Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Günel Natiq- "Aktrisa"(Hekayə)

Tarix: 28-11-2019 21:51     Baxış: 3907 A- / A+
Günel Natiq- "Aktrisa"(Hekayə)

Manevr.az Günel Natiqin hekayəsini təqdim edir:

AKTRİSA

Aktrisa gizli-gizli həmkarını süzdü:

-Yox, hələ gümrah görünür. Üzündəki qırışlar artsa da, dərisinin rəngi keçən dəfəkindən yaxşıdır. Bir aydır böyrəklərindəki ağrılardan gileylənir. Təzyiqi də ki, kəlləçarxa çıxır. Amma necə qırmızı-qırmızı danışır. Beş dəqiqəlik müsahibə üçün yaxınlaşıblar, bu, yarım saatdır susmur. Teatrda da beləydi. Əlində olsaydı, bütün repertuarı işğal edər, rolların hamısını özü oynayardı. Pərdə arxasından səhnəyə hər dəfə eyni şövqlə, eyni həvəslə qayıdardı. Hələ əlində olsaydı, hər dəfəsində alqış tələb edərdi.

Şux görünməyə çalışan yaşlı qadına əməlli-başlı maraq vardı. Reportyorlar həndəvərində fırlanır, nərmənazik müxbir qızlar əllərində mikrofon xanımın əhatə dairəsinə düşməyə çalışırdılar. Qadın dəli-dolu idi. Çılğın temperamentlə danışırdı, hiss olunurdu ki, nədənsə narazıdır.

-İndi səhnədə sizin yerinizi dolduracaq aktrisa varmı?- müxbirlərdən biri xəbər aldı.

-Səhnə mənim üçün ehram idi,- qadının gözləri doldu. Bu məqam da onu kənardan izləyən aktrisanın gözlərindən yayınmadı. “Aferistlik edir”,-deyə düşündü.

- Səhnə mənim üçün ehram idi,-qadın gözlərini silib sözünə davam elədi: -Tək mənim üçün yox, mənimlə eyni nəsildən olan digər aktyorlar üçün də! İndi teatra gələn cavanlardan soruşun görək, səhnə onlar üçün nə ifadə edir? İndiki cavanları ancaq bir şey düşündürür – pul! Ucuz şöhrət, dəbdəbə... Heç kim əziyyət çəkmək istəmir, ancaq hamı istəyir ki, hər şeyi olsun. Səhnəyə çıxdınmı, gərək bunları unudasan, daha doğrusu, unudub səhnəyə çıxasan. “Sənət...”. Görünür, lazımi söz dilinə gəlmirdi. “Sənət müqəddəsdir”! Nəhayət, qadın səhnə anlayışını ifadə edəcək sözü tapdı. Amma hiss olunurdu ki, “sənət”i özünün də bilmədiyi daha dərin mənalı sözlərlə çatdırmaq istəyir.

...İkinci dünya müharibəsi başlayanda Alidənin 3 yaşı vardı. Bacısı ondan 4 yaş böyükdü. O vaxt kənddə yaşayırdılar. Dava başlayan kimi atası cəbhəyə yollanmışdı, ilin axırıncı ayında qara kağızını almışdılar. İki körpəsi ilə birgə aclıqdan, tənhalıqdan, tənələrdən, eyhamlardan təngə gəlmiş anası ağır xəstəliyə tutulmuş, qara kağıza bürünmüş günlərin birində çərləyib getmişdi.

Alidəni Bakıdakı uşaq evlərindən birinə vermişdilər. Bacısını isə kənddə qarımış bir qız götürüb saxlamışdı. Onsuz da ələyim ələnib, xəlbirim göydə fırlanır, bundan sonra ərə gedəsi deyiləm ki,- deyirmiş. Amma gözləmədiyi halda ona elçi düşən olmuşdu. Davada bir gözünü itirən yadelli kişi uşaqla birgə onu özünə arvad qəbul edib öz məmləkətinə aparmışdı.

Alidə elə necə sısqa uşaq idisə, 17 yaşında da eləcə çəlimsiz qalmışdı. Bir tərəfdən müharibə illərinin aclığı, soyuğu, maddi ehtiyaclar, digər tərəfdən də təklik, kimsəsizlik, ögey, soyuq baxışlar…Kağız kimi büzüşmüş, özü öz içində qeyb olmuşdu. Kimsəsizlik onu gözüqıpıq eləmişdi. Amma ögey baxışlara tuş gələndə də təbəssümünü əksik eləmirdi, adamların könlünü qazanmağa çalışırdı. Hələ körpəlikdən həyatın soyuq üzüylə üzləşən Alidə bilirdi ki, nələrəsə nail olmaq üçün insanlarla münasibəti xoş tutmaq lazımdır.

İncəsənət Universitetinə güzəştlə qəbul olundu. Uşaq evində böyüdüyünü, atasının müharibə iştirakçısı olduğunu və s. nəzərə aldılar.

Ömründə teatr səhnəsi görməmişdi. Universitetin kiçik səhnəsi onun üçün İtaliyanın Umberto Cordano teatrının səhnəsi kimiydi. O isə xəyali Cülyetta.

İstedadlıydı, amma nədənsə potensialını göstərə bilmirdi… İmtahan üçün təqdim ediləcək tamaşanın rolları bölünəndə ona da yer verildi. Cülyettaya çox yaxın, eyni zamanda kilometrələrcə uzaq… Cülyettanın qulluqçusunu oynayacaqdı. Doğulduğu o balaca kənddən Roma necə görünürdüsə, onun rolundan da Cülyetta elə görünürdü. O, heç vaxt Cülyettaya istədiyi məsafədə ola bilməyəcəkdi. Həmişə onun ardından, arxasından baxacaqdı səhnəyə. Yəqin ki, Cülyettaya onun qədər pərəstiş və nifrət edən olmamışdı. Yəqin ki, heç bir “qulluqçu” “öz xanımına” bu qədər həsəd aparmamışdı. Tamaşa boyu Cülyetta rolunu oynayan qızın sinəsində, kürəyində bir cüt gözün izi vardı. Bu, Alidənin baxışları idi.

İnstitutu qurtaranda təyinatını Mərkəzi Teatra verdilər. Alidədən bir neçə yaş böyük, emosional, çılğın və mötəbər xanım teatrın kraliçası o idi. Cülyettanı, Kleopatranı, Ofeliyanı o oynayırdı. Rol bölgülərinə də özü nəzarət edirdi. Nüfuzundan qaynaqlanan qeyri-rəsmi səlahiyyətləri vardı. Ondan icazəsiz heç ikinci dərəcəli rollara da yaxın düşmək olmazdı.

Alidə ilk rolunu xatırlamır. Hansısa ötəri bir rol idi. Deyəsən, heç pyesdə belə bir rol yox idi. Bəlkə də rejissorun ona rəhmi gəldiyindən bu xırdaca rolu onun üçün uydurmuşdu.

“Romeo və Cülyetta” tamaşasına iki gün qalırdı. Cülyettanı təbii ki, kraliça oynayacaqdı. Alidə gizlicə yarıaçıq qapıdan teatrın ulduzuna baxırdı. Kraliça gənc və gözəl idi. Gəncliyindən və gözəlliyindən başqa onun zahiri görünüşünə aidiyyatı olmayan, amma açıq-aşkar sezilən üstünlüyü vardı. Kraliçanın adi mimikasında da özünü biruzə verən bu özəllik onun daxili gücüylə bağlıydı. “Mən belə istəyirəm”. Bu ifadəni çox işlədirdi. Alidə bu sözə nifrət edirdi. Onun özünə nifrət etməyə cəsarət etməzdi. Kraliçaya nifrət etmək heç kimin ağlının ucundan keçməzdi. Bunu etməyə cəsarəti çatan adam ömür-billah teatra həsrət qalardı.

Alidə xəyali Cülyettayla danışırdı. Hər gün bir az bu obrazın içində əriyib gedirdi.

Həmin gün teatra çox erkən gəlmişdi. Kraliçanın otağının yanından keçəndə qapını yarıaçıq gördü. Teatrın ulduzu, adətən, məşqlərə hamıdan sonra gəlir, hamıdan tez də gedirdi. Bəlkə də personasının vacibliyini və əhəmiyyətini vurğulamaq üçün belə edirdi. Hər halda hamı onun teatra bu münasibətində də bir mübhəmlik görür, bu mübhəmlikdən dolayı vəziyyətlə barışırdılar.

Alidə içəri girdi. İlk dəfə idi ki, bu otağa daxil olurdu. Stanislavski deyirdi, teatr qarderobdan başlayır, amma Mərkəzi Teatr kraliçanın qrim otağından başlayırdı. Təkcə o yox, hamı belə düşünürdü. Ona görə bu otaq hamının diqqət mərkəzindəydi. Qapısının neçə dəfə açılıb-örtüldüyünü hamı əzbər bilirdi. Alidəyə elə gəlirdi ki, hər dəfə bu otağın qapısı açılanda kilometrlərlə uzaqda olan aktyor-lar da diksinirlər.

Qrim otağının xəfif dağınıqlığı təbii hesab olunurdu, çünki kraliçanın əşyalarına toxunmağa heç kimin ixtiyarı yox idi. Ancaq onun şəxsi köməkçisi bu “müqəddəs stol”a yaxınlaşa bilərdi. Bəzən bu masa kilsədəki ikonanı xatırladırdı. Yəqin ona görə bu otağa girənlərin dili tutulurdu, kəkələyə-kəkələyə danışırdılar.

Alidə otaqda olanda Şekspirin əfsanəvi obrazıyla qaynayıb-qarışdığını hiss etdi, sanki divarlara Cülyettanın frazalarının dərinliyi, kamilliyi hopmuşdu. Həmişə kənardan izləyən gözlər indi kraliçanın vücudundan, hətta daha dərinlərdən - içindən, ürəyindən baxırdı, elə bil bu otağın sahibəsiylə bir vücud ərsəyə gətirmişdi.

Çox erkən idi, ən azı bir saatdan sonra gəlməyə başlayacaqdılar, truppadan bir saat sonra isə kraliça gələcəkdi. Hələ vaxta vardı. Bu vaxt ərzində ömründə bircə dəfə xəyalındakı obraza heç olmadığı və bəlkə də ola bilməyəcəyi qədər yaxın ola bilərdi, heç olmasa qoxusunu alardı, Cülyettanın təmasını hiss edə bilərdi.

Alidə kraliçanın şəxsi qarderobunu ehtiyatla açdı, Cülyettanın bəmbəyaz, zərli və zərif libasını çıxardı, sübh çağının işığında heyrətlə gözdən keçirdi, üstünə tutdu. Ölçüsü ona bir az böyük olardı, amma bu xəyali libas onun əllərində olduqdan sonra aşılmayacaq əngəl yox idi.

Bir neçə dəqiqədən sonra Cülyettanın libası onun vücudunu sardı. Alidə Cülyettanın məhəbbətinin onun yarımçıq və yetim qalmış, zədələnmiş hisslərinə necə sığal çəkdiyini, məlhəm olduğunu hiss etdi. Heç kim ona bu qədər yaxın olmamışdı, heç kim onu bu qədər dərindən anlamamışdı. Düşündü ki, həmin anda Şekspirin qüdrəti ilə onun teatr sevgisini bir tərəziyə qoyub çəksələr, yəqin ki, onun məhəbbəti üstün gələrdi.

Cülyettanın monoloqunu Şekspir elə bil bu məqam üçün yazmışdı. Bu məqamda o özünü sevgi dolu, həm də tərkidünya hiss edirdi.

O həm gülür, həm ağlayır, elə bil Cülyetta olduğuna bütün yer üzünü inandırmaq istəyirdi. Xəyali obrazının libasını geyinmiş, Şekspirin sözləriylə ovsunlanmış bu çəlimsiz, gənc qız bu anda dünyanın ən inandırıcı Cülyettası idi.

Bu mənzərədən keyimiş halda qrim otağının qapısının ağzında dayanmış kraliça Allah bilir nə düşünürdü. Həmin gün təsadüfən teatra tez gəlmişdi və otağına girərkən üzünü belə düz-əməlli görmədiyi, xatırlamadığı üçüncü, dördüncü dərəcəli rolların ifaçısını Cülyetta libasında, yəni onun tamaşa üçün hazırlanan libasında görmüşdü.

Və yalnız görməmişdi, həm də onun dediklərini eşitmişdi. Bu həm Cülyettaydı, həm də o deyildi. Bu, başıbəlalı qadının taleyini öz taleyinə calaq edən zavallı bir qız idi.

Yəqin ki, o, dünyanın ən yazıq Cülyettasıydı.

Kraliça heç vaxt Cülyettanı belə çarəsiz görməmişdi.

Yəqin Cülyetta da Alidənin bu halına hönkür-hönkür ağlayardı.

Kraliçanı gördüyü andan başıbəlalı Cülyetta obrazdan çıxıb uşaq evində böyümüş, həyatın bütün məhrumiyyətlərindən keçmiş zavallı qızcığaza- Alidəyə dönmüşdü:

-Xanım, məni bağışlayın, özüm də bilmirəm necə oldu. Mən sizin otağınıza yır-yığış etmək üçün girmişdim. (Hərçənd bilirdi ki, heç kimin bu otağa girmək səlahiyyəti yoxdur). Bu atmosfer məni aldatdı. Mən sizə elə heyranam ki. Mən sizin vurğununuzam. Mən sizin oyununuzu izləyəndə hər şeyi, özümü də unuduram. Bu otağa girəndə elə bil bir anlığına sizi səhnədə gördüm. Sizi təqlid etmək istədim. Amma mənim nə həddimədir ki, sizin kimi böyük sənətkarı təqlid edim…

Xanımın üzündəki qəzəb, hiddət və təəccüb yavaş-yavaş çəkilir, yerini mərhəmət hissi alırdı. Alidənin körpəliyini, ölmüş anasının soyuq bədənini qucaqlayan çağa əllərini, kənddən Bakıya qədər uzanan, sonra isə dünyaya sığmayan qəribliyini görmüş kimi olurdu. Bir insanın görkəmi onun keçmişini bunca ələ verə bilərdimi?

-Yaxın gəl,- xanım dedi. Onun səsində zərrə qədər qəzəb du-yulmurdu: Sən deyəsən yetimlər evində böyümüsən, eləmi?

-Bəli, -Alidə dedi.- sizin kimi mərhəmətli insanların sayəsində ölmədim, yaşadım…Və ağlamsındı: xanım, vallah pis niyyətim yoxdu, mən sadəcə baxmaq istəmişdim, vallah…

-Yaxşı, unut bunu,- kraliça uşağı ürkütmək istəməyən böyüklük qayğısıyla dedi: Harda yaşayırsan, necə dolanırsan? Teatrdan aldığın ehtiyaclarını ödəyirmi? Gənc qızsan, amma uşağa bənzəyirsən. Yəqin ki, ehtiyacların çoxdur.

-Yataqxanada qalıram, -xanımın qayğısından mütəəssir olmuş Alidə dedi.- teatrdan 80 manat alıram, ehtiyaclarımın ancaq bir qismini ödəyə bilirəm. “Rəhbərliyə ərizə yaz”,- dedilər, amma tərəddüd edirəm…

-Heç tərəddüd etmə. Ərizəni yaz, mən direktorla danışaram. Yetimlər evində böyüməyin, yaşadığın şərait, atanın müharibə iştirakçısı olması-hamısı, hamısı nəzərə alınmalıdır. Mən həll edərəm. Dedin ki, yataqxanada qalırsan?

-Bəli, teatr işçiləri üçün tikilmiş binada qalıram. Bir otaqda üç nəfərik… Birtəhər yaşayırıq…

-Hmm…-xanım fikrə getdi, sonra qətiyyətlə başını qaldırdı,- yaxşı, bu barədə sonra fikirləşərəm, indi üstünü dəyiş, işinə qayıt, bir azdan məşqlər başlayır.

Alidə Cülyetta obrazının libasında olduğunun fərqinə hələ indi vardı.Yenə üzrxahlıq etməyə çalışdı, amma xanım “yaxşı, yaxşı”,- deyə əlini yellədi.

O gündən sonra sanki bir mələk peyda olub Alidənin taleyinə qırmızı yazılar yazdı. Rəhbərliyin Alidəyə münasibəti dəyişdi. Maaşı ikiqat artdı, əlavə imtiyazlar verildi. İndi kraliçanın otağına girməyə haqq qazanan ikinci adam Alidə idi. Sərt, qaraqabaq xanımın tamaşalardan qabaq Alidənin pozitivliyinə ehtiyacı vardı. Alidə kraliçanın sənətkarlığına təriflər yağdırıb göylərə qaldırır, heyran baxışlarını əksik etmirdi.

Alidə tezliklə ikinci dərəcəli rolların ifaçısına çevrildi. İndi teatrın ən mötəbər xanımıyla çiyin-çiyinə çalışırdı. Səhnələrdə onunla qarşı-qarşıya gəlir, az qala eyni hüquqlu şəxs kimi çıxış edirdi. Alidə gözlərinə inanmırdı. Səhnədə kraliçayla bərabər hüquqlu aktrisa kimi çıxış etmək belə inanılmaz idi.

Getdikcə Adilə kraliçanın ürəyinə daha çox yol tapırdı. Kraliça onun pozitivliyini, gülərüzlülüyünü, böyük-kiçik yeri bilməyini, hörmətcilliyini, onun şəxsiyyətinə, sənətkarlığına olan rəğbətini, heyranlığını qiymətləndirirdi. Arabir Alidə yataqxanadakı şəraitdən giley-güzar edir, himayədarına mənzil problemini xatırladırdı. Kraliça sadəcə əlverişli vaxt gözləyirdi. Nəhayət, belə bir imkan əlinə düşdü. 60-cı illər idi, hazır tikililərin sayı elə də çox deyildi. Belə olan halda kommunal evlər çox münasib idi. Bir neçə ailənin mənzil ehtiyacını ödəyən bu tikililər geniş həcmli olurdu. Hər ailə ayrıca otaqla təmin olunur, yalnız hamam, tualet, mətbəx və koridor ümumi olurdu. Belə mənzildə yaşamaq o qədər arzuolunan olmasa da, o dövr üçün göydəndüşmə sayılırdı.

Şəhərin mərkəzində yerləşən kommunal həyət evlərinin birində Alidəyə bir otaq verildi. Məkan ürəkaçan, ev işıqlı və rahat idi. Darısqallığı dərd etmirdi, onsuz da az çəkdi. Bir neçə ildən sonra ailələr ayrıca mənzillərə köçdülər. Ev bütünlüklə Alidənin ixtiyarına keçdi. Bu müddət ərzində gənc aktrisa evinə alışmışdı. Həm teatra, həm də oğlunun məktəbinə yaxın olduğunu nəzərə alıb ona təklif olunan təzə mənzildən imtina etdi.

Alidə kraliçanın məsləhətiylə teatrdan olan aktyorla ailə həyatı qurmuşdu. Aralarında böyük məhəbbət olmasa da, Alidə üçün münasib seçim idi. Artıq teatrda sayılıb-seçilən aktrisa hesab olunurdu. Kraliça öz səxavətini əsirgəməyib bəzi baş rolları da ona həvalə edirdi.

Alidə Kleopatranı ilk oynadığı günü yaxşı xatırlayır; özünü nəinki Misirin, bütün yer üzünün “Firon qadın”ı kimi hiss edirdi. Səhnədən çıxıb ta ki, xanımla qarşılaşana qədər başını dik tutub yeriyirdi, hələ də rolunun təsiri altındaydı. Kraliçanı qarşısında görəndə sanki “Kleopatra”nın bütün əraziləri işğal olunmuşdu, rəiyyət isə ondan üz çevirmişdi. “Firon qadın”ın səhnə qalibiyyətindən əsər-əlamət qalmamışdı.

-Sizin sayənizdə taleyimdə Kleopatra olmaq da varmış, - zəif bir məxluqa çevrilən, əsl hakimiyyətin nə demək olduğunu anlayan Alidə dilləndi.

-Sən buna layiqsən, qızım,- kraliça “qızım” sözünü tez-tez dilinə gətirirdi, hərçənd aralarında sadəcə bir neçə yaş fərqi vardı.

-Sizə necə təşəkkür edəcəyimi bilmirəm, siz olmasaydınız, mən məhv olub getmişdim,- Alidə özünü ağlamaqdan güclə saxla-yaraq demişdi.

-Bunları dilə gətirmək lazım deyil. Paltarını dəyişəndən sonra yanıma gəl, təzə dəb haqqında fikrini soruşacam.

Alidə qrim otağına keçib qapını içəridən bağladıqdan sonra hönkür-hönkür ağlamışdı. Nə olsun ki, o, yaxşı aktrisadır, nə olsun ki, o, baş rolları oynayır, nə olsun ki, o, Kleopatradır, o, heç vaxt kraliça ola bilməyəcək. Yaxşı aktrisa da ola bilər, baş rolları da oynaya bilər, hətta Kleopatra da ola bilər, amma heç vaxt kraliçanın şan-şöhrətinə çata bilməz. O, əsl ulduzdur. O, sənətkardır. Hamı ona rəğbət bəsləyir, onun oyunundan vəcdə gəlir. Hamı bilir ki, əsl ulduz odur, kraliça odur. Bax, əgər o olmasaydı, Alidə ən böyük ola bilərdi. O olmasaydı, səhnədən qalibiyyətlə gedən Kleopatra öz qüdrətindən həzz alardı, yoxsa rəiyyətdən biri kimi miskin görkəmdə göz yaşı tökməzdi.

Bəzən Alidəyə elə gəlirdi ki, o, kraliçaya nifrət eləyir. Düşünmüşdü ki, bu illər ərzində o, teatra deyil, kraliçanın eqosuna xidmət edib. Yanında bacardığı qədər miskin görünməyə çalışıb. Hə, kraliça belə görünüşü sevir. Onda eqosu əməlli-başlı bəslənir, qidalanır.

“Mən onun dediklərini təsdiq etmişəm həmişə. Bəli, bəli, düz buyurursunuz... Özü də bu sözləri deyəndə əllərini tutub sıxmışam ki, mənim onun yanında olduğumu, sadiqliyimi hiss etsin, əlimin hərarətini duysun. Yaddaş belə şeyləri itirmir. Necə ki o, itirməyib. Hətta icazə verib ki, onun dublyoru olum. Yoxsa məni teatrın qapısına yaxın qoymazdılar”.

İllər belə keçmişdi. Alidə kraliçadan həmişə bir addım geridə olmuşdu. Əgər həddini aşsa, onun yeri Allah bilir harda olardı. Əslində xanımın ətəyi ən yaxşı sığınacaq idi. Alidə kimi aktrisalar çox idi. Kraliça isə bircə dənə idi.

Nə az, nə çox, 50 il ötmüşdü. Hər ikisi səhnə fəaliyyətlərinə son qoysalar da, sənətdən və sənət dostlarından ayrı düşməmişdilər. Tədbirlərə, mərasimlərə bir yerdə gedir, kənardan iki istəkli rəfiqə kimi görünürdülər.

Sənət dostlarından birinin yubiley mərasimindən çıxanda Alidə rəfiqəsini bərk-bərk qucaqlayıb öpdü:

-Allah səni başımızın üstündən əksik etməsin, sən olmasan biz neynərik!

-Sağ ol, Alidə,- kraliça həmişəki kimi təmkinlə dedi.- Televiziyaya tapşırmışam, sənin haqqında veriliş hazırlayacaqlar, odur ki, hazırlaş.

-Allah səndən razı olsun, -Alidə kraliçanı bir də bağrına basdı.- Sənin sayəndə sənətkar olduq!

Kraliça eşitməyə vərdiş etdiyi sözlərə qarşılıq olaraq başını tez-tələsik tərpədib maşına əyləşdi. Alidə bir neçə saniyəliyinə şossenin qırağında dayanıb lal-dinməz maşının arxasınca baxdı.

Həmin gecə səhərə kimi yatmadı. Kraliçanı gözünün qabağına gətirib başdan-ayağacan incələdi. Özlüyündə ona verdiyi vaxt bitirdi. İki il əvvəl kraliça ağır qəza keçirmişdi, üstəlik böyrək xəstəsiydi, təzyiqdən əziyyət çəkirdi. Amma xəstəliyə təslim olmurdu. Bu gün onun çıxışını kim izləsəydi, hələ də çılğın temperamenti ilə diqqətləri özünə çəkən bu mötəbər xanımın azı on il də yaşayacağını düşünərdi.

Amma səhər saatlarında teatrı alov kimi qarsan xəbər dünənki fikirləri alt-üst etdi. Kraliça səhərə yaxın qəfildən dünyasını dəyişmişdi.

-Dünən tədbirdə odlu-alovlu danışırdı, top kimi idi, birdən-birə nə baş verdi?

-Heç qəbulediləsi deyil, mən onun ölə biləcəyinə inanmırdım...

-Teatrımızın sənət günəşi söndü!

Bu fikirlər boşuna deyilmirdi. Kraliça ən kritik vaxtlarında da yenilməz görünürdü, elə bil məğlubedilməzliyini göstərmək, ən böyük olduğunu sübut etmək üçün dünyaya gəlmişdi.

Alidə kraliçanın dəfn mərasiminə təlaşla hazırlaşırdı, sonuncu dəfə ilk baş rolunu oynadığı tamaşada belə təlaş keçirmişdi. Bu adi təlaş deyildi. Həyəcan, gizli və aşkar sevinc, qalibiyyət işığı... Artıq kraliça yoxdur. Amma əvəzində o var. Kraliçanın dublyoru, o aktrisa ki, kraliçanın özü ulduz rollarını ona həvalə edirdi. Kraliçanın cənazəsini də o müşayiət etməlidir. Belə bir şərəf ancaq ona məxsus olmalıdır. Artıq teatrın ən böyük veteran sənətkarı odur, kraliça... odur...

Ən eleqant qara libasını geyindi. Bu libas da onun kimi öz vaxtını, məqamını gözləyirdi. Saçlarını mötəbər və nəcib qadınlara xas üslubda yığdırdı, qara eynəyini taxdı. Zahirən bu qədər hazırlıq kifayət edərdi. Daxilən də hazır olmalıydı. Səsini mərasimə uyğun kökləmək üçün bir neçə dəqiqə məşq etdi. Teatrda səsinin üzərində işlədiyi ilk məşqləri xatırlayıb gülümsündü. Səs də musiqi aləti kimidir, hər havaya uyğun kökləmək lazımdır. Xatirələr danışacaqdı, kövrəlib ağlayacaqdı... Səsi mərasimə uyğun olmalıydı. Elə təsir bağışlamalıydı ki, nəcib, kübar və mötəbər görünsün. Kraliça kimi.

Teatrda kraliçanın nəşi onun həmişə olduğu yerdə- mərkəzdə qoyulmuşdu. Əslində kraliça hardaydısa, mərkəz də orada idi. Kraliça sanki insan, sənət, teatr üçün lazım olan bütün məziyyətləri özüylə gəzdirirdi, harda olurdusa həmin yer əzəmətli, görkəmli olurdu.

Alidə oturmaq üçün birinci sıraya yaxınlaşdı. Təbii ki, onun yeri kraliçanın varisi kimi ön sırada olmalıdır. Amma nəzakətlə qolundan tutub arxa sıralarda oturmağı təklif etdilər. Arxa sıralarda müxtəlif cəmiyyətlərdən gəlmiş qadınlar əyləşmişdi. Alidə bir az da arxaya keçməli oldu. Dördüncü sırada oturarkən bir vaxtlar oynadığı dördüncü dərəcəli rolları xatırladı. Elə bil nəzakətlə qolundan tutub bir daha ona öz yerini göstərmişdilər.

Çıxışlar başladı. Gənc və qocaman aktyorlar kraliça haqqında ürək sözlərini dedilər, ağladılar. O da ağlamaq istədi, amma tərslikdən məşq etdikləri yadından çıxdı. Ona elə gəldi ki, heç kim onu görmür. Belə olan halda heç ağlamağın da mənası yox idi.

Birdən qəribə bir şey baş verdi. Alidə kraliçanın qoxusunu hiss etdi. Bu, kraliçanın sevimli parfümünün ətri idi. Tər onu basdı, boynunun zərifliyini qabartmaq üçün taxdığı şərfi çıxardı, üz-gözünü sildi. Ona elə gəldi ki, kraliça ölüb-eləməyib, sadəcə bu da onun möhtəşəm tamaşalarından biridir. Yəqin indicə ayağa qalxıb baş əyəcək, sürəkli alqışlar altında səhnəni tərk edəcək. Bəlkə də artıq tabutdan çıxıb, bəlkə də lap yaxındadır... Kraliçanın qoxusuyla bərabər bütün vücudu sanki onun üstünə sinmişdi.

Düşündü ki, o ömür boyu öz halal vaxtını gözlədiyini sanaraq əslində özgə vaxtı gözləyib. Bu özgə vaxt bütün nail olduqları kimi kraliçaya məxsus idi. Bunu anlamaq üçün 50 il gözləmək lazım gəlmişdi.

Alidə ayağa durdu. Başı gicəllənirdi. Səndələdi. Hamı səhnəyə baxırdı, onun necə müvazinətini itirdiyini, divardan tuta-tuta teatrdan çıxdığını görən olmadı. 50 il qabaq da o, teatra həmin o qətiyyətsiz addımlarla gəlmişdi.

Ömür boyu kraliçanın kölgəsində qalan Alidəni öz tale yoldaşından cəmi bircə gün ayırdı. Ertəsi günün səhəri həyatının baş rolunu oynamağa macal tapmamış ürəktutmasından dünyasını dəyişdi...

Günel Natiq
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar