Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müasir Azərbaycan Poeziyasında Ali Baş Komandan obrazı -Mərziyyə Nəcəfova

Tarix: 04-02-2021 12:54     Baxış: 3538 A- / A+
Müasir Azərbaycan Poeziyasında Ali Baş Komandan obrazı

Ali Baş Komandan 30 illik nisgilə son qoydu. Bu illər ərzində azad olmayan torpaqları 44 günlük savaşla özümüzə qaytardı. Son zamanlar inanılmaz olan qələbəni türk dünyasına yaşatdı. İlham Heydər oğlu Əliyev tariximizi yazanlardan deyil, tariximizi yenidən yaradan Ali Baş Komandanımız oldu. Onun "Qarabağ Azərbaycandır!” "Dəmir yumruq" ifadəsi günümüzün poeziyasının mövzu qaynağına çevrildi. Qələbədən qələbəyə üzündən-gözündən süzülən sevinc və nur poeziyamızın misralarına hopdu. Azərbaycan poeziyası zəfər sevincini ilk öncə Ali Baş Komandanın düyünlənmiş yumruğunu yüksəklərə qaldıraraq söylədiyi o sehirli kəlmədə yaşadı: "Qarabağ Azərbaycandır!”

Beləliklə, günümüzün poeziyası Ali Baş Komandan obrazı ilə ədəbiyyat tariximizi yenidən yaratdı. İlham Əliyev ismi zəfər sevincləri ilə poeziyamızın sütununa çevrildi. Ali Baş Komandan obrazı Zəfər, Vətən obrazı ilə birləşərək Vətən oldu. Ali Baş Komandanın zəfərdən verdiyi xəbər elə o gecə zəfər şeirlərinə çevrildi.

Bu bizim haqq işimiz, ədalət savaşımız,
İntiqam ala-ala dikələcək başımız,
Vur, əsgərim, vur!- deyə əmr eləyir komandan
Qoy bir də yurdumuzda tökülməsin nahaq qan.
Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,
Başımızın üstündə üç rəngli bayrağımız!...
Qovur öz yuvasına quduzlaşan itləri!
Ali Baş Komandanın qələbə tvitləri!


(Sabir Rüstəmxanlı,Qələbə tvitləri)

Sabir Rüstəxanlı, Zahid Xəlil, Rafiq Yusifoğlu, Vahid Əziz, Əjdər Ol, Əhməd Qəşəmoğlu, Abuzər Turan, Ramiz Duyğun, Xanım İsmayılqızı, Mahirə Abdulla, Nizami Muradoğlu, Vaqif Aslan, Elnur Uğur, İbrahim Yusifoğlu, Hüseyn Bağıroğlu, Şövkət Horovlu və onlarca digər şairin yaradıcılığında Ali Baş Komandan obrazı poeziya səhifələrimizi bəzəyir.

Sabir Rüstəmxanlı "Qələbə tvitləri” şeirindən sonra "Qarabağa dönüş” poemasında da Ali Baş Komandan"ın irəli əmri ilə bəzi məqamları aydınlatdı. Poemanı meydan hərəkəti ilə açan müəllif keçmişimizi, yaşantılarımızı, faciələrimizi yada saldı. Dünyanın sehirci qaldığı Qarabağ hadisələri, torpaqlarımızın erməni işğalçıları, havadarları tərəfindən qəsb edilməsinin ağrısı misralara sığışmadı. Qaranlıqlara qərq olan Azərbaycan xalqının birdən-birə ömrünə doğan işıq - Ali Baş Komandanın əmri - zəfərə gedən yolu aydınlatdı.

Ancaq birdən göylərdən bir şimşək çaxıb getdi.
Həqiqət min yalanı yandırıb yaxıb keçdi.
Savaş deyən sərkərdə milləti oyandırdı,
Hər ürəkdə ümiddən çılçıraqlar yandırdı,
Yol gözləyən yurdların harayı hər gün təzə,
On milyonun tək səsi yol açdı üzümüzə.
Qalxdı igid oğullar, oğul düşmən çəpəri,
Qalxdı əmrə müntəzir Azərbaycan əsgəri!
Nəfəsi yaz nəfəsi, səsi ildırım səsi,
Yurdun coşan İlhamı, qisas almaq həvəsi.


Daha sonrakı bəndlərdə Ali Baş Komandanın hər rayonun azad olunmasını televiziya vasitəsi ilə xəbər verməsi sevincinin əvəzedilməz olduğu yalnız şair dilindən deyil, Azərbaycan xalqı adından ifadə edilir, Ali Baş Komandanın televiziyadan zəfər xəbərini verdiyi dəqiqələrin əvəzsiz bir xoş yaşantı olduğunu xatırladır. Gözlərimiz qarşısında İlham Əliyevin özünəməxsus şəkildə yumruqlarının qalxma anlarını canlandırır. Sabir Rüstəmxanlı o xoş xəbərin çatdırılmasını bu ifadə ilə izhar edir:

Şükür, yıxıb dağıdır bu çürüyən bütləri,
Qanımdan qanad taxan qələbə tvitləri”.


Müəllif yaşadığımız siyasətə "Tanrının da əsir” düşməsini ifadə etməklə 30 illik bu oyunun, torpaqlarımızın erməni əlinin deyil, onun hiyləgər himayədarlarının əlinin olduğunu və səsimizin 30 il içimizdə boğuldığına işarə edir. Bir misrada isə Sabir Rüstəmxanlı Ali Baş Komananın əmrini poetikləşdirərək, qanada bənzədir. Aşağıdakı bənddə 27 sentyabr, 2020-ci ildən xalqımızı - Azərbaycan ordusunu qanadlandırıb, uçmaq üçün uçurumdan qaldırana buraxan bir sərkərdə obrazı dayanır və bu sərkərdənin əmri, elə zəfər deməkdir. Bu əmrin gücü ilə Azərbaycan ordusu silahsız belə düşmənə sinə gərib, zəfər çala bilmək durumundadır. Necə ki, döyüşçülərimiz çox hallarda düşməni silahla yox, qol gücü ilə məğlub etmişlər.

Əsgərin silahı yox, əmrin özü silahdır,
Bu əmr özü qanaddır, qaldırır uçurumdan.
Düşmən gözünü açıb görür bir körpə ruhu
30 yaşa dolaraq gəlibdir Xocalıdan.


(Sabir Rüstəmxanlı, "Qarabağa dönüş”)

Ali Baş Komandanın alınan torpaqlara getməsi, torpaqlarımızın azad olması xəbərini Azərbaycan xalqına çatdırması xalqda və döyüşçülərimizdə çox böyük ruh yüksəkliyi yaradırdı. Rafiq Yusifoğlunun "Ali Baş Komandanın Qubadlıya səfəri” şeiri dastanlarımızdakı qəhrəmanlarımızı bizə yenidən xatırladır. Bu gün Qarabağ torpaqlarını yağı düşmənlərdən azad edib, böyük qürurla döyüşçülərimizi dəstəkləyən, onlara arxa-dayaq olan Prezidentimiz qəhrəmanlıq dastanımızı yazır. "Dəmir yumruq”ların işə düşməsinə verdiyi əmr döyüşçülərimizə güc, qüvvət olur.

Rafiq Yuisfoğlu "Ali Baş Komandanın Qubadlıya səfəri” şeiri ilə Ali Baş Komandana olan xalq sevgisini və birliyimizi ifadə edir:

Bitdimi bu qara-qorxulu nağıl?
Ürək xiffət çəkir ötən çağ üçün.
Torpağı ölümdən qurtaran oğul
Gedir xəstə yurdu yoluxmaq üçün...


Bu bənddə şair "xəstə yurd” ifadəsi ilə çox məqamlara işıq tutur. Bu sətirlərdə 30 ilə yaxın erməni tapdağında qalan torpaqları, yandırılan yurdları görmək olur, 30 illik həsrətin sona çatdığını xatırladılır. Artıq bu ayrılığa dözə bilməyən, bu həsrət ilə ölümə gedən insanların torpağında dəfn olmaq istəyi, kədər, ağrı hissi ilə misralara çevrilir. Bu zəfərin sevinci və İlham Əliyevin küskün torpaqların başına sığal çəkməsi xalqla dövlətimizin sarsılmaz birliyinin ifadəsidir.

Ali Baş Komandanın (efirlərdən belə) xalqına, torpağına, bu zəfərə olan sevgisi və sevinci bu şeirin misralarında öz əksini tapır:

Yanır, şölələnir köksündə məşəl,
Can atır kəndləri qurub, tikməyə...
Düşmənin başında yumruq olan əl,
Gedir küskün yurda sığal çəkməyə...


Bəlkə də bu sığalda bir az da torpaqlarımızdan üzr istəmək, bağışlana bilmək istəyi var və istək də, Azərbaycan xalqı adından Qarabağ torpaqlarını 44 gün ərzində erməni vandallarından qurtarmaq gücünə malik olan cənab İlham Əliyev tərəfindən edilməli idi. Ancaq o zaman 30 il erməni tapdağında qalan torpaqlarımız bu xalqı bağışlaya bilərdi. Ali Baş Komandanın gəlişinə torpaqlarımız da sevinir, bu sevincdə kövrək duyğular şirin vüsalla qovuşur.

Nəğməkar Bərgüşad gəlibdir coşa,
Kükrəyən çayların ilhamı gəlib.
Sevinir ürəyi yaralı Şuşa,
Onun görüşünə İlhamı gəlib.


(Rafiq Yusifoğlu, "Ali Baş Komandanın Qubadlıya səfəri”)

Əslində ilər öncə yazılan şeirlərdə də Ali Baş Komandana inam, güvən hissi güclü idi. Xalqımız Ali Baş Komandanına inanırdı. İbrahim Yusifoğlunun bir neçə il öncə yazdığı "Tanıtmalıyıq”, "Şuşa” adlı şeirlərində Ali Baş Komandanın uğurlu siyasətinə inam böyük idi.

Hələ ki, dardadır Vətən torpağı,
Düşmən tapdağında inildəyirlər.
Hələ qalib sayır özünü yağı
Sinəmiz üstündə dingildəyirlər

... Bilirik, bu xalqın Baş Komandanı,
Çəkilmiş sədləri tam yaracaqdır,
Vətən torpağının hər qarışını,
Bu xalqın özünə qaytaracaqdır.

(İbrahin Yusifoğlu, "Şuşa”)

Bu cür şeirləri yada saldıqca, bu günkü poeziyamızın təməlinin xalqımızın şüurunda hər zaman yaşadığının şahidi oluruq.

Zahid Xəlilin "Dəmir yumruq” başlıqlı şeirində isə Ali Baş Komandanın nəinki Azərbaycanda, dünyada nəyə qadir olduğu öz əksin tapır. Yer kürəsini titrədən, oyadan bu dəmir yumruq, dünyaya meydan oxudu. Haqq-ədaləti, mərdliyi, mübarizliyi bir dəmir yumruğun sayəsində dünyaya çatdıra bilməyimiz şeirin əsas ideyası kimi qiymətlidir.

"Dəmir yumruq”- bu gözəl söz
El-obanın dilindədir.
Dəmir yumruq dəmir kimi
Bir kişinin əlindədir.

Dəmir yumruq Qarabağda illərcə sönən işıqlarımızı yandırmağa gücü yetən bir cəsarət, bir güc simvoludur. Onun polad cəsarəti heç bir ədalətsizlikdən əyilə bilmir. Ona görə ki, bu yumruq poladdandır. Şair ötən günlərə dönür:

O yandırdı Qarabağda
Elin sönmüş çırağını.
Yağmalanmış torpağıma
Taxdı zəfər bayrağını.


Şair "haqqı nahaq etmişdilər”- deyə illərcə öz halal torpaqlarımızdan bizi didərgin salan, özlərinə saxta tarix yazıb, Qarabağ torpaqlarını "özəlləşdirən” hayları tənqid atəşinə tutur, Ali Baş Komandanın bu gün haqq səsini dünyaya çatdıra bilməsini alqışlayır. 30 il səbrlə, təmkinlə hadisələrin sülhlə sonlandırılmasını gözləyən və müharibə istəməyən Ali Baş Komandan nəhayət, "Qarabağ Azərbaycandır!” deyib, irəli əmrini verməklə, dünyaya haqqın nahaqa qalib gələcəyini sübut etməsi özü elə bir zəfərdi, qalibiyyətdir. Şeirin sonu Ali Baş Komandana minnətdarlıq və təşəkkür hissidir:

Dəmir yumruq, ömrüm boyu
Sənə nəğmə deyəcəyəm!
O qüdrətli barmaqlara
Qızıl əlcək hörəcəyəm.


(Zahid Xəlil, "Dəmir Yumruq”)

Bu şeir bir xalqın dilindən Ali Baş Komandanına sevgi və etiramıdır. 30 illik torpaqlarından ayrı düşən bir xalq Ali Baş Komandanına olan minnət duyğusunu yalnız ona olan birlik və sədaqəti ilə ödəyə bilər. Bu tipli şeirlərdə xalqın yaşantılarını yazan şairlərimiz bu gün Prezidentimizə olan inam və sevgilərini ona olan sədaqət duyğusunda və birlikdə görürlər. Şair Ramiz Duyğunun "Böyük qələbəmizin Ali Baş Komandanı” şeiri xalqının dilindən deyilən bir minnətdarlıqdır:

Azərbaycan ordusunun Ali Baş Komandanı
Qüdrətli əllərilə kəsdi, doğradı, qırdı,
Qat-qarışıq rəngləri bir-birindən ayırdı.
Hayqırdı təmkin ilə: budur həqiqət anı!

Basılmaz dövlətimin,
Minnətdar millətimin
Ali Baş Komandanı.


(Ramiz Duyğun "Böyük qələbəmizin Ali Baş Komandanı”)

Şair "Qat-qarışıq rəngləri bir-birindən ayırdı” ifadəsi ilə yaşanan hadisələri, 30 illik Qarabağın azadlığı yolunda Ali Baş Komandanın qarşılaşdığı siyasi məqamları yada salır. Bu günkü qələbəmiz, qat-qarışıq rənglərin bir-birindən prezidentimiz tərəfindən ayrılmasına əsas sübutdur. Sonrakı bəndlərdə Ali Baş Komandanın dürüstlüyü, xalqına sədaqəti, verdiyi sözü, içdiyi andı zəfərimizə gedən yolun əsası olduğu ideyasını açıqlayır. Haqq yolunda tökülən qan zəfərə gedən yoldur.

Dedi Zəfər rənglidir
Atdığımız hər mərmi.
Söylədiyim hər bir söz
Düz hədəfə dəymirmi?
Atdığım hər bir addım ,
həqiqəti demirmi?
Məhv etdi hər sözüylə
Hər dığanı, hər "yanı”,
Hər sözümün, şeirimin
Ali Baş Komandanı!


Şeirin son bəndində Ali Baş Komandanın illər ərzində verdiyi söz, qürur hissi ilə xatırlanır. Zəfər günəşimizin hər zaman yanması və bu zəfər günəşinin Qarabağda bərq vurması Ramiz Duyğun poeziyasında özünəməxsusluğu ilə seçilir.

Söylədi tarix boyu tarix bizi anacaq,
Bizim zəfər günəşimiz əbədilik yanacaq.
Son qələbə, son zəfər bizim,bizimdir ancaq!
Qarabağdan görünür qızaran Zəfər danı!
Şuşa, Laçın həsrətli sevdalı qəlbimizin
Ali Baş Qəhrəmanı!
Böyük qələbəmizin
Ali Baş Komandanı!


(Ramiz Duyğun, "Böyük qələbəmizin Ali Baş Komandanı”)

Vaqif Aslanın "Ali Baş Komandanım” şeiri qələbə, mübarək zəfər günü təbriki ilə başlayır.

"Bu mübarək yerişin, bu duruşun mübarək,
Bu ləngərin, səngərin, bu vuruşun mübarək”-


ifadəsi Ali Baş Komandanın iftixar, qürur dolu anlarının gözəl təsviridir. Əsrlərlə tariximizdə yaşayacaq bir qələbənin tarixini yaratmaq və gələcəyimizə ərmağan etmək, dastanlara sığmayan bir qəhrəmanlıqdır. Əslində bu hünər poetik ifadələrə belə sığa bilmir, amma buna baxmayaraq, şairlərimiz bu qüruru şeirə, misralara tökməyə çalışırlar.

Ali Baş Komandanım!
Bu işıqlı dünyaya illər boyu kor baxan,
İnsanlığa xor baxan
İblisləri vur indi,
Xəbisləri, pisləri, ən pisləri vur, indi.
Yollarını gözləyən dağın, daşın eşqinə,
Bu qaçılmaz müqəddəs
Haq savaşın eşqinə
Mayası turşları vur, bətni şoranları vur,
İnsan sümüklərindən ilik soranları vur.
Əmrinə müntəzirdir Azərbaycan ordusu,
Halal olsun deyirəm, sənə bu torpaq, bu su,
Ananın südü kimi, atanın çörəyitək
Qarabağ üzərində dalğalansın bayrağın.
Ana Azərbaycanın, ata Azərbaycanın
döyünən ürəyitək,
Ali Baş Komandanım,
Qələbən də mübarək, zəfərin də mübarək!


(Vaqif Aslan, "Ali Baş Komandan”)

Bir şairin xalqı adından Ali Baş Komandanına duyğu və düşüncələrini poetik şəkildə ifadə etməsi çox təqdirəlaiqdir. Bu şeirlə bir xalqın Prezidentinə olan hörmət və ehtiramını görmək olur. Müəllifin şeirdə istifadə etdiyi yeni ifadələr də diqqət çəkir "Mayası turş, bətni şoran, insan sümüklərindən ilik soran” kimi ifadələr Vaqif Aslanın poeziyasının dəyərini artırır.

Əjdər Olun "Qırx dörd günə” şeirində 44 günə Ali Baş Komandanın yaratdığı tarixdən bəhs edilir. İllərdir özgələrə güvənərək, heç nəyə nail olmadığımız, dəfələrlə sənədlərə atılan imzaların saxtalığı, dünyanın səsimizə səs verməməsi vurğulanır. Şeirdə bir yolun üzərində dayanılır. Bu yol özümüzün cığır atdığımız yoldur. Ali Baş Komandanımızın atdığı imza, verdiyi əmr 44 günə bizi torpaqlarımıza qovuşduran yoldur.

Bayraq tutdum , bayrağımın sapı özüm,
Qapı-qapı niyə gəzim,? qapı özüm,
Qələm özüm, sənəd özüm, tapu özüm,
Baş Komandan imza atdı qırx dörd günə,
Qələbəyə üç rəng qatdı qırx dörd günə.


Əjdər Olun yaşantılarımızı əks etdirən bu sətirlərində əslində çox böyük həqiqət var və yaşadıqlarımız da buna canlı sübut oldu. Şeirdə Rəcəb Tayyıb Ərdoğan və İlham Əliyev birliyinin, qardaşlığının da böyük əhəmiyyəti olduğu vurğulanır. Türk birliyi, bərabərliyi olan zaman bütün türk dünyası istəklərinə nail olar, mesajı şeirin ana xətini təşkil edir.

Ərdoğanla İlhamımız bir oldular,
Şirdən doğub törəyənlər şir oldular,
Xəzər, Egey, Dəclə, Fərat, Kür oldular,
Birlikdə əl qoydu onlar qırx dörd günə,
Qızıl heykəl qoydu onlar qırx dörd günə.


(Əjdər Ol, "Qırx dörd günə”)

Nizami Muradoğlunun poeziya nümunələrində də zəfərimizi Türkiyə və Azərbaycan xalqının birliyində, Ali Baş Komandan İlham Əliyevin Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluğunda görür və qiymətləndirirlər. Bu baxımdan Nizami Muradoğlunun "Üzündə ay işığı” poeması maraq doğurur. Türk dostluq və qardaşlığımızı dünyaya yayan şair Ali Baş Komandanımızın dostu, qardaşı olan Rəcəb Tayyib Ərdoğanı belə təqdim edir:

Azərbaycan sevdalı
Turan vətəndaşıdı.
Ali Baş Komandanım
İlham Heydər oğlunun
Dostudu, qardaşıdı
Rəcəb Tayyib Ərdoğan!


(Nizami Muradoğlu, "Üzündə ay işığı”)

Vahid Əziz poeziyasında illərdir Qarabağ torpaqları qarşısında başıaşağı olmağımız, xəcalət hissləri yaşadığımız əks olunur. Bizi bu xəcalətdən qurtaran Ali Baş Komandanın böyüklüyü və qalibiyyəti şeirdə dönə-dönə vurğulanır, Prezdentə xalqımız adından minnətdarlıq bildirilir. Şair "Qələbəli Azərbaycan " və "Var ol, Ali Baş Komandan”, "Yalnız irəliyə, yalnız irəli...” şeirlərində Ali Baş Komandan obrazını, onun gördüyü işləri bütün tamlığı ilə görmək olur.

Zülmət getdi Qarabağdan,
Ömrünü çıraq elədin,
Var ol, Ali Baş Komandan-
Çox günahkar nəsillərin,
Üzlərini ağ elədin.


(Vahid Əziz, "Var ol, Ali Baş Komandan”)

Bu misralarda tarixə qayıdaraq, torpaqlarımızın azadlığı üçün iş görməyənlər, mübarizədən qaçanlar tənqid atəşinə tutulur. Sözündə bütöv olan, illərcə ordumuzun güclənməsi yolunda mübarizə aparan Ali Baş Komandanın bu qələbədən sonra çöhrəsindəki dumanın getməsi xalqının yanında baş ucalığı qazanmasındadır və söz bu bəxtiyarlığı yazmaqda acizdir.

Getdi çöhrəndən duman,
Daha bizimdir dövran,
Dünya üstünə cumdu-
Sözündən Baş komandan
Dönmədi Qarabağım,
Bayrağımız bir daha,
Enmədi Qarabağım...

(Vahid Əziz, "Var ol, Ali Baş Komandan”)

Bir sıra şeirlərdə "bu döyüşün yarıda kəsməsin, Ali Baş Komandan” deyərək, "şəhidlərimizin tökülən qanlarının sonuna qədər qisası alınmalıdır” fikri rahat buraxmır. Bu xalq sona qədər döyüşməyə hazır olub, yetər ki, haqq üçün axan qanlar hədər getməsin. Elnur Uğur "Ali Baş Komandan, əzminlə tarixi yaz sən yenidən” şeirində yazır:

Ali Baş Komandan,
Əzminlə tarixi yaz sən yenidən,
Ali Baş Komandan, şanlı sərkərdə!
Vətən məhəbbəti qığılcımlanıb,
Saçır şöləsini hər bir əsgərdə.


Hər bir əsgərin üzündə olan Vətən sevgisi qığılcımı zəfər üçün əsas şərt idi və o qığılcımı yandırmaq üçün uzun bir yol gəlmişdi Azərbaycan əsgəri. Bu qığılcımı Ali Baş Komandanın "Qarabağ Azərbaycandır! " ifadəsi güclü bir atəşə çevirdi.

Vur əmrin dur əmri əvəz etməsin,
Haqq üçün axan qanlar hədər getməsin.
Eybi yox, sonadək savaş bitməsin,
Düşmən ömrü bitsin qanlı səngərdə.


(Elnur Uğur, ”Ali Baş Komandan, əzminlə tarixi yaz sən yenidən”)

Xanım İsmayılqızının "Sən oğulsan” (Ali Baş Komandana) şeirində bir xalqın Prezidentinə inamı, sevgisi, hörməti ifadə edilir. Şair oxucusunu dünənə, Ali Baş Komandanın söz verdiyi günlərə qaytarır. Qarşımızda 30 il öz ordusunu daha da qüdrətli etmək üçün çalışan, mübarizə aparan bir Prezident dayanır. Xalqının hünərini dünyaya tanıtdıran, xalqının ürəyinə sevgiylə yol çəkdirən Ali Baş Komandan durur.

Bütün dünyanın dilində hünərini danışdıran,
Yatıb qalan beyinləri düşünməyə çalışdıran,
Sən oğulsan.

Hamımızın ürəyinə ürəklə yol çəkdirmisən,
Bizə əyri baxanları dizi üstə çökdürmüsən,
Sən oğulsan.

Tək deyilsən, Ordun da var, səni sevən Xalqın da var,
Qələbələrə aparan əzmin də var,andın da var,
Sən oğulsan.

Bu müqəddəs torpaqları alacağıq dedin-aldın,
Düşmənləri Yurdumuzdan qovacağıq dedin-qovdun,
Sən oğulsan.


(Xanım İsmayılqızı, ”Sən oğulsan”)

Demək olar ki, Ali Baş Komandan haqqında yazılan bütün şeirlərdə Xalqın Prezidentinə olan sevgi və inam hissindən bəhs edilir. Səmimi hisslərlə yazılan bu şeirlər keyfiyyət baxımından da qiymətlidir.

Mahirə Abdulla həm şair kimi həm də bir ana olaraq bu "davanı ancaq zəfərlə sonlandıraq” ideyasından çıxış edir. Şeirdə ”yumruğunu endirmə” deyən həm də bir anadır. O analar adından çıxış edir. Bu mövzuda yazılan şeirlərimiz əslində anaların Prezidentə bir çağırışı, bir xahişidir. Artıq illərlə başı aşağı olan xalq Ali Baş Komandanın əmrini gözləyib, bu əmr xalqın qurtuluşu, yurdlarımızın düşmən tapdağından azad olmasıdır. Şairin çağrışında erməniyə olan qəzəb, nifrət də bugünkü haqlı, ədalətli müharibədən xəbər verir.

Yol verirsən, yolun mənimdir deyir,
Türk oğluna nifrət-dinimdir, deyir,
Zəncirindən açılıbdı, ipi əlində deyil,
Baş Komandan, yumruğunu endirmə.


Şeirdə real boyalar diqqət çəkir, illərlə ermənilərin "İpi” havadarlarının əlində olması, türk xalqına qənim kəsilənlərin "Türk oğluna nifrət-dinimdir” deyənlərin cavabını vermək zamanının çatdığı vurğulanır. Qarşımızda olanların satqın hallarını müəllif poetik dillə xatırladır. "İtin yalı kəsilibdi, haydadı” ifadəsi ilə Mahirə Abdulla erməninin bütün riyakarlığını açıb göstərir.

Erməninin satqın halı-qaydadı,
İtin yalı kəsilibdi, haydadı,
Paşinyanda sənin qolun boydadı,
Baş Komandan yumruğunu endirmə!


Şeirdə incə yumor da görmək olur ki, (Paşinyanda sənin qolun boydadı) bu ifadədə də real həqiqətlər var. Mahirə xanımın yaradıcılığında erməniyə münasibət hər zaman cəsarətlə, ədalətlə təqdim olunub. Erməni vandalizmini hələ 90-cı illərdə dünyaya yaymaqda yazar real faktlara əsaslanırdı. Şeirin son bəndi də bu baxımdan diqqətəlayiqdir.

Kim çıxarar Xocalını yadından,
Danışıram anaların adından,
Yumruqların ürəyimdi, sıxılıb,
Mətanətin aman vermir, yıxılıb,
Saxla onu təpiyinin altında-
Baş Komandan yumruğunu endirmə!


(Mahirə Abdulla "Azərbaycan Respublikasının Prezidenti
müzəffər Ali Baş Komandan İlham Əliyevə”)


Bir ananın fəryadıdır bu misralar. şəhid analarının, döyüşçü analarının illərdir ürəklərində boğulan hayqırtılarıdır bu şeir. Son zamanlar nə qədər şəhid versək də, heç bir ananın dilindən vur əmrinə qarşı dayan əmri ver, Komandan - deyən bir nəfər də ana olmadı. Bu Azərbaycan xalqının Ali Baş Komandanla birləşməsi demək idi. Bu birlik də bizi qələbəmizə, zəfərimizə doğru apardı. Azərbaycan poeziyası isə bu birliyi, bu sevgini, bu uğuru, bu zəfəri yazmaya bilməzdi. Uğurlarımız, zəfərlərimiz hələ də davam edir. Poeziyamız bütöv Azərbaycandan, yeni tariximizi yaradan Ali Baş Komandandan hələ çox yazıb-yaradacaq. Dəmir yumruğun hər zaman cəsarətli və qüvətli olsun, Ali Baş Komandan!
Müasir Azərbaycan Poeziyasında Ali Baş Komandan obrazı

Mərziyyə Nəcəfova,
Filologoya elmləri doktoru


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar