Sizin Reklam Burada
Xəbər lenti
10-10-2024
09-10-2024
BÜTÜN XƏBƏRLƏR

Buna görə özümü dənizə atdım, axmaqlar xilas etdi

Tarix: 28-05-2024 09:15     Baxış: 31 245 A- / A+
Buna görə özümü dənizə atdım, axmaqlar xilas etdi
Manevr.az Şair Rüstəm Behrudinin Kult.az-a müsahibəsini təqdim edir:
- Rüstəm bəy, Qarabağda ədəbiyyat festivalları keçirilir, amma heç birində sizi görmək olmur.
- Məni heç vaxt elə yerlərə çağırmırlar. Bir dəfə orada işləyən bir adam siyahı göstərdi ki, qara siyahıdasan, səni bura buraxmaq olmaz. Cəmi bir dəfə dəvət olunmuşam, o da Heydər Əliyev Fondu tərəfindən. Heç onu da bilmirəm ki, adımı siyahıdan kim və niyə çıxardır?!
- Narahat olmursunuz ki, digər yazıçı-şairlər çağırılır, siz yox?
- Qətiyyən. Mən sözlərimi ədəbiyyata və əbədiyyata hesablayan adamam. Ora gedənlərin çoxu - hansı ki, onlar dələduzlar, söz dəllallarıdır, hamısı unudulub gedəcək. Kamal Abdullanın bir yazısını oxumuşdum. Deyirdi, adamlar var, ədəbiyyat tarixinə bir şeir, bir hekayə, bir romanla düşə bilirlər. Rüstəm Behrudi isə cəmi üç sözlə, “Salam, dar ağacı, əleykim salam!” sözü ilə düşüb. Tarix hamının yerini göstərəcək.
- Amma “Salam, dar ağacı” şeirinin plagiat olması ilə bağlı iddialar da var idi…
- Boş-boş danışan adamlar idi də. Yaxşı, hanı orijinalı? Necə ola bilər ki, bu qədər məşhur, xüsusi ilə türk dünyasının ən məşhur, ən çox oxunan, əzbər bilinən şeiri plagiat olur, əsl sahibi də ortaya çıxmır? Onu məni sevməyən adamlar atmışdı ortaya.
- O şeiri necə yazmısınız? Tarixçəsi maraqlıdır.
- Əmir Teymurun məqbərəsi önündə yazmışam. Özü də bədahətən. Doğrusu, adamların çoxu bu məsələlərdə bilgisizdir. Onlar totemlərlə bağlı məlumatlı olsaydılar, ağaca salam verməyin nə demək olduğunu bilərdilər. Dədə Qorqudda “Qazanxanın evinin yağmalanması boyu” var. Orada hadisə belədir ki, obraz hadisəni əvvəlcə sudan, sonra qurddan soruşur. Sonda da ağacdan soruşur ki, mənim elim-obam niyə belə olub? Qəhrəmanın ağaca salam verməyi beynimə oturmuşdu və mən onu dəyişib “Dar ağacı” elədim.
- Aha, sonra…
- Doğrusu, heç inanmazdım ki, bədahətən şeir də deyə bilərəm. İndi meyxana var, bədahətən deyirlər, məndə də elə olmuşdu. Məmmədəli Mahmudov adlı bir özbək yazıçısı səsimi yazmışdı. Gecə hazır oldu və verdim çapa. Bütün türk jurnallarının hamısının üz qabığında çap olundu. Yüz tərcüməsi var bu şeirin, nəzirələr yazılıb.
- Siz həm də Turan mövzusu ilə tanınırsınız. Müasir dövrdə bunu xülya, utopiya adlandıranlar var.
- Məlumatsızdırlar, ona görə. Əli bəy Hüseynzadənin turançılıq ideologiyasına da çoxlu etiraz olmuşdu. Heç Turan sözünü qəbul etmirdilər. Amma zaman keçdi, görün nə qədər reallaşdı? Rəhmətlik Əbülfəz Elçibəy bütöv Azərbaycandan, Turandan danışanda da ona gülürdülər. Məsələn, indi Türk Dövlətləri Təşkilatı yaranıb. Bu dəqiqə Turan ideologiyasının beyin mərkəzi var. Bu necə utopiya ola bilər? Gerçəkləməyi zaman aparacaq, amma mütləq olacaq. Dünya qloballaşmağa doğru gedir, qütblərə ayrılır. Mən buna səmimi qəlbdən inanıram. Bir gün Turan qurulacaq!
- Əbülfəz Elçibəy demişkən, siz çox yaxın dost olmusunuz…
- Bəli, rəhmətliklə mən yeniyetmə olandan çox yaxın idik. Bizi dostluqdan, şəxsi münasibətlərdən əlavə ideologiya da birləşdirirdi. O, mənim həyatımda yeganə təmənnasız dostum olub.
- Sizin şairliyinizdə, şəxsi həyatınızda da rolu olubmu?
- Əlbəttə. Mən ondan çox şey öyrənmişəm. O, məndən 20 yaş böyük idi. Ömrünü öyrətməyə sərf etmişdi elə.
- Maraqlıdır, dostluğunuz necə başlamışdı?
- Əli adında uşaqlıq dostum var, Kələkidə işləyirdi, bəylə dostlaşmışdılar. 16 yaşım var idi onda, şeir yazırdım və müəyyən düşüncələrim var idi. Əli bir dəfə dedi ki, sənin bu düşüncələrinin ən yaxşı forması bir nəfərdə var, sizi tanış edəcəm. Beləcə tanış olduq və dostluğumuz başladı. Mən onların kəndinə yaxın kənddə müəllim işləyirdim, o, yayda gəlirdi, görüşürdük. Sonra tale elə gətirdi ki, Bakıya gələsi oldum və iş yerlərimiz də yanaşı oldu. “Yazıçı” nəşriyyatında redaktor idim, o da Əlyazmalar İnstitutunda elmi işçi. 18 il dayanmadan hər gün görüşdük, dostluğumuz daha da möhkəmləndi.
- Elçibəyə “Qəribə adam” şeirini yazmışdınız.
- Hə. Günlərin birində Xudu Məmmədov, mən, Elçibəy, bir də Yaşar Əliyev çay içirdik. Bəy danışandan sonra Xudu Məmmədov baxıb dedi ki, çox qəribə adamdır bu, çox. Həmin günün gecəsi yaranmışdı o şeir. 1984-cü ildə. Bu, onun haqqında ilk şeir idi.
- Şeirə reaksiyası necə oldu?
- Təvəzökar adam idi. Sabahı gün oxudum o şeiri, gözləri doldu. Dedi, məni çox böyütmüsən. Mən də dedim, tanıdığım adamı yazmışam.
- Elçibəy Kələkiyə gedəndə bir dost kimi siz harada idiniz?
- Elə onun yanında. Həmin günün sabahı yanına getdim və bizim söhbətlərimiz oldu. Orada mənə dedi, indi bildim ki, sənə təklif etdiyim vəzifələri qəbul etməməyin doğru addım idi. Yoxsa, o şeirləri, “Şaman duası”nı kim yazacaqdı? Üstəlik, sən ləyaqətli adamsan, vəzifədə olsan, orada da tutalım məni söysəydilər, sakit dura bilməyəcəkdin, nəsə edəcəkdin, tutacaqdılar səni.
- Nə vəzifəsidir o elə?
- Əbülfəz Elçibəy mənə mədəniyyət naziri olmağı təklif eləmişdi, amma istəmədim. Düşündüm, alınmayacaq, bacarmayacam, rahatlığım əlimdən gedəcək.
- Peşmansınız?
- Zərrə qədər də peşman deyiləm.
- Bəs indi bu təklif gəlsə necə?
- Mən bir az bu məsələlərdə azad adamam. Müəllim işləmişəm, başımın üstündə heç kim olmayıb. Redaktor olmuşam, yenə eyni qayda. Vəzifədə olsaydım, yazdıqlarımı yaza bilməyəcəkdim. Buna görə də həmişə çəkinmişəm.
- Sizin bir zamanki məşhurluğunuz elə idi ki, hətta deyirdilər, heykəl belə qoymaq istəyiblər. Doğrudur?
- Heykəl qoymaq məsələsini məni sevən adamlar demişdi, rəsmi deyildi. İstəyirdilər ki, belə bir şey olsun, mənə də müraciət eləmişdilər, razı olmamışdım. Bir söz deyim, Milli Azadlıq Hərəkatı başlamışdı. Onda çox məşhur idim, universitetlərdə tez-tez görüşlər olurdu, kitablarım yüksək tirajla çap olunub satılırdı. İlk dəfə olaraq 100 minlik tələbəni meydana mən aparmışam. İndi ola bilər ki, hərə bunu öz adına çıxartsın. Amma fakt var. Yadımdadır, Natəvanın heykəlinin yanında dedilər, qabağımızda siz gedin, biz sizin kitabları oxumuşuq, öyrənmişik. Sonradan gələn qəhrəmanların hərəsi öz adına çıxarda bilər ki, mən eləmişəm, amma elə deyil.
- Rüstəm bəy, AYB-yə, Anara münasibətiniz necədir?
- Bir neçə il əvvəl öz istəyimlə üzvlükdən çıxdım. Mən illərdir, oranın üzvü idim, amma heç nə görmədim.
- Nə gözləyirdiniz ki?
- Heç gözləmirdim də. Söz olaraq deyirəm. 40 il üzvü olmuşdum, amma elə bil, olmamışdım. Oradan bir manat belə əldə etməmişəm.
- Təklif etməyiblər, ya istəməmisiniz?
- Hər ikisi. Təklif də etməyiblər. Mən də düşündüm, olmamaq daha yaxşıdır. Onsuz da bir gözləntim yoxdur. Qalıb nə edəcəm? Sovet vaxtında da maşın, ev növbələri olurdu, adım orada da yox idi. Şuşaya getdilər, mənə onu da təklif etmədilər. Amma milli zəmində ən yaxşı şeirləri də mən yazmışam. Doğrudur, ehtiyacım yoxdur, amma ev verirlər, adım siyahıda yoxdur, mükafat yazılır, yenə yoxam. Anara şəxsən münasibətim yaxşıdır, onu böyük yazıçı hesab edirəm. Bütün hallarda Anarın bir yerə 30 il sədr olmasını isə dəstəkləmirəm.
- Rüstəm bəy, eşitdiyimə görə bir dəfə intihar da eləmisiniz, Şıx çimərliyində özünüzü dənizə atmışdınız. Nə olmuşdu ki?
- Hə, hansısa axmaq məni ölümdən xilas elədi (gülür). Doğrusu, mənim xüsusi səbəbim yox idi. Bir hal idi, ruh idi düşmüşdüm. Gəzən zaman etmişdim onu. Oyananda gördüm ki, başımın üstündə bir qız və oğlan dayanıb. Yəqin ki, şairlik halıdır. Heç bir dərdim yox idi. Psixoloji sarsıntı idi.
- “Bizim ədəbiyyatçılarımız ölkədə bir az tanınır, sonra ev, maşın, dəbdəbə -hər şey istəyirlər” - demişdiniz. Amma bunların hər biri də sizdə artıqlaması ilə var…
- Mənim haqqımda belə söhbətlər çox olub, amma hamısı elə düşmənlərim tərəfimdən deyilib. Bir də görürsən, deyirlər ki, Rüstəm Behrudi uşaq bağçası açıb, bir də görürsən, deyirlər, alverçidir. Alverçi olmaq ayıb deyil, pul qazanırsan. Amma etməmişəm axı. Mənə qardaşlarım köməklik edir, yazmağa yer veriblər. Amma nə görürlərsə, deyirlər, Rüstəmin özünündür. Belə söhbətlər mənasız söhbətlərdir. Kitablarımın tirajlarının çapından xəbəri var o adamların? “Salam, dar ağacı” üst-üstə yarım milyon çap edilib. O dövr kitablarım çox satılırdı və böyük pullar gəlirdi. O cümlədən digər kitablarım da. Dediyim kimi, qardaşlarım da dəstəkdir hər məsələdə. Bir şey deyim, mən bir avtoqrafımı min manata yazıram. Məsələn, “Qızıl alma” kitabımı 20 adam 2 min manata aldı. Hansı ki, o adamlar zəngindir və o ideyanın adamlarıdır.
- Bir neçə dəfə həbs də olunmusunuz…
- İdeoloji məsələlərə görə həbs olunmuşam. Ruslar Azərbaycana girəndə məni həbs etmişdilər. 90-cı il idi. Gecə ikinin yarısı qəzetdə işdən çıxmışdım, amma buraxılış vəsiqəm var idi. Şair adamam da, qarın axarına düşüb gedirdim. Arxamca da adamlar gəlirdi. Onu da xatırladım ki, Kəbirov adlı komendantın biri mənim adımı çəkmişdi ki, milli zəmində ədavət yaradıram guya. Düşünməmişdim ki, buna görə tutarlar. Həmin gecə arxamca gələn adamlar da agent imiş. Nəsə. Tutdular. Apardıqları yerdə başqa adamlar da var idi, onlar da komendant saatını pozmuşdular. Düşündüm, səhər buraxarlar. Amma elə olmadı. Hamını buraxdılar, mən qaldım. Sonra da maşınla apardılar. Bayıla, amma nədənsə, düşürtmədilər. Bir də ayıldım ki, Şüvələn həbsxanasındayam. 17 gün tək adamlıq kamerada saxlayandan sonra zona saldılar.
- Hansı maraqlı hadisə yadınızda qalıb ən çox?
- Orada keçən hər gün adama maraqlı gəlir indi. Bir çoxunu yazmışam da. Demək, bir dəfə rus əsgəri gəldi, apardı müstəntiqin yanına. Sual-cavab elədilər, gördüm, kitablarım da buradadır. “Danış, Əmir Teymur” adlı yazım var idi, o haqda danışdıq, dedi, mən tataram, sənə kömək edəcəm, amma sadəcə, döyülməməyin üçün. Buradan çıxarda bilmərəm. Çünki döyülüb öldürülənlər də var idi orda. Özü yemək verdi, sonra da bir blok “Kosmos” siqareti, “qavyadin” verdi xeyli, mən də gətirdim onları zona. Tökdüm stola ki, hamılıqla yeyək. Amma qəfil dayandılar. Dedilər, sən də ye, yemədim deyə, çəkindilər. Qəfildən “suka” sözünü eşitdim. Düşünüblər ki, mən ruslara işləyirəm, özüm onlarla yeyirəm, bunları da veriblər ki, gətirim. Həmin gün səhərədək oturdum ancaq. Düşündüm, gecə öldürə bilərlər. Saat bir olardı, qəfil qapı açıldı, bir nəfəri qan içində içəri atdılar. Bir az keçdi, ona yaxınlaşıb dedilər ki, burada hər söz danışma, “suka” var. Bir də görəm ki, həmin adam Firudun Abbasovdur. Bizim qəzetin rəssamı. O da məni görüb dedi, axmaqlar, bilirsiniz bu kimdir? Başladı məni təqdim etməyə. Həmin andan başladılar hörmət eləməyə, gördülər ki, düşündükləri adam deyiləm.
- Rüstəm bəy, sizcə, sizə niyə xalq şairi adı vermirlər? Sizi də tanıyırlar, oxuyurlar, sevirlər, yaşınız da buna dəlalət edir…
- Vallah, nə deyim? Mən xüsusi olaraq bu adın dalınca qaçmamışam. Demişdilər ki, təqdimatımı veriblər, amma qalanını bilmirəm. Bilirsiniz, xalq mənə deməmişdi ki, sən yaz, biz sənə ad verərik. Bu məsələlər bir az dərin, çətin məsələlərdir. Yəqin ki, verərlər. Verməsələr də eybi yox.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar