Xəbər lenti
Mərhum xalq artistinin çap olunmamış müsahibəsi: "Çoxlarına maraqlıdır ki..."
...Deyir, əqrəb bürcündə doğulan qadınlar belə həyat sürürlər: çətin, mübarizədolu. Onun kimi...
Xalq artisti Zərnigar Ağakişiyeva həyatla təkbaşına vuruşub. Yoxuşuna, sərt döngəsinə, arzuolunmaz sürprizlərinə tək-tənha qatlaşıb, yıxılıb, yenidən qalxmaqçün çarpışıb, tutunmağa bir səbəb tapıb... Güclənib...usanıb... Usanıb... yenidən güclənib...Bu, tənha qadının həyat düsturudu...
Manevr.az qaynarinfo-ya istinadən tanınmış jurnalist Səfurə Çərkəzqızının mərhum sənətkarla illər əvvəl aldığı və elektron mediada yayımlanmayan müsahibəsini təqdim edir...
"Mən öz bildiyimi elədim…”
Yenə onun üz-gözündə yorğunluq gördüm. Sıra usanmağıydı, deyəsən...
- Nə yaman yorğunsuz, Zərnigar xanım...
- Həə, yol gəlmişəm, ona görə. İstilər də ki adamı lap əldən salır. Br yandan da işlərim yaxşı getmir. Evimin yan-yörəsini su, zir-zibil basıb. Heç içərisi də yaxşı gündə deyil. Əməlli-başlı təmir lazımdı. Nə deyim axı, qayğılar o qədərdi ki! Hansını deyəsən? Ürəkaçan bir şey var ki? Belə-belə şeylər üst-üstə yığılır, əhvalın korlanır. Bir də görürsən, neçə ayın maaşını ala bilmirəm. Hamısı əsəblərə təsir eləyir.
- Yəqin, sizi ekrandan görənlər bu qədər qayğılı olduğunuzu ağlına da gətirmir...
(Gülür)
- Elə bir zəmanədə yaşayırıq ki, gərək, baş çıxara biləsən. Orta yaş dövrünü yaşayan bir qadınçün başını girləmək, problemlərlə üz-üzə gəlmək çox çətindi. Tək yaşayıram, özüm-özümü dolandırmalıyam. Belə şeylər qadını yorur. Qadın bununçün yaranmayıb. Çöl-bayır işi kişiyə yaraşır. Çölün də, evin də əziyyətini özün çəkəndə tükənirsən. Nə qədər olar axı? Nəyə görə qadın qazanc haqqında fikirləşməlidi? Düzgün başa düşün, suallarımda heç bir tələb-filan yoxdu. Hər kəsin taleyində öz günahı var. Əgər mən bu yolu seçməsəydim, müstəqil yaşamaq istəməsəydim, bu əzabı da çəkməzdim. Əksər qadınlar kimi problemlərimi başqasının çiyninə atardım. Amma mən bunu eləmədim, özümə arxalandım.
- Peşmansız?
- Peşmanam deyəndə... Bilirsiz, özümü günahlandırmağa da bir səbəb tapa bilmirəm. Görünür, bu mənim taleyimdi, payıma düşən bir qismətdi.
- Bu qismətdə kimlərinsə "günah”ı var?
- Yox! Hər bir kəs həyata öz istedadıyla gəlir. Hansı sahəyəsə meyilli olur. İncəsənətə, ədəbiyyata, riyaziyyata...Məsələn, mən əvvəl ticarəti oxumuşam. Amma bu sənət mənlik deyildi, ürəyimdən xəbər vermirdi. Uşaqlıqdan incəsənətə bağlanmışam, onun əsirinə çevrilmişəm. Bununçün doğulmuşam. Mənim əlimdən başqa bir iş gəlmirsə, neyləməliyəm, əlacım nədi?
- Sənətin sizə qazandırdıqları azdımı?
- Yox! Sənətdən qazandıqlarım olmasaydı, yəqin ki, yaşaya bilməzdim. Pərəstişkarlarımın sevgisini heç nəyə dəyişmərəm. Elə pərəstişkarlarım olub ki, maddi cəhətdən də köməyimə çatıblar, sağ olsunlar. Onlarsız Allah bilir, aqibətim necə olardı. Biri elə Əmir Pəhləvan. 17 ildi ki, dostuq. Həmişə məndən xəbər tutub, taleyimlə maraqlanıb. Qoymayıb ki, məhv olam, sənətdən çıxıb gedəm.
- Sənətdən getmək fikrinə də düşmüsüz?
- O qədər! Amma bacarmamışam. Mümkün deyil, geriyə yol yoxdu. Yaş da o yaş deyil. Sənətdəki mövqeyimə də yaraşmaz. Bir az cavan olsaydım, başqa. Qabaqda vaxt yoxdu. Belə fikirləşəndə görürəm ki, mənə qalan elə sənətimdi. Sənətdə ki...(köksünü ötürür) İşə gələndə biri mənə yaxınlaşır ki, niyə az-az görünürsüz? Müəllimlər, həkimlər, sistem işçiləri... Hamısı maraqlanır, soruşurlar ki, niyə televiziyaya çıxmırsız? Mən də onlara cavab verirəm ki, sponsor lazımdı. İndi hər şeyi pul həll eləyir. Çox vaxt aktyorları sponsorların özləri seçir. Deyir, mən filan qədər pul verirəm, amma bir şərtlə: gərək filan rola mən istədiyim aktyoru çəkəsiz. Nə bilim, bəlkə, nə vaxtsa biri də ortaya çıxıb dedi ki, Zərnigar xanımın xatirinə sponsorluq eləyirəm. (Bir az fikirləşir)
...Mən sənətdə canımı qoymuşam.
- Həm də rolları elə oynamısız ki, adam ha axtarsa da, bir "barmaq yeri” tapa bilmir.
- Nə bilim, vallah. Həm televiziya tamaşalarına çəkiləndə, həm də teatrda oynayanda bacardığımı əsirgəməmişəm. Xüsusən də, səhnədə. Yarım saatlıq tamaşanı ortalığa çıxarana qədər hər gün məşq eləyirsən, sağlamlığını, canını verirsən. Amma əvvəllər bəzi rollarımı bəyənmirdim, səsimdən acığım gəlirdi. İndi hərdən rollarıma tamaşaçı nəzəriylə baxıram. Rahatlanıram. Birdən də olur ki, hərəkətlərim yenə özümə qəribə gəlir.
- Deməli, hələ də yaratdığınız obrazlardan razı deyilsiz...
- Öz rollarıma "razıyam, ya razı deyiləm”-deyib baxmaq çətindi. Nəyə qadir olduğumu bilmirəm. Rolu oynayırsan, nəyin varsa, ortaya qoyursan.
- Götürək elə "Kökdən düşmüş piano”dakı qayınana obrazınızı. Məncə, o rolun ondan yuxarı yeri yoxdu.
(Bərkdən gülür)
- Mən o rola qeyri-ciddi baxmışam. Epizodik rol olduğu üçün.
- Bəs rolun böyüyü, kiçiyi olmur, deyirlər?
- Düzdü. Söz arxasında durmağa nə var ki? Baş rolla yadda qalmaq asandı. Amma epizodik rollar məharət tələb eləyir. O vaxt heç ağlıma gəlməzdi ki, camaat bu rolu belə sevəcək. Bunu mən Salyan qastrolunda hiss elədim. 1995-96-cı illərdə. Görürdüm ki, kolxozçu qadınlar sahəyə işləməyə gedirlər, bir-birilərinə öz aralarında söz atırlar. Biri o birinə deyir ki, baş əy köpək qızı, baş əy. Ya da biri mənə qəsdən eşitdirir: "Atoppanı bəyənmədin, bazara əyriplanla gedir”.
- Ya da ki "budu sənin yaşamağııın?!”
- Bax həmin yer yaradıcılıq fantaziyasıydı. O vaxt çox fikirləşdik ki, həmin qadın rolunu necə verək. Tamaşanın bədii rəhbəri Ramiz Mirzəyev təklif elədi ki, qoy varlı-hallı, qızıllı, brilyantlı bir qadın olsun. Məndə o dialoq alınmırdı. Görürdüm inandırıcı çıxmır. Çox düşünəndən sonra ağlıma bir fikir gəldi. Dedim ki, Ramiz, bəlkə, belə eləyək: qoy qadın gəlsin qızının evinə, vanna qəbul eləsin, qız gətirib qabağına "sup” qoysun. Axı cin atına minmək üçün bir səbəb olmalıdı, ya yox? Bax əvvəl o səbəbə gəlib çıxa bilmirdim. Ramiz dedi ki, sən camaatın qabağına, ekrana o görkəmdə çıxacaqsan-qrimsiz-filansız? Dedim, aktyor hər şeyi bacarmalıdı. Dedi, belə istəyirsənsə, mən razı. O "sup” məsələsini də özüm fikirləşmişdim. Operatordan xahiş elədim ki, mən üç dəfə qaşığı şoruldadacam, sən çalış onu iri planda çəkəsən. Qoy tamaşaçı bilsin ki, niyə özümdən çıxmışam.
"Təhminə”dəki ana roluna görəsə Rasim Ocaqova minnətdaram. O, məni dəvət elədi. O vaxt teatrdan çıxmışdım. Həmin filmlə xilas oldum, başımı qatdım. Sonra başqa filmlərə çəkildim. Elə o vaxtdan da kinostudiyada işə düzəldim...
- Qayıdaq "Təhminə”dəki ana rolunuza...
- Bilirəm, yaxşı alınıb. Bir nəfər Türkiyəyə getmişdi. Gəlib danışırdı ki, Türkiyədə camaat sizin rolunuza vurulub. Teatrda mən bu rolu emosional oynayırdım. Teatr belə tələb eləyirdi. Amma kinoda gərək bunları yığışdırasan. Yenə deyirəm, burda Rasim müəllimin əməyi əvəzsizdi. Biz bir-birimizi başa düşürdük. İşi əziyyətsiz görürdük. Heç yadımdan çıxmaz, Rasim müəllim həmişə deyirdi ki, elə bil işləmirəm, istirahət eləyirəm. Gərək rejissor istədiyini aktyordan ala bilsin. Mən həmişə buna çalışmışam. Burda ananın qayğıkeşliyini, balasından ötrü necə narahat olduğunu ortaya çıxarmalıydım.
- "İsti paltar götür, a yaramaz! Dayan, dalınca su atım...” Sonra da "cəhənnəmə get!”
(Gülür)
- Anadı da. Ananın qarğışı ürəkdən olmur. Ürəyi dözmür axı. Mən o qadını evyıxan, pis adam hesab eləmirəm. İstəyir ki, uşağı xoşbəxt olsun, onu yanlış yoldan çəkindirsin. Cavanlarsa yaşlıları başa düşmür. Bu sözü özümə də aid eləyirəm. Mən də öz bildiyimi eləmişəm, deyilənə qulaq asmamışam. Atam deyirdi ki, nə tapmısan o incəsənətdə? Ticarət texnikumunu oxumusan, get, ticarətlə məşğul ol. Dedim, yox. Çox sonralar atam mənimlə razılaşdı. Bu, o vaxtlarıydı ki, özümə görə adım-sanım varıydı. Atam da bunu eşidib-görürdü, istər-istəməz fərəhlənirdi.
- Gəlin bir az da ailə həyatınızdan danışaq...
- Ailə həyatım alınmayıb. Görünür, mənim xasiyyətimdən irəli gəlir. Ya da ki taledi, alın yazısıdı. Çoxlarına maraqlıdı ki, mən niyə tək qalıram. Qohum-qardaş çoxdu. Amma heç kimlə qalmaq istəmirəm. Sənətimə görə özümçün ayrıca mikrodünya yaratmışam. Əqrəb bürcündən olan qadınlar belə həyat seçir. Ya dul olurlar, ya ailə qurmurlar. Xoşbəxt ailə arzulayırlar, əgər bu yoxsa, hər şeydən imtina eləyirlər. Mən də onlardan biri... Amma hər şeydən yorulur adam...
Yorulur...
1998-ci il.
Səfurə Çərkəzqızı
"Sevdalılar”
REDAKSİYADAN: Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub.1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, 1974-cü ildən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul olunub.
Zərnigar Ağakişiyevanın teatr və kinoda yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.
Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb olub. 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdıb.
Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə də çəkilib. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara iştirak edib.
Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə "Şöhrət ordeni” ilə təltif edilib. Prezident təqaüdçüsü idi. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
Xalq artisti 8 fevral 2018-ci il tarixində evində ölmüş vəziyyətdə tapılıb. Məşhur aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkarlanıb.
FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib. 72 yaşında vəfat etmiş Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
Sənətkar Quba şəhər qəbiristanlığında valideynlərinin yanında dəfn olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar