Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Firdovsi Cəfərxan: "Yalnız savaş və şəhidlik bizim günahlarımızı yuya bilər"- MÜSAHİBƏ

Tarix: 04-10-2019 10:23     Baxış: 21 249 A- / A+
Firdovsi Cəfərxan: "Yalnız savaş və şəhidlik bizim günahlarımızı yuya bilər"- MÜSAHİBƏ

Bəşəri duyğularla yaşayan insanların dünyaya baxışı, təfəkkürü, fikirləri də fərdilikdən çıxır, dünyəviləşir. Elə insanlar var ki, onu ilk görəndə işıq kimi gözlərini qamaşdırır. Zahirinin aldadıcı parıltısı iki dəqiqəlik “söhbətin” fonunda öləziyir və anidən sönür. Əksi olan insanlar da var ki, parıltısız, sadə görkəmləri ilə “aldadır” səni. Bir kəlməsiylə böyüklüyünün fərqinə varırsan, zahirinin kölgələdiyi mənəviyyatının nur selinə düşürsən. Onu da belə tanıdım. Məsul vəzifə, dövlət işinin öhdəçiliyi, cavabdehlik... heç biri onun gözlərindəki məsumiyyətin və insanlığın üzərinə yürüş edə bilməyib. Tanrının biçdiyi şux qamətinə əməlləri, xeyirxahlığı, səxası, dostcanlığı və insanlıq sevgisiylə bir az da ucalıq qatan müsahibimin bir özəlliyi də var. Sözə aşiq, şeirə vurğun könlünün həzin-həzin çağlaması, ruhunun əsdiyi nəsnələrə söz rəngi qatmağı var Firdovsi Cəfərxanın. Fəlsəfi düşünür, deyimləri də fəlsəfi düşüncələrin məhsuludu və düşündürür... Adını çəkdim həmsöhbətimin, azacıq tanıtım girişi etdim, ancaq haqqında bilmədiklərimiz bildiklərimizdən çoxdur. Bilmədiklərimizi özündən öyrənək...

Manevr.az əməkdaşımızın şair-publisist Firdovsi Cəfərxanla müsahibəsini təqdim edir:

Salam olsun, Firdovsi müəllim! Necəsiniz? Əslində zamanın ağrılarıyla ağrıyan biri kimi çox vaxt çətinlik çəkirəm bu sualı verməyə. Amma yenə də əhvalınızı bilmək maraqlıdı.

-İnsan müəyyən zamanda və məkanda dünyaya gəlir. Həyata gözəllik gətirən, məna verən insan ömrüdür. Hər bir şəxsin özünəməxsus ömür yolu olduğu kimi, həyata baxışı da, dünyagörüşü də müxtəlif olur.

İki ali təhsiliniz var. Hər ikisinə də Rusiyada yiyələnmisiniz. Seçiminizi dəb xatirinə etmişdiz, yoxsa, başqa səbəbi və ya özəlliyi vardı oralarda təhsil almağın?

-Hər bir fərd vəzifəsindən, şəraitindən və durumundan asılı olmayaraq, mənəvi ehtiyac qarşısında əsirdir. Təəssüf ki, həyatını öz meyarlarına, istəklərinə uyğun şəkildə qurmaq heç də bütün insanlara qismət olmur. Lakin həyatda yaşananlar bir reallığa söykənir. Necə deyərlər, heçnə səbəbsiz deyildir. 1970-ci illərin sonlarında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Rusiyaya ali təhsil almağa göndərilənlərdən biri də mən olmuşam. Həyatda məni yaxından tanıyanlar yaxşı bilirlər ki, mən dəb adamı deyiləm. Səmimiyyət, sadəlik və ədalətli olmağı hər şeydən üstün tutmuşam. İnsanların firavan yaşaması ən böyük arzum olub.

Texnologiya və filologiya... fərqli fakültələr. İkinci ixtisası seçməyinizə daha çox biliyə sahiblənmək istəyi ya bir ixtisasda özünü tapa bilməmək hissi rəvac verdi?

-Texnologiya və filologiya ayrı-ayrı sahələri əhatə etsə də hər ikisinin insan həyatında önəmli rolu vardır. Tarixə nəzər salsanız görərsiniz ki, ən böyük yazarların əksəriyyəti elə riyazi-texniki və digər ixtisasları mənimsəmiş dahilərdir. (Ömər Xəyyam, Səlahəddin Xəlilov, Məmməd Araz və s.) Hər bir insan təbiətlə, ətrafındakı hadisələrə, ünsiyyətdə olduğu insanlara müəyyən estetik münasibət bəsləyir. O hadisələrdən təsirlənir və təəssüratlarını bu və ya digər formada ifadə etməyə çalışır. Bədii təfəkkürlə, bədii yaradıcılıqda gerçəkliyin estetik dəyərləndirilməsi prosesində ortaya çıxır. Ədəbiyyat həmişə insan mənəviyyatını zənginləşdirən faktor olmuşdur.

Şair, yazıçı, jurnalist, publisist və dövlət idarəsində mühüm postu olan məsul vəzifə sahibi Firdovsi Cəfərxan... Yaşamaq üçün maddi və mənəvi təminatlısınız. Nəyə ehtiyacınız var?

-Günəşlə əlaqəsini itirən Ay qaranlığa, Tanrıyla əlaqəsini itirən isə yoxluğa düşər. Allahın mənə nəsib etdiyi nə varsa, aza da, çoxa da şükür etmişəm. İnsanların səmimiyyətinə və qarşılıqlı münasibətinə ehtiyacım var.

”Yeganə Yol” qəzetinin təsisçisi və baş redaktorusunuz. Qəzet və dərgilərin, saytların artdığı bir dövrdə işləmək çətin deyil ki?

-İnamla görülən iş, tərəddüdlə görülən böyük işdən daha çox effektlidir. Kiçik bir uşaq addım atacağına inanmasaydı, yeriyə bilməzdi. Hər sözün, hər məhsulun öz istifadəçisi var.

Gözlərinizdə dərin bir kədər izi görünür. Hər nə qədər gülümsəməyə çalışsanız da bunu sezməmək mümkün deyil. Nədir görkəminizə hüzn qatan səbəb?

-Yaman yerdə tutmusunuz məni. Dərdi bölüşdükcə dərd azalar, sevinci bölüşdükcə sevinc çoxalar. Həqiqi, gerçək, xoşbəxt insan gərginliyə düşəndə belə gözlərindən gülməyi bacaran insandır. Dərd, qəm ölənlər üçün deyil, qalanlar üçündür. Yüz əzablara dözən qəlb, ruhdan ayrılarsa susar, dayanar. Bizim ruhlarımız o əlçatmaz yurd yerlərimizdə, dağlarımızda, çaylarımızda, bulaqlarımızda qaldı.

Əslində yurd həsrəti çəkdiyinizi bilirəm. Heç kimə baş əyməyən Nəbinin yurdunda indi "haylar" at oynadır. Ağrınızı ən az sizin qədər duyuram. Təsəllisi olmayan bu göynəyə savaş məlhəm deyilmi sizcə?

-Sizin bu sualınız əslində hər bir qeyrətli Azərbaycan övladı kimi məni də kəsim-kəsim edir. Əsassız təsəlliyə söykənmək, başsız bədən kimi bir şeydir. Yalnız savaş və şəhidlik bizim günahlarımızı yuya bilər. İtirilmiş yurd-yuvalarımızı qaytarsaq, bəlkə də ata və babalarımızın ruhu rahat olar. Onların bizə əmanət etdiyi o müqəddəs torpaqları qoruya bilmədik. Təəssüf...

Bir neçə şeir kitabının, povest və romanların, elmi-publisistik külliyatın müəllifisiniz. Sizcə oxucunun "damarını tuta" bilirsiniz?

-Bədii yaradıcılıq insanın özünüifadə formalarından biridir. Lakin sənət əsərlərində məqsəd ancaq müəllifin öz mənəvi-emosional vəziyyətini, estetik duyğularını, təəssüratlarını şərf etmək “sadəcə ürəyini boşaltmaq” deyil. Əgər sənət əsərinin oxucusu, dinləyicisi, tamaşaçısı yoxdursa, bu nə dərəcədə sənət əsəri sayıla bilər? Əslində əsər yalnız o zaman sosial status alır ki, onun istehlakçısı və istifadəçisi olsun. Müasir ədəbiyyat aləmində bir sıxlıq, qarışıqlıq hökm sürür desək yanılmarıq. Mənim də damarını tuta bildiyim oxucularım var. Bunun ən böyük göstəricisi kitabxanalar, ayrı-ayrı insanlar və satış nöqtələridir. (bu işləri Xan Rəsuloğlu daha yaxşı bilir)

Bir çox titul və mükafatlarınız var. Ancaq söhbətlərinizdə bu barədə danışdığınızın şahidi olmamışam. Təvazökarlıq?

-Mənim ən böyük mükafatım oxucu münasibəti, insan sevgisidir. Az ya çox qazanmışamsa mən buna qane olan insanam. Bir onu bilirəm ki, insanlar əgər Allahı haqqıyla tanısaydılar, duaları dağları belə yerindən oynadardı.

Məxfi deyilsə, bir az da gördüyünüz işlərdən, vəzifənizin tələb etdiyi məqamlardan danışın.

-Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində bir çox rayonlarımızdan məcburi köçkün düşmüş vətəndaşlara, tarix və mədəniyyət abidələrinə, ətraf mühitə və təbii sərvətlərə, nəqliyyat, rabitə, energetika, səhiyyə, təhsil, kənd təsərrüfatı, istehsal, ictimai iaşə və digər sahələrə dəymiş zərərlər barədə rayon İcra Hakimiyyətləri və digər təşkilatlar tərəfindən verilmiş məlumatları əhatə edən on minlərlə toplanmış sənədlər əsasında təsnifatı üzrə hesablamalar üzrə aparılan işlərə rəhbərlik edirəm.

”...İlləri yola salmışam,
Tənha, sərgardan qalmışam,
Bilsən, necə qocalmışam,
Səndən sonra, səndən sonra...


Maraqlıdır, kimdən sonra?


-Bu şeiri dostum, qəzəlxan Əli Əmirlinin dilindən vaxtsız dünyasını dəyişmiş həyat yoldaşına ithaf etmişəm.

Allah xanıma rəhmət eləsin, sizlərə ömür versin! Dost demişkən, sizin üçün dost kimdir?

-Bir az çətin sual oldu. Belə bir məsəl var: – “Qardaş yaxşıdır, əgər sənə dost olacaqsa!”
Bilirsiniz, Sevinc xanım, qəlbin hissiyyatı imana gəlmiş düşüncə üzərində cücərər. Dost da belədir. Gərək cəfasını çəkəsən ki, səfasını da görə biləsən. Amma əsas məsələ etibar məsələsidir...

Dostlarınızı xüsusi olaraq seçirsiniz, ya zamanla sınaqdan çıxanları bu ada layiq görürsünüz?

-Mən həmişə seçməkdən çox, seçilməyə üstünlük verirəm. Bütün qazandıqlarımız bacarığımıza görə deyil, yaxşı niyyətlərimizin məhsuludur. Yadda saxlayın ki, hər toxum torpağa bir arzu ilə tökülər.

Mövqeyinizə görə ətrafınızda dolanan, imkanlarınızdan yararlanan, bəzən də sui-istifadə edən “dost”larınız da var yəqin ki? Saxtalığı hiss etdiyinizdən əminəm. Amma buna rəğmən yanınızda olmalarına imkan verirsiniz?...

-Vəziyyəti çox da çətinləşdirməyək. Onsuz da qaranlıq gecədən işıqlı sabahı gözləmək sadəlövhlükdür. Necə deyərlər, “Balığı tut, at dəryaya, balıq da bilməsə xaliq biləcək”.

İnam və etibarınızdan istifadə edib sizi yarıyolda qoyanlara qarşı necə davranırsınız?

-Hər bir insan kimi mənim də həyatımda belə şeylər çox olub. Nə deyim, əzrail can alsa da, hökmü verən Allahdır. Yalanla qurulan, zamanla yıxılar. Hər halda Allah böyükdür.

Ruhunuzun sərgilədiyi hər hansı bir yazıdan, söhbətlərinizdən sevgi dolu olduğunuz anlaşılır. Şeirlərinizdə nisgil, həsrət, nakam məhəbbət mövzusu ön xətdə cərəyan edir. Çoxmu həsrət çəkmisiz?

-Sevinc xanım, sizin bu qədər hissiyyata malik olduğunuzu düşünməmişdim. Nisgil, həsrət, nakamlıq Allahın bəxş etdiyi nemətlərin bəlkə də ən acısıdır. Bir deyimimdə yazıram: – “Ehtirasa əsir etmə özünü, vəsf edər qəlbini, bağlar gözünü.” Və ya başqa bir deyimdə: – “Əlini tutduğun vəfasız yarsa, yaşa bu həyatda hünərin varsa.”
Bilirsiniz, sevməkdən deyil, sevilməkdən əmin olma...

Anladığım qədər fəlsəfəni sevirsiz. Elmin dərinliyi sizi qorxutmur?

-Dəryaların üzündə çoxlu sayda balıqlar üzsələr də, dərinliklərində qum dənəsinin ətrafında ağrı ilə tikilən məbədlər – mirvarilər vardır. Nə qədər ənginliklərə baş vurarsansa, bir o qədər zənginliklərlə qarşılaşarsan. Deməyim odur ki, insanın bir fərd olaraq mənəvi – intellektual inkişafı ilə ictimai tərəqqi arasında ciddi qarşılıqlı əlaqə məqamları vardır. Belə ki, ayrı-ayrı insanların ümumi inkişaf səviyyəsi aşağı olduqda cəmiyyətin təkmilləşdirilməsi çox çətin olur. Əsas da mənəvi həyatda. Unutmaq olmaz ki, məna axtaran yeganə varlıq insandır. Daima öyrənmək arzusu ilə çalışan insan, öyrənməyin ruhunu kəşf edər.

Olmaq istədiyiniz kimi ola bildinizmi həyatda?

-Hər bir insanı düşündürən məqamlara toxunursunuz. Mən biraz da dərinə gedərdim: – Yaşadığım həyatda özümü tapa bildinmi? Bəzən hə, bəzən də yox.

Son zamanlar üzləşdiyim bəzi hallar əvvəlki qənaətimin yalnışlığına inanmağa sövq edir məni. Sən demə, sadəlik hər zaman gözəlliyi əks etdirmirmiş. Siz necə düşünürsünüz?

-Mən belə düşünürəm ki, sadəlik insanlığın simasıdır. Şüşə saflıqdan deyil, kövrəklikdən çatlar. Torpaq bir gün yağışı anlayacaq, o gün yağış yağmayacaq.

Şeir söyləyin deyəndə ilk ağlınıza hansı şeiriniz gəlir?

-“Azərbaycanım”, “Məndən nə dilər” və “Bir ömür yetməz”. Poemalarımdan: – “Bir ömür hekayəsi” və “Tənha qoca”.

Mənə elə gəlir ki, maraqlı söhbətimiz alındı. Gözəl həmsöhbətsiniz. Soruşmadığım, demək istədiyiniz nə isə qaldısa...

-Qəlb köksə sığmayanda onun bölüşmək ehtiyacı yaranır. Dəyərli, mənalı və əhatəli suallarınıza görə təşəkkür edirəm.

Səmimi söhbətə görə, çox sağ olun!

Söhbətləşdi: Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar