Xəbər lenti
Eldar Mahmudov qudasını yenə həbsdən qurtara bilmədi
Cahangir Hacıyevin daha bir şikayətini Ali Məhkəmə təmin etmədi
Martın 14-də Ali Məhkəmədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev və digərlərinin Bakı Apelyasiya Məhkəməsinin ilkin qərardadından verdikləri şikayətə baxılıb.
Bakı Apelyasiya Məhkəməsində keçirilən ilkin baxış zamanı C.Hacıyevin vəkilləri F.Mehdiyev və Aqil Layicov hüquqlarını müdafiə etdikləri şəxs barəsində cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatət versələr də, hakim Əflatun Qasımov vəsatətləri təmin etməmişdi. Qərardan C.Hacıyevin vəkilləri Ali Məhkəməyə şikayət vermişdilər. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə araşdırılan şikayət təmin edilməyib. Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərardadını qüvvəsində saxlayıb. Məhkəmə Bakı Apelyasiya Məhkəməsində işin istintaqsız aparılmasına qərar verib. C.Hacıyevin vəkilləri də bildirirlər ki, müvəkkilinin barəsindəki ittihamlar əvvəlcədən düşünülüb, onun həbsdə saxlanılmasına hesablanıb.
C.Hacıyevin həbsinin onun Eldar Mahmudovla quda olması səbəbindən baş tutmasına bu gün şübhə edənlər çox deyil. Azərbaycan banklarında baş verən qanunsuzluqlar haqda mətbuatda çeşidli yazılar dərc olunsa da, bu günə qədər həbsə göndərilən C.Hacıyev çapında bankir olmamışdı. Bu baxımdan, onun E.Mahmudovla qohumluq əlaqələrinə görə həbsə göndərilməsi daha aydın şəkildə sezilir.
Ali Məhkəmənin qərarından sonra C.Hacıyevin vəkili F.Mehdiyev “Yeni Müsavat”a açıqlama verib. Deyib ki, işin hərtərəfli, ədalətlə araşdırılması üçün birinci məhkəmə instansiyasında kifayət qədər vəsatətlər veriblər: “Vəsatətlərimiz təmin olunmadı. İstintaq birtərəfli gedir. Bakı Ağır Cinayətlər Məhkəməsində iş gedərkən hazırlıq iclasında, sonradan məhkəmə prosesi dövründə 30-a yaxın vəsatət verdik. Vəsatətlər bilavasitə işin mahiyyəti ilə bağlı idi. İşin obyektiv araşdırılmasına xidmət edirdi. Hakim vəsatətlərə məhkəmənin yekununda baxılacağını bildirmişdi. Yekunda isə bir qərarla vəsatətlər rədd olundu. Bundan sonra biz məhkəmə istintaqının yekunlaşdırılmasına etiraz etdik. Buna baxmayaraq, yekunlaşdırdılar. Məhkəmənin tərkibinə etirazlar verdik, amma etirazımız təmin olunmadı. Birtərəfli, qərəzli mövqe nümayiş etdirilir. Bu mövqeyin nədən qaynaqlandığını deyə bilmərəm. Fakt odur ki, iş ittihamın versiyası üzərində qurulub”.
F.Mehdiyev deyib ki, C.Hacıyev və digərlərinin işi üzrə aparılan məhkəmələrdə çəkişmə prinsipləri pozulub: “Məhkəmə ittiham və müdafiə tərəflərinin mövqeyini dinləyib, araşdırıb qərar verməlidir. Bu iş üzrə isə belə olmadı, qanun tələb etdiyi çəkişmə prinsipi ittiham tərəfinin xeyrinə pozuldu. Bu iş üzrə xüsusi qərəz, birtərəfli mövqe var. Bunu ilk gündən deyirik. Hadisələrin gedişatı bunu deməyə əsas verir”.
İttihama görə, Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sədri C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar.
C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, C.Hacıyevdən 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək. Hökmə əsasən, digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla A.Sultanov 7 il 6 şərti, İ.Abdullayev 6 il 6 ay şərti, K.Orucov 7 il 23 gün şərti, M.Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Y.Ələkbərov 8 il 6 ay, İ.Hüseynov 8 il, A.Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar