Xəbər lenti
Dövlət bayrağımızın TARİXİNƏ QISA BİR BAXIŞ -ŞƏKİLLƏR
Tural Vəlizadə,
Qərbi Kaspi Universiteti
“Beynəlxalq münasibətlər” kafedrasının müdir əvəzi
Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri, adətən konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir. O bir tərəfi ağac dəstəklə bərkidilmiş, adətən müəyyən emblemli qumaş parçadan ibarət olur. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir.
9 noyabr Azərbaycan xalqının tarixində şərəfli bir zirvədir. 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti Vətən, torpaq və xalqımızın tanınması ilə bağlı nə mümkünsə onu etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qaldırılan və bu gün də başımız üzərində dalğalanan şanlı bayrağımızın yaradılmasından 101 il ötür. Məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra bir müddət Milli Şuranın qanunvericilik səlahiyyətlərini də icra etməli olmuşdur. Onun həyata keçirdiyi ilk mühüm tədbirlərdən biri də hələ Gəncədə olduğu zaman 1918-ci il iyunun 21-də (bəzi məlumatlara görə 24 və ya 27-də - T.V.) (Айдын Балаев. Азербайджанское национально-демократическое движение 1917-1920 гг. Баку, 1990, с. 33; Н.Агамалиева, Р.Худиев. Азербайджанская Республика. Страницы политической истории. 1918-1920 гг. Баку, 1994, с. 22) Osmanlı Türkiyəsinin bayrağından cüzi fərqlənən, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvirləri olan qırmızı rəngli Dövlət bayrağı haqqında qərar qəbul etməsidir. Bayrağın qırmızı rəngi qərb demokratiyasına, Avropa hürriyyətinə etimad əlamətini bildirirdi.
Məlum olduğu kimi, “Aypara” vaxtilə Bizans imperiyasının rəmzi olmuşdur. Güman edildiyinə görə 1453-cü il mayın 29-da qədimdə yunanların Vizanti adlanan koloniyası yerində salınmış Konstantinopol (indiki İstanbul – T.V.) şəhəri Osmanlı sultanı II Mehmet tərəfindən fəth edildikdən sonra aypara
simvolu tədricən Osmanlıların rəmzinə çevrilir. Eyni proses I Sultan Səlim tərəfindən XVI əsrdə Suriya, Fələstin və Misirin fəthi və onun xəlifə elan edilməsi ilə əlaqədar da baş vermişdir. Osmanlı türkləri bütün dünyada islamın təmsilçisinə çevrilmiş və İstanbul xəlifənin oturduğu şəhər olduğundan aypara da bütün müsəlman aləmində tədricən qəbul olunmuş və həmrəylik, hürriyyət, yardım rəmzinə çevrilmişdir (Еремеев Д.Э. Этногенез турок. М., 1971, с. 156).
Səkkizguşəli ulduzun mənaları haqqında müxtəlif rəylər mövcuddur. Bayrağın təsdiq edildiyi gün Baş Nazir Fətəli xan Xoyski çıxış edərək bildirmişdir ki, ulduzun guşələrinin sayı dövlətin əski əlifba ilə yazılmış adında oxunan hərflərin sayına bərabərdir. Eyni fikri görkəmli şairimiz Cəfər Cabbarlı da üçrəngli bayrağa həsr etdiyi “Azərbaycan bayrağı” adlı şeirlərindən birində söyləmişdir.
Ulduzdakı guşələrin sayını dini fikirlərlə, cənnətin səkkiz qapısı olması fikri ilə bağlayanlar da var. Bunu, qədim türklərdə olmuş küləyə davamlı səkkizguşəli yurtlarla (alaçıqlarla) əlaqələndirənlər də az deyil. Göründüyü kimi, bayraq Osmanlı Türkiyəsinin Dövlət bayrağı formasında olmuş, eyni simvollar miqyas fərqi ilə təkrar olunmuşdur.
Osmanlı ilə Antanta dövlətləri arasında Birinci Dünya müharibəsinin sonuna yaxın – 1918-ci il oktyabrın 30-da imzalanan Mudros müqaviləsinə əsasən türk qoşunları Azərbaycanı tərk etməli və müttəfiq qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı idilər. Azərbaycan ərazisi üzərində səlahiyyət mandatı almış ingilislər isə ilk bəyanatlarında Azərbaycan hökumətini
tanımadıqlarını bildirmiş və bu hökuməti Türkiyənin intriqasından yaranmış bir qurum kimi qiymətləndirmişlər. Bu bəhanələrin qarşısını almaq və milli hökumətin tanınmasına nail olmaq üçün Dövlət bayrağının dəyişdirilməsi qərara alındı.
Müqəddəs dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada – T.V.) qəbul edilmiş və qaldırılmışdır.
1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi və burada onun milli bayraq haqqında məruzəsi dinlənildi. Həmin iclasda milli Dövlət bayrağının dəyişdirilməsi haqqında aşağıdakı qərar qəbul edildi: “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin” (Azərbaycan Respublikası Dövlət Arxivi, fond 894, siyahı 1, iş 25, vərəq 142). Bayraqda kı mavi rəng türkçülüyü, qırmızı – müasirliyi, qərb demokratiyasını, yaşıl – islam ideologiyasını ifadə edir. Bu barədə "Азербайджан" qəzetinin 1918-ci il noyabr nömrələrindən birində çap edilmiş “Azərbaycan bayrağı” adlı maraqlı məlumatda deyilir: “Hökumət tərəfindən yaşıl, qırmızı və mavi rəngdə olan üçrəngli Azərbaycan bayrağının layihəsi təsdiq olunmuşdur. Qırmızı rəngin
fonunda aypara və səkkizguşəli ulduzun təsviri olacaqdır. Aypara və ulduz ağ rəngdə nəzərdə tutulmuşdur” (Азербайджан, 1918, 11 ноября). 1919-cu ilin aprel ayında Parlament binası üzərində dalğalanan üçrəngli bayrağa həsr etdiyi “Azərbaycan bayrağına” adlı şeirində görkəmli şair Əhməd Cavad belə yazmışdır:
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya bayrağım!
1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin açılışı mərasimində nitq söyləyən M.Ə.Rəsulzadə bayrağın rəngləri haqqında konkret olaraq söyləmişdir: “Səadət – hürriyyət və istiqlaldadır. Bunun üçün də, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç rəngli bayrağı Milli Şura qaldırmışdır. Türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropanın azadlıq ideyalarını təmsil edən bu bayraq daima başlarımızın üstündə dalğalanacaqdır. Bir dəfə qaldırdığımız bayraq, bir daha enməyəcəkdir!” (Azərbaycan, 1918, 9 dekabr).
“Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində işləyən dahi jurnalist-bəstəkarımız Üzeyir bəy Hacıbəyli bu barədə belə yazırdı: “Məmməd Əmin nitqi-iftitahiyyəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə – bu bayraq endiriləməz! dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu” (Azərbaycan, 1918, 9 dekabr).
Göründüyü kimi, burada kainat, ənginlik, böyüklük, əzəmət bildirən mavi rəng türk hürriyyətini, azadlığını və ucalığını təmsil edir. Yaşıl rəng islam sivilizasiyasını və ondan bəhrələnməyi əks etdirir. Yuxarıda işlədilən “əhraranə” (“əhrar” ərəbcə “hürr” sözünün cəmidir – T.V.) ifadəsi “azadlıqlara xas” deməkdir; XVIII əsrin sonlarından Avropada demokratiya və hürriyyət uğrunda qaldırılan qırmızı bayraqlara işarədir. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin çox gözəl təsvirdə olan Dövlət bayrağı həm də çox böyük mənalar kəsb edir.
Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.
Ümumiyyətlə Cümhuriyyət Azərbaycan tarixinə 212 dəfə ilk ifadəsini gətirdi: ilk Cümhuriyyət, ilk Parlament, ilk Universitet, ilk Məhkəmə Palatası, ilk Xəzinə Palatası, ilk valyuta, ilk hakimiyyət bölgüsü, ilk dəfə qadınlara seçki hüququ verməsi və s. Cümhuriyyət ən əsası coğrafi məfhum olan Azərbaycan ifadəsini siyasi məfhuma çevirdi. Bu ərazi ilk dəfə Azərbaycan Cümhuriyyəti adlanmağa başladı. Bakı ilk dəfə bütün Azərbaycanın paytaxtı elan olundu.
1918-ci ildən başımızın üstündə şərəflə dalğalanan üç rəngli bayrağımız sovet dönəmindən sonra yenidən daha əzəmətlə ucalır. Bu gün Dövlət bayrağımızın yaradılmasından 101 keçir. Ey Cümhuriyyətimizi bizə miras qoyan, babalarımız! Allah sizlərə rəhmət eləsin! Bir kərə yüksələn bayraq bir daha enməz!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar