Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova -ŞƏKİLLƏR

Tarix: 10-11-2019 11:15     Baxış: 111 106 A- / A+
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

Tarix qəhrəmanlar yaratmır,
Qəhrəmanlar Tarix yaradır.


Abşeron torpağında ta qədmidən nəzir-niyazlı bir kənd var, adına Pirəkəşkül deyirlər. Rəvayətə görə cəlayi-vətən bir dərviş baba çox ellər-obalar gəzib dolaşdıqdan sonra indi bu kəndin yerləşdiyı torpaqlara gəlib çıxır. Yorğunluğunu almaq üçün bir ağac, bir qaya kölgəsi axtarır. Amma hər tərəf qızmar günəş altında al-atəş yanırdı. Dərviş əlini gözünün üstünə qoyub ətrafdakı bomboz dağları, qayalıqları, yovşanlıqları nəzərdən keçirir. Yalın dağların birinin yamacında zorla nəzərə çarpan bir söyüd ağacı, onun yamacı boyu isə sızıntılı bir bulaq görür. Dərviş baba əl-ayaq eləyə-eləyə birtəhər o yüksəkliyə dırmaşır. Ovcunu yastı-yapalaq söyüd ağacının altında sizqa-sizqa damcılayan bulaq suyunun altına tutub ürək yanğısı sönənədək içir. Kəşkülünü çiynindən çıxarıb, ağacın kölgəsinə sığınaraq bir tikə çörək dadım-duzum edir, çuxasını bükərək başının altına qoyub bir qədər yuxulayır. Yuxuda nə görür, nə görmürsə, oyananda kəşkülünü söyüd ağacının budağından asaraq oradan uzaqlaşır. Dağın o birisi tərəfindəki kölgəlikdə qoyun-quzu otaran uşaqlara da yolüstü deyir ki, kəşkülümü altında bulaq olan söyüddən asıb gedirəm, su olan yerdə həmişə həyat var, yaşayış var, bu sözlərimi axşam evdəki böyüklərinizə çatdırarsınız. Uşaqlar bu əhvalatı axşam böyüklərinə danışırlar. O vaxtdan dağlar aralığında salınan kəndin adı ətraflarda Pirəkəşkül, bulağın adı isə Bəgi adlı kənd sakini tərəfindən abadlaşdırıldığına ğörə Bəgi bulağı adlandırılır. Uşaq həsrətli gəlinlər bu bulağa gələrək , onun suyundan içib səhənglərini doldurur, ağaca niyyət üsküsü bağlayaraq gedir və niyyəti hasilə yetən insanlar bu bulağın üstündə qurban kəsib paylayırlar. Bir müddət sonra kənd əhli kəndə gedən yol üstündə gümbəzli bir məscid tikərək kəndin adını hər yanda Pirəkəşkül kimi tanıdır, buranı ziyarətgaha çevirirlər...

ARAYIŞ: Keçən əsrin əvvəllərində bu kəndə xəbər çatdı ki, el-oba xeyriyyəçisi Hacı Zeynalabdin ağa Qusar tərəfdən dədə-baba ehsanatı kimi Şollar suyunun ağzını bu tərəfələrə yönəldib, Bakı əhlini susuzluqdan qurtarmaq, yarımsəhra olan bu torpaqları güllü-gülüstana çevirmək istəyindən yana buralara su kəməri çəkdirəcək... Şox keçmir ki, Hacı Zeynalabdin Bakıya xaricdən mütəxxəssislər dəvət edir, layihələr çəkdirir, bu kəmərin tikintisi üçün külli miqdarda vəsait buraxır. Və Azərbaycan xalqının tarixyazar bu böyük oğlu səylə öz istəyini həqiqətə çevirməyə başlayır... Şollar su kəmərinin inşaat meydançalarında işlər vüsət aldıqca, Pirəkəşküldə heyvandarlıqla, əkin-biçinlə məşğul olan əhali cavanlarının yeriyib-yetişəni yavaş-yavaş gün-güzəran dalınca bu tikintiyə yol alırlar...


...Atası Kəblə Əkbər kişi vaxtsız rəhmətə gedərək ana qoltuğunda 3 yaşlı bir oğlan uşağı buraxıb getdi. Arvadı Şəhrəbanu xanım Xızının dağ kəndi Gilənavadan olduğuna görə buralarda qohum- əqrabası yox idi. Köməksizlik ucbatından ailənin mal-mədarı qapılarda dağılıb getdi. Anası məcburiyyətdən ikinci ailə qurdu. Şollar kəmərinin tikintisindən tez-tez kəndə ailəsinə baş çəkməyə gələn kənd ağsaqqalı Hacı Mirsəəd Mövsümov artıq 7 yaşına çatmış Nohbala adlı bu balaca diribaş oğlanı bir gün yanına çağıraraq dedi: - Sən yadından çıxarma ki, bu kəndin kəndxudası və dəyirmançısı olmuş, mahalda tanınmış Kəblə Əkbər kişinin oğlusan. Səni özümlə tikintiyə aparmaq istəyirəm, gələcəyimiz bu tikinti ilə bağlıdır, hələlik fəhlə yeməkxanasında apar-gətir işlərimə kömək edərsən. Sonrasına da baxarıq...Ertəsi gün bu balaqca oğlan heybəsində bir –iki büküm yayma və bir qədər motal şoru Hacı Mirsəid ağanın yanına düşərək kəndlərinin 7 km-liyindəki tikintisi genişlənməkdə olan Şollar su kəmərinin Nasos adlandırılan sahəsinə yollandı. Burada Hacı Zeynalabdin tərəfindən Mirsəəd ağaya etibar edilmiş böyük fəhlə yeməkxanası fəaliyyət göstərirdi.
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

İnşaatda çalışanların ərzaq və başqa təminatları gəmilər vasitəsi ilə Həştərxandan Bakı limanına gətirilir, oradan isə dəvələrlə tikintiyə daşınırdı. Balaca Nohbala yeməkxanada əlini bir an belə qoynuna qoyub oturmur, yardımçı işlərdə - yüklərin daşınması və boşaldılmasında, uzaq sahələrdə çalışan fəhlələrə yemək-su çatdırılmasında, ətrafın təmizlənməsində... o qədər cani-dildən çalışır ki, azyaşlı olmasına baxmayaraq onun adı böyüklərlə birlikdə əməkhaqqı cədvəlinə salınır. Yeməkxanada yemək-içməyi havayı olduğundan, aldığı məvacibin, demək olar ki, hamısını get-gəl eləyənlərlə kəndə anasına göndərir.
Uşaqlığı və yeniyetməliyi də bu qəsəbədə keşən Nohbala adlı gənc sonradan Nasos adlanan bu qəsəbədə böyümüş, boy atmış, rus dillilərdən əlifba, danışıq öyrənmiş., gecə kurslarına yazılıb əlinə savadlılıq kağızı almışdı. Ətraf mühit dəyişdikcə, o da dəyişmişdir. Nəhayət, mütaliə, insanlarla ünsiyyət qurmaq bacarığı sayəsində düşüncələri kənd mühitındən uzaqlaşıb şəhərliliyə yönəmli olmuşdur. Artıq 18 yaşa çatmış bu gənc oğlan Bakıya gedib orada bir iş-güc sahibi olmağı qərarına gəlmişdir. Amma oralarda isə sığınacağı olan bir kimsəni tanımırdı. .
Günlərin bir günü kimsə ona Bakıda Quba meydanında cibgirlik edən həmkəndlisi məşhur Şəfinin ünvanını verir və onu necə tapmağın yollarını başa salir. Bu haram iş mənlik deyil,- deyə fikirləşir gənc oğlan. Amma bir qədər düşünüb-daşınandan sonra, onu tapmağım hələ cibgir olmağım demək deyil, -deyə fikirləşib Bakiya onun yanına yollanır...

ARAYIŞ: Həmin məşhur cibgir Şəfinin 1945-ci ildə Corat kəndində anadan olmuş oğlu Ağasəf Yaqubov hazırda Rusiyanın Pyatiqorsk şəhərində yaşayır və Azərbaycan Tibb İnstitutunda farmaseptikliyi öyrəndiyinə görə hazırda bu şəhərdə həmin sahədə tanınmış bir firmaya başçılıq edir.
Elə ilk görüşlərindəcə, Bakıda cibgirlər başçısı Şəfi ilə danışıqları baş tutmur, uşaqlıqdan haram-halala öyrənmiş Nohbala onun dəstəsinə qoşulmaqdan qəti imtina edir və xahişi də bu olur ki, bir kəndçi kimi ona böyüklük edıb orduya yazdırarsa, elə bəs edər...
... Çox çəkmədi ki, gənc Nohbala əsgər paltarı geyinərək ordu sıralarına qatıldı. Rus dilini və yazı-pozunu yaxşı bildiyinə görə 3 illik xidmətini Bakıda məşhur Salyanski kazarmada qərargahda başa çatdırdı...
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

ARAYIŞ: 1936- cı il....Yuxarılarda Abşeron torpoaqlarının - 1937-ci ildən 1947-ci ilədək Sumqayıt rayonu adlandırılan ərazisində cintetik kauçuk zavodunun tikintisi planlaidırıldığı bir vaxtda Hitler Almaniyasında Barbarossa qrifi ilə keçən 2-ci Dünya Müharibəsinin planları cızılırdı.

O vaxtlar yay dönəmində suyu qızmar günəş altında quruyan çay vadisindəki əraziyə yerlı əhali tərəfindıən birmənalı olaraq Suqayıtı, bəzən də Çay deyirdilər. Bu ərazidənb olanlar indi də özlərini bəzən çaylı adlandırırlar. SK zavoduna yaxındakı körpünün altından keçiən bu çaydan əhali yenə də bağ-bostan suvarmaq üçün istifadə edir. Dildə geniş əhatədə işlənən Suqaytı sözü isə sonralar rus təbirincə kitab-dəftərə Sumqayıt toponimi kimi daxil edilərək belə də tanınmağa başladı...
Sumqayıt adlanan bu ərazidə iri sənaye müəsisələrinin tikintisi üçün ilk növbədə güclü elektrik-enerji mənbəyi lazımdı. Artıq TES-stroy, yəni İES – tikinti deyilən bu stansiyanın layihələrdə cizgiləri çəkilirdi. Alman faşistləri ilə ölüm-dirim döyüşləri getdiyi bir vaxtda İ. Stalinin iradəsi, M, Bağırovun səyi nəticəsində nəhəng bir müəsisənin təməli qoyulurdu bu topaqlarda. Barak tipli yaşayış məntəqəsinə yaxınlıqdakı Sumqayıt dəmiryol stansiyası vasitəsilə SSRİ-nin hər yerindən, həmçinin Sibir çöllərindən müxtəlif millətlərdən olan vaqon-vaqon insanların bir qismi yastı-yapalaq, üstləri qara kağızlı bəsit gübrə istehsal sahəsi olan Tuqzavodda, bir qismi isə İES-tikintinin primitiv baraklarında məskunlaşdırılırdılar. Onların arasında bu torpaqlara yüzlərlə qaçaq-quldur, oğru-əyri, haqq-nahaq insanlar da gəlirdi...Bu boş çöllərdə “140 -Səhra qutusu ” – kimya zavodunun civə və kaustik soda sexində , o vaxt Az.Nİİ-7 deyilən- aşqarlar zavodunun, sonralar SK zavodunun məhsulları, superfosfat gübrələri 1947 –ci illərdə şəhər statusu almış Sumqayıt şəhərinin adını uzaq-uzaq ölkələrdə tanııtdırmağa başladı...
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

-Çətin idi, çox çətrin idi,-deyə 1940- 47-ci illərdə İES-Tikinti, Corat, Novxanı, Fatmayi, Goradil ərazisində milis sahə rəisi işləmiş Baloğlanov Nohbala Əkbər oglu- mənim atam sağlığında bu torpaqlarda çəkilən zəhmət, vüsət alan quruculuq işlərindən xatirələrə dalıb danışdiqca danışır, əzablı-əziyyətli günləri də unutmurdu:- Bir milis nəfəri- saraylı balası Mərdanla gecə-gündüz bilmədən at belində bu əraziləri gəzib-dolaşır, kecmişi cinayətlə bağlı olan heç bir insanı nəzarətsiz qoymurduq. Bura toplaşan insanların da bir çox çətinliklərdən keçib gəldiklərinə görə ayıq-sayıq idilər və bizə cinayət işlərinin araşdırılmasında və açılmasında yaxından kömək edirdilər: - Hə , bala, İES-tikinti idarəsinin baraklarında bizə iki otaq ayrılmışdı – biri iş otağı, biri də yaşayış otağı kimi. Mən təzə-təzə iş təyinatı alanda, bu tikinti ərazisində oğru qanunları işləyirdi. Ev oğruları, cibgirlər, ortalıqda mənəm-mənəm deyib atamanlıq edənlər, ordudan fərariliklə yayınanlar... Axırıncılar burada quldurluq misalında idilər, harda nəyi gəldi yağmalayır, evlərə girir, hətta Bakıdan gətirilən əmək haqllarının soyğunçuluqla əldən alınmasında xüsusi fəallıq göstərirdilər.
Ağır cinayətlərin kökü kəsüilmir, gecə-gündüz bilmədən quldur dəstəsinin aşkar edilib ləğv edilməsi sahəsində gərgin işlər aparırdıq. Dəstənin başçısı Canbala adli residevist idi, Rusiyanin Sibir düşərgələrindən çıxmış, quldurluğun, soyğunçuluğun yolunu-yolağını, təşkilini yüksək səviyyədə bilənlərdən biri idi. Aldığımız məlumata görə gecələrin birində Coratda imkanlı bir balıqçının evinə hücum edib oranı yağmalamalı idilər. Bu hadisənin törədilməsinə hələ bir neçə gün vardı.Yuxarılardan kömək istəmədən Mərdanla birlikdə bu cinayətin qarşısının alınması, cinayətkar dəstənin tamamil ləğv edilməsi istiqamətində əməliyyat planı qururduq. Gündüzlər adı vətəndaş geyimində Coratda həmin evin ətrafında töküntü mülki geyimdə reydlər keçirir, ətrafın xüsusiyyətlərini müəyyənləşdirir, dəstənin hardan gələ bilməsi, hücumun qarşısının alınması məqamlarını aydınlaşdırır, “pusqular” qururduq.
... Həmin gecə -isti yay gecəsində pusquda yataraq vaxt-saat ölçüsünü artıq itirmişdik, hava işıqlanmağa yaxın idi. Quldurlarıdan bir işartı belə görünmürdü. Artıq bizdə əminlik yaranırdı ki, bu məlumat yalan bir variant kimi işlənib ortaya atılmış, milis işçilərinin fikrini ayrı səmtə yönəltmək, çaşqınlıq yaratmaq məqsədi daşıyir, aldadıcı manevridir və gələcəkdə bu cinayətin rahatçılıqla törədilməsinə zəmin yaradır. Birdən kəndin aşağı – dənizlə birləşən hissəsindən güclə eşidilən at ayaqları altında sürüşən qum xışıltısı eşidildi. Atlar yuxarıya- Corata, baliqçının evinə doğru yönəlirdilər. Axşamdan bəri soyunub başımızın altına qoyub uzandığımız uzunboğaz çəkmələri belə geyinməyə vaxt yox idi. Belimdəki TT-ni açıb ayağa şəkdim, Mərdanı da dümsükləyib yuxudan ayıltdım, barmağımla alaqaranlıqda kölgə kimi görünən atlıları göstərdim...Üç nəfər idilər...sürünə-sürünə onların keçəcəkləri cığırın yanındakı kol-kosların altına sindik. Quldurlar bir az da yaxınlaşıb atların belındən düşdülər, onları yəqin ki, əvvəlcədən müəyyənləşdirilmiş bir dirəyə bağlayıb, əyilə-əyilə balıqçının evinə tərəf yönəldilər. Cəld atlara tərəf gedib onları açaraq dəniz kənarına tərəfə səllimi buraxdıq və quldurlara aradan çıxmaq imkanı yarada biləcək minik vasitəsindən məhrum etdik. Evin alcaq hasarına yaxınlaşıb bir anlıq məşvərətə ayaq saxlayan quldurlara arxadan yaxınlaşıb əmredici tərzdə- silahı yerə at, əllər yuxarı,- deyə hökmlə səsləndim. Bu nəqafil basılmadan qorxuya düşən və ətrafı sarılmış hesab edən ikisi dərhaı əmri yerinə yetirərək boyunlarıdakı beşatılanı çıxararq uzağa tullayaraq əllərini qaldırıb təslim oldu, üçüncüsü isə gözləmədiyimiz halda hasarın üstündən cəld tullanaraq həyətin dənizə açılan alçaq hasarı tərəfindən atları bağladıqları tərəfə cumdu...Mən də eyni hərəkətlə onun arxasınca atılıb dəniz qumluqları üzərində sürətlə qacaraq onu izləməmi davam etdirdim. Ayaqlarım yalın olduğundan mənim narin qumlar üzərində qaçmağım daha rahat və sürətli idi. Qaça-qaça havaya atdığım güllələr quldurda bərk qorxu hissi yaratdığından çox çəkmədi ki, TT tapancası olan əllərini göyə qaldırdı... bunun aldadıcı manevr oldugunu anlayıb göydə ikən əlini sərrast nişanla vurub silahı yerə saldım...nəhayət ki, yerə oturub zarıdı və aman istədi. Bu quldur dəstəsinin başçısı Canbala idi...
Bu böyük quldur dəstəsinin ləğvinə görə Qırmızı Ulduz Ordenini 1954-cü ilin 5 noyabrında şəxsən Moskvada- Kremldə SSRİ Ali Sovetinin məsul katibi A. Qorkinin əlindəın almışam. –Yaxşı əməliyyatçı olduğuma görə sonradan məni bir illiyə Türkmənstan Respublikasına ezam edərək orada da təcrübəmdən səhra yollarında baş verən ağır cinayət hadisələrinin açılmasında yararlandılar.
Sonradan o - Nohbala adlı Pirəkəşküllü gənc Odessa Ali milis Məktəbini bitirərək sistemdə müxtəlif vəzifələrdə çalışdı. Ordenin o vaxtdan bu vaxta saxlanılan qırmızı qutusunda həmin illərdən “Döyüş igidliyinə görə”, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində Qələbəyə görə” “20 il qüsursuz xidmətə görə”, “ Sovet mıilisinin 50 illiyi” və .s medalları da özünə layiqli yer tutdu.
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

1961-ci ildə polkovnik rütbəsi ilə istefaya çıxdı və ömrünün sonunadək – 1977-ci ilədək Maştağa –Lenin- indiki Sabunçu rayonunun müxtəlif idarə və təşkilatlarında çalışdı.
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

Su- dirilikdir, -deyiblər, - Nasosətrafı abadlıq, səliqə-sahman inkişaf etdikcə, Rusiyadan bura işləməyə gələn insanlar, yerli adamlar hesabına böyüyür, qumsallıqlarda bağ-bağatlı yaşayış məskəninə çevrilirdı ...Pirəkəşküldən bura köç edən İbreyimlilər, Rzayevlər ailələrinin nümayəndələri burada köklü-köməcli nəsillərə çevrılırlər.İbre4yimliləe nəslindən olanlar bağ-baağan, əkin-tikinlə çalışır, Rzayevlər isə savad-elm arxasınca idilər. Sonradan İES-də 27 il rəislik etmiş Mirzəbala Rzayev, 2-ci dünya müharibəsi veteranı, uzun illər məktəb direktoru işləmiş Ağomoğlan Rzayev,( q2əsəbə küçələrindən biri hazırda bu veteranın adənə daçıyir, haqqında sənədli film də çəkilmiçdir), hərbi hava qüvvələri generalı Raul Rzayev, hərbçi polkovnik Rafael Rzayev, “Azərenerji” rəisinin 1-ci müavini Camal Rzayev, tarixçi yazıçımız Əzizə Cəfərzadənin ailəsi bu qəsəbədən cəmiyyət arasında ad-san sahibləri olmuşlar. Sonradan Hacı Zeynalabdin ağanın adını şərəflə daşımağa başlayan bu qəsəbənin İcra başçısı Nasir Rzayev isə uzun bir müddət bu qəsəbənin abadlaşdirilması sahəsində böyük işlər görmüşdür. Nasir Rzayev buna qədər Sumqayıtda 8 iri təşkilata rəhbərlik etmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısınin birinci müavini vəzifəsini daşımışdır. Yerlilərin bir vaxtlar Kiçik Pirəkəşkül dedikləri bu yaşayış massivindən yadda qalan və unudulan neçə-neşə belə tanınmışlar çıxmış, öz əmək-bacarıq nümunələri ilə bir çoxlarına örnək olmuşıar. Sumqayıt sənayesinin yetişdirdiyi Sosialist Əməyi Qəhrəmanlarından biri də ömrü boyu kimya zavodunda çalışmış Dadaç Dadaşov da Sumqayıt adını bütün SSRİ məkanında tanıtdıranlar səviyyəsinə yüksəlmişdir.

İNSANLAR, MƏN SİZİ SEVİRDİM...
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova
ARAYIŞ: Mən Baloğlanova Zümrüd Nohbala qızı 1946-cı il avqustun 23-də Bakı şəhərində "anadan olsam da", Abşeronun Pirşağı kıəndindəıki dəniz ləpədöyənində balıqçı vətəgəsində anadan olmuşam. 1964-cü ildə Lenin rayonunun Maştağa qəsəbəsində C. Cabbarlı adına 187 nömrəli eksperimental orta məktəbi qızıl medalla bitirib atamın doğulub boya-başa çatdığı, gəncliyini yaşadığı, işləyib-püxtələşdiyi bu torpaqlara –Sumqayıt adlı gənclik şəhərinə gəlmişəm.. Jurnalist olmaq istəyim vardı. O vaxtlar bizim məktəbi bitirərək ali jurnalist təhsili almış, doğma məktəbimizə Azərbaycan radiosunun gənc əməkdaşı kimi gəlib verlişlər hazırlayan Mailə Muradxanlıya bənzəmək istəyirdim. O mənim bu arzumu sinfimizdə oxuyan bacısı Minayədən eşitmiş və məni bu ixtisasa çox təşviq etmişdi. Mənim kiçik yazılarımı tez-tez məktəb xəbərləri kimi “Azərbaycan pioneri” qəzetində dərc etdirir, radionun uşaq verlişlərinə çıxarırdı. Və mən orta məktəbi bitirib atamın doğma vətəni saydığım və əmimgilin yaşadığı Sumqayıta gəldim. Arzularımı əmimlə bölüşdüm. Pirəkəşküldən –Berlinədək döyüş yolu keçən, 2-ci Dünya müharibəsini Yaponiyada -Port Arturda bitirən, Sumqayı şəhər Sovetinin deputatı, əmim Abusət Məmmədovun xahişini nəzərə alaraq “Sosialist Sumqayıtı” qəzeti redaksiyasında mənim savad səviyyəmi yoxlayıb korrektor kimi işə götürdülər.
8 sentyabr 1964-cü ildən Sumqayıtla bağlı, yadda qalan, ömrümə nur saçan böyük həyat yolum başladı.
İlk iki iş ayım çox “uğursuz” oldu... Sumqayıtın şəhər adı almasının 15 illiyi şərəfinə yubiley nömrəsi buraxırdıq.
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

Nərimanov küçəsində yerləşən mətbəədəki korrektura otaqğında xüsusi canlanma vardı. Redaktor Zərifə Təhməzova, növbətçi Oktay Cəfərov, teletaypçı Mahir Əbilov (sonralar Sumqayıt şəhər Polis İdarəsinin rəisi oldu) içi mən qarışıq, hətta senzor deyilən Saleh Rzayev də nömrənin üstündə nanə yarpağı kimi əsirdik...Gecə saat 11-də yubiley nömrəsinə qol çəkilib çapa verildi. Evlərimizə dağlışdıq...Həmişəkindən fərqli olaraq, nədənsə, həmin axşam səksəkə içində idim...Səhərin gözü açılan kimi özümü redaksiyaya çatdırdım. Elə pilləkəndəcə, redaktorun otağında çığır-bağırın ərşə dayandığını eşitdim. Çəkinə-şəkinə kabinetə girdim. Hiss edirdim ki, nəsə qorxulu bir hadisə baş verib. Qulağım alan o oldu ki, kimsə kənardan dedi:- Başlıca günahkar gəldi...Ayaqlarım yerə yapışdı, nə olub, nə baş verib ki, mən durduğum yerdə nəyinsə günahkarına çevrilmişəm. Sən demə, mürəttib orta səhifələrdə yuxarıda gedən “böyük fonarları” 1949-1964 əvəzinə səhvən “1949-1969” kimi yığıb və heç kəs də içi mən qarışıq bu nataraz səhvi tutmamışıq.. Evə ilk çap nömrəsini aparan Zərifə müəllimə gecəykən səhvi görərək mətbəəyə qayıtmış, tam çap olunmuş bayran nömrəsini təkrararən çapa vermişdir. Belə hallarda kim günahkar sayılır? Əlbəttə ki, yol ayrıcında relsdəyişən “streloçnik”. Mən də yağlı bir töhmətlə canımı qurtarsam da, işdən çıxmaq üçün ərizə yazdım... amma nə yaxşı ki, mənim bu iddialı hərəkətimə Zərifə xanım əhəmiyyət vermədi.
“ Sosialist Sumqayıtı”nin sənaye-tikinti şöbəsində işləməyim məni şəhərin nəhəng tikinti və sənaye həyatının qaynar qoynuna atdı, Sumqayıt gözlərim qarşısında sürətlə böyüyürdü.. Böyük kimyanın texnoloji proseslərini, idarıəetməsini öyrənmək üçün şox vaxt kimyaçılara qoşulub müəssisələrdə iş nöbbələrinə də çıxırdım. Kimya kombinatı adlandırılan üzvi sintez zavodunun hər sexinin, hər istehsalatının inşaat meydançalarında, istifadəyə verilməsində ayaq izlərim qalıb, qəzet səhifələrində yazılarım – reportajlarım, zarisovkalarım, oçerklərim, tənqidi yazılarım dərc olunub.

P.S. Üzvi cintez zavodu benzol istehsalatının buraxılışına yığılmış şəhər və müəssisə rəhbərləri, mütəxəssislər, laborantlar, hamı, hamı spesfik iş geyimində idi. Təkcə mən onlar arasında gündəliik geyimimdə görünürdüm. Lap qabaq cərgədə əlimdə bloknot-qələm dayanmışdım. Bu da yəqin ki, Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyevin nəzərindən qaçmadı. Birdən üzümə iti bir nəzər salıb soruşdu ki, mən bu istehsalatda nə peşənin sahibiyəm? Bu qəfil sualdan çaş-baş qalsam da, özümü tez ələ alıb – jurnalistəm- dedim,-buraxılışdan reportaj hazırlamağa gəlmişəm... yəqin ki, mən tək cılız, sısqa bir qıza ya yazığı gəldiyindən, ya da inamsızlığından çox həlim səslə soruşdu, - benzolun kimyəvi formulunu bilərsənmi? –Bəli, yoldaş birinci katıb,uzunsov altıguşə şəklində üçtərəfli qayıdışla CH2... başını məmnunluqla tərpədərək razılığını bildirdi...Həmin görüşdən və buraxılışdan “Sosialist Sumqayıtı” qəzetində “Altıbucaq labirintində” adlı geniş reportajım getdi....


”Azərbaycan Gəncləri” “ Kommunist “ qəzetlərinin, “Azərbaycan qadını” jurnalının, Bolqarıstanda buraxılan “Drujba” jurnalının aktiv yazarlarından olmuşam. Hətta bir dəfə Ermənistanın mərkəzi qəzetlərindən olan “Sovet Ermənistanı” qəzetində “ Çiçəklənən Sumqayıt” adlı iki podvallıq yazım da dərc edilib.
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

Sarkazm, hadısələrə rişxəndli və ayıq münasibət, karikatur bənzətməli əhvalatlar mənim indi də danışıq tərzimdir, istəsəm də- istəməsəm də bu mənim illərdən keçib gələrək canımda-qanımda formalaşan bu tövr davranışımdır.

ARAYIŞ:1961-ci ildə Lenin rayonunun C. Cabbarlı adına 187 nömrəli eksperimental məktəi Bakının say-seçmə məktəblərindən olduğuna görə iş təcrübəsini yaymaq məqsədilə “Gözəl ənənələr” adlı kitab buraxılmışdı. 7-ci sinfdə oxuyurdum onda, Füzuli, Cavid, Müşfiq pərəstişkarı idim. Cavidlə Müşfiq yenicə reablitasiya olub bəraət almışdılar. Məktəb direktorumuz – sonradan Əliağa Vahid yaradıcılığından dissertasiya müdafiə edib alimlik dərəcəsi almış Məmməd Məmmədov Cavid və Müşfiq yaradıcılığını ədəbiyyat dərnəyində bizə cani-dildən öyrədirdi. Başqa bir ədəbiyyat dərnəyinə isə Şərəf müəllimə rəhbərlik edirdi. Hər iki dərnəkdə iştirak edib öz aləmimdə müqayisəli nəticəyə gəlirdim. Şərəf müəllimənin məşğələlərinin birində kamali-ədəblə ayağa qalxıb bu dərnəyin işıni o ki var tənqid etdim.Və bir də onun məşğələləri məni qane etmədiyindən iştirakçısı olmadı. Həmin kitabda bu öz əksini tapdığından bir müddət məktəbdə utana-utana gəzdim. Bu kitabı indi də o illərdən əziz xatirə kimi saxlayıram.

Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

Ataların deyimidir, niyyətin hara, mənzilin ora. Özümü ən çox “Kirpi” jurnalında tapmış kimi hiss etmişəm jurnalistlik fəaliyyətimdə. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, o jurnalın tarixində yeganə yaradıcı qadın əməkdaş kimi mən çalışmışam və ora felyeton şöbəsinin redaktoru kimi dəvət olunmuşam. Şəhərimizdəki məşhur Falçı Məlahət barəsində yazdığım “ Bir dəstə kart, bir ovuc noxud, beş manat pul” felyetonum mənim bu jurnalda debütüm oldu. Felyeton yaxşı qarşılandı, müsbət rəylər gəldi, məşhur falçıya dələduzluq maddəsi ilə cinayət işi açıldı. Sonra daha 5 aktual mövzuda yazdığım felyetonu özüm ortalıqda görünmədən poçtla redaksiyaya göndərdim. Arxamca, necə deyərlər, çox qədmi də olsa, bir ifadə işlədəcəyəm, o vaxtlar az bir müddət çaslışdığım “Kimyaçı” qəzeti redaksiyasına “atlı-kazaq”gəldi, ərizə və şikayətlər şöbəsinin redaktoru Adil Axundov mənimlə görüşərək bu məşhur və hörmətli jurnala işə dəvət edildiyimi bildirdi...Əsl jurnalistlik fəaliyyətim də elə o dövrdən- 1979-cu ilin sentyabrından başladı...Bu fəaliyyətimin bəzəyi, naxışı da elə o jurnalda işlədiyim 15 il oldu...Azərbaycanın hər bölgəsini, hər dağıni-daşını, meşəsini gəzdim, hər bulağının suyundan içdim, gözəl insanlarını tanıdım, çoxlu dost-tanın qazandım. Laçının Zarında dağda qarın qurd salmasına, Kəlbəcərdə İstisuyun dolaylarına , Taxtı yaylasına və Səməd Vurğunun vəsf elədiyi Ceyran bulağına tamaışa etdim, alaçıqları, bu alaçıqlardan boylanan al-əlvan geyimli, su pərisinə oxşar qız-gəlnlərimizin, yaşıl çəmənliklərə yayılmış qoyun-quzu sürülərinin, laləli düzlərimizin seyriə daldım, Zəngilanda dünyaca məşhur Çinar meçəsinin kənarındakı, İbrahim bulağının üstündə çörək kəsdim, xalq mahnısında deyildiyi kimi yaxın-uzaq Şuşamızın İsa bulağına endim.. Amma bütün gördüyüm gözəlliklərə rəğmən öz doğma Sumqayıtımdan başqa heç bir yerdə qərar tuta bilmədim. Necə deyərlər, gəzdim İran-Turanı, cənnət bildim buranı – öz doğma Sumqayıtımı. “ Kommunist” nəşriyyatında ev növbəsinə dayananlara mənzillər paylanarkən mən Bakıdan deyil, dost-tanışlarımın, qohumlarımın, illərlə ünsiyyətə olduğuğum insanların yaşadığı, boya-başa çardığım bir məkandan - öz şəhərimdən ayrı düşməyi baacarmadəm.güzəştli mənzil öz şəhərimdə aldım...
...Bir dəfə redaksiyanın səhər planyorkasinda əməkdaşlarımızdan birsi sözarası dedi ki, niyə Zümrüd xanım yasadığı şəhərdən bir dəfə də olsun tənqidi yazı vermir, niyə bu şəhəri qoltuğuna alıb saxlayır, bilmirik? Həmən kəsə- məşhur felyetonçumuz sayılan ağdamlı Mürşüd Dadaşova tərəf çevrilmədən dərhal cavabını belə veridim - Sizlərin Ucarından, Balakəninindən, Kürdəmirindən, Ağdamindan jurnalda tənqidi yazılar gedəndə, mən də öz Sumjqayıtımdan yazacam,-dedim. Şünki o vaxtlar jurnalımızın yazılarının kəsdiyi başa söz yox idi. Tənqid obyekti barəsində çox ciddi cəza tədbiriləri görülürdü.
Çox vaxt belə bir sualla qarşılaşıram ki, niyə jurnaldakı ciddi işi-peşəni buraxıb təkrar Sumqayıta qayıtdın, oralarda da elə yer-yurd olub bilərdin, axı, sən zatən də bakılısan? Cavabında Analıq peşəsi bütün peşələrin fövqündə dayanır, -deyirəm. Bircə övladımı yaşıma görə çox gec tapmışdım. Həyat yoldaşım isə iş ilə bağlı ezamiyyətlərdə çox olurdu. Balacam 1-ci sinfə gedəndə, qız uşağıdır deyənə, onu heç kəsin ümidinə nəzarətsiz qoymaq istəmədim. Beləliklə, çox götür-qoydan sonra yenə öz doğma yer-yurduma- Sumqayıtıma qayıtdım və hər daşı-divarı mənə doğma olan bir şəhərdə kiçik sahibkarlıqla məşğul olmağı qərarlaşdırdım.

ARAYIŞ: hələ 8-ci sinfdə oxuyanda, atam milis sistemində 35 il işlədiyinə görə Xruşşovun o dövrə görə verdiyi göstərişə əsasən sistemdən istefaya çıxdı. Ailədə 7 uşaq idik, böyüyü də mən. Maddi durumumuz bir qədər ağırlaşdı. Məişət çətinliklərimizi ürəyimə yaxın tutduğumdan oturub anamla məsləhətləşdim, dəriniə getmirəm, elə həyətdəcə öz kiçik biznesimi qurub, ailəmə gündəlik olaraq 3-5 manat qazanc gətirməyə başladım ki, bu da az vaxtda ailəmizin çətinlikdən çıxmasına böyük dəstək oldu.( Bu mövzuya toxunanda, həmişə İngiltərənin baş naziri – “dəmir ledi” E. Tetçeri xatırladıram ki , o da öz biznesinə peraşki satmaqdan başlayıb)...

Mətbəə işini yaxşı bildiyimdən və dost-tanışlarımın köməyi ilə özümə balaca bir sahə yaratdım. Həm də sahibkarlıqda əsas meyar sayılan zamanın nəbzini tuta bildim, Doğma şəhərimin doğma insanları mənə bu işdə böyük dəstək oldular. O vaxtlar şəhər mənzil- təsərrüfatı idarəsinin rəisi – bu gün şəhərimizin abadlaşdırılmasında və gözəlləşməsində misilsiz xidmətləri olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun mənə təmənnasız və minnətsiz verdiyi qazanxana yerində səliqə-sahman yaradaraq buranı özəlləşdirdim. Müasir tələblərə uyğun ofis və mətbəə yaratdım. Latın qrafikasına keçid, dövlət atributların dəyişən vaxtı idi. Və beləliklə, Bakıdan mütəxəssis və texnologiya gətirməklə möhür istehsalı sahəsini açdım, gərgin iş rejimində işləyərək, şəhərdə bu sahədə olan təlabatı tamamilə ödəyə bildik. Kiçik həcmli kitablar, blanklar, titul vərəqələr, vizitkalar və s. çapına başladıq. Şəhər əhalisinin get-gəl ayağını Bakdan kəsdik, xeyli adama iş yeri açdıq, bir cəmiyyətdən başqa bir cəmiyyətə keçid dövrü idi. Ölkədə böyük büdcə kəsirləri vardı. Ağdərə müharibəsinin qızğın vaxtı idi. Əhaliyə dolanışıq, güzəran lazımdı. İşçilərin əmək haqlarını , əmək haqlarından ayırmaları, dövriyyə vergilərini və s. ödəməklə dövlət büdcəsinə milyonlarla manat xeyir verdik. Sahibkar kimi fəaliyyətimi genişləndirdikcə, tikintilər apardım, iki köhnə, uçuq-bərbad yeri özəlləşdirərək təmir edib müasir iş sahəsinə çevirdim. Bir sözlə, yorulmaq bilmədəın çalışdım, mühasibat asılılığıdan qurtarmaq üşün hesabat aparmağı dərindən-dərinə öyrəndim, kiçik biznesi bütün aspektlərdə idarə edə bilən sahibkara şevrildim. Başqalarından fərqli olaraq, işim çətinə düşəndə, mən heç vaxt “ağlamadım”. İşləyirəmsə, deməli, qazancım da vardı, Müəssisədə çalışanlara hətta aylıq, rüblük, illik mükafat da verirdik.Sahibkarlığa keçdiyim .25 il ərzində neşə-neşə işçini təqaüdə yola salmışam.. Ən başlıcası, xeyriyyəçilik məqsədilə xeyli vəsaitlər köçürə bilmişəm...92-ci il sentyabrın 19- da şəxsi təşəbbüsümlə döyüşən orduya kömək məqsədilə keçirdiyim marafonda şəhər sakinlərimizin bir nəfər kimi iştirak etməsi də həyatıma yazdığın məmnunluq hərəkətlərimdən biridir. Ertəsi günü şəhər sosial bankına sumqayıtlılar adından 30 milyon rubldan çox pul, prezidentin ləl-cəvahirat fonduna 289 qram qızıl köçürdük. Şəhərimizin salnaməsinə yazılan bu böyük tədbirin afişasını, yığılan vəsaitin təhvil qəbzlərini bir xatırə kimi hələ də əzizləyib saxlayıram..
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

Kəlbəcərin düşmən əhatəsində qaldığı vaxtlarda sumqayıtlılar öz kömək əllərini o rayonun üzərindən çəkmədilər. Böyük bir maşın kolonu ilə erməni kəndlərinin içərisindən- Sərsəngin kənarı ilə oranın əhalisinə benzin, şüşə, ərzaq və palpaltar göndərdik, Kolonun üstündə həyat yoldaşım, “Liftservis” İdarəsinin rəisi Cümşüd İsmiyev, ındiki Əşya bazarının sahibi Hacı Asif, çox hörmətli müəlliməmiz - Əsgər anası saydığımız Tirmə Qurbanova və başqa mərd insanlarımız bu yardımı sağ-salamat mənzil başına çatdırdılar. Allah rəhmət eləsin fotoqrafımız Məqsəd Quliyevi, bu səfəri qorxu altında olsa da video-lentə almışdır və bu çəkiliş Cümşüd İsmiyevdə o vaxtdan bu vaxta qiymətli bir xatırə kimi saxlanılır.
Xeyriyyə işlərimzin görünən və görünməyən tərəfləri var. Müəssisəmizin nəzdində qaçqın, köçkün və şəhid ailələrinə pulsuz hüquqi yardım göstərən qurum fəaliyyət göstərir. Əgər savab sayila biləcəksə, bir Qarabağ qazısini indi də himayədə saxlamağımı, bir müharibə veteranına əsaslı köməyimi, Oqtay adlı bir bomjun ayağını amputasiyadan qurtarmağımı, bir böyrək xəstəsi olmuş uşağın hazırda sağlam yaşamasını və neçə belə işləri də savaba yazmaq olar.
Müəssisənin fəaliyyət tarixində belə xeyirxah əməllərimiz yetəri qədərdir. 1997-ci ildə Danimarka Qaçqınlar Şurasının BMT xətti ilə Nasoslu – indiki Hacı Zeynalabdin qəsəbəsindəki uşaq bağçasında qaçqınlara kömək məqsədli tədbir keçirilirdi. Şuranın xətti ilə qaçqınlara yardım məqsədli müxtəlif məişət yönümlü kursların təşkilindən ağız dolusu “pəh-pəhlə” danışılırdı. Ertəsi günü təsisçisi və rəhbəri olduğm “Möhür” kiçik müəssisənin adından rəsmi məktubla bu şuranın İçəri şəhərdə yerləşən ofisinə getdim. Müraciətdə qaçqın gənclərimizin müasir zəmanənin tələblərinə uyğun olaraq yeni texnika və texnologiyalar öyrədsilməsi məsələsini qaldırdım.. Bir neçə dəfə get-gəldən sonra şuradan 1 ədəd kompüter dəsti əldə edə bildim, ikincisini isə öz hesabımıza İsrailin “Link” fırmasından 999 USD alıb, ofisimizin bir hissəsində kompüter operatorluğu kursları təşkil etdik. Kurs rəhbəri olaraq respublika Tələbə qəbulu komnissiyasından ödənişli mütəxəssis dəvət etdik. Sarı-Qaya bağlar massivində yerləşən qaçqın düşərgəsindən 240 nəfər yeniyetmə və gəncə pulsuz kompüter kursları təşkil etdik. 6 aylıq kursarı 2 buraxılışa başa vuran bu gənclərə Danimarka Qaçqınlar Şurasının Sertifikatı və qiymətli hədiyyələri verildı. Məhz bizim bu təşəbbüsümüzdən sonra Sumqayıtda gənclərə kütlıəvi kompüter operatorluğu vərdişlərinə öyrədilməsi başlanıldı. Kurslarımızı bitirən çağrışçı gənclərin bir çoxu cəbhə bölgələrindəki qərargahlarda kompüter operatorları kimi xidmət etməyə başladı. Hətta bir qədər sonra həmin gənclərdən birinin xahişi ilə Ağdam cəbhə qərargahına bir ədəd kompüter və bir ədəd A3 formatlı printer də bağışladıq. Elşən Qurbanov adlı bir gəncimizi isə Ankarada 3 asylıq təlim kurslarına göndərməklə o vaxtlar hələ buralarda formalaşmamnış turizm və otel işinin idarə olunmaüsına yönəltdik. Hazırda həmin gənc bu sahədə tanınmış idarəçilərdən biridir.
Doğum səhadətnaməmə görə bakılı sayılsam da, Bakıda yaşamaq mənim bəzi həyat prinsiplərimlə zidiyyət təşkil edir. Döstluq, əl uzatmaq, kömək olmaq Bakıda çay suyunun alt qatı təkindir, isti-soyuqluğu dəyişilməz qalır. Kədərlı, çətin günlərində donuq üzlər, soyuq baxışlarla rastlaşırsan. Gecənin bir yarısı nəsə bir hadisə baş verdikdə, qonşu qapını döyməyə əlin gəlmir, cürətin yetmir. Sumqayıt... bura özgə, doğma bir məkandır., harayına yüzlərlə hay verilir, sənə arxa- dayaq olmaq istəyənlər özləri ayaqlaqrı ilə qapına gəlirlər. Biz bu şəhərdə belə görmüşük, belə də yaşayırıq. Kiməsə biz kömək olmuşuq, kimsə də bizə kömək olub.
Bu dünyanın enişlı-yoxuşlu həyat yolları mənə çox şeylər öyrədib. Həmişə haqqa haq olmağa, nahaqqa nahaq olmağa çalışmışam, Sərt göründüyüm qədər də xeyirxahlığa, insanlara ürək qızdırmaga, can yandırmaağa meyilliyəm. Və çoxları da bu xasiyyətimdən bəhrələnirlər. Çex kommunist-yazıçısı, məhbəsdə edam olunmuş Yulius Fuçikin bu sözlərini tez-tez həyat qayəm kimi işlədirəm: -İnsanlar, mən Sizi sevirdim...İnsanları sev ki, onlar da səni sevə bilsinlər.

P.S. Atam vəzifə, iş-güc sahibi olduğundan imkanlarından istifadə edib ailəmizi hər il yay istirahətinə Pirşağıdakı köhnə balıqçı vətəgəsində məskunlaşdırardı. Hər axşam vətəgədə idarə binasının artırmasına çıxaraq, günəşin qürubundan sonra dəniz sahili boyunca uzaqlara, lap uzaqlara baxardım. Oralarda- hardasa parıldaşan cərgəli işıqlara, hündür qüllələrə doyunca tamaşa edər , o yerin hara olduğunu heç cür uşaq ağlıma gətirməz, arzular qoynunda qanad çalardım.. Ora mənim çox sonralar uzaqlardan başlayıb, uşaqlıqdan yol getdiyim yaşayıb-yaratdığım, tale şəhərim- doğma şəhərim Sumqayıt idi...


Zümrüd Baloğlanova, AJB üzvü
Manevr.az
Uzaq yolun yolçusu...- Zümrüd Baloğlanova

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar