Xəbər lenti
Başbuğdan şok açıqlamalar: - "Ərdoğana dedim ki, bu gün bizə, sabah sizə... "
Baş Qərargah rəisi olduğum dövrdə, daha dəqiq desək, 2008-ci ildə Milli Kəşfiyyatdan Fətullah Gülən camaatı ilə bağlı hesabat istədim.
Manevr.az xəbər verir ki, bunu Türkiyə parlamenti nəzdində yaradılan 15 iyul Çevrilişini Araşdırma Komissiyasında çıxışı zamanı Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ söyləyib. Onun sözlərinə görə, Gülən camaatının ən böyük uğuru informasiyaya sahib olmalarıydı:
“1992-ci ildən öncəki və sonrakı vəziyyətə baxmağa məcburuq. 1992-ci ildə MİT-in başına bir mülki şəxs gətirildi. Əslində, bu, demokratiyada normal bir şeydir. Amma önəmli olan məsələ budur ki, 1992-ci ildən etibarən MİT-dəki hərbi kadrların sayı getdikcə azaldıldı və hətta sıfıra qədər endirildi. Hərbi liseylərə 80-ci illərin əvvəllərindən etibarən Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin imtahanları ilə tələbə qəbul edilir. Burada imtahan suallarının oğurlanmasının qarşısının alınması Türkiyə ordusunun səlahiyyətlərinə aid deyil. Bizim ən böyük xətamız tələbələrin müsahibə zamanı doğru yoxlanılmaması idi. FETÖ ilk növbədə elə bu sahəyə girmişdi. Türkiyə Silahlı Qüvvələrinin Heyət Təmin Mərkəzi FETÖ-nün əlində idi. MİT rəhbəri Əmrə Tanər sonradan mənə hesabat verdi. Təxminən 100 səhifə idi. Hesabatı verərkən “komandir, bunu sizə qeyri-rəsmi verirəm” dedi. Mənim üçün bunun heç bir mənası yox idi. Hesabatda Gülən camaatı ilə bağlı ümumi məlumatlar var idi. Bunların kim olduğu, türk ordusuna necə girdiklərinə dair heç nə yox idi. Sadəcə, polislərlə bağlı adlar vardı. 8-9 polisin adı hesabatda yer almışdı. Ən başdakı şəxs isə Əli Fuad Yılmazər idi. Polislərin adını baş nazirə verdim (o dövrdə baş nazir vəzifəsini Rəcəb Tayyib Ərdoğan icra edirdi – red.). FETÖ-nün ən güclü olduğu sahə informasiya sahəsi idi. 2002-ci ildən 15 iyul 2016-cı ilə qədər davam edən dönəmdə ən önəmli hadisə 2009-cu ildə parlamentdə qəbul edilən qanun idi. Bu qanun dəyişikliyi Gülən camaatına böyük cəsarət verdi və əllərimizi bağladı. Qanuna əsasən, hərbi şəxslər xüsusi səlahiyyətli məhkəmələrdə mühakimə edilə biləcəkdilər. Baş Qərargah rəisi olduğum zaman baş nazirə “Bu gün bizə, sabah sizə” dedim. Mənə, sadəcə, “Komandir, siz bunları gözünüzdə çox şişirdirsiniz” cavabını verdi.
Bu qruplaşma 2002-2012-ci illərdə çox gücləndi. 2008-2010-cu illər FETÖ ilə mən, 2012-dən sonra prezident təkbaşına mübarizə apardı. Əslində, 2007-ci il dönüş nöqtəsi idi. Bu tarixdən etibarən iqtidar Gülən camaatı ilə müttəfiq oldu və türk ordusuna qarşı oyunlara dəstək verdi. Bu iki qüvvənin arasındakı narazılıq 2011-ci ildə başladı. Camaat hakimiyyətdən daha çox millət vəkili istədi, amma buna razılıq ala bilmədi. 2012-ci ildə isə mən həbs edildim. Əslində, bu bir təcrübə idi. Ona görə ki, Baş Qərargah rəisinin tutulması məsələsinə cəmiyyətin reaksiyasını öyrənmək istəyirdilər. Cəmiyyətin reaksiya verməyəcəyini düşündülər. Bundan sonra isə MİT rəhbəri hadisəsi başladı. Məhz bu zaman baş nazir prosesin əslində nə olduğunu gördü. Bundan sonra növbə özünə çatacaqdı. Məncə, savaş 2012-də başladı. Bu proses isə 14 iyul 2016-ya qədər getdi. Bu dövrdə prezident mənim 2008-2010-cu illərdə olduğum kimi təkbaşına qaldı. Əgər 2012-də hər kəs Ərdoğanın yanında olsaydı, 15 iyul baş verməyəcəkdi”.
Başbuğ 15 iyul çevrilişinin ordunun nüfuzunu aşağı salmaq üçün planlandığını bildirib:
“Mən Baş Qərargah rəisi olan zaman, xüsusilə, Cənubi Amerikadakı ordulara qarşı sui-qəsdlərin necə tətbiq edildiyini araşdırdım. Bir ordunu nüfuzdan salmağın üç metodu var:
1. Orduya verilən tapşırıq zamanı onun uğursuzluğa düçar olmasına şərait yaratmalısınız. Biz bunu 2007-ci ildə Dağlıca hadisələri (2007-ci il PKK-nın türk taborunu mühasirəyə almasıdır. Nəticədə 12 türk əsgəri şəhid olmuş, 16 əsgər yaranlanmış, 8 əsgər itkin düşmüşdü – red.) zamanı gördük. Bu, sadəcə, PKK ilə bağlı bir şey deyildi. Qəzetləri açıb baxın, o zaman orduyla bağlı nələr yazılmışdı;
2. Orduya sui-qəsd tətbiq edəcəksən, məhkəməyə verəcəksən, “Silahlı Qüvvələr qruplaşmadır, terrorçu təşkilatdır” deyəcəksən. Bu da edildi, amma Allaha şükür, qarşısı alındı;
3. Silah Qüvvələri bir çevriliş təşəbbüsü üçün provokasiya edirsiniz, amma elə tədbirlər görürsünüz ki, çevriliş uğursuz olur. 15 iyulun belə bir model olmasını dəqiq bilmirəm, amma incələnməsi lazım olan mövzu olduğunu düşünürəm.
Güclü ordu güclü Türkiyə deməkdir. Güclü ordunuz olmasa, heç nə edə bilməzsiniz. Bu millət belə bir ordusu olduğuna görə çox şanslıdır. Bu ordunun qürurunu, şərəfini, əhval-ruhiyyəsini qorumaq lazımdır”.
Qeyd edək ki, İlkər Başbuğ 2008-2010-cu illərdə Türkiyə Baş Qərargah rəisi olub.(axar.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar