılıb döyüşə qoşulmağa həvəsləndirmişdi. Günlər bir-birini əvəz etsə də, Əlidən bir səs-soraq çıxmadı. Qələbə bayrağı Şuşaya sancılanda da, “müharibə bitdi” kəlməsi dodaqları uçuqladanda da, qələbə atəşfəşanlığı keçiriləndə də Əlidən xəbər yox idi. Kimi dedi itkin düşüb, kimi dedi əsirlikdədir, kimi də dedi filan yerdə görüblər. Amma dəqiq məlumat verən olmadı. Hətta erməni mətbuat səhifələrində 3 dəfə Əlinin rəsmini paylaşaraq əsirlikdə olduğunu yazdılar. Çifayda, heç bir məlumat düzgün çıxmadı. Əli sanki qeybə çəkilmişdi. Aylar ötdükçə ümidlər azaldı, gözlərdəki leysan da tükəndi. Ananın fəryadı ərşə yüksəldikcə, göylər də kükrədi. Nişanlısının hıçqırtısı bayatıya çevrilib dillərə düşdü. Atanın harayı qəlbləri dağladı, amma Əlidən xəbər çıxmadı ki, çıxmadı... Düz 8 ay ötdü ümid qarışıq gözləntidən. Bir gün zəng gəldi, oğlunuzun nəşi tapılıb dedilər. Ata ona da şükür etdi. Ən azından üz sürtüləsi, yaş axıdılası, dərd söyləniləsi bir baş daşı olacaqdı Əlinin. Beləcə, Şərurun Şəhidlər Xiyabanında sıralanan baş daşlarından biri də cəsur soydaşımız leytenant Əli Süləddin oğlu Yusifova məxsus oldu. Əli 44 günlük Vətən müharibəsinin son anına – Qələbəyə qədər döyüşə bilməsə də, hərb tariximizin şanlı səhifəsinə adını qızıl hərflərlə yazmağı bacardı. Silahdaşları onun və eləcə də, bütün şəhidlərimizin qanını aldı. Əli Süləddin oğlu Yusifov döyüşlərdə göstərdiyi rəşadətə görə ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğunda” medalları ilə təltif olundu.
Ötərxan Eltac
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar