Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rafiq Yusifoğlu: "Üzeyir Hacıbəyli və bu günümüz"

Tarix: 18-09-2018 14:58     Baxış: 31 012 A- / A+
(18 sentyabr - Milli Musiqi Günüdür)

Rafiq Yusifoğlu: "Üzeyir Hacıbəyli və bu günümüz"


Milli mədəniyyətimizin görkəmli nümayəndəsi, peşəkar musiqi sənəti¬mizin banisi, dahi bəstəkar, tanınmış ziyalı Üzeyir Hacıbəylinin ədəbi-bədii irsi yeni nəslin təlim-tərbiyəsində indi də mühüm rol oynamaqdadır. Amalı, məq¬sə¬di öz xalqını qabaqcıl millətlər sırasında görmək olan Üzeyir bəy bütün şüurlu həyatını soydaşlarımızın təhsilinə, elmi biliklərə yiyələn¬məsinə, onların mədəni səviyyəcə yüksəlməsinə, insanların mənəvi-əxlaqi tərəqqisinə həsr etmişdir.
Bir bəstəkar kimi ölməz əsərlər yaradan, xalqımıza «Leyli və Məc¬nun», «Əsli və Kərəm», «O olmasın, bu olsun», «Arşın mal alan», «Koroğlu» kimi sənət inciləri yadigar qoyub gedən Üzeyir Hacıbəyli həm də çox gözəl yazıçı, publisist kimi fəaliyyət göstərmişdir. Onun yazıb çap etdirdiyi məqalə¬lərdə, felyetonlarda, resenziyalarda, satirik hekayələrdə xalqı¬nı, millətini dərin məhəbbətlə sevən bir insanın düşüncələri öz əksini tapmışdır.
Ən yaxşı, təqdir olunası cəhət Üzeyir bəyin fikrini ümumi sözlərlə söyləməkdən çox, məramını, məqsədini xarakterik detallarla, cizgilərlə, hadisə və rəvayətlərlə verməyə çalışmasındadır. Elə buna görə də onun publisistik əsərlərinin emosional təsir gücü çox böyükdür. Bu baxımdan görkəmli publisistin 10 noyabr 1908-ci ildə «Tərəqqi» qəzetində çap olunan «Biz nə tövr iş görürük?» felyetonu çox xarakterikdir: «Qonşularımız siçan boyda iş görəndə biz yatmışdıq. Sonra onların işi böyüyüb keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda iş görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda işi irəliləyib camış yekəlikdə oldu, amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq ki, qonşularımız fil boyda işlər görməyə başladılar.
Qərəz, gözümüzü ovxalayıb dedik ki, nə var, biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə. Axırı nə oldu? Axırı belə oldu: filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik gəlin təzdən başlayaq. Ancaq burasını iqrar eləyirik ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə, dəvə. Qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir? Camışdır. Başlayırıq camış boyda işlər görməyə, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (halbuki qonşular fildən yuxarı çıxırlar). Deyirik ki, eşşək boyda işlər görək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini. Görürük ki, keçiyə də tap gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə. Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi!… Biz belə iş görürük».
Bu felyetonda hər şey yerli-yerindədir, onun ideyası maraqlı, eləcə də düşündürücü bir tərzdə oxucuya çatdırılır. Əslində mahiyyəti rəvayətin alt qatına hopan bu yazının şərhinə o qədər də ehtiyac yoxdur. Ancaq təəssüf ki, indinin özündə belə bizim əksəriyyətimiz hələ də «xabi-qəflət» yuxusundan ayılmamışıq. Başımız növbənöv şoulara, çal-çağıra, meyxana, yeni ulduz yarışmalarına «sms» göndərməyə, səsindən, abır-həyasından başqa hər şeyi olan ucuz müğənnilərin ailə-məişət problemlərinə baxmağa elə qarışıb ki, kitab oxumağa, iş görmək cəhənnəm, heç olmasa papağımızı qabağımıza qoyub düşünməyə belə vaxtımız yoxdur. Bekarçılıqdan başı şoulara qarışan, ucuz ara mahnılarını, meyxanaları dinləyən indiki bir para gənclərin «gündüzlər qoç döyüşdürüb, it boğuşdurub, gecələr fişəng atan» Üzeyir bəyin müasirlərindən fərqi nədir ki?!
O zaman Üzeyir Hacıbəylini narahat eləyən «millətin övladlarının kitab, qəzet oxumaması, teatr tamaşalarına getməməsi», «qəzetlərin oxucularının sayının az, özlərinin sayının çoxluğu», «dükançıların köhnə qəzetlərin içinə darçın, istiot, mixək büküb satmaları», «müsəlman məclislərində qeybətin ön planda olması, millətin taleyüklü əsas məsələlərinin həllinin isə həmişə sonraya saxlanılması», «ay batandan sonraya qalması», «camaatın bədbəxtliyinin pulpərəstlik, şöhrət qazanmaq, riyakarlıq»da olması kimi problemlər indi də öz aktuallığını saxlamaqdadır.
Üzeyir bəyin tənqid hədəfləri təkcə avam, geridə qalmış, hər cür tərəqqiyə mane olmağa çalışan dindarlar deyil, həm də elm və biliyindən xalqa bir fayda yetməyən «intelligentlər»dir: «Müsəlman intelligentini tapdım. Bir az ordan-burdan danışdım və sonra dedim ki, sən allah, görürsənmi, axund buyurur ki, qəzet oxumaq haramdır. Intelligent güldü, dedi: Əlbəttə, axund elə deyər, amma mən qəzet oxumamış çay içə bilmərəm və vodkasız da abed eləyə bilmərəm. …Mənə müsəlman qəzeti yaraşmır. …Ruslar və rus arvadları əlimdə müsəlman qəzeti görsələr, çox ayıb olar» («Qərəz, getdim»)…
Üzeyir Hacıbəyli millətin savadlanması üçün məktəblərin açılmasına, qəzetlərin, kitabların nəşrinə xüsusi önəm verirdi. Ancaq savadsız müəllimlər, nə yazdıqlarından heç özlərinin də başı çıxmayan qələm adamları onun gözünün düşməni idi: «Yazıq qələm, yazıq oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər əlinə düşübdür! Nifrət, nifrət olsun müqəddəs qələmi qərəzi-şəxsi edənlərə, nifrət!» («Zənbur» jurnalı). Maarifpərvər ziyalımızı uşaqlarımızın məktəbdən yayı¬nıb aşıq-aşıq oynamaları, müəllimlərin dərs zamanı boş-boş şey¬lərdən danışmaları, valideynlərin uşaqların tərbiyəsinə barmaqarası baxmaları, bir para adamların isə xalqı cəhalət içində saxlamağa qeyrət etmələri çox narahat edirdi. O, xüsusi vurğulayırdı ki, müəllimlik çox çətin və məsuliyyətli bir vəzifədir, hər adam onun öhdəsindən gələ bilməz və hər adama müəllim deyib uşaqları ona tapşırmaq böyük xətadır. Tərbiyə işində cüzi səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar («Xəbərdarlıq»). Üzeyir bəy kitab nəşrinə böyük önəm versə də, kitabsızlığı böyük dərd hesab eləsə də, qeyd etməyi unutmurdu ki, hər kitabı uşağın əlinə vermək olmaz.
Təəssüf ki, indi kim gəldi öz kitabını çap elətdirib yaymaq imkanına malikdir. Adi cümlə qurmağı belə bacar¬mayan səriştəsiz «qələm adamları»nın kitablarını uşaqlara oxutdurmaq, onların zövqünü korlamaq cinayətdir.
Başqa millətlərin tərəqqisi, bizimkilərin isə hələ də xabi-qəflətdə uyuması bütün maarifpərvər ziyalılarımız kimi Üzeyir Hacıbəylini də daim düşünüb-daşınmağa, vəziyyətdən çıxış yolu axtarmağa sövq etmiş, qayğılandırmışdır. Onun fikrincə, əsl ziyalı millətin xeyrxahı olmalı, xalqın tərəqqisi üçün əlindən gələni əsirgəməməlidir. Millətin başına gələn bütün müsibət və bəlaların kökündə elmsizlik, savadsızlıq dayanır. Nəinki uşaqların, hətta böyüklərin də mənəvi kamilləşməsi üçün yorulmadan mübarizə aparmaq lazımdır. Müəllim əməyinə böyük qiymət verən Üzeyir bəy qeyd eləyirdi ki, yaxşı müəllimlərə mütləq yüksək məvacib vermək lazımdır ki, o necə dolanmaq haqqında yox, necə dərs keçmək, milləti savadsızlıqdan necə qurtarmaq haqqında düşünsün: «Dolanacaq üç qat baha olub, məvacib çatışmır, müəllim nə etsin: dərs versin, yoxsa dərd çəksin?» - Ürək ağrısı ilə də olsa qeyd etməliyik ki, Üzeyir bəyi narahat eləyən həmin problemlər bu gün də öz aktuallığını saxlamaqdadır.
Üzeyir Hacıbəyli xalqımızı müdrik hesab edir, zəngin folklor nümunələrimizi toplayıb öyrənməyə, ondan nəticə çıxarmağa, bəhrələnməyə xüsusi önəm verirdi. Onun məqalələ¬rində «Bülbülümüzdə həvəs yox, qarğamızda səs», «Zər qədrini zərgər bilər», «Hürkütməsən saymaq olmaz», «Əli aşından da, Vəli aşından da olmaq», «At getdi, örkən apardı», «Uşağın üzünü it yalasa doyar», «Iş ustadından qorxar, nəinki ustad işdən», «Yorğana görə ayağını uzat», «Dəli dostdan ağıllı düşmən yaxşıdır», «Soğan yeməmisən, için niyə göynəyir» və sair bu kimi ifadələrdən istifadə etməsi bu böyük şəxsiyyətin xalq dilini nə qədər mükəmməl bilməsindən xəbər verir.
Ü.Hacıbəyli «El musiqisi haqqında» («Kommunist» qəzeti, 20 noyabr 1924) məqaləsində Anton Mailyan adlı bir cılız «bəstəkar»ın «Şah Ismayıl» ope¬ra¬sından «Haydı, qızlar!», bundan əlavə «Ay yoldaşlar» nəğməsini nota ala¬raq öz adına çıxmasını təəssüflə qeyd eləyir.
Üzeyir bəy musiqi əsərlə¬rimizin özgələr tərəfindən mənimsənilməsinin səbəbini el nəğmələrimi¬zin vax¬tında toplanılıb nota salınmamasında, məcmuələr şəklində çap olunmama¬sında görürdü. Məhz bunun nəticəsidir ki, indi bədxah qonşularımız mahnıları¬mızın çoxunu, «Sarı gəlin»i, hətta bəstəkar mahnılarımızı belə öz adlarına çıxmaqdan utanmırlar.
Dilimizin saflığı, onun qorunub saxlanılması, bu dildə gözəl sənət əsərlərinin yaradılması, qəzet, kitab nəşri Üzeyir bəyi daim düşündürən problemlərdən idi. O, ədəbi dilimizin zəngin xalq dili qaynaqlarından bəhrələnməklə inkişaf etdiril¬məsinin tərəfdarlarından idi. Öz dilini bilməyən ziyalılar onun felyetonlarının əsas tənqid hədəflərindən idi.
«Dilimizi korlayanlar» felyetonundan götürdüyümüz bu cümlə çox tutarlı və ibrətamizdir: «Artist axundun düşmənidir, axund artistin. Bundan belə bu iki düşmən bir şeydə böyük ittifaq bağlayıblar. O şey türk dilini korlamaqdır». Ərəbcə, farsca oxuyan, və ya heç oxumayan axundlar da öz dilimizdə danışmaq və yazmaq istəyəndə onu korlayır, rusca təhsil alıb türkcə tamaşa verən artistlər də bu və ya digər şəkildə həmin işi görürlər. Intelligentlərə «salam verəndə izdrasti almağı» da, «Əcəba, biz müəllimlər öz ana dilimizi mükəmməl bilirikmi?» sualı da dilimizin saflığı uğrunda mübarizə aparan tərəqqipərvər ziyalımızın ürəyini göynədən məsələlərdən idi.
Bu maarifpərvər ziyalı bütün bəlaların kökünü nadan¬lıqda görürdü. Onun fikrincə, qəzet, kitab oxumağı, məktəbdə təhsil almağı, elmi, mədəniyyəti, incəsənəti haram hesab elmək millətin tərəqqisi yolunda başlıca əngəllərdən biridir.
O, «Lüğət» felyetonunda yana-yana «ətalət» sözünü müsəlman¬çılığın sinonimi hesab eləyirdi. «Müsəlmançılıq haqqında dram» felyetonunda ürək ağrısıyla yazırdı ki, müsəlman teatrında iki cürə tamaşa olur: bir teatrçıların öz tamaşası və o biri də teatra yığılmış müsəlmanların hərəkətidir ki, çox vədə teatrdan da interesni olur.
Üzeyir bəy insanların mənəvi tərəqqisində, xalqı xabi-qəflətdən ayıltmaqda məktəblə bərabər mətbuatın, ədəbiyyatın, musiqinin, teatrın əvəzsiz rol oynadığını söyləyir, bu sahələrin inkişafına xüsusi diqqət yetirməyi zəruri sayırdı. «Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında», «Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında», «Vəzifeyi-musiqimizə aid məsələlər», «Azərbaycanda musiqi təhsili», «Türk operaları haqqında», «El musiqisi haqqında», «Azərbaycan musiqi həyatına bir nəzər», «Azərbaycanda musiqi tərəqqisi», «Aşıq sənəti», «Musiqidə xəlqilik» və s. bu kimi məqalələrində Üzeyir Hacıbəyli görkəmli bir sənətşünas alim, musiqi, teatr nəzəriyyəçisi kimi bu sahədə olan aktual problemlərin ətraflı elmi şərhini verir, vəziyyətdən çıxış yollarını göstərirdi. O, belə hesab eləyirdi ki, ədəbiyyatı, incəsənəti başa düşmək üçün xalqım maariflənməsinə böyük ehtiyac vardır.
Təhsilsiz, savadsız insanların peşəkarlıqla yazılmış əsərləri anlaması çox çətindir. Üzeyir bəy obrazlı şəkildə dramı gimnaziyaya, operanı universitetə, xalqımızı isə ibtidai məktəb şagirdlərinə bənzədirdi.
«Təmizlik» felyetonundakı bu cümlələri oxuyanda da adamın üzünə acı bir təbəssüm qonur: «Təəccüblü burasıdır ki, müsəlman gərək hamıdan təmiz olsun, amma hamıdan natəmizdir. Adamı yandıran burasıdır».
Üzeyir bəy istəyirdi ki, dünyanın digər dindarlarından heç bir cəhətcə geridə qalmayan müsəlmanın imanı kamil, zehni, ağlı iti, özü ayıq, tükü-tükdən seçən, dünya hadisələrindən baş çıxaran, xeyirini, şərini yaxşı bilən, ictimai hadisələrdən baş çıxaran olsun. Biri qatığa qara deyəndə müsəlmanın ədəb-ərkan xatirinə onun fikrini təsdiqləməsi («Cığal qumarbaz»), «sözümüzlə əməlimiz arasında zəmin asiman təvafütün olması» («Rəfiqimdən məktub»), bəzi avam ataların oğlanlarını məktəbdən çıxarıb qumarbazlığa qoyması («Alçı və toxan»), ölkə¬də arı yeyib namusu belinə bağlayan lotuların meydan sulaması («Sədini tənqid, Hafizi tərif»), hökumətin camaatla şirin qumar oyna¬ması («Cığal qu¬marbaz»), müsəlmanların yüzdə doxsanının elm və mərifətin mənfəətini qan-ma¬ması («Xəbərdarlıq») Ü.Hacıbə¬yovun ürəyini göynədən məsələlərdən idi.
Üzeyir bəy millətin gələcəyinə inanır, onu yer üzünün ən gözəl, ən istedadlı xalqlarından biri hesab edirdi. Düşünürdü ki, görkəmli adamların, dahilərin üzə çıxması üçün elmi, ədəbi mühit formalaşdırmaq, istedadlı adamların, ziyalıların qədrini bilmək lazımdır.
«Biz ilə Avropalıların təfavütü» adlı felye¬tondakı bu cümlələr çox düşündürücü və ibrətamizdir: «Hər halda, bir məsəl ki – ağac bar gətirdikcə başını aşağı tutar – hamının xoşuna gəlir. Amma burasını unutmaq olmaz ki, barı çox olan ağacın başını o qədər aşağı tutması ağacın özü üçün zərərdir, çünki sınar. O səbəbdəndir ki, ağacın qədr və qiymətini bilən bağbanlar o cürə ağaclara bir dayaq qayırırlar ki, bu başıaşağılıqdan ona bir zərər və sədəmə yetişməsin. Halbuki bizdə tək-tək tapılan barlı ağaclar bar verib başıaşağı olduqları halda, onun barından mənfəət aparanlar daha da başından basırlar ki, binəva puç olsun»!
Bunu sezmək o qədər çətin deyildir ki, burada ağacdan yox, istedadlı adamdan, paxıllıqdan onu qabağa getməyə qoymayan nadanlar mühitindən söh¬bət gedir. Ancaq Üzeyir Hacıbəyli inanırdı ki, qalibiyyət elm tərəfdədir. Elm və mədə¬niyyət inkişaf etsə, onun qarşısını heç nə ilə almaq mümkün deyildir: «Elm və bilik dağlarında donmuş qalan tərəqqi qarı yavaş-yavaş əriyir; bu gün sabah sel gəlib, qabağına çıxan hər bir kol-kosu kökündən qoparıb aparacaq¬dır. Onda görüm hansı möhkəm etiqad bu selin qabağında dura biləcək» («Deviz»).
Üzeyir bəy hesab eləyirdi ki, bizim xalq çox istedadlı xalqdır, ancaq təəssüf ki, öz qədrimizi özümüz bilmirik, cəha-lətimizlə dahilərin zühuruna mane oluruq. Ancaq elə bir gün gələcək ki, mədəniyyət şəfəqləri bizim də yurdumuzu işıqlan-dıracaq, çox-çox görkəmli adamların üzə çıxmasına zəmin yaradacaqdır.
«Qədirşünaslıq» adlı məqaləsini Üzeyir bəyin bu cümlələrlə bitirməsi təsadüfi deyildi, onun uzaqgörənliyindən, xalqının parlaq gələcəyinə inamından xəbər verirdi: «Lakin ümidsiz olmaq yaxşı deyildir, XX əsrdə bütün aləmə cari olmağa başlamış mədəniyyət selinin qabağını heç bir mümaniət ilə durdurmaq mümkün olmayacaqdır. …bizim yerlərdə də güllər və çiçəklər bitib, buraları çəmənzara döndərər! Heç naümid olmamalı»!
O zaman heç Üzeyir Hacıbəylinin ağlına da gəlməzdi ki, Azərbaycan müstəqil, suveren dövlətə çevriləcək, imzalar içində imzamız görünəcək, bayraqlar içində bayrağımız dalğalanacaq, qədirşünas xalqımız insanlarımızın maariflənməsi, xalqımızın mədəni həyatının çiçəklənməsi üçün əlindən gələni əsirgəməyən Üzeyir bəy kimi insanların xatirəsini həmişə əziz tutacaq, onların arzularını reallaşdırmaq yolunda öz səy və bacarığını əsirgəməyəcəkdir.
Üzeyir Hacıbəyli geniş diapazonlu bir ziyalı idi. Onun istər siyasət, istər mədəniyyət, musiqi sənəti, istər ədəbiyyat, dil, bədii tərcümə, istər mətbuat, istərsə də məktəb və dərslik haqqında mülahizələri indi də öz elmi-bədii dəyə¬rini itirmə¬mişdir. Müasir gənclik Üzeyir bəyin musiqi irsini, məqalə və felyetonlarını öyrənsə çox şey qazanar. Onun bütün yazılarında bu günümüzlə səsləşən, rəhbər tutulacaq, istifadə olunacaq məqamlar, qiymətli fikir və mülahizələr tapmaq o qədər də çətin deyildir

Rafiq Yusifoğlu: "Üzeyir Hacıbəyli və bu günümüz"

Rafiq Yusifoglu,
şair, filologiya elmləri doktoru, professor

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar