Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Atamın adını siyahıdan silib, onu qorudular – İlqar Əlfioğlu

Tarix: 24-10-2017 09:06     Baxış: 5754 A- / A+
Atamın adını siyahıdan silib, onu qorudular

Manevr.az- xəbər verir ki, kult.az-ın oxcuları bu dəfə tanınmış jurnalist, yazıçı İlqar Əlfioğlunun “Xatirə dəftəri”ni vərəqləyəcək. İlqar müəllim atası, mərhum yazıçı Əlfi Qasımovla bağlı xatirələrini bizimlə bölüşdü.

- İlqar bəy, zaman keçdikcə insan ötənlərə boylanır, xatirələrə dalır...


- Əslində, biz hər gün virtual xatirə dəftərini doldurmaqla məşğuluq, yaşamağımızla, gördüyümüz işlərlə, hadisələrə münasibətlərimizlə, dediklərimiz və yazdıqlarımızla o dəftərin ağ səhifələrini qaraldırıq. Elə təsəvvür edin ki, o dəftərin hər vərəqi bir insanın qəlbidir. Ömür başa çatanda sən həmin vərəq-qəlblərdə yaşayırsan. Nahaq yerə demirlər ki, hər bir insan onu tanıyan axırıncı adam dünyadan köçəndə ölür. Amma məncə heç onda da ölmür, çünki xatirə dəftərinin qəlblərdə yaşayan səhifələri əlahəzrət zamanın redaktəsindən keçir, ictimailəşir. Qəribəsi budur ki, bəzən biz yanımızdakı insanı da başqalarının danışdığı, yazdığı xatirələrdən tanıyırıq. Belə çıxır ki, insan elə xatirələrlə yaşayır, xatirələr üçün yaşayır, xatirələrdə yaşayır.

- Bu dəfə atanızla bağlı xatirələrinizi oxucularımıza paylaşmağınızı istəyirik. Deyin, Əlfi Qasımov sizin üçün kim idi?


- Əlfi Qasımov mənim üçün saqqalı ağarmamışdan ağsaqqal olmağı bacarmış fenomen bir insan; daim ayaqda olan, canlı məktəb; həm mehriban, həm də müdrik ata və bütün sadaladıqlarımı ümumiləşdirsəm, oxumaqla doya bilməyəcəyin, heç vaxt bitməyəcək bir kitab idi. Və bu kitabın böyük bir hissəsini mən onun dostlarının dilində tapmışam.

- Çox istərdik ki, atanızla bağlı xatirələrinizin ilk günlərindən başlayasınız. O vaxtlardan ki, siz hələ uşaq idiniz. Uşaq yaddaşınızda atanız necə qalıb? Körpələrin yaddaşı iti olur axı...


- Uşağın yaddaşına yazılan ilk xatirələri çox vaxt anası ilə bağlı olur. Bilmirəm, bəlkə də o mentalitet deyilən bir zaddandır, amma bizdə uşaqların analarla ünsiyyəti daha çox olur. Mən də istisna deyiləm, uşaqlığımı xatırlayanda daha çox anamı görürəm. Görürəm ki, dərdimi ona deyirəm, məsləhəti o verir, ərköyünlüyü ona eləyirəm, cəzamı ondan alıram... Amma bütün bunlar olanda başımız üstündə nəhəng bir kölgə durur – atamın kölgəsi. Hər şey o kölgənin altında, onun sərinində baş verir...

Sizə bir şey deyim, atamdan eşitmişəm bunu. Deyirdi ki, mənim Əlfi olmağımın səbəbkarı Qaraqızdır. Özümə qalsa, yetim kənd uşağı idim, ana nəvazişi görməmişdim, qayğısı çəkilməyin, qayğı çəkməyin nə olduğunu bilmirdim, əlim çörəyə çatandan sonra əhlikef, məsuliyyətsiz ola bilərdim, anan qoymadı...

Yekə çıxmasın, anamın dilindən eşitdiyim “Ata nə deyər?” sualı sonralar həyatımın konstitusiyasına çevrildi. Mən indi də eyni konstitusiya ilə yaşamağa, hər addımımı “ata nə deyər?” sualına elə kökləməyə çalışıram ki, cavabı “düz eləyirsən” olsun.

Evimizdə bir “Ata” kultu, “Yazıçı” kultu vardı. Anam yaratmışdı onu. Ata yazı yazanda barmaqlarımızın ucunda yeriyirdik, ata yatanda, az qalırdı nəfəs almayaq. Atanın yazı masası, atanın qazandakı payı toxunulmaz idi...

- Münasibətlər ata-oğul müstəvisində davam etdi? Onunla dost ola bildinizmi?


- Dost ola bilməzdim, eyni müstəvidə deyildik. Yalnız pərəstiş edə bilərdim, o da gizlində. Aşkarda büruzə versəydim, xoşu gəlməzdi. Amma yaşasaydı, indi yəqin, möhkəm dost olardıq. Elə müdrik dosta yaman ehtiyacım var...

- Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib, bədxahlar necə, olubmu?


- Onun dostları aşkar, bədxahları anonim idi. Hərdən “anonimka” yazırdılar yuxarılara. Nəticəsi olmurdu, həm ittihamlar əsassız idi, həm də dostu çox idi - qoruyurdular, qoymurdular başı ağrısın.

Bir hadisə düşdü yadıma. Bir dəfə, Mətbuat Komitəsində işləyəndə kollegiya zamanı xoşagəlməz hadisə baş vermişdi. Sədrlə məsul işçilərdən birinin arasında konflikt vardı. Həmin əməkdaş müharibə iştirakçısı idi, orden-medal taxırdı. Mübahisə zamanı sədr saymazyana demişdi ki, Kubinkada elə medalların birini beş manata satırlar. Əməkdaş da kollegiyadan çıxan kimi, yuxarı şikayət yazmışdı. Komissiya gəlib hadisənin şahidlərini bir-bir dindirməliydi. Onda atamı bir neçə gün dilxor gördüm, heç istəmirdi ki, ondan nəsə soruşsunlar. Soruşsalar, düzünü deyəcəkdi, ara qarışacaqdı. Düzünü deməsə də, Əlfi olmazdı... Komissiya öz işinə başladı, bir-bir hamını dindirdilər, camaat belə bir şeyin ümumiyyətlə baş vermədiyini söylədi, atamı isə heç çağırmadılar. Çox sonralar onun o vaxt məsul vəzifə daşıyan və bu araşdırma ilə bilavasitə məşğul olan bir dostundan soruşdum ki, həmin hadisədə atamı niyə çağırmadılar? Gülümsünüb dedi ki, elə bilirsən yuxarıdakılar sarsaqdır? Çağırsaydıq, düzünü deyəcəkdi, işlər korlanacaqdı. Adını siyahıdan sildik – həm özümüzü sığortaladıq, həm də onu qoruduq...

- Daha çox kimlərlə oturub-dururdu və bu yaxınlıq yeniyetməlik dövrünüzə qədər sizdə o insanlara bir doğmalıq hissi oyada bilirdi?

- Yaxın dostları İslam Səfərli, Qabil, Məsud Əlioğlu... Bilirsiniz, saydıqca saya bilərəm. Onun aləmində dost ya var, ya yoxdur – onun yaxını-uzağı olmaz. İndi dost seçəndə adam yaşına-başına baxır, mövqeyinə baxır. O qətiyyən elə deyildi. Sizə atamın elə dostlarının adını deyərəm ki, aralarındakı yaş fərqinə görə təəccüb qalarsınız: Əli Vəliyev, Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov. Əli Vəliyevgildə Qumru nənənin qutabını bəlkə yüz dəfə ailəlikcə yemişik, Süleyman Rüstəmin bağında bəlkə yüz dəfə qonaq olmuşuq, Məmməd Rahimin maşınını götürüb bütün Azərbaycanı gəzmişik. Atamdan soruşurdum ki, bu qocalar səni niyə çox istəyir? Deyirdi ki, dostuq, ona görə. Deyirdi ki, yaşa baxma, dostluq insanın ruh halının yaxınlığından doğur...

Bu insanlar həmişə süfrəmizin başında olub, bütün ailə məclislərimizi bəzəyib. Hamısı da mənə Əlfioğlu deyirdi. Elə bilərsiniz, dostları ancaq yazıçılar olub, ha?! Şofer Süleyman, polkovnik Süleyman, Çapan Kazım (zirək idi), Tapan Kazım (milisdə işləyirdi), Qapan Kazım (evində it saxlayırdı)...

- Bəs atanızı tanıdıqdan, kimliyini bildikdən, nüfuz və istedad sahibi olduqdan sonra sizdə nələr dəyişdi? Sinif yoldaşları, dost-tanış, tay-tuş arasında qürrələnmək və sair. Olubmu ki, atanızın adına söykənib şıltaqlıq edəsiniz?

- “Ata nə deyər” sualı qoyurdu ki? Məndə ümumiyyətlə şıltaqlıq yoxdur – eynən, onun özü kimi. Atamın da prinsipial saydığı məqamları çıxmaq şərtilə, üzüyolayam, əziyyətə qatlaşanam, eqoist deyiləm. Bir sözlə, onda olan bir çox keyfiyyəti özümdə görürəm. Bircə şey çatmır – səbr. Tanıyanlar yaxşı bilir, Əlfinin səbri nəhayətsiz idi – hərdən bir qanmazı qandırana kimi neçə il səbrini basırdı. Məndə o hövsələ yoxdur.

- Əlfi müəllim sizin üçün təkcə ata yox, həyatı, mövqeyi və ətrafı ilə həm də bir nümunə oldu. Nələri əxz edib, nələri öyrəndiniz?


- İlk növbədə, həyatı (bütün gerçəkləri ilə bir yerdə) sevməyi, insanları (pisi-yaxşısı ilə bir yerdə) sevməyi, xeyirxah olmağı, inanmağı, sədaqətli olmağı, dostpərəst, qohumcanlı olmağı, səxavətli, ürəyigeniş olmağı, başqasının uğuruna özününkü kimi sevinməyi, ağa qara, qaraya ağ deməməyi.

- Ailə başçısı kimi necə idi?


- Onda elə bilirdim ki, hamının atası belə olur. Təsəvvür etməzsiniz bəlkə də, amma hər bazar günü ailəlikcə gəzməyə çıxırdıq, naharımızı da çöldə yeyirdik. Adi günlərdə iki yerə gedərdik yeməyə - “Venesiya”dakı kababxana, bir də Zevindəki kafeyə. Bizi həftə ərzində sosiska-kolbasa yeməyə qoymurdular, o kafedə isə əla sosiska olurdu, ora getmək bayram idi bizim üçün. Bir də ara-sıra Dağüstü parkdakı “Drujba” restoranına aparırdı bizi.

- Qonşulara münasibətdə, dostlara münasibətdə sizin illərin o tayında qalan müşahidələriniz bizə nəyi deyə bilər?


- Qonşularla münasibəti çox ərkyana idi, deyim ki, özü də ərk götürən idi. O vaxtlar, elə bil, zaman da fərqli idi, insanlar da. Evdən evə pay gedərdi. Bizim binada yaşayan insanların hərəsi bir məktəb idi – İslam Səfərli, Süleyman Rəhimov, Seyfəddin Dağlı, Ənvər Yusifoğlu, Cabir Novruz, Əbülhəsən, Məmmədcəfər, Süleyman Vəliyev, Məmməd Əkbər, Cabir Səfərov, Əli Tudə, Maqsud İbrahimbəyov, Qulu Xəlilov, Ənvər Əlibəyli, Əli Kərim, Nəriman Həsənzadə, İsmayıl Cəfərpur, Beydulla Musayev, Anar, Yusif Səmədoğlu... Onlara qonşu kimi baxmırdıq, atamın dostları kimi baxırdıq.

- Bəs dövr o dövr idi ki, senzura, təqib, təhdid, ehtiyatlı olmaq insktinti və sair. Heç təzyiqlərə məruz qalmışdımı?


- Eşitməmişəm. Özü o qədər xeyirxah idi ki, hamıdan eyni xeyirxahlığı gözləyirdi və görürdü də. Tanımadığı adamların belə uğuruna elə sevinirdi, gəl-görəsən. O qədər olub ki, təsadüfən bir yazı görüb, bəyənib, sonra da başlayıb həmin şəxsi axtarmağa ki, görsün, başqa yazıları varsa, bir kitab saldırsın plana.

- Gənclərə xüsusi qayğısı, diqqəti olub, onlara görə olubmu ki, kimlərləsə üz-üzə gəlsin, haqqı nahaqqın ayağına vermədiyinə görə əl-ayağına dolaşsınlar?

- Mən təsəvvür etmirəm ki, kimsə onun qarşısını almağa, ona mane olmağa çalışsın. O ki qaldı gənclərə qayğısına, onu az qala lətifəyə çevirmişdilər. Mətbuat Komitəsində nəşriyyat çöbəsinin müdiri idi, sədr rəhmətlik İsrafil Nəzərov, müavin Bayram Bayramov idi. İllik nəşr planını atam tuturdu. Bir dəfə sədrdən kimsə xahiş edir ki, filan kitabı plana saldırsın, söhbətdən Bayram müəllimin də xəbəri olur. Planın müzakirəsində İsrafil müəllim baxır ki, boş yer qalmayıb, üzünü Bayram müəllimə tutub deyir: “Bayram, Əlfinin “istedadlı cavanlar”ının əlindən yer qalsa, o xahişi də nəzərə alaq”...

- Yəqin ki, incidiyi adamlar olub...


- Başqalarından incikliyi, təbii ki, olub, amma heç bir problemini çöldən evə gətirməzdi. Qapıdan içəri girəndə vaxtından asılı olmayaraq, elə bilirdik üstümüzə gün doğdu. Bəlkə də nələrisə anama deyirdi, amma biz bilməzdik. Heç unutmaram, bir dəfə ondan soruşdum ki, yazıçılar arasında pis adam var? Fikirləşmədən dedi ki, yox. Sonra, tamam başqa söhbətin arasında birdən qayıtdı ki, İlqar, bayaq soruşdun, yoxdur dedim, amma bir dənə pisi var. Adını da dedi. Soruşdum, onun pisliyi nədədir, dedi, xəbərçidi, çox evlər yıxıb...

- Necə düşünürsüz, Əlfi müəllimin ümidlərini doğrultmusunuz?


- Bir dəfə müsahibələrimin birində demişdim ki, adam kimi yaşaya bilməsəm də, kişi kimi yaşayıram. Məncə, atamın umacağı həyatda kişi kimi yaşamağım idi. Deməli, onun əsas ümidini doğrultmuşam. Amma bir ümidi də vardı, güman edirdi ki, tanınmış adam olaram, yaxşı yazıçı olaram. Tanınmış adam, yaxşı jurnalist ola bildim, amma yazıçı yox.

80-lərin əvvəlində “Ulduz” jurnalında “Qorxu” povestim çıxanda təəccüblənmişdi, çünki yazdığımdan xəbəri yox idi. Yazını ona verməmişdim oxusun, jurnalda çıxanda xəbər elədim. Mənə bir söz demədi, amma Yasif Nəsirliyə demişdi ki, İlqar əməlli-başlı yazıçı imiş, xəbərim olmayıb. Üzümə tərifləməklə heç arası yox idi. Sadəcə dedi ki, yazırsansa, yaz, yazıçı ol, sözüm yoxdur, amma yarımçıq qoyma...

Mən də qoydum. Atamdan sonra çox şeyi anladım - məşhurlaşdım, məşhurluğun mənasızlığını anladım; ehtiyac gördüm – ehtiyacın mənasını anladım; dost nədir, bildim; düşmən nədir, bilmədim. Xırda ehtiyaclarla uğraşa-uğraşa, böyük işlər görə bilmədim. Atamdan sonra həyat elə dəyişmiş, elə köklənmişdi ki, xırda qayğılar imkan vermədi böyük işlər barədə düşünək. Amma buna da şükür. Bu da bir ömürdür də, yaşayırıq...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar