Xəbər lenti
Öz zəhmətinin bəhrəsilə ucalan sənətkar
Ağalar İdrisoğlu: “Vicdansız, ləyaqətsiz, simasız, yaltaq,məddah adamlardan geri baxmadan uzaqlaşın”
Azərbaycan ədəbiyyatında, teatr sənətində, jurnalistikasında əvəzsiz xidmətləri olan yazıçı, rejissor, jurnalist, publisist Ağalar İdrisoğlunun mart ayının 16-da 74 yaşı tamam olur. Əlli ildən çox jurnalistika, ədəbiyyat və teatr sahəsində çalışan sənətkar hər üç sahədə inanılmaz dərəcədə çox işlər görüb. Belə ki, aktyor kimi bir-birindən maraqlı 40 rol oynayıb, 140 tamaşaya maraqlı quruluşlar verib. Jurnalist kimi 1500-dən çox məqalə, publisist yazılar, portret cizgiləri, oçerklər, resenziyalar yazıb, 150-dən çox hekayə, 7 roman, 12 povest, 16 pyes, iyirmidən artıq ssenari yazıb. Dünya dramaturqlarının 10 pyesini dilimizə çevirib. Bu xidmətlərinə görə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. Qızıl Dərviş və Osman Mirzəyev adına mükafatlar alıb. 1985-ci ildə SSRİ-nin 48 daramaturqu arasında onun ”İnan mənə” pyesi ən yüksək mükafata layiq görülüb. “Məhəbbət və başqaları” SSRİ dramaturqlarının pyeslərinin antalogiyasına daxil edilib və Moskvada “İskusstvo” nəşəriyyatında rus dilində çap olunub.
Ağalar İdrisoğlu bu gün də ədəbiyyat, teatr, jurnalstika sahəsində böyük maraqla, gənclik həvəsilə işləyir. Ad günü ərəfəsində biz onunla həmsöhbət olduq.
-Ağalar müəllim, ilk olaraq özünüz haqda oxucularımıza qısa məlumat verməyinizi xahiş edirəm.
-Lap uşaqlıq illərimdən keşməkeşli günlər yaşamışam. Çox kasıb bir ailədə doğulmuşam. Hətta 10 yaşımdan işləməyə başlayıb, evə maddi kömək etmişəm. Həyatda çox şeyə heç bir arxa-dayaqsız, məhz özüm nail olmuşam. Bu haqda müsahibələrimdə demişəm, bədii əsərlərimdə ətraflı yazmışam. Hətta bununla bağlı “Özünü dəyiş” adlı fəlsəfi bir yazım da var. Bu yazını yüz minlərlə insan oxuyub. Yəni mənim ömür və yaradıcılıq yolumla oxucular yaxşı tanışdır.
-Teatra marağınız necə yaranıb? Teatr sizin üçün nə deməkdir?
-Teatra marağım lap uşaq yaşlarımdan, yeniyetməlik illərimdən yaranıb. Masallıda dostum Şakir Həsənov və Adil Səfərovun yaratdıqları Miniatür teatrında kiçik rollar oynamışam. Amma aktyor yox, rejissor olmaq istəmişəm. Hətta orta məktəbdə oxuduğum vaxt məktəbdə və sonra17 yaşımda dispetçer işlədiyim Maşın Traktor Stansiyasında dostum, həm də qudam, artıq dünyasını dəyişmiş Nadir Adıgözəlovla Dram dərnəyi yaradıb, kiçik səhnəciklər hazırlamışam. Sonra sənədlərimi Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib, ora qəbul olmuşam. SSRİ Xalq artisti Mehdi Məmmədovun sinfində təhsil almışam. O vaxt bizim kurs eksperimental idi. Rejissorlarla bir yerdə oxuyurduq. İnstitutda təhsil aldığım vaxt Bakı ədəbiyyat və incəsənət işçilərinin Mədəniyyət evində Dram dərnəyi yaratmışam. Ali məktəbi bitirəndən sonra, Sumqayıt Dövlət Dram Teatrında aktyor işlədiyim vaxt, yəni 1977-ci ildə Sumqayıtın tarixində ilk dəfə olaraq “Ümid” adlı Teatr-Studiya yaratmışam. Maraqlıdır ki, ilk tamaşa da Cəlil Məmmədquluzadənin “Kamança” faciəsi olub. Bu tamaşanın da ilk premyerası 1977-ci ilin mart ayının 16-da olub. Elə bil bu tamaşanı öz ad günümə hədiyyə eləmişəm. 1979-cu ildə bu Teatr-Studiya Mədəniyyət naziri, çox böyük ziyalı Zakir Bağırovun əmri ilə XalqTeatrı olub və Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Xalq Teatrı kimi Sumqayıt və respublika üçün çox işlər görüb. Bir vaxtlar orada-Teatr-Studiyada təhsil alanlardan bu gün teatr və incəsənətin başqa növlərində, eləcə də digər sənət sahələrində xeyli çalışan var. Belə ki, 300-dən çox insan həmin Teatr-Studiyanın və GənclərTeatrının “şinelindən” çıxıb. On il bu kollektivə rəhbərlik etmişəm. Sonra da on alti il Ağdam Dövlət DramTeatrına, Sumqayıt Dövlət Musiqili-Dram Teatrına və Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr truppasına rəhbərlik eləmişəm. Həmin vaxt Sumqayıt Dövlət Dram Teatrında da tamaşalara quruluş vermişəm. Ona görə də 1981-ci ildə qəti qərara gəldim ki, Moskvadakı A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutnun rejissorluq fakültəsinə daxil olum. O zaman həmin ali məktəb ən əlçatmaz təhsil ocağı idi. Orada çoxlu xarici ölklərdən də tələbələr oxuyurdu. Yəni Beynəlxalq səviyyəli ali teatr məktəb idi. Mənim sənət müəllimim isə bu gün Rusiyada və dünyada tanınan Aleksandr Aleksandroviç Barmak idi. O, məşhur rejissor, pedaqoq, Konstantin Sergeyeviç Stanislavskinin və Vladimr Nemiroviç Dançenkonun tələbəsi Mariya Osipovna Knebelin tələbəsi idi. Mariya Osipovna da həmin vaxt dərslərimizə gəlib, bizə həm rejissura və həm də həyati məsələlərdən maraqlı tövsiyələr verirdi.
Sovetlərin dövründə mənə qədər buranın rejissorluq fakültəsini cəmi doqquz azərbaycanlı bitirmişdi. Mən onuncu oldum. 1986-cı ildə bu ali məktəbi bitirdim. Məndən sonra daha heç bir azərbaycanlı adı çəkilən instituta daxil olmayıb. Bax, buna çox heyifsilənirəm. Çünki, heç olmasa məndən sonra 7-8 nəfər orada təhsil alsaydı, bu gün rejissura sahəsində mövcud problemlərimiz olmazdı...
- Sevib-seçdiyiniz sənətə can qoymuş bir şəxs kimi, Əməkdar İncəsənət Xadimi olaraq Azərbaycanda teatrın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
-Öncə vurğuladığım kimi, Teatra peşəkar rejissorlar çox gərəkdir. Danılmazdır ki, Teatrın güzgüsü rejissordur. Aktyorluq Allah vergisidirsə, rejissorluq sənətdir. Bu sahədə hökmən ali təhsil almaq lazımdır. Bunu təkcə mən yox, ustad sənətkarlar da deyib. Bu gün məmləkətimizdə həm teatr və həm də kino sahəmizdə peşəkar rejissorlara böyük ehtiyac var. Yeni Mədəniyyət nazirimiz cənab Adil Kərimli bu sahəyə çox ciddi fikir verməklə istedadlı gənclərimizi dünyanın tanınmış ali məktəblərində rejissorluq təhsili almağa göndərərsə, inanıram ki, teatr, kino sahəmiz tezliklə yüksək səviyyədə inkişaf edəcək.
-Gələcəkdə Azərbaycan teatrını, aktyorunu hansı mövqedə görmək istəyirsiniz? Teatr sənətinə dair arzularınız nələrdir?
- Aktyor sənəti çox dərin sahədir. Bu sahədə ilk öncə fitri istedad vacibdir. Aktyor yüksək savada, geniş dünya görüşünə, yaxşı müşahidə qabiliyyətinə malik böyük filosof kimi bütün elmlərdən xəbərdar olmalıdır. Ən əsası isə əsl şəxsiyyət olmalıdır. Təsəvvür edin ki, Antik Teatr dövründə ölkənin hökmdarları aktyorları başqa ölklərə diplomat vəzifəsinə göndərirdilər. Arzum budur ki,teatrlarımızda əsl peşəkarlar çalışsın, bir-birindən maraqlı tamaşalarla izləyiciləri heyran etsinlər.
-Teatr aləminə gəlmək istəyən gənclərimizə nə məsləhət verərdiniz?
-Bu sənətə gələn şəxs öncə peşəsini hədsiz sevməlidir. O insan ki, məqsədyönlü şəkildə, yəni pul, ad-san, şöhrət xatirinə bu sahəni seçirsə, heç bir uğur əldə edə bilməz. Məsləhət görərdim ki, gənclərimiz öz üzərlərində yorulmaq bilmədən, ciddi çalışaraq sənətin sirrlərinə dərindən bələd olsunlar. Çünki teatr sənəti çox dərin bir sahədir. Bu sənəti öyrənməyə bir ömür bəs eləmir.
-Həm ədəbiyyat, jurnalistika, həm də rejissoruluq sahəsində özünüzü yaxşı ifadə edirsiniz. Bunlardan hansı sizə daha doğmadır?
- Açığı, bu üç sahənin hər birini sevirəm və hər biri ilə məşğul olarkən özümü dənizdə balıq kimi hiss edirəm. Düzdür, vaxt sarıdan çox çətinlik çəkirəm. Yəni həmişə zamandan gileyliyəm. Çünki görüləsi, yazası hələ çox işim var. Quruluş vermək istədiyim xeyli əsər var.
-Yaradıcılığınızın qayəsini vətənpərvərlik mövzusu təşkil edir. Bu barədə nə deyərdiniz?
-Hər bir sənətkarın mənəvi borcudur ki, Vətəni haqqında əsər qələmə alsın və gələcək nəsillər üçün saxlasın. Axı məmləkətin tarixini gələcək nəsillər bədii, sənədli yazılar vasitəsilə daha yaxşı öyrənir. Mən vətənpərvərlik mövzusunda xeyli məqalə yazmışam. Bu haqda bir neçə hekayəm və povestlərim də çap olunub. Hazırda iki pyes üzərində işləyirəm. Dostum, istedadlı yazıçı-jurnalist, “Təzadlar” qəzetinin, saytının və onlayn televiziyasının rəhbəri Asif Mərzili çox maraqlı “Sonuncu əmr” adlı romanını yazıb. Bu, Qarabağ müharibəsində qazandığımız qələbəmizə həsr olunan ilk ən böyük və sanballı bədii əsərdir. Romanı oxuyandan sonra belə qərara gəldim ki, onun motivləri əsasında müəlliflə birgə pyes hazırlayaq və səhnələşdirək. Hazırda bu iş üzərində ciddi çalışırıq. İnanıram ki,çox maraqlı bir tamaşa alınacaq.
-Ağalar müəllim, məhsuldar çalışırısınız. Çap olunmuş iyirmi kitabın, saysız-hesabsız məqalənin, hekayənin, essenin, elegiyanın, panfletin müəllifisiniz, çoxsaylı tamaşanın quruluşçu rejissorusunuz. Bütün bunların öhdəsindən necə gəlirsiniz?
-Mən gün ərzində vaxtımı dəqiq bölürəm. Çalışıram ki, hər üç sahədə bacardığımı eləyim. Axı mən daxilimdə iki insanı yaşadıram. 1940-cı ildə anadan olan və 1944-cü ildə, atam müharibədə olduğu vaxt anamın qucağında acından ölən Ağa adlı qardaşımı və özümü. Maraqlıdır ki, o, 1940-cı ilin mart ayının15-də anadan olmuşdu. 1950-ci ilin mart ayının 16-da isə mən anadan olanda onun şərəfinə mənə Ağalar adı qoyulub. Ailəmiz haqqında mənim üç hekayəm var: “Anamın nağılı”, “Qardaşım” və ” İki qardaşın söhbəti”. Bir povest üzərində də işləyirəm. Bəli, çox çalışıram və sözsüz ki, işlərimin nəticəsini oxucularım və tamaşaçılar düzgün dəyərləndirirlər.
-Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
-Planlarım çoxdur. Artıq 75 yaşıma qədəm qoyuram. Maliyyə imkanım olmadığına görə çap olunmayan on kitabım var. Amma bir neçə kitabım var ki, onları bu il Allahın köməkliyilə çap etməyi nəzərdə tutmuşam. Bir neçə özümün və başqa dramaturqların pyesləri var ki, onlara quruluşçu rejissor işlədiyim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və digər teatrlarda səhnə həyatı vermək istəyirəm. Təki sağlıq olsun!
- Sonda oxucularımıza ürək sözləriniz...
-Qürur duyuram ki, Qalib bir məmləkətin övladlarıyıq. Bundan böyük sevinc ola bilməz. Şəhidlərimiz bizim and yerimizdir. Qazilərimizə müqəddəs insanlar kimi baxmalıyıq.
Sonda fikrimi bu deyimlə bitirmək istəyirəm: “Çalışın ki, həyatda ləyaqətli adamlarla daha çox ünsiyyətdə olasınız. Onlarla mübarizə aparmaq da yaxşıdır. Nəinki alçaq, nakəs adamlarla. Çünki nakəslər, əbləhlər bu gün öz işləri xatirinə sizə təslim olsalar da bilin ki, sabah hökmən sizə bir pislik eləmək üçün məqam axtaracaqlar. Belə adamları heç vaxt yaxınınıza buraxmayın. Onlara heç vaxt sirr verməyin. Vicdansız, ləyaqətsiz, simasız, yaltaq, məddah adamlardan geri baxmadan uzaqlaşın. Bilin ki, onlar yeri gəlsə,Vətəni də, analarını da sata bilərlər”.
-Sizə gələcək həyatınızda və yaradıcılıq fəaliyyətinizdə uğurlar arzu edirəm!
İlhamə MƏHƏMMƏDQIZI,
Azərbaycan Yazıçılar Birliyinin və
Jurnalistlər Birliyinin üzvü.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar