Xəbər lenti
"Polad Həşimovu artıq qısqanmağa başlamışdılar..."- polkovnik-leytenatın xatirələri..."
"...Polad Həşimov məkirli xəyanətin qurbanı olsa da, öz ölümüylə bütün xalqı ayağa qaldırdı və birləşdirdi, şəhadəti ilə millətə döyüş ruhunu qaytardı və qələbəyə səslədi. Azərbaycanın var olması üçün üzərinə düşən hər şeyi etdi. İndi növbə bizimdir, biz də üzərimizə düşəni etməliyik".
Manevr.az xəbər verir ki, bu sözləri Qarabağ döyüşlərində yaxından iştirak etmiş, istefada olan polkovnik-leytenat Ələsgər Vəliyev şəhid generalımız Polad Həşimov haqqında qələmə aldığı xatirələrində qeyd edib. Ələsgər Vəliyev fikirlərini belə davam etdirib:
"Azərbaycan torpağı onlarla dələduz general içərisindən Polad Həşimov kimi vətənpərvər general yetişdirə bilirsə, bu millət basılmayacaq.
Bəri başdan qeyd edim ki, Polad Həşimovla qohumluğum, yerliliyim, iş ortaqlığım və s. olmayıb və yoxdur. Sadəcə onu əsl zabit kimi yaxından tanıdığım üçün fikirlərimi paylaşmaq istədim. Poladın şəhidlik xəbəri məni çox sarsıtdı. O qədər sarsıtdı ki, bir neçə həftə özümü toparlayıb, onun haqqında heç nə yaza bilmədim. “Qırx” mərasimi keçənə kimi onun ruhuna dualar oxudum.
Ötən müddət ərzində başqa bir hiss də məni rahat buraxmırdı, axı mən Polad haqqında bildiklərimi mütləq yazmalıyam, bu mənim vicdan borcumdur. Azərbaycan xalqı Polad Həşimovu olduğu kimi tanımalıdır. Əlbəttə, hər bir şəhidin xatirəsi qədirbilən xalqımız üçün əzizdir. Ancaq mənim yazmaq istəyim Poladın yalnız şəhid olmağına görə deyil, onu başqalarından fərqləndirən cəhətlərinə görədir və Polad kimi hərbiçilərin bundan sonra da yetişməsinə vəsilə olmaqdan ibarətdir. Poladın həyat yolu bir örnəkdir və gənc nəsil içərisindən yeni Poladlar çıxmalıdır.
Nəhayət, bu gün kompüter arxasına keçdim.
2000-2003-cü illərdə mən Poladın da xidmət etdiyi Ordu Korpusunda əməliyat və döyüş hazırlığı şöbəsi rəisinin baş köməkçisi vəzifəsində xidmət edirdim. Tərtib olunmuş planlara əsasən bütün hərbi birləşmə və hissələrdə döyüş hazırlığının vəziyyəti korpusun idarə heyəti tərəfindən vaxtaşırı yoxlanılırdı. Bir əməliyyatçı kimi düşmənlə təmas xəttini addım-addım gəzib yoxlayırdım. Ön xəttə elə postlar var idi ki, orada bir neçə dəfə olmuşdum. Yoxlama zamanı şəxsi heyətin xarici görünüşü, özlərini təqdimetmə bacarıqları, silah-sursatın varlığı və təhkimedilməsi, ləvazimat və silahların vəziyyəti, döyüş tapşırıqlarını və vəzifə borclarını bilmə səviyyəsi, atəş mövqelərinin seçimi və atəş sisteminin təşkili, ehtiyyat mövqelərin varlığı və dairəvi müdafiənin təşkili, döyüş sənədləri, atəş vərəqəsi, döyüş hesabatı, döyüş növbətçiliyinin təşkili, “Döyüşə” əmrinin praktiki yerinə yetirilməsi, qonşularla qarşılıqlı əlaqə, komanda müşahidə məntəqəsinin varlığı və təminatı, müşahidənin təşkili, rabitə əlaqəsi, danışıq cədvəli, mövqelərin mühəndis hazırlığı, mina səhəsinin sxemi, mühəndis ləvazimatları, düşmənin müşahidəsindən və atəşlərindən qorunmaq üçün maskalanma tədbirləri, maddi-texniki təminat üzrə təminat (yataq kisələri, ərzaq, əmlak, maliyə, tibbi, hamam, yanacaq, su və s.) sualları üzrə yoxlayır, həmçinin həmin postda döyüş tapşırığını necə yerinə yetirməyin incəliklərini şəxsi heyətə izah edirdim. Sonra qərargaha gəlib tabor komandirinin döyüş sənədlərini, əsasən “Taborun müdafiə rayonunun sxemi“ni, yəni müdafiə döyüşünün aparılması planını döyüş nizamnaməsində göstərilən bütün bəndlərə görə yoxlayır, incəlikləri izah edir və aşkar etdiyim çatışmazlıqları yerində bərpa etdirirdim.
2001-ci ilin yaz ayları idi. Mənim xidmət etdiyim Ordu Korpusunun idarə heyəti N nömrəli hərbi hissənin döyüş hazırlığını yoxlamağa getmişdi. Hərbi hissənin qərargahına gələndən sonra, korpus komandiri general-mayor Fikrət Məmmədov idarə heyətinin zabitlərini düzüb, yoxlanılacaq taborlar üzrə bölüşdürdü. Bu dəfəki bölgüdə Polad Həşimovun taborunda döyüş sənədlərini yoxlamaq mənə nəsib oldu. Təbii ki, Polad Həşimovun taboru, ön xətdə ona təhkim edilmiş müdafiə rayonunda döyüş tapşırığı yerinə yetirən taborlardan biri idi. Həmişə olduğu kimi tabor komandiri ilə birlikdə taborun müdafiə rayonunu, həmçinin döyüş sənədlərini yoxladım və aşkar etdiyim nöqsanları birlikdə aradan qaldırdıq. Diqqətimi çəkən o oldu ki, bu taborda sənədləşmə işləri kifayət qədər yüksək səviyyədə icra edilmişdi. Əlavə olaraq demək olar ki, postların əksəriyyətində əsgərlərin idmanla məşğul olması üçün turnik, şəxsi heyətin istirahəti üçün televizor və yuyunması üçün kiçik hamam quraşdırılmışdı. Turnikdə dartınma üzrə normativlərin yerinə yetirilməsində, Poladın özü hamı üçün əlçatmaz idi. Nə isə... biz Poladla belə tanış olub, belə ayrıldıq.
2009-cu ildə mən Silahlı Qüvvələrdən ehtiyata buraxıldım. Bu zaman Polad Həşimov Daşkəsəndə yerləşən hərbi hissənin komandiri təyin olunmuşdu. İş elə gətirdi ki, mənim uşaqlıq dostum və kirvəm Vaqifin oğlu Elvin həmin hərbi hissəyə xidmətə getdi və biz qərara aldıq ki, əsgər balamızın andiçmə mərasiminə birlikdə gedək. Səhər tezdən andiçmə mərasimi başlamazdan öncə özümüzü hərbi hissəyə çatdırdıq. Nəzarət buraxılış məntəqəsi üzrə növbətçiyə yaxınlaşıb komandirlə görüşmək istədiyimi bildirdim. Növbətçi, komandirin heç kimi qəbul etməyəcəyini və bir neçə dəqiqədən sonra postları yoxlamağa gedəcəyini bildirdi. Həqiqətən də 5-10 dəqiqədən sonra Polad Həşimov qərərgahdan çıxıb nəzarət buraxılış məntəqəsinə yaxınlaşdı və orada məni görən kimi maşını saxlatdırıb görüşdü. Oraya gəlişimin səbəbini soruşdu, sonra da dedi ki, gəl otur maşına gedək postu yoxlamağa. Mən Vaqifi orada qoyub, komandirin UAZı-na mindim.
Yolda soruşdum ki, ay Polad bu gün hərbi hissədə bayramdır, yəni gənc əsgərlərin andiçmə mərasimidir, sənin burada olmağın daha məqsədəuyğun deyilmi?
– Yox. Ucqar bir posta traktorla yol çəkdirirəm. Mütləq özümü ora çatdırıb, işlərin gedişatına baxmalıyam, elə sən də baxarsan, təcrübəli zabitsən, əvvəlki yollarla indiki yolları müqayisə edərsən, bəlkə yeni təklifin də oldu, deyərsən. Həm də traktorçuya çatdırılası şeylər var, onları verməliyəm.
– Bəs andiçmə mərasimi necə olacaq?
– Andiçmə mərasimi bizlik deyil. Özün bilirsən də millətin psixalogiyasını... Valideynlərin çoxu çalışacaq ki, mənimlə şəxsən görüşsün, rüşvət verib bunun müqabilində uşaqları üçün müəyyən imtiyazlı şərait istəsinlər. Bu da mümkün olan şey deyil. Əsgərlərimizin hamısı mənim üçün eyni dərəcədə dəyərlidir.
– Bəs biz nə vaxt qayıdacağıq?
– Postdakı işlərimizi görərik, ona kimi andiçmə mərasimi də bitər, sonra qayıdarıq.
Poladın xarakterini bildiyim üçün daha bu mövzuda əlavə sual vermədim. Nədə ki, əsgər balamızın gələcək xidməti ilə bağlı heç nə xahiş etmədim. Mövzunu dəyişib döyüş hazırlığından, postlardan, ümumi vəziyyətdən danışa - danışa gəlib posta yol çəkən traktorun yanına çatdıq. Əvvəllər həmin posta maşın yolu yox idi. Oraya getmək üçün taborun qərərgahından 5-6 saat piyada yol qət edirdik. İndi Poladın çəkdirdiyi yolla həmin məsafəni maşınla yarım saata qət etmək olurdu. Maşından düşüb traktorçu ilə görüşdük. Yanacaq qurtardığına görə traktor işləmirdi. Polad xidməti maşınında gətirdiyi yanacaq dolu iki kanistri traktorçuya verdi, cibinə pul qoydu və bu postdan sonra növbəti postlara da yol çəkiləcəyini bildirdi. O, çox tələsirdi, elə bil bu işlərin yarımçıq qalacağından qorxurdu. Poladın bir xasiyəti də var idi – onun mobil telefonu həmişə sönülü olardı, ancaq özünə lazım olanda telefonu qısa müddətə açıb, sözünü deyib, tez də sondürərdi. Xidməti danışıqları ancaq ordunun rəis və komandir heyəti üçün nəzərdə tutulmuş 4 rəqəmli telefonla aparardı. O, öz enerjisinin və vaxtının 95 faizini xidmətə, yerdə qalan 5 faizini şəxsi münasibətlərə ayırardı. Nə isə...
Sonra traktordan aralanıb döyüş mövqeyinə tərəf getdik. Postun başçısı Polada vəziyyət haqqında məruzə etdi. Sonra şəxsi heyətlə görüşdük. Polad özü ilə gətirdiyi siqaret qutularını və şirniyyatı orada xidmət aparan əsgərlərə verdi. Bir az da döyüş mühafizəsinin təşkili ilə bağlı sual-cavab etdik. Açığı bu gözlənilməz səfərdən və gördüklərimdən məmnun oldum. Biz Xoşbulağa qayıdanda andiçmə mərasimi qurtarmışdı. Hərbi hissə üzrə növbətçi heç bir hadisənin baş vermədiyini komandirə məruzə etdi. Gənc əsgərlər isə valideynləri ilə birlikdə istirahətə buraxılmışdı.
Polad hər şeyin yaxşı olmasına əmin olduqdan sonra dedi ki, indi dostunu da çağır, nahara gedək. Dərhal Vaqifin mobil telefonuna zəng edib, təcili qərərgahın qarşısına gəlməsini istədim. Bir neçə dəqiqədən sonra komandirin UAZı-na minib “Narzan” istirahət mərkəzinə getdik. Azərbaycan mətbəxinin ən ləziz nemətləri süfrəyə gəldi. Doyunca yeyib-içdik. Vaqif güya əlini yumaq (əslində hesabı ödəmək) məqsədilə ofisiantın yanına getdi. Ancaq nə qədər çalışsa da ofisiant nə hesabı demədi, nə də pul götürmədi. Artıq səs tonlarından hiss olunurdu ki, mübahisə bir az da davam etsə dava düşəcək. Polad dözməyib məsələyə aydınlıq gətirdi. Dedi ki, dostunu çağır gəlsin, onsuz da ofisiant pul götürməyəcək. Çünki mən əvvəlcədən restoran müdiriyyəti ilə razılaşmışam ki, əgər qonaqla gəlirəmsə, deməli hesab mənlikdir, heç kimdən pul götürməyin. Bax beləcə naəlac qalıb Vaqifi geriyə çağırdım. Ancaq Polada dedim, o ki elədir, bir sualıma da cavab ver. Nəzarət buraxılış məntəqəsində Bakıdan gəlmiş başqa bir polkovnik-leytenant da var idi ( onun da oğlu həmin gün hərbi andı içənlər sırasında idi), onunla da görüşdün, ancaq nahara dəvət etmədin, niyə?
Polad dedi: ona görə ki, sən korpusda xidmət edərkən yeganə əməliyyatçı idin ki, yoxlama vaxtı tabor komandirlərindən heç nə istəmirdin, təmənna güdmürdün, bildiklərini də həvəslə öyrədirdin. Bax elə bu xüsusiyyətlərinə görə istədim sənə bacardığım hörməti edim, əsgərdən də narahat olmayın, öz övladım kimi baxacam. Elə bu məqamda fotoqraf yaxınlaşdı. Polad dedi ki, düzünə qalsa şəkil çəkdirməyi xoşlamıram, ancaq səninlə olar. Şəlalənin fonunda dayanıb şəkil də çəkdirdik (təəssüf ki, şəkli indi tapa bilmədim, tapanda mütləq paylaşacam). Poladı bağrıma basıb vidalaşdım.
2016-2017-ci tədris ilində yenə Poladla rastlaşdım, bu dəfə Silahlı Qüvvələrin Hərbi Akademiyasında. Həmin vaxtı mən müqavilə əsasında Akademiyanın tədris şöbəsinin baş zabiti vəzifəsində çalışırdım (2019-cu ilin iyun ayında Nəcməddin Sadıkovun sərəncamı ilə vəzifəmdən azad edildim), Polad isə korpusun qərərgah rəisi olaraq, Akademiyanın qiyabi bölməsində magistr təhsili alırdı. Qiymətləri ilə maraqlandım, keçən semestrdən bir kəsri qalmışdı. Dedim istəyirsən fənn müəlliminə tapşırım, kömək etsin. Dedi, narahat olmayın, sadəcə vaxt baxımından çatdıra bilməmişəm, özüm hazırlaşıb o imtahanı verəcəm. Dediyi kimi də etdi, hazırlaşdı və imtahandan yüksək bal topladı.
Polad 2016-cı ilin Aprel döyüşlərində Ordu Korpusunun qərərgah rəisi olaraq əməliyatlarda şəxsən iştirak etmiş, Tərtər – Talış istiqamətində kiçik bir qrupla ön xətti keçərək düşmənə sarsıdıcı zərbələr vurmuş və işğalda olan bir neçə mövqeni azad etmişdi (heç bir döyüş təlimatında və ya nizamnaməsində Ordu Korpusunun qərargah rəisinin lokal döyüşdə düşmənin arxasına keçməsi göstərilməyib). Poladı həmin döyüşə şəxsən göndərənlər onun sağ qayıdacağını gözləməsələr də o, zəfərlə qayıtdı. Düşmən o gündən, bu günə qədər həmişə həmin mövqelərin qaytarılması məqsədilə müxtəlif təxribatlar törədir, atəşkəs rejimini pozur, hücumlar təşkil edir və s. Təbii ki, belə ağır şəraitdə xidmət edən qərargah rəisinin əsas işləri ilə yanaşı, paralel olaraq Akademiyada qiyabi təhsil alması zamanı kəsrə qalması başadüşüləndir. Polad bir çoxlarından fərqli olaraq həyatda nail olduğu hər şeyə şəxsi əməksevərliyi və çalışqanlığı hesabına çatmışdı. Heç kim, heç vaxt, heç kimə onu tapşırmamışdı. Taqım komandirindən Ordu Korpusunun qərargah rəisi vəzifəsinə qədər yüksələn bu gənc generalı bəzi üzdəniraqlar artıq qısqanmağa başlamışdılar... Bu da son.
2020-ci ilin 12 iyul tarixində Polad məkirli xəyanətin qurbanı olsa da, öz ölümüylə bütün xalqı ayağa qaldırdı və birləşdirdi, şəhadəti ilə millətə döyüş ruhunu qaytardı və qələbəyə səslədi, Azərbaycanın var olması üçün üzərinə düşən hər şeyi etdi. İndi növbə bizimdir, biz də üzərimizə düşəni etməliyik. Bunun üçün mən müraciət edirəm bütün ziyalılara, iş adamlarına və hər kəsə. Bilmirəm dövlətimiz Poladın adının əbədiləşdirilməsi ilə bağıl hansı addımları atacaq. Ancaq biz özümüz Poladı bir Xalq Qəhrəmanı kimi tanımalıyıq və tanıtmalıyıq. Elə etməliyik ki, Poladın əziz xatirəsi xalqın qəlbində həmişə yaşasın, bütün uşaq bağçalarında, tədris müəssisələrində, istehsal sahələrində, hətta təmir emalatxanalarında Poladın portreti asılsın. Onun adına şeirlər, dastanlar yazılsın, mahnılar bəstələnsin, səhnə əsərləri yaradılsın, filmlər çəkilsin və s. Poladın xatirəsini yaşatmaqla bərabər onun ailəsinə və yaxınlarına da qayğı göstərmək hər birimizin vicdan borcudur.
Poladı bu dünyaya gətirən və axirət dünyasına yola salan Ana! Əllərindən öpüb, qarşında baş əyirəm.
Ələsgər Ağbabalı (Vəliyev),
istefada olan polkovnik-leytenat
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar