Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabuğdayı şairin ağ işıqlı sətirləri -Əli NƏCƏFXANLI-60

Tarix: 02-06-2017 08:12     Baxış: 2418 A- / A+
Qarabuğdayı şairin ağ işıqlı sətirləri
Dostumuz və həmkarımız, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Nəcəfxanlının ömrün altıncı onilliyini də başa vurması sevincindən yaranan bu sətirlərin əvvəlində ağ işıq ifadəsinin hardan yadıma düşdüyünü bilmədim.
Amma onu bilirəm ki, ədəbiyyat və incəsənət sahələrində çoxsaylı məqalələr yazmış polşalı estetika nəzəriyyəçisi Yulian Marxlevski rəngli işıqların hamısını süni, saxta adlandırır, ancaq ağ işığın – gündüzün sırf estetik gözəllik yarada biləcəyini deyirdi. Bəlkə də elə Əlinin həm bədii, həm publisistik, həm də informasiya xarakterli yazılarının hamısında məhz gündüz işığı olduğuna görə beynimdə bu fikir yarandı.

Onu lap çoxdan, mənim Dövlət Radiosunda işlədiyim, onun isə ölkənin yeganə televiziyasında çalışdığı illərdən tanıyıram. Televiziyanın Maarifçilik Baş Redaksiyasında işlədiyi illərdə həqiqətən maarifçi olan Əli Nəcəfxanlı Xəbərlər Baş redaksiyasında işləyəndə sübut etmişdi ki, o, həqiqətən peşəkar xəbər jurnalistidir. Az danışdığı kimi lakonik yazmağı da bacarırdı. Üstəlik bu yığcam informasiyada tamaşaçıya verməli olduğu məlumatların hamısını yerləşdirməyi bacarırdı.

Sonra iş elə gətirdi ki, hər ikimiz “Xalq qəzeti”ndə işləməli olduq. Bir müddət eyni kollektivdə işləyəndən sonra gördüm ki, Əli Nəcəfxanlı rəsmi dövlət qəzetinin bölgə müxbiri vəzifəsində də əsil mütəxəssisdir. Nə üçün bu qənaətə gəldiyimi sübut etmək üçün bir faktı yada salım. Biz- redaksiyanın yaradıcı heyətinin üzvləri hər gün üç nəfər olmaqla növbətçi dayanırıq ki, qəzet səhifələrində ola biləcək texniki səhfləri əvvəlcədən aşkar edək.

Bir dəfə -- təxminən 13-14 il əvvəl müasir mətbuatın ən tanınmış simalarından olan qocaman jurnalist Telman Heydərovla eyni gündə növbətçi idik. Xeyli yorulmuşduq. Gecədən xeyli keçmiş səhifələrdəki materialların bir neçəsi dəyişdirildi və yeni qoyulan materiallar arasında Əli Nəcəfxanlının da geniş bir yazısı var idi. Mən Əlinin yazılarının texniki səhvlərdən xali olduğunu bildirərək ağsaqqal həmkarımıza dedim ki, o yazını oxuma, orada səhv olmayacaq. Telman müəllim çox maraqlı bir fikir səsləndirdi: “Mən Əlinin yazılarını səhv tapmaq üçün oxumuram, sadəcə dincəlmək, yorğuluğumun azalması üçün oxuyuram”.

Əvvəlcə bir az çaşdım. Fikirləşdim ki, hansısa rayondakı sosial-iqtisadi inkişaf barədə qələmə alınmış qəzet materialını oxumaqla necə yorğunluq atmaq olar? Sonra isə maraq xatirinə həmin yazını mən də oxudum və ürəyimdə “Əhsən!” –dedim. Həm Əli Nəcəfxanlıya, həm də Telman Heydərova. Sanki Əli Nəcəfxanlını elə o gün tanıyırdım.

Telman müəllimdən eşitdiyim bu qiymətləndirməni dostumuz İlqar Həsənova danışanda isə, İlqar məsləhət bildi ki, Telman Heydərova Əli Nəcəfxanlının bir neşə şeirini də oxuyum: “Qoy görsün ki, yorğunluq çıxaran sətirlər necə olur”. İlqar haqlı idi. Əlinin şeirlərində qeyri-adi, həm də maksimum səviyyədə səmimi olan bir təvazökarlıq var. Məsələn, “Dünya üzümə baxmadı” adlı şeirində deyir ki:


Mən getdim, say azalmadı,
Dünya üzümə baxmadı.



Yəni bu adam özünü o qədər kiçik görür ki, hətta getməsi ilə sayın azalmyacağını da dilə gətirir. Əli Nəcəfxanlı səviyyəsinin əllidə biri qədər olmayan bəziləri isə “Mən getsəm, dünya başınıza çökər”-deyə bütün insanlara gərəkli olduqlarını “sübut edirlər”.

Əlinin şeirləri işıqlı olduğu kimi sözləri də mərdanədir. O, hətta ölümlə də üz-üzə gəlməyi məqbul sayır. Ayağımızın altını qazan bədxahlarımızı, yolumuza mina düzən düşmənimizi lənətləyən şeirində deyir:


Yolunda o qədər təhlükə var ki...
Ölüm ayağının altında, bala!
Ölümlə üz-üzə gəlsən, nə var ki...
Ölüm - ayağının altında, bala!


Şərti olaraq “bala” dediyi Azərbaycan gəncliyini qarşıdakı çoxsaylı təhlükələrlə mübarizədə ehtiyatlı olmağa çağıran şair söhbəti atanın üstünə gətirəndə şərtiliyi və ümumi ədəbi obrazı bir kənara qoyaraq obyekti konkretləşdirir. Özü də ustalıqla. Ona görə də müəllifin dəmiryolçu olmuş atasına həsr etdiyi “Ömrümüzün yük qatarı” şeiri kifayət qədər yüklüdür:



Uzun qollarının göy damarları,
Dəmir yollarıdı, elə bilirdim.
Bizim ömrümüzün yük qatarları
Onun qollarıdı, elə bilirdim.


Oyuncaq paravoz görməsəm də mən,
Əsl paravoza mindirib atam.
Başının üstünə qaldırıb məni,
Qəlbinin üstünə endirib məni.




Fikrimizcə, Əli Nəcəfxanlının ata mövzulu ən yaxşı şeirlərindən biri də dəmiryolçu işləyən atasının evə ancaq axşamdan axşama gəldiyini qeyd etdiyi sətirlərdir. Çünki Əli həmin şeirdə atasını evin Ay işığı adlandırır. Atası Ay işığı kimi evi ancaq axşamlar işıqlandırırdı. Bəlkə də elə atası Ay işığı olduğuna görə Əlinin sətirlərində Gün işığı çoxdur. Nə bilmək olar, bəlkə də o, həmin işığın haradan gəldiyini “Yuxarıdan Allah baxır” adlı şeirindəki sonuncu bəndlə deyib?:


Baxır, vallah, billah baxır,
Heç nə ondan gizli deyil.
Pəncərədən, nəfəslikdən,
Buxarıdan Allah baxır,
Yuxarıdan Allah baxır.


Əli Nəcəfxanlının “Uğur olsun, Qarabağ”, “Ürəyimi döyən həvəs”, “Payız prospekti” və “Ürəyimdir yazanım” adlı kitablarındakı bütün şeirlər məhz bu ölçü-biçimdə, bu rəngdə, bu nərmə-naziklikdə, bu şah-qüvvətdədir.

… İnstitut illərində estetika müəllimimiz tez-tez Çernışevskinin “Sənətin varlığa estetik münasibətləri” əsərini yada salır, oradan misal gətirirdi: “Gözəl o şeydir ki, o, bizə həyatı andırır”. Sonra isə soruşurdu, meşədəki çiçəklənmiş, yaraşıqlı ağacların arasında quru, qabıqları qabarlanıb tökülmüş ağacı görmüsünüzmü? Görmüsünüzsə, o fərq sizdə hansı təəssüratları yaradıb?

Görmüşük müəllim, görmüşük. Həmin çişəklənmiş, bar üstdə olan ağaclar Əli Nəcəfxanlı kimi mehrini sözə salıb, ürəyinin ixtiyarını sözə verən qələm sahiblərimizin kitablarıdır. Onların arasındakı quru ağaclar isə … Allahın qismətidir.

Və sonda. Bir dəfə peşəkar jurnalistikamızın simvollarından olan Ələkbər Abbasov bizə demişdi ki, “filankəs həm Yazıçılar, həm də Jurnalistlər birliyinin üzvüdür”- ifadəsini qələmə almayın. Qoy lap Oxucular Birliyinin də üzvü olsun. Əsas odur ki, haqqında yazdığınız qələm sahibi Oxunanlar Birliyinin üzvünə çevrilmiş olsun.

Biz fəxr edirik ki, bu gün – iyunun 2-də 60 yaşı tamam olan dostumuz Əli Nəcəfxanlı məhz Oxunanlar Birliyinin üzvüdür.


İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar