Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Hərə bir yolla oxucunu aldatmağa çalışır"

Tarix: 15-10-2017 00:04     Baxış: 5695 A- / A+
Seymur Verdizadə: “Təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən internet resurslarının təhlükəsizliyi yüksək səviyyədə deyil”

"Hərə bir yolla oxucunu aldatmağa çalışır"


Son illər Azərbaycanda İKT-nin inkifaş etdirilməsi, müasir texnologiyanın müxtəlif sahələrdə tətbiqi yönündə kifayət qədər iş görülüb. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət ortadadır. Medianın da elektronlaşması, müasir texnologiyaya inteqrasiya etməsi yönündə də xeyli irəliləyiş var. Həm dövlətin dəstəyi, həm də media qurumlarının təşəbbüsü ilə ölkədə elektron medianın inkişafı mühüm mərhələdədir.

"Reytinq”qəzeti Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadəilə müsahibəni məhz elektron media və sosial şəbəkələr, yeni texnologiyanın bu sahəyə tətbiqi ətrafında qurub. Manevr.az müsahibəni təqdim edir:

- Seymur bəy, uzun illərdir mətbuatda çalışırsınız. Qəzetlərdən başlayaraq, elektron mediaya kimi uzun bir yol keçmisiniz. Elektron mediaya keçid dövrünü necə qiymətləndirirsiniz?

- Müasir Azərbaycan mətbuatı zəngin ənənələr üzərində bərqərar olub. Mətbuat tariximiz zəngindir, onunla fəxr etməyə, qürur hissi keçirməyə haqqımız var. Öz fəaliyyətində ideoloji prinsipləri əsas götürməsinə rəğmən, sovet mətbuatı belə bu şanlı tarixə kölgə salmır. Sovet dövründən bizə tələbkar oxucu auditoriyası miras qalmışdı. Sovet oxucusu savadlı idi, ağı qaradan ayırmağı bacarırdı.

Buna görə də jurnalist daim öz üzərində işləmək məcburiyyətində idi. Başı-ayağı bilinməyən cümlələri sovet oxucusuna sırımaq mümkün deyildi. Təəssüf ki, həyatın qanunlarına uyğun olaraq, həmin insanların bir çoxu indi aramızda deyil.

Müstəqillik dövrünün mətbuatı özünün peşəkar oxucu auditoriyasını formalaşdıra bilmədi. Bu gün oxumaq deyəndə, insanların ağlına kitabdan, qəzetdən əvvəl mikrofon gəlir. Ölkədə mütaliə edən insanların sayı sürətlə azalmaqdadır.

İnternet mətbuatı belə çətin və mürəkkəb dövrdə ortaya çıxdı. Əsas problem odur ki, oxumaq həvəsində olan insanların çoxunun, - hansı ki, onlar yaşlı təbəqəni təmsil edirlər - kompüterdə işləmək vərdişləri yoxdur. Başqa bir problem isə odur ki, internet mətbuatının yaranması ilə qeyri-peşəkarların mətbuata axını başladı. Hazırda sayt yaratmaq üçün heç bir xüsusi istedad və bacarıq tələb olunmur. Bu, o qədər sadə prosesdir ki, ali təhsili olmayan traktorçu da özü üçün xəbər portalı yaradıb. İndi bir adam asanlıqla üç-dörd sayt idarə edə bilir. Bəzən küçədə yanımızdan ötüb keçən adamların cibində üç-dörd sayt "gəzdirdiyindən" xəbərimiz olmur.

- Elekrton mediadaki əsas problemlər nədir?

- Təəssüf ki, çap mətbuatında özünə yer tapa bilməyən qeyri-peşəkarlar elektron mediaya doluşublar. Bu gün Azərbaycanda jurnalistlərin sayından çox xəbər portalı var. Həmin portalların əksəriyyəti qeyri-peşəkarlar tərəfindən idarə olunduğu üçün jurnalistikanın bütün prinsipləri kobud şəkildə pozulur.

Peşəkarlıq operativliyə qurban verilir. Janrlar bir-birinə qarışdırılır, hədə, böhtan, şantaj gündəlik iş prinsipinə çevrilir. Nəticədə söz qiymətdən düşür, ciddi mətbuatın sərhədləri daralır.

Rəqibi üstələmək, İP yığmaq arzusu bəzi elektron kütləvi informasiya vasitələrinin rəhbərlərini ucuz metodlara əl atmaq məcburiyyətində qoyur. Səvizyyəsiz, düşük başlıqlar oxucunu mətbuatdan iyrəndirir. Hərə bir yolla oxucunu aldatmağa çalışır. Peşəkar oxucu "tələ"yə düşməməli, ağla qaranı bir-birindən ayırmağı bacarmalıdır.

- Elektron mediadan istifadə etmək üçün internet imkanları, texniki baza yüksək olmalıdır. Hazırda medianın bu sarıdan vəziyyətini necə qiymətləndirirsiniz? Redaksiyaların texniki imkanlarını qənaətbəxş saymaq olarmı?

- Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. Hazırda Facebook və İnstaqram kimi populyar sosial şəbəkələrin hər birinin ölkəmizdə təxminən 1 milyon 200 min üzvü var. Amma müşahidələrim onu deməyə əsas verir ki, internet istifadəçilərinin heç də hamısı bu imkandan təyinatı üzrə istifadə edə bilmir. Xüsusilə gənc nəsil internetə əyləncə vasitəsi kimi baxır. İnternet, xüsusilə sosial şəbəkələr gənclər üçün enerji qəbiristanlığına çevrilib. Yəni, cəmiyyət hələ də texnoloji üstünlüklərdən tam olaraq faydala bilmir.

İnternet mətbuatının maddi-texniki bazasına gəlincə, burda ümumiləşdirmə aparmaq mümkün deyil. Aparıcı informasiya agentlikləri, ciddi saytlar kifayət qədər sanballı maddi-texniki bazaya malikdirlər. Və bunun sayəsində operativliyi təmin edirlər. Amma bir problem bütövlükdə Azərbaycanın elektron kütləvi informasiya vasitələri üçün xarakterikdir: təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən internet resurslarının təhlükəsizliyi yüksək səviyyədə təmin olunmayıb. Elə saytlar var ki, kiçik bir haker hücumu ilə onun fəaliyyətini dayandırmaq, arxivini sıradan çıxarmaq mümkündür. Mövcud internet resurslarımız mütləq özlərinin təhlükəsizliyinin qeydinə qalmalıdırlar. Buna paralel olaraq, saytların təkmilləşməsi davam etməlidir.

Mən elektron KİV-lərlə sıx əməkdaşlıq edirəm. Bəzən hansısa saytda yayılmış müsahibəmi özümün facebook səhifəmdə paylaşmaq istəyirəm. Əməliyyat başa çatanda görürəm ki, səhifədən mənim yerimə əfsanəvi futbolçu Maradona boylanır. Bütün bunlar texniki çatışmazlıqlardır və tezliklə aradan qaldırılmalıdır.

- Sosial şəbəkələrdə ən aktiv jurnalistlərdənsiniz. Media ilə sosial şəbəkə sanki ekiz qardaş kimi olublar. Bu, yaxşıdır, yoxsa pıs?

- Sosial şəbəkələr ölkədə vətəndaş jurnalistikasının inkişafını stimullaşdırır. Sosial şəbəkələr cəmiyyəti hərəkətə gətirən, dinamikliyi təmin edən əsas faktorlardan biridir. Amma sosial şəbəkə iştirakçısı peşəkar jurnalist deyil. O, ən yaxşı halda vətəndaş jurnalistikasının fəal təmsilçisi sayıla bilər. Peşəkar jurnalistlə sosial şəbəkə iştirakçısı arasında sərhədləri qorumaq lazımdır.

Peşəkar jurnalist çalışdığı redaksiya qarşısında konkret məsuliyyət daşıyır. O, yazdığı faktların dəqiq olmasının qeydinə qalmalıdır.

Amma sosial şəbəkə iştirakçısının, bir az da səxavətli davransaq, vətəndaş jurnalistikası təmsilçisinin belə öhdəliyi yoxdur.

- Amma ölkəmizdə sosial şəbəkələrdə fəallıq edənlər peşəkar jurnalistlərdən daha çox tanınırlar…

- Jurnalistin populyar olmaq kimi bir öhdəliyi yoxdur. Jurnalistika elə sahədir ki, burda şöhrət sərvət gətirmir. Jurnalist yalnız peşəkarlığı sayəsində çoxlu pul qazana bilər. Sosial şəbəkələrin qazandırdığı populyarlıq sabun köpüyü effektindən o yana keçmir.

Facebookda paylaşdığım bir şəkil 200 "like" toplayır. Guya mənim şəklimi 2 min adam like etsə, qazancım artacaq? Mənə 2 min "like" deyil, 20 min oxucu lazımdır. Mən ancaq oxucu auditoriyamı genişləndirməklə aldığım qonorarın məbləğini artırmağa nail ola bilərəm.

- Amma bu gun sosial şəbəkələr informasiya mənbəyi kimi çıxış edir. Niyə facebook ölkə saytlarından daha öndədir? İnformasiya mənbəyi baxımından deyirəm...

- Jurnalistlərin facebooka informasiya mənbəyi kimi müraciət etməsində qeyri-adi heç nə yoxdur. Amma peşəkar jurnalist facebookdan götürdüyü informasiyanı "süzgəcdən" keçirməlidir.

- Mən sıravi oxucuları nəzərdə tuturam…

- Azərbaycanda gündəlik girişi 100 min civarında olan bir neçə elektron informasiya resursu var. Xəbər portallarının sayı çoxdur və onların bir qismi geniş auditoriyaya malikdir. Yəni, heç də hamı dünyanın gündəmini sosial şəbəkələr vasitəsilə təqib etmir. Sosial şəbəkələr xəbər məkanından çox əyləncə məkanına bənzəyir.

Ciddi oxucular xəbərləri ciddi saytlardan oxumağa üstünlük verirlər. Aparıcı saytlarımızın ziyarətçi sayının çoxluğu da mənim dediklərimi təsdiq edir.

- Amma ziyarətçisi çox olan saytlarda ən çox oxunan yazılar şou xarakterli olanlardır. Elə deyilmi?

- Bu, saytların problemi deyil. Üstəlik, bu problem təkcə Azərbaycan üçün xarakterik deyil. Avropada da, Amerikada da şou xəbərlərinə maraq böyükdür. Avropada müğənnilər nazirlərdən daha populyardır. Maykl Cekson əksər Avropa ölkələrinin prezidentlərindən, baş nazirlərindən daha populyar idi. Bu problem mütəxəssisləri uzun illərdir məşğul edir. Hələ 25 il əvvəl Türkiyənin nüfuzlu qəzetləri özlərinin birinci səhifəsində Hülya Avşarın çimərlik geyimində olan şəklini çap edirdilər. Qəzetə baxanda görürdün ki, nazirlər, deputatlar Hülya xanımın "ayaqları altında qalıb". Oxucuların hamısı yüksək intellekt daşıyıcıları deyil. Amma KİV-lərin reytinqini həmin təbəqə müəyyən edir. Reallıq odur ki, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda KİV-lər cəmiyyəti öz arxasınca apara bilmir. Cəmiyyət KİV-ləri öz arxasınca sürüyür. Yeganə çıxış yolu cəmiyyətin intellektual imkanlarını artırmaqdır.

- Necə hesab edirsiniz, yeni olduğu üçün Jurnalistika fakültəsində elektron media ilə bağlı daha detallı tədris lazımdırmı?

- Elektron media jurnalistdən çeviklik tələb edir. Heç bir sayt operativlikdə rəqibinə uduzmaq istəmir. 20 il əvvəl jurnalist iştirak etdiyi tədbir haqda 3 gün sonra informasiya yazırdı. Amma indi çevik jurnalist hələ tədbir başa çatmamış ən azı 3 xəbər yazır. Bu baxımdan Jurnalistika fakültələrində tələbələrə operativ işləmək vərdişləri formalşdırılmalıdır.

O da mümkündür ki, jurnalist redaksiyada işə başlayandan sonra bu vərdişlərə yiyələnsin. Vacib olan yazmağı bacarmaqdır. Jurnalistika fakültəsində təhsil alan tələbələrə yazmağı, həm də yaxşı və doğru yazmağı öyrətmək lazımdır.

- Elektron media ilə bağlı qanunvericilik bazası qənaətbəxşdirmi? Boşluqlar nədən ibarətdir?

- Hazırda bu sahədə əlahiddə bir qanun yoxdur. Bu sahənin fəaliyyəti "KİV haqqında” qanunla tənzimlənir. Üstəlik, bəzi qanunlara əlavə və dəyişikliklər edilməklə hüquqi baza yaradılır. Qanunların təkmilləşdirilməsi hər il davam edir. Bu prosesin başa çatdığını söyləmək doğru olmazdı. Proses 2013-cü ildən başlayıb. Amma jurnalist öz fəaliyyətini yalnız qanunlarla tənzimləməməlidir. Jurnalistlər üçün əsas olan "Jurnalistlərin Peşə Davranışı Qaydaları" Kodeksidir. Bu kodeksi bilməyən jurnalist bütün qanunları əzbər bilsə belə, yenə öz fəaliyyətini peşəkarlıq prinsipləri üzərində qura bilməz.

Ona görə də, əziyyət çəkib çoxsaylı məcəllələri əzbərləmək əvəzinə, yalnız 4 prinsipdən ibarət olan 3 vərəqlik Kodeksi öyrənmək daha məqbuldur. Hesab edirəm ki, internet xəbər istehsalçıları ən azı Peşə Kodeksinin prinsiplərini bilməli və buna əməl etməlidirlər. Peşə Kodeksinə əməl etmək həm çap mediasında, həm elektron mediada, həm də internet media sahəsində fəaliyyət göstərənlər üçün vacibdir.

- Bəs sosial şəbəkələr necə?

- Eyni prinsip bütün xəbər istehsalçıları üçün keçərlidir. Yəni, yuxarıda qeyd etdiklərim sosial şəbəkə istifadəçilərinə də aiddir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar