Xəbər lenti
“Qarabağı ermənilərə Rusiya yox, öz hakimiyyət aşiqlərmiz verib...” - Analitik
Tanınmış siyasi analitik Tahir Cəfərli ilə müsahibənin növbəti hissəsini təqdim edirik:
(Müsahibənin əvvəlini bu linkdən oxuya bilərsiniz http://www.moderator.az/news/190221.html)
- Tahir müəllim, axı o da var ki, Rusiya 2 əsrə yaxın, həm Çar Rusiyası, həm də SSRİ dönəmində Azərbaycanı əsarətdə saxlayıb, onun torpaqlarının Güneyə - Quzeyə və s. bölünüb parçalanmasına səbəb olub. Erməniləri ordan-burdan Qarabağa və s. köçürdən də və bununla Qarabağ probleminin əsasını qoyan da Rusiya imperiyası olub. Moskva 1918-1920-ci illərdə Zəngəzurun, Göyçənin ermənilərə verilməsinə şərait yaradıb. 1930-cu illərdə on minlərlə say-seçmə oğul-qızımız repressiyaya, güllələnməyə sürgünlərə məruz qalıb. 1948-1952-ci illərdə yüz minlərlə soydaşımız “Ermənistan” adlanmış doğma torpaqlarımızdan sürgün edilib. Düzdü, 1960-1970-ci illərdə nisbətən sabitlik, inkişaf yaransa da, 1988-1990-cı illərdə yenidən Kremlin Azərbaycana qarşı qıcanmış dişləri görsənib: 20 Yanvar faciəsi, Xocalı soyqırımında Rusiyanın 366-cı alayının ermənilərə yardımı, Şuşa, Laçın və s. Siz isə təklif edirsiz ki, bütün bunları unudub yenidən Rusiyanın qucağına atılaq?
- Olub-keçənləri obyektiv dəyərləndirmək gərəkdir. Başlayaq Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ilə bağlı məsələdən. İndiyədək tariximiz düzgün yazılmadığından bu işğalın səbəblərini anlamırıq. Əvvəla, unutmayaq ki, o zaman Azərbaycan xanlıqları bir-birini qırırdılar. Qarabağ xanı İbrahim xanın satqınlığı nəticəsində Azərbaycanın qüdrətli şahı Qacar öldürüldü. Qacar öldürüləndən sonra isə Qarabağ xanının vəziri Molla Pənah Vaqifə II Yekaterina qızıl əsasını hədiyyə etdi. Bütün bunlar xanlıqların bir mərkəzə tabe olmamalarının, ölkədə qarşıdurma yaratmalarının nəticəsidir ki, ruslar Qafqazı işğal etdilər. Bundan əlavə, Osmanlılarla 18-ci əsrin axırlarında bağlanmış saziş də ruslara icazə verirdi ki, Cənubi Qafqaza girsinlər. 19-cu əsrin əvvəllərində isə Azərbaycan xanlıqlarının özbaşınalıqları ölkədə elə narazılıqlar yaratmışdı ki, xalq özünə kənardan xilaskar axtarırdı...
Ermənilərin Qarabağa köçürülməsində də günahkar yalnız Rusiya deyildi. Buna əsas səbəb Qarabağ xanlarının bivecliyi oldu. A.S.Qriboyedov I Nikolayın tapşırığı ilə İrandan erməniləri Rostov ətrafında salınan Naxçivani qəsəbəsinə köçürtməli idi. O, birinci partiyanı köçürə bildi. İkinci partiyanı köçürəndə Hərbi Qafqaz yolunu qar basdı. Odur ki, ermənilər köçləri ilə Qarabağda qaldılar. 5-6 aydan sonra yol açılanda Qarabağdan erməniləri Rostov ətrafına köçürtmək istəyən A.S. Qriboyedovun adamlarının qarşısına Qarabağ bəyləri silahla çıxaraq ermənilərin köçünün qarşısını kəsdilər. A.S. Qriboyedovun bu haqda I Nikolaya yazdığı məktub bizim bəylərin gerizəkalılığını göstərən sənəddir. 1828-ci ildə erməni köçünün qabağını alan və Qarabağa yerləşdirən məhz Qarabağ bəyləri olublar. Onlar erməni ailələrinə Qarabağın ən münbit torpaqları olan yerləri veriblər və onlar üçün hər cür şərait yaradıblar. Nəticədə ermənilərin Naxçivaniyə köçmələrinin qarşısını alıblar.
Ümumiyyətlə, gerçəkliyə baxsaq, o dövrdəki Azərbaycan xanları arasında müsbət şəxsiyyət göstərmək çox çətindir. Arxivləri təhlil etsəniz, xanlarımızın yalnız naqisliklərinin üstünü açmış olarsınız. Onlar zəhmətkeş xalqa həqiqətən zülm edirdilər. Yaxşı olar ki, susaq... Ruslar Azərbaycana girəndən sonra xalqımız rahat nəfəs aldı, aclıq və səfalətdən qurtardı, bəylərin özbaşınalıqlarına son qoyuldu. Rusiyanın özündə təhkimçilik hüquqi təsis edilməsinə rəğmən Azərbaycanda ruslar bu siyasəti həyata keçirmədilər. Əksinə, rus kəndlisindən fərqli olaraq Azərbaycan kəndlisinin hüquqi daha çox idi...
Çar Rusiyası dövründə zülmkar xan və bəylərdən yaxa qurtaran Azərbaycan xalqı feodalizmdən uzaqlaşıb kapitalizmə iri addımlarla girdi. Həmin bu prosesin nəticəsində Azərbaycan milləti və dövlətçilik ideologiyası formalaşdı. Azərbaycan gələcək dövlətçilik atributlarını: ana dilində məktəb, teatr, kitabxana, jurnalistika və s. yaratdı, öz ədəbi dilini təkmilləşdirdi və konkret ərazini əhatə etdi. Millət anlayışı kapitalizmdə formalaşan bir anlayışdır. Azərbaycan xalqı Rusiyanın tərkibində qalıb kapitalizmi keçməsəydi, indi Azərbaycan dövlətçiliyi yox idi. Rusiya bizə öz dilimizdə qəzet açmağa və teatr yaratmağa icazə verirdi…
Odur ki, Rusiya imperiyası ilə bağlı məsələlərə obyektiv yanaşmalıyıq. Bu işğalın yalnız pis tərəflərini göstərməməliyik. Obyektiv yanaşsaq, görərik ki, pis tərəfi ilə bərabər yaxşı tərəfi də var…
Gəlin bir məsələni də araşdıraq. Baxaq görək Azərbaycan xalqı anlayışına hansı xalqlar daxildir:
Cənubi və Şimali Azərbaycan, əfşar və qacarlar, İraq və Suriya türkmanları və bu saat Türkiyədə yaşayan azərbaycanlılar… Şimali Azərbaycanı onlarla müqayisə etsək. görərik ki, müsəlman ölkələrinin tərkibində yaşamalarına baxmayaraq milli heç nələri qalmayıb. Maraqlısı budur ki, genləri bizdən olan bu xalqlardan fərqli olaraq Şimali Azərbaycan daha çox inkişaf edib və 20-ci əsrdə Şərqdə ilk demokratik respublikanı, universiteti, qəzeti, teatrı, klassik musiqini, operanı və s. yaradıb. Səbəbi? Çünki ruslar Türkiyə və İrandan fərqli olaraq Qori seminariyası kimi möhtəşəm təhsil müəssisələrini işə salaraq Avropa səviyyəli Azərbaycan ziyalıları yetişdirdilər. Görün, burada kimlər təhsil alıblar? Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Fətəli xan Xoyski, Üzeyir Hacıbəyov, Topçubaşov, Həsən bəy Ağayev, Topçubaşov və s. Bütün bu ziyalılar isə Şərqdə ilk demokratik dövlətin, yəni Azərbaycan dövlətçiliyinin təməlini yaradanlar olublar...
Keçək sovet dövrünə. Bir vaxt gələcək sovet dövrü Azərbaycanın tarixində “qızıl dövr ” kimi qiymətləndirəcəklər. Azərbaycanın bu dövrdəki uğurları onu Avropa səviyyəli ölkələr sırasına qaldırmışdı...
- Rusiyada bolşeviklər hakimiyyətə gələndən az sonra Lenin Şaumyana Bakını almaq əmri verdi və ermənilərə 31 mart 1918-ci ildən başlanan soyqırımları törətmələrinə şərait yaratdı. Sonra da 1920-ci ildən ta ki 1950-ci illərədək öncə dediyimiz kimi, qırğınlar, repressiyalar, sürgünlər... Belə olan halda sovet dövrünə necə tariximizin “qızıl dövrü” demək olar?
- Bilirsiniz, bayaq dediyim kimi, Rusiyanın Azərbaycanı işğal etməsinin həmişə mənfi tərəfindən danışırlar. Amma axı hər şərdə bir xeyir də var. Bu baxımdan sovet dövrünə də obyektiv yanaşsaq, görərik ki, Azərbaycan üçün müsbət cəhətləri mənfi cəhətlərindən daha çox olub...
İrəvanın Ermənistanın paytaxtı olması fərmanını ruslar verməyib, bir saatlıq xəlifə kimi M.Ə.Rəsulzadəni “prezident” edib, ona qol çəkdirən Osmanlı tərəfi olub. Zəngəzuru da verən ruslar yox, Azərbaycanın xalqlar dostluğuna inanan rəhbərləri olub. Allah M.Bağırova rəhmət eləsin, bunu edənləri xalq düşməni edərək güllələtdirib. Düz iş görüb...
Repressiyalara isə yalnız azərbaycanlılar yox, bütün SSRİ xalqları məruz qalıblar. Rusların özü hamıdan çox qırılıb: vətəndaş müharibəsindən, aclıqdan, güllələnmədən, sürgündən-filandan. Bundan əlavə, repressiyaya uğramış şair və yazıçılarımızın sənədlərini araşdırsanız, görərsiz ki, Cavid, Müşfiq, Cavad və s. haqda Moskvaya “donos” yazanlar elə bizim o dövrün şair və yazıçıları olub. Adlarını bütün Azərbaycan bilir. Paxıllıqdan həmkarlarını şərləyiblər. Azərbaycan ədəbiyyat tarixini yazanlar 30-cu illəri “rəzalət dövrü” adlandırsalar, daha düzgün olardı...
Ermənistandan azərbaycanlıların köçürülməsinin başında isə A. Mikoyan durub. Sovet dövrünün ən faciəli anlarından idi. Böyük Vətən müharibəsi illərində Krım tatarları, döyüşkən Qafqaz xalqları kimi, ümumiyyətlə, bütün azərbaycanlıları da Azərbaycandan köçürtmək istəyiblər. Azərbaycanın qeyrətli oğlu Mircəfər Bağırov olmasaydı, indi Azərbaycan yox idi. Amma bütün yaşanan faciələrə baxmayaraq Azərbaycan sovet dövründə SSRİ tərkibində yaşayan bütün xalqlar kimi ciddi inkişaf prosesi keçdi...
1960-ci illərdə ermənilər Naxçıvanla bağlı iddia qaldıranda Azərbaycan ziyalıları sinələrini qabağa verib bu prosesə son qoydular. 60-ci illərin ziyalılarının bizə qoyub getdiyi töhfə budur: biz unutmamalıyıq ki, bütün Ermənistan torpaqları bizimdir, əgər millətiksə, bu torpaqları qaytarmalıyıq...
Fikir verin, Azərbaycan siyasətçiləri arasında bu torpaqların, İrəvan qarışıq bizimki olduğunu beynəlxalq səviyyədə ancaq dövlət başçısı İlham Əliyev deyir. Qalanları, elə bil, ağızlarına su alıb durublar...
- Bəs 20 Yanvar soyqırımına sözünüz nədir? Burda da Moskvanın rolu olmayıb?
- Doğrudur. 20 Yanvar Azərbaycan xalqının ən böyük faciəli tarixlərindən biridir. Ancaq bu olaya da obyektiv məntiqlə yanaşmaq lazımdır. Hakimiyyət aşiqləri heç nədən övladlarımızı güdaza verdilər. Yanvar soyqırımı M.Qorbaçovun SSRİ-ni dağıtmaq planının ayrılmaz hissəsi idi. Qorbaçov kim idi? Qərbin, ABŞ-ın agenti... Deməli, məntiqlə 20 Yanvarın törədilməsində Amerikanın əli var. Amma biz 20 Yanvarda küçələrə çıxmamalı idik. Onsuz da azad olacaqdıq. Baxın, Ukrayna, Belarus, Türkmənistan, Özbəkistan, Tacikistana və s. də müstəqillik verildi. Onlar küçələrə çıxmadılar, xalqı boş-boşuna tankların qarşısına vermədilər. Ancaq Azərbaycanda Kremlin yaratdığı Xalq Cəbhəsini ortaya atdılar ki, SSRİ-ni saxlamaq istəyən qüvvələrin intiqamını Azərbaycan xalqından alsın. Niyə o dövrdə xalqın qabağında gedən cəbhəçi liderləridən birinin də burnu qanamadı? Bütün deyilənlərlə belə, sovet qoşunlarının Bakıya soxulması hərbi cinayətdir...
Xocalı faciəsinin səbəbi də ölkə daxilində hakimiyyət uğrunda mübarizə idi. Müxalifətin ölkə idarəçiliyini heçə endirməsindən bəhrələnən ermənilər başsız qalmış 366-ci sovet alayını Xocalıya soxdular. Müxalifət erməniləri kənarda qoyub, Bakıda B.Yeltsinin tapşırığı ilə dövlət çevrilişi etdilər ki, Azərbaycanın payına düşən ümumittifaq sərvətini xalqımızın əlindən alsınlar... Bundan sonra Şuşa, Laçın, demək olar ki, müqavimətsiz boşaldıldı. Başda kimlər idi günahkar, xalqımız çox yaxşı bilir. Hakimiyyətə gələn AXC Qarabağda ermənilərə qarşı vuruşan əfqanıstanlı, pakistanlı və Cənubi azərbaycanlı döyüşçüləri bu bölgədən çıxardılar, İranı Azərbaycana düşmən etdilər. Dərinə getsək, Qarabağı ermənilərə özümüzün hakimiyyət aşiqləri verib, çünki Qarabağ, Şuşa, Laçın, Kəlbəcər işğal olunanda orada artıq rus qoşunları yox idi...
Bir sözlə, hesab edirəm ki, biz problemlərə obyektiv yanaşsaq, keçmişdə buraxdığımız səhvləri indi buraxmasaq, bütün təzyiqlərə rəğmən Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkündür.
- Tahir müəllim, axı siz rusca nəşr olunmuş “Qarabağ tələsi” kitabında da yazırsız ki, Rusiya Qarabağ problemini Ermənistanın Qərbin, ABŞ-ın himayəsi altına keçməməsi üçün bir tələ kimi ortalığa atmışdır. Yəni Moskva Qafqazda öz mövqelərini itirməməkdən ötrü hər bir oyuna getməyə hazırdır. Hazırda da Ermənistanla birləşmiş ordu yaradıb. Bu halda Azərbaycan Rusiyadan necə ədalətli mövqe gözləyə bilər?
(Davamı var)
Sultan Laçın
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar