Xəbər lenti
Paşinyan Ermənistan parlamentinin “Dağlıq Qarabağla bağlı protokol”unu oğurlayıb?
Paşinyan hakimiyyəti Ermənistan parlamentinin “Dağlıq Qarabağla bağlı protokol”unu oğurlayıb, “yox etmək”də suçlanır… Baş nazir Nikol Paşinyanın 10 noyabr üçtərəfli anlaşmasının imzalandığı gecə qorxusundan Azərbaycan Prezidenti İlham Əliyevin diqtə etdiyi bütün şərtləri dərhal qəbul etdiyi bildirilir…
Ermənistanda ölkədaxili siyasi böhran dərinləşməkdə davam edir. Paşinyan hakimiyyəti və radikal-revanşist erməni müxalifəti qarşılıqlı olaraq, bir-birini “Ermənistan dövlətçiliyi”nə xəyanət etməkdə suçlayırlar. “Ermənistan dövlətçiliyi” nə qədər mübahisəli mövzu olsa da, hər halda, süni şəkildə yaradılmış bu qondarma ölkənin daxilində baş verənlərin son proseslər ilə bağlı olması diqqəti çəkir.Məsələ ondadır ki, Ermənistan cəmiyyətində hazırda əsasən, Praqa görüşünün nəticələri müzakirə olunur. Daha dəqiq desək, Praqa bəyanatında yer alan və 1991-ci ildə imzalanmış “Alma-ata anlaşması” ilə bağlı məqam erməni toplumunu ciddi şəkildə narahat edib. Həmin sənədə görə, MDB-yə üzv olan dövlətlər bir-birinin ərazi bütüövlüyünü və suverenliyini tanıyıblar. Və həmin sənəddə “Dağlıq Qarabağ məsələsi” ilə bağlı hər hansı qeyd və ya eyham belə, yoxdur.
Təbii ki, Ermənistanın siyasi elitası məhz məsələnin bu tərəfinə yanaşmada “erməni xəyalları”na yönəlik ciddi təhlükə görürlər. Qarabağ klanının təmsilçiləri hesab edirlər ki, Praqa bəyanatına bu sənədlə bağlı maddə məhz Ermənistan baş naziri Nikol Paşinyanın təklifi ilə salınıb. Və bu, Paşinyan hakimiyyətinin Ermənistanın maraqlarına ziddi addımlar atdığını təsdiqləyir.
Köçəryan-Sarkisyan cütlüyünün iddiasına görə, Alma-ata anlaşması Ermənistan parlamentində ratifikasiya edilərkən, bu sənədin “Dağlıq Qarabağ məsələsi”nə aid olmadığı “protokol”da qeyd olunub. Paşinyan hakimiyyətinin məhz həmin protokol barədə heç bir açıqlama verməməsi Qarabağ klanı tərəfindən “şübhəli məsələ” kimi qabardılır. Bu məsələdə hansısa qaranlıq məqamların ola biləcəyi istisna olunmur.
Maraqlıdır ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti araşdırma apararaq, Qarabağ klanının “şübhəli məsələ” hesab etdiyi qaranlıq məqamları aydınlaşdırıb. Erməni qəzetinin iddiasına görə, Paşinyan hakimiyyətinin yüksək rütbəli məmurları Qarabağ klanının mövcudluğunu iddia etdiyi “protokol” ümumiyyətlə, yoxdur. Və iddialara istinadən aparılan apaşdırmalar zamanı belə bir “sənəd” tapılmayıb.
“Hraparak”ın gəldiyi qənaət ondan ibarətdir ki, həmin “protokol” ya ümumiyyətlə, mövcud olmayıb, ya da Paşinyan hakimiyyətinin təmsilçiləri onu yoxa çıxarıblar. Erməni nəşri Paşinyan hakimiyyətinin Alma-ata anlaşmasına bu qədər böyük “rəğbət” bəsləməsini də məhz elə bu iki variantdan birinin real olması ilə izah edir. Yəni, hesab olunur ki, rəsmi İrəvan Alma-ata sənədi üzərindən “Dağlıq Qarabağ məsələsi” ilə bağlı hər hansı xatırlatmanın ortaya çıxmayacağına tamamilə əmindir.
Göründüyü kimi, Ermənistan cəmiyyətində qarşılıqlı ittihamlar demək olar ki, qalmaqallı məzmun daşıyır. Qarşıduran tərəflərdən hansının haqlı olması isə qətiyyən önəmli deyil. Əsas olan ofur ki, erməni toplumu öz yalanları içərisində parçalanma yarada biləcək çəkişmələrə məhkum qalıb. Və belə “mübahisəli” müzakirələr üçün isə mövzular kifayət qədərdir.
Məsələ ondadır ki, Ermənistanın keçmiş xarici işlər naziri, R.Köçəryanın yaxın ətrafına daxil olan Vardan Oskanyanın 13-14 sentyabrda baş vermiş silahlı toqquşmasından sonra yazdığı məqalənin məzmunu hazırda digər siyasi mübahisə mövzusudur. Belə ki, V.Oskanyan öz məqaləsində 10 noyabr anlaşmasının məhz Azərbaycan Prezidenti İlham Əliyevin diqtə etdiyi şərtlər üzərindən hazırlandığını vurğulayıb.
V.Oskanyan iddia edib ki, Azərbaycan ordusu Şuşaya nəzarəti ələ keçirtdikdən sonra rəsmi Bakı Xankəndi və ətraf bölgədə daxil olmaqla, bütün Qarabağa nəzarəti cəmisi bir necə saat ərzində təmin etmək imkanlarına sahib olub. Ona görə də, Prezident İlham Əliyev 10 noyabr anlaşması üçün maksimum tələblər irəli sürüb. “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkibində olmasını, Zəngəzur dəhlizinin açılmasını və delimitasiya prosesinin rəsmi Bakının şərtlərinə uyğun aparılmasını birbaşa diqtə edib.
Ermənistanın keçmiş xarici işlər naziri hesab edir ki, həmin üçtərəfli anlaşmanın müzakirəsi prosesində Prezident İlham Əliyev, baş nazir Nikol Paşinyana “diz çökən tərəf” olmaqdan yayınmaq şansı tanıyıb. Ona görə də, baş nazir N.Paşinyan Prezident İ.Əliyevə həmin üç məsələnin reallaşdırılacağına şifahi vəd-təminat verib. Və bu vəd-təminata Paşinyan hakimiyyəti istənilən halda, riayət etməli olacaq.
V.Oskanyan əmindir ki, baş nazir N.Paşinyanın bu məsələ ətrafında manevr etmək şansı yoxdur: “Çünki, əldə olunmuş şifahi razılaşmanın şahidi və riayət olunmasına qarantoru rolunda məhz Rusiya prezidenti Vladimir Putin çıxış edir. Kremlin Azərbaycanın son davranışlarına münasibətdə susması yalnız Rusiyanın zəifləməsi ilə deyil, həm də prezident V.Putinin şahid-qarantor olmasıyla bağlıdır. Paşinyan hakimiyyəti şifahi anlaşmanın icrasını gecikdirməklə, Rusiya prezidentini də Azərbaycan lideri qarşısında çətin vəziyyətə salır. Ona görə də, Ermənistan üçün Paşinyan hakimiyyətinin dəyişdirilməsi həyati əhəmiyyət daşıyır. Çünki yalnız ölkənin yeni lideri baş nazir N.Paşinyanın verdiyi şifahi vədlərdən yayına bilər”.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinə yaxınlığı ilə seçilən politoloq Tatul Akopyan Аliqmedia.am saytında V.Oskanyanın iddialarına münasibət bildirib. O, vurğulayıb ki, V.Oskanyan diplomatik dairələrdə hələ də ciddi əlaqələrə malikdir: “Əgər, onun iddiaları doğrudursa, deməli, iki variantdan biri haqqında danışmaq lazımdır. Birinci variant ondan ibarətdir ki, baş nazir N.Paşinyan həmin “qorxunc gecə”də məcburiyyət qarşısında həmin şifahi vədləri verib. Ancaq sonradan “dəhliz” faktorunun Ermənistanı hansı fəlakətlərə sürükləyəcəyini anlayaraq, həmin vədlərindən geri çəkilmək qərarı verib. Digər varianta gəldikdəsə, ola bilər, baş nazir N.Paşinyan Ermənistanı elə vəziyyətə doğru sürükləməyə çalışır ki, xalq “dəhliz” faktoru ilə barışmaq məcburiyyətində qalsın”.
T.Akopyan öz açıqlamasında Qarabağ klanına əks-zərbə endirmək cəhdi etməkdən də çəkinməyib. O, vurğulayıb ki, 2001-ci ildə rəsmi İrəvan Azərbaycana “Mehri dəhlizi”nin açılması ilə bağlı şifahi deyil, məhz yazılı vəd verib: “Yaxın vaxtlarda bu barədə rəsmi sənədlərin təqdim olunması ilə həmin mövzuya qayıtmaq niyyətindəyəm”.
Göründüyü kimi, Ermənistanda hakimiyyət və müxalifət bir-birini xəyanətdə ittiham etdikcə, bəzi sirlərin də üstü açılır. Əslində, məlum olur ki, həm 2001-ci ildə Köçəryan iqtidarı, həm də 2020-ci ildə Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin yaradılması ilə bağlı Azərbaycana vəd veriblər. Və bu qalmaqallara baxmayaraq, həmin vədləri istənilə halda, yerinə yetirmək lazım gələcək.(Yeni Müsavat)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar