Xəbər lenti
Laçın İşğal və Zəfər Muzeyi Kompleksi – Tural Vəlizadə yazır...
Bakı Dövlət Universitetinin doktorantı
tural.akif.velizade@gmail.com
Bu gün Avropada bir sıra işğal muzeyləri var. 1939-1945-ci illərdə alman faşizminin işğalı zamanı baş verən dramatik hadisələri və gündəlik həyatı özündə unikal təsvir edən Aarhus, Guernsey, Riqa, Vilnüs və s. işğal muzeyləri. Azərbaycanın otuzillik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz də vandalizmə məruz qalıb, tarixi- mədəni mirasımız yerlə-yeksan edilib. Dövlətimiz tərəfindən işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır. Qeyd etmək yerinə düşər ki, Laçında muzey işğaldan əvvəl də olub. Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Laçın Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması haqqında qərar 1979-cu ildə verilmişdir.
Muzeyin yerləşdiyi bina da tarixilik baxımından qiymətli idi. Bu bina 1924-cü ildə Laçın şəhərinin salındığı dövrdə Azərbaycan memarlığı üslubunda inşa edilmiş, fasadı rəngli şəbəkə üsulu ilə işlənmişdi. Binanın ikinci mərtəbəsində yerləşən muzey ekspozisiyasının sahəsi 360 kv.m., 9 zaldan ibarət idi. Bundan əlavə muzeyin həyətində 360 kv.m-lik sahədə də açıq səma altında ekspozisiya fəaliyyət göstərirdi. Burada Laçın rayonunun qədim daş plastikasını özündə əks etdirən sənət nümunələri nümayiş etdirilirdi. Ümumilikdə muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmış, yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya mövcud olmuşdur. 1992-ci ildə Ermənistan tərəfindən Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası tamamilə dağıdılaraq yerlə yeksan edilmiş, muzey eksponatları məhv və talan edilmişdir. Beş mindən çox qiymətli eksponat talan edilərək Ermənistan Respublikasına aparılmış və hazırda Laçın Tarix-Diyarşünaslıq Muzeyinin talan olunmuş eksponatları bir sıra ölkələrdə “erməni maddi mədəniyyət nümunələri kimi” nümayiş etdirilir.
Muzey öz fəaliyyətini Bakı şəhərində bərpa etmişdir. Muzey əsasən toplama işi ilə məşğul olur və indiyədək muzeyin fonduna mindən çox əşya daxil edilmişdir. Artıq işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il may ayının 28-də Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak etmişdir. Həmin mərasimdə bildirilmişdir ki, Laçın rayonunda qurulacaq kompleks İşğal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir. Ümumi sahəsi 3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhərinə, ətrafdakı dağlara gözəl mənzərə açılır. Kompleks əsas yol şəbəkəsinə və şəhərin mərkəzinə yaxın məsafədə yerləşir. Muzeyin binası əzəmətli və estetik gözəlliyi ilə fərqlənən memarlıq quruluşuna malikdir. Belə ki, binanın təpənin yamacına doğru uzanması sabitlik və dayanıqlılığı ifadə edir.
Rəmzi olaraq binanın quruluşu torpaqdan güc alaraq səmaya doğru yüksəlişi təcəssüm etdirir. Binanın qismən yerin alt hissəsinə keçən maili forması sayəsində muzeyin ümumi daxili sahəsi 2400 kvadratmetr təşkil edir. Muzeyin interyeri hər tərəfdən rahat giriş imkanı yaratmaq və ətrafdakı parkla inteqrasiyanı təmin etmək üçün xüsusi formada dizayn olunub. Ərazinin relyefi ilə ahəng yaradan tikilinin dam hissəsində həm binanın daxilindən lift vasitəsilə, həm də Memorial Parkdan keçid imkanı olan iki panoramlı terras yerləşəcək. Beş mərtəbədən ibarət olacaq muzeyin birinci mərtəbəsində bilet satış mərkəzinin yerləşdiyi geniş foyenin və inzibati otaqların yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə İşğal Muzeyi, üçüncü mərtəbədə kafe, dördüncü mərtəbədə isə Zəfər Muzeyi yaradılacaq. Sonuncu – beşinci mərtəbədə istirahət zalı və kitab mağazasından ibarət olan və yuxarı hissədən binaya girişi təmin edən foye yerləşəcək. İşğal və Zəfər muzeylərinin yerləşdiyi mərtəbələrdə muzeylərin tematikasını əks etdirən bədii instalyasiyalar nümayiş olunacaq, zallarda isə müxtəlif məzmunlu sərgilər təşkil ediləcək. Kompleksin ərazisində şəhərin dağıdılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park salınacaq. Memorial Parka daxil olan dağıntılar bədii instalyasiyalarla zənginləşdirilərək açıq səma altında muzeyə çevriləcək. Biz tariximizin bu qanlı və şanlı mərhələsini gələcək nəsillərə ötürməliyik. Şəhərin mərkəzində dağıntıların qoruq kimi saxlanılması gələcək nəsillərin bu dağıntını görüb onunla “danışa” bilməsinə rəvac verəcək. İnanırıq ki, Laçın muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar