Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Kəlbəcərin azad olacağına inanıram, ümidlərlə yaşayıram" -Nəsib Nəbioğlu- MÜSAHİBƏ

Tarix: 01-04-2017 14:43     Baxış: 31 552 A- / A+
"Kəlbəcərin azad olacağına inanıram, ümidlərlə yaşayıram"

Aprelin 2-də Kəlbəcərin yağı düşmən tərəfindən işğal edilməsindən 24 il keçir. Bu ərəfədə əslən Kəlbəcərdən olan dəyərli ziyalımız Nəsib Nəbioğluna bir neçə sualla müraciət etdik. Beləliklə, Moskvada yaşayan şair, Azərbaycan Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin katibi, Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı Nəsib Nəbioğlunun müsahibəsini Manevr.az oxucularına təqdim edir:


- Nəsib müəllim, 2 aprel 1993- cü il. Bu günü necə xatırlayırsız?

- 2 aprel 1993- cü il mənim həyatımda ən ağır günlərdən biridir. Həmin günləri ürək ağrısıyla xatırlayıram. Qarabağ münaqişəsi başlayandan Kəlbəcərlə həmişə əlaqə saxlamışam, rayon rəhbərliyi ilə, Azərbaycandakı qohumlarımla, yaxınlarımla, dostlarımla mütamadi əlaqə saxlayırdım. Düzünü deyim, Kəlbəcərin işğalını heç ağlıma da gətirməzdim. Həm də o vaxtı hakimiyyət nümayəndələri bizi inandırırdılar ki, Kəlbəcərə hücum olmayacaq, başımızın altına yastıq qoyurdular. Ermənistanın o vaxtkı, rəhbərliyiylə güya bu haqda danışılmışdır. Hətta, Ermənistanın prezidenti Ter-Petrosyan işğaldan sonra Kəlbəcərdən erməni hərbi birləşmələrinin çıxarılmasına razılaşmışdır. Amma faciə baş verdi, Kəlbəcər tamamiylə işğal olundu və bu gündə işğal altında qalmaqdadır.

"Kəlbəcərin azad olacağına inanıram, ümidlərlə yaşayıram"

Aprelin 2-də Rusiya telekanallarında artıq Kəlbəcərin ermənilər tərəfindən işğal olduğunu göstərirdilər. Həm də canfəşanlıqla. Mən həmin günün səhəri Gəncəyə uçuş olmadığından uşaqlarımı da götürüb başıalovlu Bakıya gəldim. Oradan da gecəykən Gəncəyə, oradan da Toğana tərəfə yollandım. Kəlbəcərdən Elmar adında bir tanışım var idi, o mənə köməklik etdi. Yurdundan-yuvasından ermənilərin zülmünə görə qaçqın düşmüş, kəlbəcərlilərin nə əzab-əziyyətə dücar olduqlarını, haqsızlıqla üzləşdiklərini öz gözlərimlə görmüşəm. Günahsız, dinc, müharibənin nə olduğunu bilməyən kəlbəcərlilərin öz tarixi torpaqlarından, dədə-baba yurdundan qovulduqlarının şahidi olmuşam. Murovun bəri üzündə "Turşsu" deyilən yerdə kəndimizin bəzi adamlarıyla qarşılaşdım, soraqlaya-soraqlaya qardaşlarımı, bacılarımı tapdım. O günlər, gözlərimlə gördüklərim mənim həyatımda dərin ağrılı - acılı izlər buraxdı. Neçə-necə acı xəbərlər eşitdim. Milli kəndində yaşayan Badam mamamın, onun həyat yoldaşı Əli dayının itkin düşdüklərini eşitdim, ermənilərin əlinə keçməsin deyə mamam oğlu Gəncəlinin həyat yoldaşı, gəlinimiz Gülzarın özünün qayadan atdığını eşitdim. Bütün bunları eşitmək, görmək məni sarsıtmışdı. Moskvaya gələndə Gülzarın özünü öldürməsiylə bağlı “Namus zirvəsi” adlı bir şeirdə yazmışdım. Orada belə misralar var:

...Göylər kar oldu eşitmədi,
Yollar dar oldu eşitmədi,
Murovu çovğun,boran aldı,
Çığırlar dar oldu eşitmədi.
Eşitmədi səsini,
Eşitmədi harayını.
Tərtərin suyu uddu səsini,
Düşmənlər eşitməsin fəryadını.
Sən ey Dəlidağın mərd qadını!..
…Dönərsən o yurda bir elin dilində,
Sən qeyrətdən yoğrulmusan,
namusla ucalmısan!
Odur ki, bu boyda xalğın
ürəyində qalmısan!
Zirvədə qalıb,
Zirvədə sönən bacım!
Əfsanəyə, nağıla dönən bacım
Hala olsun sənə!


Sonra 26 yaşında bacım oğlu Əlinin də həlak olduğunu eşitdim. Yüzlərlə kəlbəcərlilərin əsir, itkin düşdüklərini mənə xəbər verdilər. Bütün bunları unutmaq, yaddan çıxarmaq mümkün deyil. Kimliyindən asılı olmayaraq, Kəlbəcərin işğalında təqsiri, suçu olan insanları bağışlaya bilmirəm. Bu bağışlanası deyil. Torpaqlarımızın işğalıynan bağlı bu günədək çoxumuzun bilmədiyi məqamlar var. Amma gec-tez bunlar açılacaq.

Kəlbəcərə hücum artıq mart ayının 27-dən başlamışdır. Həmin günlərdən də Kəlbəcərin müdafiəsini təşkil etmək əvəzinə, mühasirədən qurtarmaq əvəzinə, əhalini Kəlbəcərdən çıxarırdılar. Hamı bilir ki, 3- 4 gün ərzində Kəlbəcər işğal olunub. Kəlbəcərin işğal əməliyyatına ASALA terrorist təşkilatının üzvlərindən olan ABŞ-ın Kaliforniya ştatında anadan olmuş Monte Melkonyan rəhbərlik edibdi. Ermənilərin öz etiraflarına görə, Kəlbəcərin işğalında ASALA-nın Livandan gəlmiş 10 nəfərdən artıq üzvü həmin terroricn təşkilatın digər üzvləri,- Martiros Jamkoçyan, Ovsep Ovsepyan da iştirak etmişlər. Onların çoxu əsl adlarını hətta ermənilərdən gizləmiş, gizli yolla Qarabağa çoxlu silahlar keçirmişdilər.

"Kəlbəcərin azad olacağına inanıram, ümidlərlə yaşayıram"

- Siz Vətəndən uzaqda yaşayırsız. Belə demək mümkünsə, buralar üçün darıxmaq dərəcəsinin miqyası sizdə daha böyükdü. Moskvadan Bakıya gələndə yəqin daha da kövrəlirsiz, təsirlənirsiz... Axı, Bakıdan Kəlbəcərə gedən yollar bağlıdı...

- Mən uzun illərdir Moskvada yaşayıram. Burada yaşamağımı da öz qədərimlə, taleyimlə bağlayıram. Mən 1985-ci ildə Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, müəllimlərimin təkidiylə Moskvada qalan yeganə azərbaycanlıydım. Artıq 37 ildir ki, burada yaşayıram. Uzun illər SSRİ Dövlət Xarici Turizm komitəsində məsul vəzifələrdə çalışmışam. Harada işləmişəmsə, nə eləmişəmsə, nə yazıb yaratmışamsa həmişə haradan olduğumu fikirləşmişəm. Heç vaxt Azərbaycanımızı, Kəlbəcərimizi aşağılayan, onun adına zərrəcə xələl gətirən bir işə qol qoymamışam.

Kəlbəcər üçün darıxıram, çox darıxıram. Mən qürbərdə yaşaya-yaşaya Kəlbəcərin hər gün, hər saniyə işğal altında qalmağına dözə bilmirəm. Mən Kəlbəcəri həmişə ucalıq, əyilməzlik, mərdlik, saflıq, alınmazlıq rəmzi sanmışam. Kəlbəcərlilər isə həmişə mərd, cəsarətli insanlar kimi tanınıb. Mən kəlbəcərlilərin iradə və qüdrətinin roluna çox inanıram. Kəlbəcər yalnız öz təbiəti, havası, suyu ilə deyil, öz qəhrəman oğulları, namuslu, kişi qeyrətli qadınlarıyla, sözü bütöv insanlarıyla tanınıb. Xarakterimə görə mən özüm də iradəli insanam. Görünür Kəlbəcərin sərt mühiti, məğrurluq simvolu olan sirli-sehirli “Əzəldən səngərli, qalalı dağlar” ımızın abı-havası, əlçatmaz, sıldırım, oxarlı qayalarımızın əzəməti öz təsirini göstərib. Əgər bir insanın dağı, dərəsi, çayı, meşəsi, qayası, bağı-bağçası, yeniyetmə çağları, ilk məhəbbətinin şahidi olan hər nə varsa işğal altındadırsa, o necə yaşaya bilər? Bütövlükdə ana vətən dediyin, ilk beşiyin saydığın, işğal altında inləyən o məmləkəti, o yurdu necə unutmaq olar? Bu mümkün olan deyil! ...

Mən ildə bir dəfə, iki dəfə Azərbaycana gəlirəm.Yaxın adamlarımızdan, qohumlarımızdan dünyasını dəyişənlər olanda gəlirəm. Yəni vətənə gəlməyim mənim istəyimcə, arzumla baş vermir. Vaxtım olanda yenə də yönümü dağlarımıza tərəf tuturam, Göygöldə, Murovdağda, Çaykənddə, məşkunlaşmış qohumlarımla görüşürəm, Murova tərəf gedirəm, Toğanadan hərbiçilərimizin icazə verdikləri yerlərə qədər gedirəm. Kəlbəcərin suyuna bənzəyən bir qurtum su içmək, bir udum dağ havası almaq istəyirəm. Amma oralarda da Kəlbəcər dərdimi unuda bilmirəm.

"Kəlbəcərin azad olacağına inanıram, ümidlərlə yaşayıram"

- Nəsib müəllim, Siz həyatın işıqlı və qaranlıq tərəfini görməyi bacaran adamsınız. Dediniz ki, xasiyyətcə mübarizsiniz, ruhdan düşmək sizə yaddırmı?


- Mən heç vaxt hisslərimin əsiri olmamışam. Məni həyatta sındırmaq istəyənlər çox olub, amma buna nail ola bilməyiblər. Bütün vəziyyətlərdə qismətimə, payıma, nə düşübsə onunla barışan adam olmuşam. Əbədi olaraq qulaqlarımda sırğa eləmişəm ki, iradəli, dözümlü, səbrli insanlar həmişə qalib gəlir. Amma həyatımda mənim üçün əziz olan Kəlbəcərimin, doğma kəlbəcərlilərimin bu faciəsi məni sındırdı. Hələ də özümə gələ bilmirəm. Yadımdadır, kənddə mən balaca olanda təsadüfən yıxılıb eləyəndə, ya kol-kos əllərimizi, ayaqlarımızı cızanda, hətta, gicirtkən dalayanda belə ağlamaq istəyirdim. Nənəm bizə təpinərdi ki, kişi ağlamaz, kəsin səsinizi. Amma indi Kəlbəcərin adı gələndə özümü saxlaya bilmirəm...

Amma Kəlbəcərin azad olacağına inanıram. Ümidlərlə yaşayıram. Axı deyirlər ki, ümid sonda ölür. Düzdür o ümid çırağının özələdiyini duyuram, amma yenə də Kəlbəcərə dönmək, anamın həmişə dediyi kimi bircə dəfə həyətimizə, məhləmizə girmək, öz əlimlə əkib basdırdığım, calaq etdiyim meyvə ağaclarını sığallamaq istəyirəm. Sığallamaq nədir ey, bağrıma basmaq istəyirəm. Babalarımın, nənələrimin, atamın küsmüş məzarlarını ziyarət etmək istəyirəm. İndi təskinliyimi quru, cansız şəkillərdən alıram. Müxtəlif saytlardan Kəlbəcərin yüzlərlə şəkillərini yığıb saxlamışam. İşğaldan sonra Kəlbəcərin ilk şəkillərini də Mediaforum.az saytında, sonra isə sosial şəbəkələrdə məhz mən yaymışdım.

Həyatım boyu torpağın ayağım altdan qaçdığı çox məqamlarla üzləşmişəm, həyatımda eniş çox az olub, yoxuşlu yollarım həddindən çox. Həyatımda kədərli, acı günlər çox olub, çox çətin günlər yaşamışam. Əlim çörəyə çatana qədər mənim həyatımla, təhsilimlə maraqlanan bir adam olmayıb. Şəxsi həyatımda da, yaradıçılığımda da bugünkü günümdə də mənə mane olan çox ciddi məqamlar, üzləşdiyim haqsızlıqlar çox olub. Kəlbəcərdə keçirdiyim uşaqlıq illərim də asan olmayıb. Dörd yaşımdakən atamı itirmişəm. Evimizin ağırlığı uşaqlıq illərindən bir yaşlı, dörd yaşlı, on yaşlı üç qardaşın çiyinlərinə düşüb. İndi başa düşürəm ki, o illər həyatımın ən ağır günləri imiş, amma o vaxtlar balaca olsam da, bunları özümə dərd eləməmişdim. Bunu alnımın yazısı kimi qəbul edib, taleyimlə barışmışdım. İndi o günlər üçün burnumun ucu göynəyir.

Yaxın dostum, mənə ata qayısıyla yanaşan, mənim uğurlarıma qəlbdən sevinən rəhmətlik Şamil müəllim mənə deyirdi ki, Nəsib, Kəlbəcər camaatının çörəyi daşdan çıxır. Mən o vaxtlar bunun fərqinə o qədər də varmazdım. İndi o kişinin dediklərini yaxşı anlayıram. Mən həmişə dağlarımıza, yurd yuvamıza, bənzərsiz yaylaqlarımıza, Ulu Tanrının bizə bəxş etdiyi o varlıqlara bağlı adam olmuşam. Bəlkə də elə o yerlərə vurğunluq, məftunluq, sevgi-məhəbbət məni qələm sahibi edib ki, elə o yerləri vəsf eləyə bilim, dərdini-sərini şeirə köçürüm. Deməyim odur ki, mən Kəlbəcərə, öz camaatımıza həmişə çox bağlı olmışam. Qürbətdə 37 il yaşamağıma baxmayaraq, onlara olan sevgimi ürəyimdə gəzdirmişəm, nə Kəlbəcəri, nə də doğma kəlbəcərlilərimi unutmamışam. Buna mənim mənəvi haqqımda yoxdur.

N.Q.Çеrnışеvski deyirdi ki, - Mənsub оlduğu xаlqın vаrlığı ilə fəxr еtməyən, оnun еşqini müqəddəs bir məsəl kimi öz qəlbində yаndırmаyаn bir insаn öz vətəndаşlıq hаqqını dərk еdə bilməz, оnа vətənpərvər dеmək də gülünc оlаr.

Uzun illər boyu hələ Sovetlər dönəmindən işimlə əlaqədar dünyanın bir çox ölkələrində olmuşam. Amma hansı ölkədə olurdumsa, yaxşı nə görürdümsə onu Azərbaycanda, Kəlbəcərdə görmək istəyirdim. Bir dəfə 90-cı ildə İtaliyaya getmişdim. Siciliya adalarında iki həftə qalası oldum. Orada Taormini, Erice deyilən şəhərlər var, dağlıq yerdə yerləşirlər. Oraların Kəlbəcərə bənzədiyini görürdüm. Amma dağlarda, sıldırım qayaların arasıyla elə gözəl yollar çəkmişdilər ki, adam heyran qalırdı. Düşünürdüm ki, kaş mənə imkan verələr Kəlbəcərə belə bir yol çəkdirəm. Amma o vaxtlar Kəlbəcərin yollarının necə bərbad olduğunu hamı bilir. Dünyanın bir ucqar ölkəsindən Moskvaya gəlirdim, oradan Bakıya, Bakıdan Yevlağa, Bərdəyə, Tərtərə, o qədər də əziyyət çəkmirdim. Amma Ağdərənin dolama yolu aşıb Kəlbəcərə gələnə kimi nə əziyyətlər şəkirdim. Bütün bunların səbəbi yaxşı yolların olmamasıydı. Daşqınlar olanda sellər-sular yeganə yolumuzu yuyub aparardı. Mən kəlbəcərlilərin necə dözümlü, mərd, qoçaq, üstəlik nə qədər səbrli olduqlarını düşündükcə dəhşətə gəlirəm.

Mən bütün hallarda kəlbəcərliləri mənən zəngin, mərd, cəsarətli, sədaqətli, səxavətli olduqlarını görmüşəm. Və bu xususiyyətlərinə görə də camaatımız mənim gözlərimin qarşısında həmişə ucalıqda olub. Mən bütün məsuliyyəti ilə deyirəm ki, şeirə-sənətə, saza-sözə münasibətinə görə bizim camaat həmişə seçilib, onların şəxsiyyətinə, obrazına bərabər az-az şəxsiyyət tapmaq olar. Kəlbəcərlilər bütün hallarda bənzərsizdir, özünə məxsusdur, təkrarolunmazdır. Mən də bütün yaradıcılığım boyu həmişə şeirlərimdə doğma Azərbaycanımızı, Kəlbəcərin zəhmət adamlarını, mərd insanlarını, füsünkar təbiətini, insanlarını tərənnüm etmişəm.

- Məlumdur ki, törədilən hər bir cinayətin konkret səbəbkarı olur. Başımıza gətirilən bu müsübətlərin günahını kimdə axtarmalıyıq, özümüzdə yoxsa...

- Əlbəttə, Kəlbəcərin eləcə də digər rayonlarımızın, bütövlükdə Qarabağın işğalı böyük cinayətdir, düşmənlərimiz tərəfindən törədilən ağır cinayətdir. Başımıza gətirilən bu müsübətlərin, torpaqlarımızın işğal olunmasının da səbəbləri çoxdur. Bu səbəblərdən biri Sovetlər birliyinin süqutundan sonra Azərbaycanda və Ermənistanda siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Həmin dövrdə Azərbaycanda hakimiyətdə təsadüfi adamların olması, vahid komandanlığın olmaması, pərakəndəliklər, vəzifə, kreslo davaları, iqtisadiyyatımızın çökməsi torpaqlarımızın işğalına başlıca səbəb oldu. Dövlətçilik baxımından o vaxt hakimiyyətdə olan insanların əksəriyyəti təsadüfi adamlar idilər. Xalq Cəbhəsi hakimiyyəti dövründə dövlət təfəkkürünə malik, ziyalı, bilikli, təcürbəli adamların əvəzinə səriştəsiz, uzaqgörməyən hətta xalqa xəyanət edən adamlar var idi. Kəlbəcər də məhz belə adamların güdazına getdi. Bütün torpaqlarımızın, Kəlbəcərin itirilməsində biz hamımız günahkarıq.

Biz indi anlayırıq ki, ermənilər uzun illər bizə dost deyib, əlaltından isə öz məkrli, çirkin planlarını həyata keçiriblər. Belə olmasaydı Okeanın o tayından, dünyanın hər tərəfindən Suriyadan, livandan, Faransadan ermənilər öz çirkin niyyətlərini həyata keşirmək üçün Qarabağa ermənilərin harayına gəlməzdilər. Ulu babalarının güya 1915 – ci ildə Türküyədə qətlə yetirildiyini iddia edən Monte Melkonyan qisas almaq üçün Qarabağa gəlməzdi. Amma biz Kəlbəcərin harayına gedə bilmədik. Çünki, bizi başqa cür tərbiyə ediblər. Bizə başımıza gələnləri unutdurublar. Dostun, düşmənin kim olduğunu deməyiblər. Azərbaycanın tarixini öyrətmək əvəzinə, bizə Kommunist partiyasının qurultaylarını əzbərlədiblər. Mənim Moskvada bir müəllim olub. Xalıq Hüseynoviç Koroğlu. Bəli, soyadı Koroğluydu. Çox böyük şəxsiyyət idi. O mənim diplom müdafiəmdə mənim opponentim olub. O əslən azərbaycanlı olsa da, onu Azərbaycanda az tanıyırdılar, bəlkə heç indi də belə bir şəxsiyyətin olduğunu az adam bilir. O mənə deyirdi ki, Nəsib, bütün dastanlarımızı, hətta Koroğlu dastanını çox təhrif ediblər. Az qalıb ki, Koroğlunun cibinə bir partbilet də qoysunlar. Deməyim odur ki, Sovetlər dönəmində bizə o qədər ətraflı anlatmayıblar biz dostumuzun, düşmənimizin kim olduğunu bilməmişik. Baxın yüz illər keçir, ən azından Sovet dönəmində Kəlbəcərdə yerləşən qədim Alban abidələrinə sahib çıxa bilmədik, bir ağlı başında olan kəlbəcərdə rəhbər vəzifəli adam tapılmadı ki, Xudavənd qalasını divarlarına bir lövhə vursun. Onlar yalnız camaatı soymaqla, öz ciblərini doldurmaqla məşğul olurdular. Araşdırmaçılarımız, qoy indi gedib hayların əlinə keçmiş, qriqoryanlaşdırılımış bədbəxt Albanyanın oğurlanmış qəsirlərinin taleyiylə maraqlansınlar, tarixini, əlifbasını araşdırsınlar.Və sübut etsinlər ki, bu qalalar da, tarixi abidələri də Azərbaycanındır.

Namiq müəllim, çoxdandır məni narahat edən digər bir məsələ də var. İllərlə eyni coğrafi məkanda yaşamış kəlbəcərlilər birdən-birə daimi yaşayış yerlərindən didərgin düşdülər və öz vətənində olsa belə, başqa bir təbii iqlim və relyef şəraitinə, başqa bir mühitə uyğunlaşmalı oldular. Tarixi yurd yerlərini dəyişmiş, xüsusən dağdan arana köçmüş insanlar hətta rahat şəraitdə yaşasalar belə, qəbul etdikləri hava, su, qida hesabına müəyyən dəyişiklərə məruz qaldılar. Hətta öz ləhcələrindən mərhum olmaqdadırlar. Yəni yeni doğulan nəsl Kəlbəcər ləhcəsiylə danışmayacağı bəllidir. Tədricən kəlbəcərlilər bambaşqa şəraitə uyğunlaşmış, digər bölgələrin əhalisi ilə qaynayıb qarışmışlar. Bəzən fikirləşirəm ki, görəsən Kəlbəcərə getsəm birdən gözümə tanış adam dəyməsə, xarakerində, ünsiyyətində, münasibətində, tərbiyyəsində, danışığında dəyişlik olan kəlbəcərliylə rastlaşsam mən buna dözə bilərəmmi? Görəsən “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər” deyəndə rəhmətlik M.Aslan bunları nəzərdə tuturdumu? Məni narahat edən məsələlərdən biri də odur ki, gələcək nəsillər Kəlbəcərsiz yaşamasınlar.

"Kəlbəcərin azad olacağına inanıram, ümidlərlə yaşayıram"

- Bu gün çoxda uzaq olmayan keçmişimizin, qanlı tariximizin təbliğatı, gənc nəslə çatdırılması sizi qane edirmi? Umumuiyyətlə, uzaq Rusiyada Dağlıq Qarabağ həqiqətlərinin təbliği ilə bağlı hər -hansı bir iş görürsüzmü?


- Qanlı tariximizin təbliğatı, gənc nəslə çatdırılması məni qane etmir. Bu yaxınlarda sosial şəbəkələrdə yayımlanan sorğuların birində Azərbaycanın hansı rayonları işğal olunub sualın cavabında Xaçmazın adını çəkirlər. İşğal altında olan rayonlarımızın adlarını çəkə bilmirlər. Bu cavablar bügünkü təhsilin, məktəbin günahıdır. Kəlbəcərin, bütövlükdə torpaqlarımızın işğalı mənim üçün ən böyüb faciədir. Aradan 24 il keçməsinə baxmayaraq o günü unutmaq mümkün deyil. Xalqımızın başına gətirilən bu faciəli hadisələr bütün respublikamızda olduğu kimi, Moskvada da hər il qeyd edilir. Mən Moskvada hər il Kəlbəcərin, eləcə də digər işğal olunmuş rayonlarımızın anım günlərini keçirmişəm. Burada yaşayan bütün kəlbəcərliləri oraya toplamışam. Anım gecələrində müxtəlif Azərbaycan icmalarının nümayəndələri, şairlər, tələbələr, iş adamları, jurnalitlər, qeyri millətlərin təmsilçiləri də iştirak ediblər. Mən öz çıxışlarımda həmişə ürək ağrısıyla Azərbaycan haqqında obyektiv məlumatlar vermişəm, bütün Rusiya ictimaiyyətinə gücüm çatan şəkildə Azərbaycanın haqq səsini çatdırmışam. Torpaqlarımızın azad edilməsinin zəruriliyini vurğulamışam. Amma bu o demək deyil ki, azərbaycan haqq səsini burada, yaşadığımız ölkədə istədiyimiz kimi catdırmışıq və istədiyimizə nail olmuşuq.

"Kəlbəcərin azad olacağına inanıram, ümidlərlə yaşayıram"

- Kəlbəcərin, yağı əlində yağmalanan yurd yerlərimizin adı çəkiləndə ilk olaraq gözlərinizin önündə nələr canlanır?

- Kəlbəcərin Çaykənd kəndində sadə və kəndçi ailəsində anadan olmuşam. Çox çətin şəraitdə Doğma vətən bunun həm də sevdiyin insanların əhatəsində yaşamağın nə qədər xoşbəxt anlar olduğu indi-indi dərk edirik. Elə gün olmaz ki, Kəlbəcəri düşünmüyüm. Mən 18 yaşıma kimi orada yaşamışam. Kəndimizdə keçirdiyim günlər, məktəbdə oxuduğum illər, tələbkar müəllimlərim, at belində gəzdiyim yaylaqlarımız, Qoçdaş, Alagöllər, Sudəyənqaya, səsimi başıma atıb yanıqlı-yanıqlı oxuduğum aşıq havaları. Hər şey gözlərimin önündə canlanır. Kəlbəcər işğal edildikdən sonra ermənilər öz murdar niyyətlərini də həyata keçirməkdədirlər. Rayonumuzun adını dəyişdirdilər Karvaçar elədilər. Bu azmış kimi bütün kəndlərimizin adlarını da türk toponimlərini dəyişdiriblər, məşkunladıqlar yerləri erməniləşdirməklə məşğuldurlar. Baxın, İstisu- Cermacur, Çaykənd kəndini mənim doğma kəndimin adını Nor Varinşen qoyublar, Sınıqkilisə- Nor Manaşid, Zülfüqarlının adını-Zuar, Almalıq kəndini adını Avsataq, Zar kəndi-Tsar, Umudlu-Aknaberd, Qaraçanlı-Hankandzor, Sarıdaş Berdaşen, Bağırlı-İqadzor, Lev-Levonaqyux,Yanşaq-Lernantsk, Qamışlı-Yexeqnut, Soyuqbulaq-Tsrtnot və sairə.

Qarabağın, Kəlbəcərin azad olması mənim üçün həyatımızdan daha da önəmlidir. Bir söz adamı kimi, ədəbiyyat adamı kimi, bu gün özümü o qədər də yaxşı hiss edə bilmirəm. Bu da itirilimiş torpaqlarımızla, Kəlbəcərlə bağlıdır. Ancaq Azərbaycanım üçün, Kəlbəcərim üçün, Çaykəndim üçün ölürəm, adam vətəndən kənarda olanda burdakı ən pis adamı da özünün yaxını sayır. Mənim də sizin də itkiləriniz eynidir. Vətən itkisi, torpaq itkisi, dost, müəllim itkisi, ata – ana itkisi. İnsanın nə qədər itkisi ola bilər...

- Müharibə dövründə bədii ədəbiyyatın təbliğat vasitəsi kimi rolu varmı? Sizcə, bu gün müharibədən bəhs edən normal əsərlər yazılırmı?

- Hamımız yaxşı bilirik ki, insanın özünü və dünyanı dərk etməsində, dünyagörüşünün inkişafında, formalaşmasında ədəbiyyatın rolu çox böyükdür. Məlumdur ki, hər bir oxucu əsəri oxuyarkan daha çox oradakı müsbət qəhrəmanlara bənzəmək istəyir. Bu baxımdan da təbliğat nöqteyi-nəzərindən müharibə mövzusunda yazılan əsərlərə ehtiyac var. Müharibə illərində də, hətta müharibə olmayan illərdə də, müharibə mövzusunda yazılmış əsərlər çoxdur. Müharibə mövzusunda yazılmış əsərlərin nə qədər böyük rolu olduğu danılmazdır.

Qarabağ mövzusunda yazan yazıçılarımız, şairlərimiz az deyil. Konkret adlar çəkmək istəmirəm. Bu gün bu mövzuda yazılan əsərlərin təbii vətənpərvərlik baxımından xeyli təsir gücü var. Nəsr əsərləri də, çox sayda şeirlər də yazılıb və yazılacaq da. Bəzən elə olur ki, müharibə mövzusunda əsərlər müharibələr başa catdıqdan sonra yazılır. Mixail Şoloxovun "İnsanın taleyi" povesti müharibə mövzusunda yazılmış ən gözəl əsərlərdən hesab olunur. Baxmayaraq ki, o bu əsəri 1956-cı ildə yazmışdı. Düşünürəm ki, illər keçəcək Qarabağ mövzusunda, erməni faşitlərinin Azərbaycan xalqının başına gətirdiyi faciələr, mərhumiyyətlər barəsində çoxlu əsərlər yazılacaq. Daha güclü əsər yazmaq üçün yazıçıya müəyyən vaxt, zaman lazımdır. Yazıçı özü müharibənin od-alovundan keçməlidir, müharibənin törətdiyi müsübətləri yaşamalıdır, o faciənin dərinliyinə baş vurmalıdır. Gənc yazıçılarımızın da bu mövzuya daha çox müraciət etmələrini arzu edərdim.
"Kəlbəcərin azad olacağına inanıram, ümidlərlə yaşayıram"

- Torpaqlarımızın işğaldan azad olunmasının yolunu nədə görürsüz: hərb, sülh?

- Xatırladım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma uzun illər keçməsinə baxmayaraq Qarabağ münaqişəsi hələ də həllini tapmır. Danışıqlar masa üzərində qalır, ATƏT-in Minsk qrupunun səyləri də bu illər ərzində heç bir nəticə ortaya çıxarmayıb. Belə getsə, bu məsələ uzun illər həllini tapmayacaq. Şübhəsiz ATƏT-in Minsk qrupunun səthi yanaşması nəticəsiz qaldığı halda torpaqları işğaldan azad etmək üçün təbii ki, hərbi gücdən istifadə olunmasına ehtiyac olacaq. Bunu əlbəttə heç kəs istəməz. Ancaq bizi buna həmin fəaliyyətsiz olan beynəlxalq qurumlar vadar edəcək, işğalçını cəzalandırmaq, onu yerində oturtmaq əvəzinə, ona havadarlıq edirlər. Qarabağ münaqişəsi ona görə həll olunmur ki, ikili standartlar mövcuddur. Bu gün işğalçının tərəfini saxlayanlar da çoxdur. Ermənistanın arxasında duran qüvvələr onları təzyiqlərdən qorumağa çalışır. Ancaq bunlara baxmayaraq, biz son nəticədə müharibə edib, torpaqlarımız işğaldan azad etməliyik. Qısamüddətli lokal bir müharibənin olacağı labüddür.

Onu da qeyd edim ki, son vaxtlar Türkiyə-Rusiya münasibətlərinin getdikcə yaxşılaşması da münaqişənin həll edilməsinə təkan verə bilər. Təbii ki, bu iki dövlət bu məsələnin həllinə öz töhfələrini verə bilərlər. Bu məsələnin həllinin açarı rusların əlindədir. Moskva istəsə, qısa bir zaman kəsiyində bu məsələni həll edər. Ona görə, ən çox ümid etdiyim bu iki ölkənin yaxınlaşmasıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri də artıq başa düşürlər ki, status kvo-dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir.

Aprel döyüşlərindən sonar hamı kimi inanırdım ki, bu il hansısa addımlar atıla bilər. Amma bu belə olmadı. Aprel döyüşləri Azərbaycan ordusunun döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi idi, düşmənə qarşı əks-həmlə əməliyyatını Moskvada böyük ruh yüksəkliyilə qarşıladıq. Bu günlərdə Aprel hadislərinin bir ili tamam olur. Olduqca yaxşı bir şans yaranmışdır, amma istifadə edə bilmədik, ən azından iki rayonumuz azad olmalıydı.

Sonda cənab Prezident İlham Əliyevin çıxışlarının birində dediyi sözləri bir daha xatırlamaq istəyirəm: "Azərbaycan heç vaxt torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Azərbaycan bütün imkanlarını səfərbər edib, diplomatik, siyasi, iqtisadi, hərbi - bütün imkanlardan istifadə edib öz doğma torpaqlarını azad edəcəkdir".

Bu hamımızın arzusudur!

Sağ olun!

N.Dəlidağlı

Manevr.az

"Kəlbəcərin azad olacağına inanıram, ümidlərlə yaşayıram"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar