Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazilə Gültac: "Yıxılmamaq, sınmamaq, möhkəm dayanmaq üçün yaxşı olmağa məhkumam"

Tarix: 14-06-2018 10:44     Baxış: 2949 A- / A+
Fəthiyədə (Yaşıllıqlar Kraliçası) - sözə, sənətə qucaq açan cənnət məmləkətdə unudulmaz anlar yaşadıq...

Nazilə Gültac: "Yıxılmamaq, sınmamaq, möhkəm dayanmaq üçün yaxşı olmağa məhkumam"


Həmsöhbətimiz həkim-şair Nazilə Gültacdı. Vaxt tapıb Türkiyəyə səfəriylə bağlı təəsüratlarını bizimlə bölüşdü:

-Salam, Nazilə xanım. Necəsiniz?

-Salam! Yaxşı sözü özü yaxşı sözdür. Gözəl dostları olan insan pis ola bilməz. Ümumiyyətlə, sözün düzü mən elə insanam ki, əhvalım pis də olsa, kədərli olsam da soruşana həmişə yaxşıyam,- deyirəm. Çünki yıxılmamaq, sınmamaq, möhkəm dayanmaq üçün yaxşı olmağa məhkumam. Yoxsa üzülərəm, get- gedə xırdalanıb tükənərəm, məhv olaram. İnsan gərək ən xəstə günündə də içində özünü - “mən yaxşıyam”a inandırsın. Yaxşı sözündə bir pozitiv enerji var. Mən yaxşıyam, Namiq!

-Səfərdəydiniz. Oralarda nə var, nə yox?

Bəli, bu yaxınlarda Türkiyədə olduq. Gözəl bir səfərdən qayıtmışam. Qardaş Türkiyədə yüzlərlə könül dostlarım var. Azərbaycanda “Hardan haraya” kitabı ilə çox dostlar qazanan Coşkun bəyin böyük xidməti nəticəsində X Ölkələrarası Fəthiyə festifalına qatıldıq. Öncə Fəthiyədən danışmaq istəyirəm.Yaşıllıqlar Kraliçası adı vermişəm, o şəhərə. Başdan-başa yaşıl örpəyə bürünən, sıra dağlarla əhatələnən, Ölüdənizlə Ege dənizinə naz edən gözəl bir məkandır. Əvvəlki adı Meğri- uzaq diyar adlanan bu cənnət məmləkət Fateh adlı bir təyyarəçi qəhrəmanın şərəfinə Fəthiyə adlandırılmışdır. Bu şəhər bağçalı evlər, otellər şəhəridir həm də. Əsas gəlir mənbəyi əsasən turistlərdir. Fəthiyədə sözə, sənətə böyük qiymət verən insanlar yaşayır. Şair Coşkun Qarabulud, tez-tez maraqlı şeirlərini paylaşdığım Sabri Kuşkonmaz, Əminə Çakır, Şöhrət Unal Dirilik, Rəcai Şahin, Mustafa Taner və bir çox adını unutduğum şair və yazarlar bu şəhəri özlərinə doğma məskən seçiblər. 10 ildir ki, Fəthiyədə Ölkələrarası Ümumdünya “Söz və Sənət” festifalı keçirilir. Bu festifalda ikinci dəfədir ki, iştirak edirdim. Festifal öncəsi Antalya şəhərində oldum. Çox dəyərli söz adamları- Mustafa Ceylan, Afifə Dəmirtaş, Yusif Özcan yaxın dostlarımdır. Azərbaycana sevgiləri sonsuzdur, bu gözəl insanların. Afifə xanım və Yusif bəy bizim əziyyətimizi çəkərək, bir gün axşama qədər Antalyanın tarixi yerlərini gəzdirdilər. Şair Yusif Özcan Akdəniz universitetində bir tədbirə dəvət etdi. Onun təşkilatçısı olduğu tədbirdə gənc nəslin sözə, öz ana dilinə verdiyi dəyər əsas mövzulardan biri idi. Türk dili və qəhrəmanlıq haqqında inşa yazıları müsabiqəsi keçirildi.Türkiyəli gənclər çox gözəl təsir bağışladı mənə. Hər il Fəthiyədə festifalda dünyanın bir çox yerlərindən axışıb gələn söz və sənət adamları bir araya gəlir, rəssamlar, yazıçı və araşdırmaçılar dəvət olunur, konsert proqramları verirlər, şeir axşamları keçirirlər. Bu dəfəki festifala Qazaxıstandan şair, yazar Gülnaz Fayzulla, Yanagül Qədirova, Daspol İslam,Qasımxan Beqmanov, Özbəkistandan Farogat Cabbarova,onun dünyalarca şirin oğlu Bilal, Kiprdən Dərvişə Günəyyəli Qutlu, Azərbaycandan şair Əkbər Qoşalı, onun xanımı, Şair Akəm Xaqan, rəssam Nəvai Mətin də dəvət olunmuşdu. Mayın 1 dən 13-nə qədər davam edən festifala bizim qrup 9-13 may tarixlərində qatıldı. Bizimlə bərabər Türkiyəli şairlər Oktay Yivli, Sabri Kuşkonmaz , Zekiye Çağımlar, Demet Duyular Doğan da iştirak edirdi.

-Qələm əhlisiniz, həkimsiz, ictimai fəallığınız var... bu dəfəki səfərinizin konkret məqsədi nə idi?

Bu dəfəki səfərimizin konkret məqsədi, müxtəlif ölkələrdən, xüsusilə də qardaş ölkələrinQazaxıstanın, Özbəkistanın, Türkiyənin şair və digər sənət adamları ilə birlikdə olmaq, ədəbi əlaqələri daha da möhkəmləndirmək, yaxından tanış olmaq idi. Çünki söz yaddaşı ilə yaşayır tarix, millət. Könül körpüləri nə qədər möhkəm olarsa, millətlərarası mehribançılıq, dostluq da o qədər güclü olar. Bir-birimizi yaxından tanımağa, torpaqları erməni qəsbkarlarının tapdağında əzilən bi millət olaraq bizim daha çox ehtiyacımız var. Haqq səsimizi duyurmağın ən yaxşı yoludur, bu yol. Elə tədbir günlərində də milli- mənəvi ağrılarımızdan söz açdıq. Şair
Əkbər Qoşalı da Fəthiyə icra başçısı ilə görüşdə bir çox lazımlı məqamlara toxundu. Azərbaycan vətəndaşı olaraq , hərəmiz gücümüz yetdiyi qədər bəlalarımızı anlatsaq, uğurlu fəaliyyət göstərsək, mənə elə gəlir ki, tezliklə mənfur düşmən layiqli cəzasını alacaqdır. Türkiyədə yeni dostlar qazandıq .Gələcəkdə baş tutacaq bir çox layihələrin təməlini qoyduq. Arzu etdik ki, bu cür festifallar hər birimizin ölkəsində olsun və bir - birimizi yaxından tanıyaq. Bizləri bir araya gətirən qardaş Türkiyəyə minnətdarıq.

-Ədəbiyyat adından Türkiyəyə gedənlər ədəbi əlaqələrin qurulmasına, sözə xidmət etməyə gedirlər, yoxsa “problemlərini” həll etməyə? Maşallah, xeyli “ödül-mödüllə” qayıdırlar.

-Məncə, əksər ziyalı insanlarımız vətənə xidmət adına gedirlər. Nəinki Türkiyəyə, digər ölkələrə də eləcə. Mən tanıdığım insanlar elədir. Dəqiq bilmirəm nə xidmətləri var, amma “ödüllər”lə qayıdanlar da çoxdu. Onsuz da həyat xəlbir kimi ələyir hər kəsi.

-Sosial müavinət, əlillik təqaüdü və s. istəyən yazı-pozu adamlarımız var ki, günü Türkiyədə keçir. Bir sözlə oranı "su yolu" ediblər. Qısası, onlar necə gedib- gəlirlər?

-İnanın dəqiq bilmirəm. Şəxsən mən öz vəsaitim hesabına gedirəm, ya daTürkiyə tərəfdən qarşılanır xərclərim. Ola bilsin hansısa təşkilat yardım edir onlara, maddi dəstək göstərir.
Nazilə Gültac: "Yıxılmamaq, sınmamaq, möhkəm dayanmaq üçün yaxşı olmağa məhkumam"

-Xoş təəssüratlı söhbətinizdən aydın olur ki, sizi yüksək qonaqpərvərlik və sevgiylə qarşılayıblar. Kimlərlə görüşdünüz? Ədəbiyyatımıza münasibət necədir?

Antalyada hava limanında turizm şirkətinin sürücüsü Sərkan qarşıladı bizi. Çox rahat və məmnunluq yaradan bir yolçuluq oldu. Yolboyu bir-birini əvəz edən gözəl mənzərələr, yaşıl çəmənlər, sıra dağlar qarşıladı bizi. Xoş gəldin söylədi, uzaqdan doğan günəş, dağ yolundakı qıvrım saçlı buludlar. Fəthiyədə şox mehriban, gözəl qarşılandıq. Ölkələrarası festifalda bizi bu festifalın araya ərsəyə gəlməsində çox böyük əziyyəti olan şair, yazar Coşkun Qarabulud qarşıladı. Özü demiş, tam bir Anadolu şəfqəti, məhəbbətiylə. Festifal Komitəsi başçısı Mustafa Şikmanı xüsusilə vurğulamaq istəyirəm. Bu təvazökar, festifalın bütün ağırlığını çiyinlərində daşıyan insan bizimlə elə mehriban və səmimi görüşdü ki... Festifal günlərində Fəthiyə İcra başçısı Müzəffər Şahinər bəy bizi çox səmimi qəbul etdi. Geniş söhbət etdik. Bu cür festifal və tədbirlərin xalqlar arasında necə böyük isti münasibətlərə vəsilə olduğu vurğulandı. Şeir axşamı, rəssam Nəvai Mətinin rəsm sərgisinin açılışı, gəmi ilə dəniz gəzintisi, hətta kənd toyunda və mövlud günündə iştirakımız bizə unudulmaz anlar yaşatdı. Yörük Türkmən Dərnəklər başçısı yazar Ramazan Qıvraq bizi oğlunun toyuna dəvət etdi. İnanırsınızmı, əllərimizdə bayraqlarımz yallı getdik, toya bir hərəkətlilik, canlanma gətirdik. O toy həm bizim, həm də kənd adamlarının yaddaşında uzun illər yaşayacaq. Həyat sürprizlərlə doludur, doğrudan da. Xatirə şəkilləri, aldığımız təşəkkürnamələr, tanış olduğumuz gözəl insanlar,
maraqlı gəzintilər qəlbimizə həkk olundu. Bizim ədəbiyyatımıza sevgi və diqqət sonsuzdur. Maraqlanırlar. Şairlərimizin, ədəbiyyat adamlarımızın çoxunu tanıyırlar. Bir sözlə, Fəthiyədə çox gözəl qarşılandıq. Hətta Özbəkistandan gələn balaca Bilal da Fəthiyəni “fəth” etdi. Bizə qarşı olan isti münasibətlərə, çəkilən əziyyətlərə görə Komitə başçısı Mustafa bəyə, bizlərin bir araya gəlməsində aylarla əziyyət çəkən Coşkun Qarabuluda, Fəthiyə İcra başçısı Müzəffər bəyə, FETAV sədri Dilək xanıma, Fərcan bəyə, bizi yalnız buraxmayanTürkiyəli şair dostlara, İzmirdən məni görməyə gələn Bircan xanıma, bizim xidmətimizdə olan "Limon" restoranının və "Pelin" otelin bütün əməkdaşlarına sonsuz sevgi və dərin təşəkkürlərimi bildirirəm öz adıma və dostlarım adına. Bizə çox unudulmaz anlar yaşatdılar.
Nazilə Gültac: "Yıxılmamaq, sınmamaq, möhkəm dayanmaq üçün yaxşı olmağa məhkumam"

-Qardaş Türkiyəyə getmək, tədbirlərdə iştirak etmək hər kəsin arzusu və istəyidi. Qarşıda hansı planlarınız var, Türkiyəyə nə vaxt gedəcəksiniz?

Elədir, illərlə bir-birimizə həsrət qalmışdıq. əlaqələrimiz çox zəif idi. Şükürlər olsun ki, gediş- gəliş artıb. Mədəni, iqtisadi, siyasi əlaqələrimiz günbəgün daha da möhkəmlənir. Tədbirdən sonra da qardaş ölkələrdən gələn dostlarımızla əlaqə saxlayırıq, hətta şəxsi problemlərimizi də dərdləşərək çözməyə çalışırıq. Bir- birimizə mənəvi dayaq olmaq istəyirik. Yaxşıdır elə deyilmi? Qardaş ölkələrlə əlaqələri daha da möhkəmlətmək lazımdır. Türkiyəli tanınmış müasir şair və yazarların əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdıraraq burada yayımlatmaq , onlara imza günləri keçirtmək planlarım var. Bu yaxınlarda yenə Türkiyəyə gedəciyik, bir qrup söz, qələm sahibləri ilə birlikdə. Ankarada İnter Medya Birliyi başçısı Sərdar Akyol, onun yardımçısı Mustafa Taner bəyin təşkilatı dəstəyi ilə Türkiyəyə “Türkdilli ölkələrlə mədəni əlaqələr və Şəhidləri anma” tədbirinə gedəcəyik. Fəthiyədə olarkən Mustafa və Sərdar bəylə bu haqda danışdıq və yeni tədbirlərin təməli qoyuldu. Məqsədimiz Türkdilli dövlətlərin qələm adamlarını bir araya gətirmək və cəmiyyət qurmaqdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar