Xəbər lenti
“Ermənilər Putinin bir işarəsi ilə Qarabağdan çıxarmı?" - Mütəllibov cavab verir
“Qarabağ məsələsini xaricə, beynəlxalq müstəviyə çıxarmaq lazım deyildi...”
Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov “KarabakhTV” internet kanalına rus dilində müsahibə verib.
Manevr.az moderator.az-a istinadən müsahibənin maraqlı məqamlarının tərcüməsini nəzərinizə çatdırır.
- Ayaz müəllim, sizcə, Qarabağ probleminin yaranmasında əsas günahkar kim oldu: Azərbaycanın yeni torpaqlarını ələ keçirməyə çalışan erməni millətçiləri, Azərbaycanı müstəqilliyə can atmasına görə cəzalandırmaq istəyən Rusiya, SSRİ-ni dağıtmağa çalışan Qərb, yoxsa həm Bakı, həm də İrəvanda Qarabağ dalğasında hakimiyyətə gəlməyə cəhd edən qüvvələr?
- Bütün bu sadaladığınız amillər və qüvvələr mövcud idi o dövrkü Azərbaycana qarşı... Bilirsiz, Qərb, demokratlar, liberallar bizi belə öyrədirdi ki, güclü hakimiyyət demokratik prnsiplərə söykənməlidir. Amma digər tərəfdən, Azərbaycan kimi neft ölkəsi öz böyük təbii sərvətləri ilə dünyadakı prosesləri yönləndirən aparıcı güc və dövlətlərin diqqətindən kənarda qala bilməzdi. Odur ki, o vaxtlar Bakının küçələrində müxtəlif ölkələrin cürbəcür adamları meydan sulayırdı. Və onların hər biri öz maraqları uğrunda çalışırdı. Biz isə həmin vaxt Azərbaycanda hakimiyyət uğrunda amansız mübarizə aparırdıq. Bunu etmək olmazdı!.. Torpaqlarımızın, Qarabağın bizdən qoparıldığını bilə-bilə kürsü uğrunda savaşmaq- cinayət idi...
- Amma əsas günahkarı demədiniz...
- Əsas günahkar?.. Mən nə deyə bilərəm... Hesab edirəm ki, biz o zaman xalq olaraq bütöv olmalı, bir cərgədə dayanmalıydıq... Bu, bir adamın işi deyildi o dövrdə... Prezident necə güclü olursa-olsun... O vaxt Qarabağ katalizatorunun yüz minləri meydanlara axıtdığı, hamının ədalət istədiyi, lakin bunu əldə edə bilmədiyi bir zamanda... Sadə insanlar deyirdi ki, bizə heç nə lazım deyil – yalnız Qarabağ məsələsini həll edin. Qarabağ isə manipulyator rolunu oynayırdı. Onunla Azərbaycan ictimai şüurunu manipulyasiya edirdilər... Bundan xalqın özünü də xaricdə gözdən salmaq və erməni təbliğatına dəstəvuz vermək üçün də yararlanırdılar.
Bütün bunları təhlil edəndə belə nəticəyə gəlirəm ki, Qarabağ probleminin yaranmasında əsas günah Qorbaçov və onun komandasında idi... Onlar, yumşaq desək(başqa cür danışmaq üçün əlimdə sənəd yoxdur), apardıqları yenidənqurma prosesinin nəticələrini düzgün hesablamadılar və öz bacarıqsız davranışlarıyla ən təhlükəli amil olan millətlərarası münaqişələrin alovlanmasına imkan verdilər...
- Sizcə, son 25 ildə Qarabağ məsələsinin ədalətli həlli üçün heç bir irəliləyiş olmadığı halda “ATƏT-in Minsk Qrupu” adlanan qurumla bundan sonra əməkdaşlıq etməyin mənası varmı?
- ATƏT Qarabağ məsələsini həll edə biləcək instansiya deyildi və deyil. Bizim elə səhvimiz oradan başladı... Mən o vaxt öz opponentlərimə deyirdim ki, Qarabağ məsələsini xaricə, beynəlxalq müstəviyə çıxarmaq lazım deyil, bu məsələ burada başlayıb, Moskvadan başlayb, onu burada da həll etmək lazımdır. Qarabağ məsələsini həll etmək xatirinə Moskvadan üz döndərmək olmaz. Amma təəssüf ki, onlar üz döndərdilər...
Buna rəğmən bu gün də ATƏT-dən və digər Avropa institutlarından tam uzaqlaşmaq olmaz. Bəziləri deyir ki, Avropa Şurasından çıxaq. Mənim subyektiv fikrimə görə, bunu etmək olmaz. Biz bütün dövlətlər üçün açıq məkanıq. Biz istənilən xoşməramlı fəaliyyəti alqışlayırıq- təki bu iki xalqı- azərbaycanlı və erməniləri barışdırsınlar... Biz buradan heç hara köçəsi deyilik. Burada yaşamışıq və yaşayacağıq. Və biz bu problemi digər ölkələrə ümid bəsləmədən özümüz həll etməliyik...
Bu gün də biz hansısa ağ atlı şahzadəni gözləyirik ki, gələcək və hər şeyi sahmana salacaq. Xeyr, bu, belə olmayacaq. Biz bütün vasitələrlə özünə qarşı görünməmiş ədalətsizliklə üzləşmiş Azərbaycann gücünü bütöv bir xalq olaraq göstərməliyik. Həm siyasi, həm iqtisadi və eyni zamanda daxili siyasətdə gücümüzü nümayiş etdirməliyik... Keçmiş SSRİ-də- eyni ölkədə yaşadığı bütün xalqlarla öz təbii sərvətlərini bölüşdürən, həmin xalqlara xoş münasibətlə yanaşan, hazırda da torpaqlarının bir hissəsi işğal olunmuş Azərbaycan xalqını bir kənara itələyib onu tökülən qanlarda günahkar sanmaq heç bir məntiqə sığmır. Axı ilk növbədə və ən çox azərbayacnlıların qanı tökülüb?..
- ABŞ-ın, Avropanın İspaniyadakı Kataloniya probleminə münasibəti ilə Azərbaycandakı Dağlıq Qarabağ probleminə yanaşmasını necə müqayisə etmək olar?
- Əlbəttə, burada uyğunluq analogiya var. Bilmirəm, İspaniya vəziyyətdən necə çıxacaq? Ancaq texnoloji cəhətdən vəziyyət oxşardır: daxili vəziyyətin gərginləşdirilməsi, muxtar regionun müstəqillik aktı qəbul etməsi... Bunun ardınca qarşıdurma və qan... Amma sual doğur ki, bunda kim maraqlıdır: Brüssel, Vaşinqton, yoxsa? Bilmirəm... Bütün hallarda əngəl Qərb tərəfdə də bu yanda Moskva tərəfdə deyil... Və əgər orada hər iki tərəf dözümlülük göstərməsə, orada da Qarabağdakı kimi böyük qan tökülə bilər. Hələlik onlar dözürlər... Allah eləsin, hər şey sülhlə bitsin. İstənilən insan faciəsi bizləri ağrıdır... Və bu yaxşı tendensiya deyil...
- Gördüyünüz kimi, İspaniya Kataloniyanın separatçı lideri K.Puçdemonun həbsi üçün order verdi... Biz də Xankəndindəki separatçı rejimin rəhbəri B.Saakyana qarşı oxşar addım ata bilməzdikmi?
- Bəli, belə baxanda bu iş bizdə də görülməli idi. Ancaq məsələ bundadır ki, İspaniyanın Kataloniya məsələsini müstəqil şəkildə həll etmək ixtiyarı var. Biz isə münaqişənin başladığı ilk dövrlərdə belə müstəqilliyə malik deyildik... Yadınızdadırsa, o vaxt 1988-ci ildə münaqişə başlayan kimi Moskvadan dərhal nümayəndələr gəldi. Onlar bir məqsədlə gəlmişdilər, Azərbaycan xalqını sakitləşdirsinlər ki, Qarabağa görə səsini çıxarmasın. O zaman mən hələ Respublika Dövlət Plan Komitəsinin sədri işləyirdim. Hətta yadımdadır ki, mənim “Bakinskiy raboçiy” qəzetində Dağlıq Qarabağ ermənilərinin guya iqtisadi-sosial baxımdan Azərbaycanın digər regionlarından geri qalması barədə fikirlərini ifşa edən məqaləmə görə o vaxtkı ölkə rəhbəri, rəhmətlik Kamran Bağırov mənə irad tutdu. Dedi ki, guya mənim yazım erməniləri daha da qızışdırır. Cavab verdim ki, axı mən hər şeyi əsaslı şəkildə arxivlərdəki statistik məlumatlar əsasında yazmışam. DQMV bir sıra iqtisadi göstəricilərə görə nəinki digər Azərbaycan regionlarından geri qalır, hətta bir sıra məsələlərdə xeyli irəlidədir, İttifaq səviyyəsinə çıxır. Odur ki, onların şikayətləri yersiz və əsassızdır. Sonra da mən Siyasi Büroda həmin rusların iştirakıyla keçirilən iclasda da dedim ki, siz niyə gəlmisiz. Bizi nəyə görə sakitləşdirməyə çalışırsız? Bizim Konstitusiya haqlarımız pozulub və biz qanunlara əsaslanıb onu bərpa etməliyik. Həmin çıxışımdan sonra Nazirlər Kabinetinin o vaxtkı sədri Həsən Seyidov mənə zəng etdi ki, əşşi, sən də çox sərt danışdın, axı Moskvadan gələnlər inciyərlər. Dedim, cəhənnəmə incisinlər. Bu oyunu başımıza elə Moskva açıb da, Həsən müəllim, siz nə danışırsınız... Bizim ağzımızı yummağa çalışırlar. Doğrudan da o münaqişə yeni başlayanda sanki bizim əl-ayağımızı bağlayıb ağzımızı yumdular, ermənilərə də boks əlcəkləri geydirib, dedilər ki, vuruşun...
- Ayaz müəllim, siz adi azərbaycanlılar arasında tez-tez səslənən bu fikirlə razısınızmı ki, əgər Putin barmağını bir dəfə silkələsə, Ermənistan o dəqiqə öz qoşunlarını Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarar?
- Mən bilmirəm... Bunu qəti şəkildə demək mümkün deyil. Ona görə ki... Bilirsiz, Qarabağ məsələsi futbol topuna bənzəyir; gah ora vururlar, gah bura, biri ora vurur, biri bura... Əgər Rusiya Ermənistandan Azərbaycan torpaqlarını qəti şəkildə tərk etməsini tələb edərsə, ermənilər bu halda Qərbə baş əyəcəklər... Əgər biz bu tərəfə tam söykənsək, o tərəf erməniləri ayağa qaldırcaq ki, yenə üstümüzə gəlsinlər... Ona görə də ehtiyatlı olmaq lazımdır. Bizə onsuz da çətindir. Və biz anlamalyıq ki, biz təkik və heç kəsə ümid bəsləməməliyik. Bizə heç kəs özümüz-özümüzə edəcəyimiz qədər kömək edə bilməyəcək... Və bir daha deyirəm, biz bütöv, vahid bir təşkilata- Azərbaycan xalqına dönməliyik... Mən tez-tez müsahibələrimdə bu məsələyə toxunuram. Azərbaycan üçün daxildə ən təhlükəli, zərərli problemlərdən biri regionçuluq, yerlibazlıq, tayfabazlıqdır. Buna son qoymaq lazımdır... Və bizim iqtisadi imkanlarımız, müxtəlif ölkələrdəki siyasi bağlantılarımız bizə imkan verir ki, bundan sonra da bu çətin yolla getməyə davam edək, ancaq müstəqil dövlət kimi imtiyazlarımızı qoruyub saxlayaq...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar