Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mənim bir su köşküm də yoxdur, yeganə ağdamlıyam ki, bu işi bacarmıram” - Aqil Abbas

Tarix: 08-11-2018 09:25     Baxış: 4525 A- / A+
“Mənim bir su köşküm də yoxdur, yeganə ağdamlıyam ki, bu işi bacarmıram”


“Mənə bu günə kimi hədiyyə verən olmayıb; kimdi deputata hədiyyə verən?”

Deputat Aqil Abbas son günlər parlamentdə gedən müzakirələr və cəmiyyətdə dartışma yaradan mövzularla bağlı musavat.com saytının facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişinin qonağı olub. Manevr.az həmin müsahibəni təqdim edir.

- Aqil bəy, siz elə müsahiblərdənsiniz ki, dedikləriniz uzun müddət mediada, sosial şəbəkədə müzakirə olunur. Sanki xüsusi olaraq sizi izləyir, sözlərinizə fərqli mənalar verirlər. Bu nə ilə bağlıdır?


- Bəzən insanın populyarlığı, tanınmağı rol oynayır. Onun danışığında emosional çıxışlar, sözlər olur. Məni sevənlər də çoxdur, sevməyənlər də. Ona görə də dediyim hər hansı sözü başlayırlar fırlatmağa. Çox qəribədir ki, Mirzə Cəlili, Üzeyir Hacıbəyovu, Haqverdiyevi, Ömər Faiq Nemanzadəni, Seyfəddin Dağlını, Anarı yetirən xalqın bütövlükdə yumor hissi yoxdur. İstehza, sarkazmı, ironiyanı ayıra bilmirlər. Sənin yüksək ironiya ilə dediyin sözü başlayırlar başqa formada təqdim etməyə. Mən qarabağlıyam. Azərbaycanda Qarabağ, Şuşa, Ağdam, Şəki kimi zonalarımızın insanlarında isə yumor hissi həddən artıq güclüdür. Adi bir söz onlar üçün maraqlı bir sözdür. Amma bir də baxırsan sənin dediyin kinayəli sözü tuta bilmirlər. Benzinin bahalaşması yadınızdadır? 15 iyuna, ulu öndərin qayıdışı gününə təsadüf edirdi. Mənə zəng elədilər ki, benzinin bahalaşmasına münasibətiniz necədir? Mən də dedim ki, bu günü bayram etmək lazımdır, qiyməti 2 manat, 5 manat etmək lazımdır. Əlavə etdim ki, amma benzinin qiymətini qaldıran qurum gərək onu bu gün etməyəydi. Çünki bu gün qurtuluş günüdür, heç olmasa bunu fikirləşəydilər. Deməli, bunu tutmadılar. Dedilər, Aqil Abbas deyir, benzin 5 manat olsun.

- Amma bununla belə, bir rəy var ki, Aqil Abbas bu sayaq kritik məqamlarda hakimiyyətə yönələ biləcək təzyiqləri önləyir, qarşısını almağa çalışır. Yəni belə çıxışlar etməklə diqqəti, qəzəbi, aqressiyanı özünə yönəldir, özünü hakimiyyətin qabağına sipər edir.


- Yalan söhbətdir. Mən heç vaxt özümü hakimiyyətin qabağına sipər eləməmişəm. Eləmək fikrim də yoxdur. Amma bununla belə, hakimiyyətə də, müxalifətə də haqsız hücuma cavabımı vermişəm. Etirazımı da bildirmişəm. Amma haqlı bir etiraz varsa, niyə özümü sipər etməliyəm? Mən bir yazıçıyam, müstəqil və bir qədər də fərqli, orijinal adamam. Yazılarımdan da bu görünür. Özümü sipər edən olsaydım, Ağdamda sipər edərdim, Ağdam da alınmazdı.

- Son günlər parlamentdə gedən müzakirələr gündəmin əsasını təşkil edib. Xüsusən də deputatlara veriləcək hədiyyənin məbləği ilə bağlı fikir mübadilələri birmənalı qarşılanmadı.

- Əvvəla, bu, qanunda var ki, deputatlara və məmurlara hədiyyə 55 manatı keçməsin. İndi bu qanunu gündəmə gətirməyin mənasını bilmədim. Ona görə də mənim çıxışım bir qədər emosional və Mirzə Cəlil sayağı oldu. Mən onun yetirməsiyəm. Mən deyirəm ki, bu qanun var. Onu təzədən qaldırmaq və mənim buna bu formada etirazım saytların, sosial şəbəkədəki trolların bir mövzusuna çevrildi. Mən 13 ildir deputatam, mənə hədiyyə verilməyib.

- Siz götürməmisiz?


- Yox e, verən yoxdur. Kimdir deputata hədiyyə verən? Amma hədiyyənin müxtəlifliyi var. Tutaq ki, mənim ad günümdür. Dayım oğlu, xalam oğlu... gətirib mənə bir saat, bir qələm, kitab bağışlayır. Bir var gətirib sənə bir deputat, məmur kimi hədiyyə bağışlayalar, işi düşən adam verə bunu. Bir də var sənə heç bir işi düşməyən adam ad günündə hədiyyə versin.

- Onu necə müəyyənləşdirəcəksiz? Sizə hədiyyə gətirən adamın sonradan işi düşməyəcəyinə əminikmi?


- Əminəm. Düzdür, sənə bir dost 100 manatlıq bir hədiyyə gətirir. Amma sonradan elə bir iş xahiş edir ki, onu heç 1000 manatla da həll etmək olmur. Belə hallar da baş verir. Mənə belə hədiyyə verilməyib. Mən adətən saat sevənəm, saat bağışlayarlar. Bir də çoxlu qələm bağışlayıblar. O qədər çox ki... Daha çox adam bilmir ki, indi qələmlə yazan yoxdur. Düzdü, mən hələ də yazılarımı qələmlə yazıram. Evdə qələmlərdən muzey yaratmaq olar.

“Trolların hücumlarında məqsəd odur ki, heç kim müstəqil sözünü deyə bilməsin, hamının gözünü qırmaqdan gedir söhbət”

- Amma parlamentdə hədiyyə mövzusunda “qoyun və budu” ilə bağlı çəkdiyiniz paralel birmənalı qarşılanmadı.

- Bayaq dedim ki, bir çox müqayisələrimi Mirzə Cəlil sayağı edirəm. Mənim Milli Məclisdə bu günə qədər etdiyim çox çıxışlar olub. Elə həmin gün də xeyli mövzuya münasibət bildirmişəm. Amma onlar qaldı qıraqda, hamı keçdi qoyun tərəfə. Mən zarafatla dedim ki, “bəlkə rayonda biri mənə qoyun hədiyyə etdi, onun budunu götürüb qalanını təhvil verməliyəm?” Tutdular bu sözün ucundan, başladılar müzakirəyə, manşetlərə çıxardılar. Nə var, nə var, vurmağa adam tapıblar. Necə ki, daha öncə soğan məsələsində də bunu etdilər. Ki, görsünlər məni nə qədər adam söyür. Dediklərimi o qədər ciddi qələmə verdilər ki, hətta erməni mətbuatı da mənim bu dediklərimi tərcümə edib, fırlatdı. Biz necə erməniləri oxuyuruq, onlar da bizi oxuyurlar. Erməni mətbuatında bizə sərf edən şeyləri necə qabardırıqsa, onlar da belə edirlər.

- Bayaq soruşduz ki, indiki ərəfədə deputatların maaş məsələsi niyə gündəmə çıxarılıb. Sizə elə gəlmirmi ki, son zamanlar korrupsioner məmurlarla bağlı halların sayı çoxalıb? Zamirə Hacıyeva məsələsi hazırda daha çox gündəmdədir...


- Gəlin Zamirə Hacıyeva məsələsində bir fakt deyim. Mən dəfələrlə demişəm, var-dövlətinizi itə etibar etməyin, dosta etibar edin. Bizim imkanlılar gedib pullarını İsveçrə, Belçikaya, nə bilim hansısa kərtənkələlərin bankına etibar edirlər. Ya da elə Londonda. Bu qadın orada 50 milyonluq villa alanda Londondakılar niyə soruşmurdu ki, bu pul haradandır? Çünki onlara sərf edirdi ki, bu villa alınsın, bu pullar banklara köçürülsün, aradan 3-4 ay keçəndən sonra da bu yolla o pullara, villalara əl qoysunlar. Banka pul qoyacaq, puluna həbs qoyacaqlar. İsveçrədəki banka, məsələn. İsveçrədə süpürgəçi nə qədər maaş alır, bilirsizmi? 3500 avro. Adi küçə süpürür, süpürmür e, maşının düyməsini yandırıb-söndürür. Nəyin hesabına bu qədər maaş verir? Nefti var, kənd təsərrüfatı var? Saat buraxır, amma onunla da ölkəni saxlamaq olmaz. Demək ki, banklardakı pulların hesabına. Zeynalabdin Tağıyevdən tutmuş, İran şahından, Musa Nağıyevdən tutmuş, hamısının pulları orada olub. Orada keflə xərcləyirlər. İndi yazırlar ki, Belçika bankından Qəddafinin pulları oğurlanıb. Kim oğurlayıb? Mən də yazdım ki, bizim kənddən əmioğlu zəng edib ki, vallah, mənim xəbərim yoxdur.

- Aqil bəy, dediyiniz nümunədə oğrunun heçmi günahı yoxdur? Ancaq xarici ölkələr, oradakı banklarmı suçludur?


- Təbii ki, korrpusiyaya qurşanan adam cəzasını almalıdır. Amma vəzifədə olanda tutulmalıdır. 50 milyon dolları, 2 milyard dolları bir gündə yemək mümkün deyil. Hər il burada yoxlamalar gedir. Onda niyə görmürdülər?

- Amma bu, ilk belə hal deyil ki. Məmurları vəzifədən çıxarırlar, dərhal sonra məlum olur ki, milyonlar yeyiblər.

- Çünki vəzifədə olanda ona yaxınlaşmağa qorxurlar. Yaxınlaşan da rüşvətini alır, oturur yerində. Həm də vəzifədə olanda bu rüşvət, korrupsiya faktlarını gizlədə bilir. İmkanları olur, onu ayrı cür sənədləşdirirlər.

- Parlamentdəki müzakirələrdən söz düşmüşkən, deputat həmkarınız Tahir Kərimlinin dövlət himninin uzunluğu, major tonlarda olması və nəticədə bunun dəyişdirilməsi ilə bağlı verdiyi təklif də birmənalı qarşılanmadı, xeyli qınağa hədəf oldu.

- Biz özümüzü 1918-ci il cümhuriyyətinin davamçıları sayırıq. Onun bayrağını da, gerbini də, himnini də qəbul eləmişik, ona da hörmətlə yanaşmalıyıq. Bir dəfə Vaqif Səmədoğlu ilə bu barədə danışmışdıq. Himndə “hüququndan keçən əsgər” ifadəsi var, onu Vaqif bəy redaktə edib. Onda dedim ki, himndəki “səndən ötrü can verməyə cümlə gənclər müştaqdır” ifadəsindən belə çıxır ki, Vətən üçün balalarımız ölməlidir. Yəni millət, sən, mən yox, gənclər müştaqdır. O da bunu izah etdi. Orada da bir-iki söz dəyişib. Məsələ onun 4 dəqiqə olmasında deyil. 4 dəqiqə də ayaq üstə dura bilərik, 5 dəqiqə də. Tahir Kərimli ziyalıdır, insandır, Azərbaycanın müstəqillik qazanmasında rolu olan insandır, istiqlalçı deputatdır. Zamanında partiya biletini cırıb, hakimlikdən istefa verib. Mən onun subyektiv fikrini qəbul etmirəm, siz də etməyə bilərsiz. Amma buna görə hərə bir qılınc götürüb düşüb, Tahir Kərimlinin üstünə. Kimsə bir söz deyə bilməz? Heç nə ehkam deyil. Bu cür hücumlarda məqsəd odur ki, heç kim müstəqil sözünü deyə bilməsin. Hamının gözünü qırmaqdan gedir söhbət. Trolların da məqsədi elə budur. Himnə gəlincə, insanı ağrıdan budur ki, bizim rəsmi tədbirlərdə himnimiz çalınanda çox adam oxumur. Niyə oxumursan, qardaş? Əsas oxuyan jurnalistlər, ziyalılar, yazıçılar olur. Baxın, məmurlar oxumur. O himnə görə sən gəlib kresloda oturmusan.

- Son zamanlar cəmiyyətdə rus dilinin nüfuzunun artması, buna qarşı olaraq dövlət dili ilə bağlı qanun layihəsinin hazırlanması cəmiyyətin müzakirə etdiyi mövzulardandır.

- Buna səbəb rus dilində təhsilin daha güclü olmasıdır. Bundan başqa, rus dilinin arealı böyükdür. Necə olur ki, ingilis dilində məktəblərə etiraz edən yoxdur? Amma rus dili deyən kimi etiraz başlanır. Başqa məqsəd yoxdursa, o zaman ingilisdilli məktəblərə də etiraz edin. Rus dili qonşu dilidir və əlaqələrimiz də güclüdür. Ona görə də Rusiya ilə münasibətlər başqa formadadır. Bir də var ki, adamlar Azərbaycan dilində danışmır və danışa bilmir.

- Bunlardan biri də xarici işlər naziri Elmar Məmmədyarovdur ki, onun danışığı da yetərincə tənqid edildi. Amma bəzi deputatlar onu müdafiə etdilər ki, nazirin tutduğu vəzifə onun digər dillərdə daha mükəmməl danışmasını tələb edir.

- Zamanında Elçibəyi tənqid edirdilər ki, rus dilini yaxşı bilmir. O, hər zaman Azərbaycan dilində danışırdı. Elçibəy 3 il Misirdə ərəb-rus tərcüməçisi olub. Necə rus dilini bilməyə bilər? Bu adam öz dilində danışmaq istəyirdi. Hər bir dövlət başçısı rəsmi protokolda öz dilində danışır. Prezident İlham Əliyev ingilis dilini mükəmməl bilir. Amma rəsmi protokolda Azərbaycan dilində mükəmməl danışır. Elmar Məmmədyarov 15-16 ildir ki, nazirdir, amma doğma dilində danışa bilmir. Arqument gətirirlər ki, rus məktəbində oxuyub. Axı Bakıda oxuyub. Möhtərəm prezident hansı dildə oxuyub? Rus dilində. Sonra gedib Moskvada rus dilində oxuyub, elmi işini rus dilində müdafiə edib, elmlər namizədi adını alıb. Bəs necə oldu ki, bu qədər təmiz, səlis Azərbaycan dilində danışır? Heç olmasa möhtərəm prezidentdən örnək götürün də.

- Oxucu suallarına da keçək. Oxucularımız soruşur ki, deputatlar zaman-zaman məvaciblərindən narazılıq edirlər. Siz öz məvacibinizdən razısızmı?


- Razıyam. Bəzi insanlar deyirlər ki, deputatların maaşı çoxdur. Necə çoxdur? Prokurordan, hakimdən az maaş alırıq. Amma deputatın hansı vəziyyətdə olmasından xəbərsizdirlər. Təkcə bu ay mən iki dəfə Ağcabədiyə, Füzuliyə getmişəm. Hər səfərim üçün 300 manat pul xərcləməliyəm. Yol pulum elə 100 manat edir, orada yardıma ehtiyacı olan insanlara əl uzadıram, bu insanları pis vəziyyətdə qoya bilmərəm. Elə ay olur ki, Ağcabədiyə 3 dəfə gedirəm. Ora gedəndə Ağdama da gedirəm, oradakı insanlarımıza da baş çəkirəm. Deyirlər ki, 1750 manat maaş alırıq.

- Amma belə bir təsəvvür var ki, deputatların obyektləri, əlavə gəlir mənbələri çoxdur.


- Kimin var, onu yazsınlar. Mənim ən böyük obyektim qələmimdir. Bir “Ədalət” qəzetim var ki, oradan da böyük pullar qazanmaq mümkün deyil. Qəzet pul qazanmır, pulu yeyir. Mənim bir su köşküm də yoxdur, buna marağım yoxdur. Atam mənə həmişə deyirdi ki, nəbadə ticarətlə məşğul olasan. Yeganə ağdamlıyam ki, bu işi bacarmıram.

- Aqil bəy, oxucuların suallarından biri də budur: “Siz illərdir medianın da öndə gedən simalarındansınız. Necə düşünürsüz, jurnalist rüşvət almalıdırmı? Ona edilən hörməti, ya da qarşılıqsız yardımı qəbul etməlidirmi?”

- Heç kəs jurnalistə qarşılıqsız hörmət etmir. Təmənna olur. Jurnalist almalı deyil. O məmura da sual versinlər ki, jurnalistə niyə rüşvət verirsən? Alan da günahkardır, amma rüşvət verəndən daha az. Jurnalist o məmurdan daha az cinayət edir. Məmur, tutaq ki, 400 milyon rüşvət yeyib, amma hansısa jurnalistin cibinə 200 manat pul qoyurlar. Mən sovet jurnalistikasının yetirməsiyəm. Nəinki jurnalist, heç kim rüşvət almamalıdır.

- Siz rüşvət almısız jurnalist olduğunuz dövrdə?


- Hər halda, indiki qədər sərt mövqedə olmamışam. Kolxoz sədrini, “ispalkomu” buna görə döyməmişəm. (Gülür).

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar