Xəbər lenti
"Dədə-babamın uyuduğu torpağa gedə bilmirəmsə, ruhumun yorğunluğu təbiidir" -Ədalət NİCAT
O, Qubadlıdan gələndə 27 yaşındaydı. Ömrünün 27 baharı Qubadlı ilə bağlıdır. 26 yaşında ağlına gəlməyənlər, 27 yaşında başına gəldi: yurd-yuva itkisi gördü, gəncliyinin oğlan çağı 31 avqust 1993- cü ildə, yayın qızmar günündə çovğuna tuş gəldi. İndi ora- kiçik vətəni yağı əlində sızladıqca, burda köhnə dərdi qövr eləyir, yarası göynəyir. Döyüşdü, yara aldı ki, torpağını yağıya verməsin. Ancaq...çox təəssüf... Ədalət Nicatın indi 50 yaşı var. 27 Qubadlı+23 Sumqayıt=50.
Bu yaxınlarda Sumqayıtdakı “Poeziya Evi”ndə bizi ətrafına toplayıb 50 yaşına şahidlik etməyimizi istədi. Şəninə dostlar, oxucular söz qaldırdılar, könül pıçıltılarını dilə gətirdilər. Hələ də davam edən yubiley ərəfəsində görüşüb həmsöhbət olduq, şair Ədalət Nicatla. Olub-keçəndən danışdıq. Hər ikimiz üçün doğma olan könül ağrılarımız, yurd-yuva həsrətimiz dilə gəldi. Xatirələr gözümüzdə gilələndi. “Diktafonun qulağına” 5-3 kəlmə söyləyəndən sonra, ordan-burdan xeyli söhbət etdik. Diktafonlu, diktafonsuz söhbətimizin bəzi məqamlarını Manevr.az-ın oxucularına təqdim edirəm:
- Ədalət bəy, yəqin bir vaxt 50 yaşlı insanlara ağsaqqal kimi baxırdın. Ömrün bu sinni çox uzaq görünürdü. İndi mənzil başına çatdın, yorulub eləməmisən? Ömür adlı dağın tən ortasında dayanmaq necə bir hiss yaşadır insana?
- Özüm yorulmasam da, ruhum yorulub, bunun da səbəbini yazı-pozu adamı, ruhdaşım olaraq sən başqalarından daha tez anlayarsan. O dağlar, indi yağı əlində yağmalanan yurdum-yuvam, könlümün-ruhumun yaralı yeridi bu gün. Cismim burda olsa da, körpəikən yıxılıb-durduğum, dizlərimi qanadan, yağışdan sonra nəfəsimə toxunan torpaq qoxusu, unuda bilmədiyim gerçək dünyam indi düşmən ixtiyarındadı. Dədə-babamın uyuduğu torpağa sərbəst gedə bilmirəmsə, ruhumun yorğunluğu təbiidir. Cismimin, uğrunda döyüşdüyüm, yaralandığım müqəddəs torpağa qovuşmasını istəyirəm.
- Bu hal yeniyetməlik dövründə, gənclik illərində hər birimizdə olur: “yerə- göyə sığmırıq”. “Bu gidi dünya heç də mən düşündüyüm kimi deyilmiş” qənaətinə nə vaxt gəldin?
- Həqiqətən də gənclik illərində insanın arzuları böyük olur. Gündüzlər xəyalında, gecələr yuxularında da qəhrəman olmaq istəyir, “ağ atlı oğlan” olmaq ürəyindən keçir. Düşünürsən ki, atamın, babamın eləyə bilmədiklərini mən həyata keçirəcəm. Adam özünə çox güvənir və arxayın olur. 18-25 yaşlarında “dağı-dağ üstünə” qoya biləcəyini düşünürsən, çoxlarından irəli getmək istəyirsən. Amma dünyanı dərk edəndən sonra “mənəm-mənəmlik” hissin yavaş-yavaş soyuyur. Və dünyanın amansız sürprizləriylə qarşılaşırsan.
- Əllidə nədən razı qaldın? Yaradıcılığında əlliyə kimi olan ”normanı” ödəyə bilmisənmi?
- Xeyr. 50 illiyimdə sən də iştirak etdin. Məclisin ümumi mənzərəsini yəqin ki, seyr elədin. Onu deyim ki, mən özümü heç vaxt şair hesab etməmişəm. Hissim, duyğum, istəyim daşanda içimi ağ vərəqlərə köçürmüşəm. Bunlar hamısı təbii olub. Özümü nəyəsə məcbur etməmişəm. Və hələ yazacaqlarım çoxdur. Bir də gərək yaradıcı adamı, şairi, bu sahədə xidməti olan kəsləri oxucu sevsin, dəyərləndirsin. Onun qiymətini, adını xalq versin.
- Şeirlərindən birində :
Ortalıqda yeyib, gendə gəzdilər,
Belə olmayaydı gərək dostlarım.
...Xəstə düşdü canım, dükəndi pulum,
Çəkilib yox oldu “yemək” dostlarım, yazmısan.
-Yubileyin ərəfəsində yəqin ki, “yemək” dostların səni “darıxmağa” qoymadılar?
- Təbii ki, bu hal hamıda olur, əzizim. Dost sözü müqəddəs məfhumdur. Onu hər kəsə demək olmaz. Kimə dost demək olar? Bu haqda qədərincə fikir söyləyənlər, yazanlar olub. Bu barədə düşüncələr, verilən qiymətlər də az deyil. Həqiqətən də elədir. Səmimi desəm, bu gün varındısa, dostun çoxdu, yoxundursa... Tək-tük adamlar var ki, onlar həmişə yanında olur. Bu şeirin də ünvanı var.
- Qubadlıyla bağlı sual verməyəcəm. Deyirsən ki, “neçə illərdi ki, susduğum bəsdi, hər şeyi sandıqdan tökəcəm bir gün”. Təbii ki, o sandıqda olanlar bizi də maraqlandırır. Buyur...
- Əziz dost, buna bənzər digər bir şeirim də var:
Nə şöhrətlə, nə də pulla,
Tanı haqqı-sayla məni.
Körpəliyimə qaytarar,
Anam deyən layla məni,
Ümidim günəş tək batar,
Vətən dərdim cadar-cadar.
Zorla eyləməyin vadar,
Yardım gələn payla məni.
Dildə nə var ki, deməyə,
Sözlə yetmədin köməyə.
Halal-hümmət ölməyə,
Öz yurdumda hayla məni.
Demək istəyirəm ki, yardımla, ianələrlə mənim başımı qatmaq olmaz. O yurdun bir çopur daşının əvəzini altun saraylar, mərmər evlər verə bilməz. Mən öz yurduma dönmək isyəyirəm, orada yaşamaq, torpağa qovuşmaq istəyirəm.
-Ədalət bəy, son kitabında xeyli ithaf şeirləri var....
-Elədi. Bəlkə də məndən çox dostlara şeir yazan olmadı. Ancaq içimdən gələnləri yazdım, onları sevdim, tanıdım, yazdım, layiq olduqları üçün yazdım. İçimdən gələnləri olduğu kimi yazdığıma görə, hərdən bəzi dairələrdə sevilmədim də. Amma yaltaqlıqla, məddahlıqla bir həyat yaşamağı sevmədim. İçimin diqtəsilə yazılan şeirlər isə ayrı-ayrı məmurlara, vəzifə sahiblərinə deyil, dostlara, söz adamlarına ünvanlandı. Bir sözlə, layiq olanlara yazıldı.
-Növbəti yubileyin uzaq olar, gələn il doğum gününü Qubadlıda keçirək. Onu arzu edirəm və söz verirəm ki, səndən orda: Qubadlıda qələbə əhval-ruhiyyəli, sevinc yüklü, vüsal soraqlı bir müsahibə alacam.
-Mənə böyük bir ümid verdin. Həm də çox təsirləndim, tüklərim qabardı. Mübarək bir arzu, mübarək bir diləkdi. Bu sözlər iliyimə, qanıma işlədi, könlümcə oldu. Bu da təbii ki, sənin kimi gözəl bir şairin ürəyindən gələn bir söz ola bilərdi. O yerlərdə bir qayanın qaşında, bir pöhrəlikdə, bir yamac ətəyində üz-üzə oturub səninlə dərdləşmək, söhbət eləmək nə gözəl olardı. “Daşbulağın”, “Məmmədbulağın” suyu təşnə könlümüzə sərinlik gətirərdi. Ordan Şuşaya, Laçına, Kəlbəcərə dizin-dizin sürünüb gedərdim. Bunu özümə ən böyük şərəf və qürur bilərdim. Bundan mübarək, gözəl nə ola bilərdi bizim üçün?
-Bu müqəddəs arzularımız hasil olsun, Ədalət bəy. O kol-kosda dizimizin qanı qalsın, şirin ağrısını duyaq canımızın. Ancaq oralara qayıdaq, oralarda olaq. Mən də yurd-yuva göynəyini ürəyimdə, qanımda, iliyimdə daşıyan adamam, həm də eyni ağrının daşıyıcısıyıq: müqəddəs torpaqlarımız yağı tapdağındadır. Həmsöhbətim olduğun üçün sağ ol. Bir daha 50 illik yubileyini öz adımdan və kollektivimiz adından təbrik edirəm. Xoş günlər və yaradıcılıq uğurları diləyirəm.
-Sən də sağ ol. Yada saldığın, diqqət yetirdiyin üçün təşəkkür edirəm. Səninlə həmsöhbət olmaq mənə də çox xoş oldu . Hətta, sonuncu sualın, toxunduğun məqam məni kövrəltdi.
-Əziz qələmdaşım, sənə doğma yerlərdə görüşənədək hələlik, deyirəm...
Namiq Dəlidağlı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar