Xəbər lenti
Misir Mərdanov vəzifə eşqinə düşüb? - Son illərdə o, çox aktivləşib

Son günlərdə sabiq təhsil naziri Misir Mərdanovun ictimai çıxışları və mediaya verdiyi müsahibələr cəmiyyətdə geniş rezonans doğurub. Mərdanov açıqlamalarında ardıcıl və sistemli şəkildə Elm və Təhsil Nazirliyinin fəaliyyətini tənqid edir, qurumun idarə edilməsində, təhsil siyasətində səhvlərin olduğunu vurğulayır.
Manevr.az sfera.az bildirir ki, bəzi iddialara görə, Misir Mərdanovun bu cür çıxışları təsadüfi deyil. İddialara əsasən, Mərdanov yenidən yüksək vəzifəyə təyin olunmasını istəyir və buna görə də gündəmdə qalmağa çalışır.
Hərçənd o, bu iddiaları təkzib edib. M.Mərdanovun mediada gedən açıqlamasına görə, sabiq nazir bildirib ki, bu iddialar böhtan xarakterlidir. “Mənim belə arzu və istəyim ola bilməz. Mən hazırda öz işimin başındayam, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru olaraq çalışıram”, - deyən M.Mərdanov iddiaları əsassız adalandırıb.
Lakin onun açıqlamalarının tonu və ardıcıllığı bu ehtimalı gündəmdə saxlayır.
Misir Mərdanov 1998–2013-cü illərdə təhsil naziri vəzifəsində çalışıb. Bu dövr ərzində təhsil sistemində bir sıra dəyişikliklər baş versə də, onun fəaliyyəti dəfələrlə tənqid olunub. Hazırkı Elm və Təhsil Nazirliyinin rəhbərliyi isə aparılan islahatlar, rəqəmsallaşma, beynəlxalq təcrübənin tətbiqi və şəffaflıq prinsipləri ilə fərqlənir.
Bəzi müşahidəçilər hesab edirlər ki, Mərdanovun açıqlamaları onun keçmiş nüfuzunu qorumaq və yenidən gündəmə gəlmək cəhdidir.
Misir Mərdanovun açıqlamaları, onun şəxsi mövqeyindən doğsa da, ictimaiyyət tərəfindən Elm və Təhsil Nazirliyinə qarşı yönəlmiş qərəzli kampaniya kimi qəbul edilir. Bu cür çıxışların məqsədi islahatları gözdən salmaq və şəxsi nüfuzunu bərpa etmək ola bilər. Lakin təhsil sahəsində davamlı inkişaf və müasir yanaşmaların tətbiqi, bu cür tənqidlərin təsirini azaldır və cəmiyyətin diqqətini real nəticələrə yönəldir.
Bununla belə etiraf etmək lazımdır ki, bu cür çıxışlar elm və təhsil sahəsində aparılan islahatlara olan ictimai dəstəyi zəiflədə, nazirlikdə çalışan mütəxəssislərin motivasiyasına mənfi təsir göstərə, təhsil ictimaiyyəti arasında parçalanma və fikir ayrılığı yarada bilər.
M.Mərdanov bütün əsas açıqlamalarını ona yaxın olan trollar və ya media subyektləri vasitəsilə hər gün ardıcıl və sistemli şəkildə həyata keçirir. Bütün açıqlamalarda o, təhsil və elm siyasətini pisləməklə, mövcud kadrların işləyə bilmədiyini göstərməklə qalmaqallar yaratmaq, özünün bu sahədə önəmli kadr olduğunu göstərmək istəyir.
Maraqlıdır ki, bu cür qaralama metodu, dəst-xət Ramiz Mehdiyevin də fəaliyyətində görünüb. R.Mehdiyev də özü haqqında “əvəzolunmaz, önəmli kadr” imici formalaşdırmağa çalışırdı. İndi bənzər davranış M.Mərdanovun timsalında görünür. Mərdanov elm və təhsil sahəsində “problemlər”ə toxunmaqla, bu sahədə ondan daha yaxşı kadrın olmadığını təqdim etməklə yenidən yüksək rəhbər vəzifəyə qaytarılmasının “vacib” olduğuna işarə edir.
İddialara görə, Mərdanaovun R.Mehdiyevi tənqid etməsi də bu məqsədə xidmət edir. Mərdanov davranışları ilə özünü R.Mehdiyevin əzəli və barışmaz düşməni kimi göstərməklə mükafatlandırılmasını istəyir.
İddialara əsasən, heç də Mərdanov dediyi kimi Mehdiyevlə barışmaz düşmən olmayıb. Əslində onun Mehdiyevlə əvvəllər xoş münasibətlərinin olduğu, təhsillə bağlı daim Mehdiyevdən məsləhət aldığı bildirilir.
Mərdanov və Mehdiyev vaxtilə Təhsil üzrə Komissiyada birgə işləyib. Məlumatlara görə, hətta Misir Mərdanov nazir postundan getdikdən sonra da təhsillə bağlı Mehdiyevlə daim fikir mübadiləsi aparıb.
Xatırladaq ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri olduğu dövrdə Təhsil üzrə Komissiyanın rəhbəri olub. Bu komissiya Təhsil Nazirliyindən müstəqil şəkildə fəaliyyət göstərib və təhsil sahəsindəki bir sıra məsələlərin həllində mühüm rol oynayıb.
Misir Mərdanov Ramiz Mehdiyevlə birlikdə Təhsil üzrə Komissiyada çalışıb.
Misir Mərdanov uzun illər təhsil sisteminə rəhbərlik etmiş və həmin dövrdə formalaşmış mexanizmlər üzərində dayanmış bir fiqurdur. Onun mövqeyi daha çox ənənəvi idarəetmə modelinin üstünlüyünü qorumağa yönəlib. Halbuki, hazırkı islahatlar dövlət universitetlərində şəffaf idarəetməni, müəllimlərin attestasiyasını, təhsildə rəqəmsal nəzarət və nəticəyönümlü sistemi gücləndirməyə xidmət edir. Bu isə köhnə idarəçilik sisteminin rahatlıq sahəsini daraldır, nəticədə əvvəlki məmur elitası tərəfindən narazılıq yaradır.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri saytımıza açıqlamasında qeyd etdi ki, son 5 ildə Misir Mərdanov çox aktivdir. Onun müşahidələrinə əsasən, istər sosial media səhifəsində, istər onlayn mediada, istərsə də televiziya və radiolarda Misir Mərdanov kifayət qədər aktivdir və təhsilə aid bir çox məsələlərlə bağlı fikir bildirməyi üstün tutur.
E.Nuri bu açıqlamalarda M.Mərdanovun xüsusi bir məqsədinin olduğuna inanmır. Bununla belə ekspert keçmiş nazirin fikirlərinin ancaq tənqidi notlar üzərində qurmasını doğru və səmərəli hesab etmir. Onun sözlərinə görə, sabiq nazir tənqiddən çox təkliflərlə çıxış etməlidir, islahatlara dair konkret fikirlər irəli sürməlidir:
“Misir Mərdanov uzun illər nazir işləmiş bir şəxs kimi, həm də artıq kifayət qədər stajlı elm və təhsil adamı kimi, artıq yeni təkliflər və modullar üzərində fikirlərini qurmalıdır. Biz analizlər görməliyik. Misir Mərdanov deməsə belə, təhsil və elm sahəsində hansı çatışmazlıqların olduğunu bilirik. Buna görə də Misir Mərdanov problemlərin həll nöqtəsini göstərməli, təkliflər verməlidir. Ancaq tənqidlə yanaşmaq, ancaq neqativləri demək və bununla yanaşı onun çıxış yollarını göstərməyə maraqlı olmamaq ciddi qarşılanmayacaq.
Biz Misir Mərdanovdan bilmədiyimiz məsələlərlə bağlı, fərqində ola bilməyəcəyimiz çıxış yolları ilə bağlı, kurikulumla bağlı, çox yaxşı təkliflər gözləyirik. Bu tənqidlər getdikcə işə yaramayacaq, növbəti tənqidlər medianın marağında olmayacaq”.

Ekspert dedi ki, davamlı tənqid adiləşir və insanlar, cəmiyyət bunu ciddiyə almır. O bu baxımdan hər şeyin mənfi çalarla göstərilməsinin Misir Mərdanovun fikirlərinə olan inamı zəiflətdiyini bildirdi:
“Azərbaycanda təhsillə bağlı texniki, istər təşkilati, istər nəzəri-metodoloji istiqamətdə kifayət qədər addımlar atılır. Adicə, təhsili səviyyələrə bölsək, məktəbəqədər, ibtidai, orta ümumi təhsil və ali təhsil üzrə xeyli müsbət dəyişikliklər var. Təhsilin bütün pillələri üzrə nəzarət mexanizmi gücləndirilib.
Məsələn, bağçalar uzun illər icra hakimiyyətlərinin tabeliyində olmuşdur. İndi isə, Təhsil Nazirliyinə tabedir. Müəyyən qədər boşluqlar var idi. Monitorinq nəticəsində, 5 minə qədər müəllimin diplomunun öz ixtisaslarına görə olmadığı üzə çıxdı.
Digər bir nümunə kimi rəqəmsal təhsillə bağlı görülən işləri göstərmək olar.
Peşə təhsili ilə bağlı da xeyli işlər görülür.
Sadəcə olaraq, görülən işlərlə bağlı PR işləri çox aparılsa yaxşı olar”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























