Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat ədəbli adamların inam və iman üçün müraciət etdiyi məbəddir -Akəm Xaqanın fikrincə

Tarix: 07-06-2017 22:08     Baxış: 3767 A- / A+
Ədəbiyyat ədəbli adamların inam və iman üçün müraciət etdiyi məbəddir

Ədəbiyyatımızda sərbəst şeir adıyla təqdim olunan nümunələrin bu günki halından narazıyam. Bildiyim qədər sərbəstlik "anarxiya" deyil.
Azadlıq özünü tanımaq və anlamaq məharətidir. Təbiətin bir hissəsi olaraq yaşamaq və davranmaq böyük savab-mədəniyyətidir! Özünə hörmət edən hər kəs aurasına uyğun, əlinçatan, kimliyi və qədəri bəlli olan SÖZƏ sahibdir. Sözünü tanımaq, sözlə davranış məharəti adamların kimliyini bəlli edər. İnam özünə güvəni, iman həyat eşqini saxlar.

Tural Turanın "Tanrı qağaya ismarış" kitabı müəllifin inam və imanının bəlli qədəri olaraq söz konusudur. Hansı ki, "Tanrı"- “tanınan”, “sitayiş edilən” mənasında başa düşülür və göyün xanı (sahibi) deməkdir. "Qağa"- ağa (böyük) sözünün dəyişmiş mənası olaraq "böyük qardaş" kimi anlaşılır. "İsmarış" isə- sifariş etmək və ya tapşırmaq kimi ifadə olunur. O cümlədən kitabın adından bəlli olan doğma baxış, təsurat oxu prosesində müəllifin yazı üslubu, düşüncə və yaşam tərzinə uyğun dəyişir. Daha dəqiq desək müəllifin baxış bucağı ilə özünü ifadə etmək məharətini dəyərləndirmək imkanı verir:

"Türkün elçisi içindəki Tanrı olduğu üçün
Uca yaradan onlara elçi göndərmədi..."

( İç bitik, 1-ci ismarış)

Daha çox arxaik, şivə və ləhcələrdə olan sözlərlə diqqət çəkən müəllifin fərqli görünmək cəhdi anlaşılandir. "İç" -daxili, "Bitik"- məktub və ya dua yazılmış kağız anlamında qeyd olunub. "İsmarış" isə yuxarıda qeyd etdiyim kimi tapşırma anlamındadır.

Tanrı qağa, gəl özün kəs şeyləri,
Ortalıq qarışıb, qız dəllək gəzir.
Səninkilər tapa bilmir özünü,
Qaçır adamlardan, təsərək gəzir.
- deyə başlanılan ilk tapşırma-ismarış yerin, göyün sahibinə istinadən ünvanlanmış şikayətdir. Baxmayaraq ki, yuxarıda qeyd olunan "elçi" xatırlatması ilə verilən şikayətin çözümsüz halı uzlaşmır. Eləcə də danışığımızda daha çox işlənilən naməlum görüntüləri təmsil edən "şeyləri" ifadəsi yerində deyil. Hətta "Ucasansa çöz düyünlü kələfi" və ya "Tanrı qağa, Yaradana məktub yaz," kimi münasibət sərgiləyən ifadələr müəllifin özünə belə müəmma olan, tərədüd edən tərəflərdir.

"Təsərək" ifadəsi də tənha, küskün mənasında işlədilib. O cümlədən oxu prosesində səyəllək* yanal* sovxa* çisək gülüm* kətyən* gərəmsöy*yamşaq* bodun* tösöy* dəncik* kimi arxaik ifadələrə rast gələcəyik ki, bunlar dilin formalaşma prosesində ya qismən, ya da tamamilə unudulmaqda olan sözlərdir.

Həyatı gerçəklərlə uzlaşmayan düşüncələrin əsasını "arzuolunmaz" sonluq-ölüm qorxusu təşkil edir. Elə o səbəbdən də Tanrı haqqında düşüncələrində təzadlı fikirlər dolaşır:

" Məndən özünü istə tanrı,
Çıxarım içimdən verim." (s.6)


Bəzən Uca göyə tapınma, bəzən də içində Tanrı tapdığı məqamlarda özünü tanımaq, mümkünsüzləri mümkün etmək cəhdi onun hələ də gənclik qüdrətinə güvəndiyindən xəbər verir.

Bütün saatlar tanrıya işləyir,
Əqrəblər vurur ömrümüzün boynunu-
birdən altmışa saya-saya.... (s19)
-deyə zaman anlamına sığmayan yaşamın əlçatmaz görüntüsündən narazılıq var. Ruhdan də içinə çəkilən mənində axtarır Tanrını. Hansı ki, özündən kənarda olmadığını bilirmiş kimi davranır. Sonunda ona düşündüyündən daha yaxın, təsəvvür edə bilmədiyi qədər uzaqda olan ölüm gerçəyi ilə barışmağa məcbur qalır. İnadkarlıqla özünə, fərqində olduğu Tanrıya və vazkeçilməz gerçəklərə üsyan edir:

"Bax mən səni o mamırlı tində itirdim, hunay tanrısı;
Əlikəsik bir gecədə, saat üçün yarısı." və nəhayət;
"Bir körpələrin, bir də fahişələrin
üzündə inandığın Allah baxar"
-kimi qənaəti də baxdığı dizilərin, oxuduğu kitabların sehrinə düşərək təskinlik tapdığı qənaətdir. Əslində istinad etdiyi mənbələri bəlli etmədən, tapmacaları ilə birgə onu başa düşəcək, güclü idraka malik "oxucu" gözləyir:

"P.S: Səndən sonra xaç ortası hilal kimiyəm,
Arzulara keşiş olan, bir abbasılıq hambal kimiyəm..." (s 33)


Düzünü deyim ki, Tural Turan fantaziyası yaşına uyğun olmayan genişlikdə dolaşır. Mövzulara yanaşma tərzi təzəliyi, təşbeh və bənzətmələrlə zəngin təsvirləri fərqliliyi ilə seçilir:

"Tək bir nəfəslə hənirlənir evimiz;
Arabir, qəbir altında buğlanıb
atamın, anamın ruhu da qonaq gələr,
cümədən sonrakı yağış axşamı." (s.9)
O cümlədən "işıqlar üstümə hürür." (s.7),
"enmə üzsüzlüyün qazmaq dibinə." (s.11), "Biz alt yazılı adamlarıq." (s.36) -kimi ustalıqla işlənmiş bənzətmələr var ki, dilimizin zənginləşməsinə öz tövhəsini verməyə cəhd edən bir qələm sahibinin uğurlu gələcəyindən xəbər verir.

Bir qadın yerinə, uşaq yerinə,
İtlərə, pişiyə alışan adam,
Sənin də sevgili günün mübarək.
və ya
Tanrıdan muxtarlıq alan
yalnızlıq, yiyəsizlik dinin mübarək.! -deyə sevinmək, bayramlaşmaq üçün bəhanə gəzən adamın faciəsi fonunda verilən təsvirlər düşündürücü məqamları ilə yadda qalır. Günün reallığına etiraz nötları ilə sərgilənən yeni baxışı, ağrılı olsa da təsvirlər canlı və təbiidir:

"Metrolarda limon açır qadınların ovucları,
Allah da devalivasiyaya yoluxur metro ağızlarıda;
iyrmi qəpikdən aşağı düşüb, and-aman...
yer altında qəpik-qəpik qırılır əllərin "quluncları".
Alt paltarını dəyişik satanlar
gözdən düşür tuman-tuman." (s.16)


Kitabın əsasını müəllifin gündəlik yaşamı, danışığı və davranışı ilə bağlı olan mövzular təşkil edir. Beləcə yaşam tərzindən qaynaqlanan baxış bucağı ilə dünyanın mənzərəsi cızılır:

"Daha yetməz dodağının istisi,
Üzümün qırışını ütüləməyə...
Qırışlarım at nalı,
soyuq-soyuq döyülməz" (c.34)


Qələm adamına bildiyi, tanış olduğu mövzuda yazmış əsərlər daha çox uğur qazandırır. Söz yox ki, yaşam tərzindən bəlli bilgilərə güvənərək təsəvvür etdiyi gerçəklərdən bəhs etməsi təbii görünür. Lakin baxış bucağına sığmayan tablolara aydınlıq gətirmək istəyi yanlış təsəvvürlər oyadır ki, bu da bilgisizlikdən daha çox gənclik iddialarının yetərli olmaması ilə izzah olunmalıdır:

"Bilirsən, utanmaq da gizli bir təşkilatdır,
sirr verməz...
Cözülmək bir güllə atmadan
Şuşanı təslim etmək kimi gələr əllərinə."
-deyə düşüncələri ertələyən nəticə ilə çıxış edir ki, saflığı ilə bir mələk olmalı ikən, ölüm qorxusu ilə çabalayan bir fədaidir:

"Sir-sifətimiz şəhid nəşindən hamilə qalır, and olsun.
Tösöylər gülüşündən də tutur bala." (s.40)


Şeirlərin yazılma tarixi və yeri haqqında verilən bilgilər də Tural Turanın "çox gəzən çox bilər" məsəlinə güvənindən xəbər verir. Məmləkətimizin bölgələrini gəzmək, görmək və təbliğ etmək xoşagələn haldır. Əcdadlarımızın əsirlərdən üzü bəri daşıdığı ədət-ənənələrə, hələ də davamlı olaraq yerinə yetirilən rituallara şairin soyuq münasibət sərgiləməsi gözümdən yayınmadı:

"Ataların beşikkəsdi işləri,
Balaların qəbirkəsdi düşləri...
Biri ərlik, bir könül təşnəsi.
Biri Şərqin, biri qərbin nəsnəsi."
-deyə cəmiyyətdə baş alıb gedən ağrıların bəlli ünvanını ədət-ənənələrin üzərinə yüklənməsi ilə razılaşa bilmirəm. O cümlədən:

"...Birinci biz yıxaq elçi daşını,
Peyğənbər bütləri aşıran kimi." (s.15)
- deyə elçi daşı ilə bağlı yanlış mənbələrə istinad edərək çıxış edir. Əslində hələ də el arasında icra olunan elçilik gənclərin xeyir-dualı ailə təməlinin qoyulmasına yardım olunması baxımından önəmlidir. O cümlədən təzə qız uşağı doğulan evlərin, həyətlərin girişinə qoyulan daş-"Elçi daşı" nişan əlaməti olaraq həmin evdə böyüməkdə olan qız uşağının varlığından müjdələyirdi. Hansı ki, bu gün taxta oturacaqlarla əvəzlənməkdədir.

O cümlədən müəllifin mənzum esse olaraq təqdim etdiyi "İlaxır gündəliyi" düşündürücü və fərqli münasibəti ilə diqqət çəkir:

"İlk oğurluq həyəanını
qapılara papaq atarkən yaşadıq."
- deyə ilaxır çərşənbələrdə yaşanılan neqativ hallardan bəhs edir. Təbii ki, sadalanan nöqsanların törəmə səbəblərini bayram rituallarından daha çox məişət problemlərinin çözümsüzlüyündə axtarmaq lazımdır. Müəllifin də bu yöndə addım atmasının daha faydalı olacağını düşünürəm. Həm də ona görə ki, el şənlikləri adamların yeganə güvən yeri, kinini unutma halıdır ki, bu da xalqın əylənmək ehtiyacından doğur:

"Səməninin taxılını sıx elərdik ki,
İlimiz bərkətli olsun.
Yumurtanı bir-birinə vura-vura
bərəkət döyüşdürdük ovuclarımızda."
-deyə daha çox qınaq obyekti olmalı tamahımızın, günahımızın bədəlini hansısa dəri papaqlarda axtarılması özü bir qəbahətdir:

"Ataların dəri papaqları
yad qapılarda təpikləndi.
İçimizdən bir keçəl, bir kosa çıxdı ortalığa
Çırmə-çırtmə çəpikləndi."


O cümlədən qadın problemi, qınaq obyekti olan sevgilərdə belə daha çox yaşadığı və şahidi olduğu hadisələr görüntülənir:

"Bizim daxma papaq qanı götürməz,
Bu bıçağı paslı qın da kiritməz.
uzaq eylə komamızdan yelini."(s.12)-
deyə talesiz qadın sevgisinə, qədərə və etirasına etiraz edir. Eləcə də "İt hürər, karvan keçər" məsəlinin "it hürər, adam keçər.", "Gözüm su içməz" deyiminin"gözün duzlu su içər." və nəhayət; "Özünə umac ovanmır, özgəyə əriştə kəsir" məsəlinin isə "Nə əriştə oldu məndən, Nə də əriştəyə umac." kimi dəyişdirilməsini heç də uğurlu cəhd olduğunu güman etmirəm.

Müəllifin "Qar abağı" isə daha orijinal bənzətməsi, yurddaşlıq etikası ilə tanıtdırması diqqət çəkir. Xüsusilə də Tanrıya istinadən yazdıqları əslində özünü tapmaq, tanımaq və başa düşmək ehtiyacından doğur. Hələ gənc olsa da Tural Turanın yaradıcılığında çılpaq həqiqətlər, məlum xatirələr və inanmaq istədiyi arzular var. Bu da təkminləşməkdə olan gənc qələm sahibi üşün təbiidir. Təbii olan hər şey alqışa layiqdir. Unutmaq lazım deyil ki, yazı üslubu düşüncə və davranış normalarını nizamlayan yaşam prosesində doğulur. Ədəbiyyat ədəbli adamların inam və iman üçün müraciət etdiyi məbəddir.

Akəm Xaqan, şair,
tənqidçı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar