Xəbər lenti
İlk dəfə Azərbaycanda - türk dünyasının bütün rənglərini əks etdirən maskotlar
Bura əsl nağıllar aləmidir. Və bu məkanda bütün türk xalqlarının nümayəndələri var. Azərbaycanlılar, türklər, özbəklər, qazaxlar, türkmənlər, uyğurlar, kabardin-balkarlar, altaylılar, yakutlar, qaqauzlar - 30-a qədər türk xalqın nümayəndəsi, hər biri də öz milli geyimində, öz fərqli obrazında - parlaq və cazibədar… “Bakı Abadlıq Xidməti”nin təşəbbüsü ilə yaranan “MascotVerse” layihəsinin yeni “Türk dünyası” kolleksiyasının saxlancında belə gözəl mənzərə var.
Manevr.az xəbər verir ki, 2023-cü ilin martında ilk milli obrazla fəaliyyətə başlayan "MascotVerse" qısa müddətdə müasir və parlaq personajların sayını xeyli artırıb. Yüzdən artıq yeni maskot yüzlərlə yeni ideya, yaradıcı proses və yüzlərlə insanın istedadı, zəhməti deməkdir. Bir maskotun araya-ərsəyə gəlməsi üçün təxminən 40-50 nəfər çalışmalı olur - rəssamlar, geyim dizaynerləri, texnoloqlar, tətbiqi sənət ustaları, modelyerlər, 3D dizaynerlər... Beləcə hər maskotun hazırlanmasına 3 aya qədər vaxt sərf olunur.
Layihə başlamazdan əvvəl təxminən bir il müddətində dünyanın müxtəlif ölkələrində - Böyük Britaniya, ABŞ, İspaniyadakı maskot mütəxəssislərilə yazışmalar aparılıb. Ta ki ən uyğun variant, ən sərfəli biznes razılaşması əldə olunana qədər.
“Bakı Abadlıq Xidməti”nin milli maskotlar yaratmaq ideyası bazara yox, milli konsepsiyaya yönəlmiş bir fikir idi. Uşaqlarımızı “Mikki Mauslar” və “Maşa i medved”lərlə deyil, öz şıq geyimli Cırtdanımız, Tıq-tıq xanımımızla böyütmək, ilk növbədə köhnə obrazları yeniləmək ideyasına xidmət edəcəkdi. "MascotVerse" də bu məqsədlə yaradıldı. Bu kreativ ideya özümüzə məxsus olsa da, istehsalat prosesinə ilkin olaraq xarici mütəxəssislər cəlb olundu. Hər bir maskot kağız üzərindəki, yaxud ekrandakı rəsm əsəri deyil, hərəkət edən, jestlərlə danışan, öz hiss və həyəcanını ifadə edə bilən “canlı” fiqurdur. Hər personaj fərdi qaydada hazırlanır. Heç birinin təkrarı yoxdur. Proses necə gedir? Əvvəl obrazlar kağız üzərində yaranır, sonra eskizlər 3D formatına keçirilir, daha sonra möhkəm karkaslar qurulur. Prosesdə ən yeni texnologiyalardan istifadə olunur. Hər mərhələdə əldə olunan nəticələr ekspert komandası tərəfindən qiymətləndirilir.
Maskotlar xüsusi dolablarda saxlanılır. Xüsusi hava rejimi tələb olunmasa da, təmiz və quru şərait vacibdir. Qış və yay ayları üçün ayrıca, sərbəst hərəkət imkanı verən komfortlu altlıqları var. Belə maskotları idarə etmək asan deyil, meydan tamaşası üçün personal ssenari əsasında məşqlər keçir. Maskotların üst-başı çirklənəndə kostyumları əllə təmizləyirlər, çünki Bakıda o böyüklükdə paltar dəstinin yerləşəcəyi təmizləmə aparatı yoxdur. Hər maskotun ölçüsünə uyğun iri çantası var. Bir yerə gedəndə çantalara yığıb iri maşınlarda aparırlar ki, əzilib korlanmasınlar.
Bizim milli folklordan tanıdığımız bütün personajların maskotları artıq hazırlanıb. Cırtdan, Tıq-Tıq xanım, “Həccə gedən” Tülkü, Məşədi İbad, Molla Nəsrəddin, Çoban və onun quzuları, daha kimlər, kimlər. Hər bir maskotun həm kişi, həm də qadın geyimi var. Və bu geyimlər üzərində xüsusi modelyerlər işləyir, hər naxış, hər muncuq hər xalqın milli geyim üslubunu birə-bir əks etdirir.
Bizim maskotlar muzey eksponatları deyil. Onlar ən müxtəlif kütləvi tədbirlərdə, bayramlarda, idman yarışları və konsertlərdə iştirak edirlər. Bu əlvan personajlar harada olsalar dərhal diqqət çəkir, əyləncənin əsas qəhrəmanına çevrilirlər.
Maskotlar, xüsusən də milli maskotlar Azərbaycan üçün tam bir yenilik, indiyəcən heç olmayan, sıfırdan başlayan bir layihədir. Və bu layihə nəinki baş tutub, artıq irəliləyir, artır, inkişaf edir. Bu işin bu günü də var, gələcəyi də. Böyük televiziya şouları, teatral əyləncələr, meydan tamaşaları, festivallar, sosial layihələr, interaktiv tədbirlər, qlobal brendlərlə kollaborasiyalar, beynəlxalq sərgilər, animasiya layihələri - perspektiv planlar maskotların bu kimi tədbirlərdə iştirakına hesablanacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar