Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Yeddinci babamın də qəbri bu torpaqlardadır" - Tanınmış jurnalist - MÜSAHİBƏ

Tarix: 19-05-2017 22:50     Baxış: 4905 A- / A+
"Yeddinci babamın də qəbri bu torpaqlardadır"




Seymur Verdizadə: "Xaricdə yaşamaq, yaxşı karyera qurmaq imkanım olub, amma həmişə Azərbaycandan kənarda yaşamağa çətinlik çəkmişəm"

"Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə "Hərbi and" qəzetinə müsahibə verib.

Manevr.az həmin müsahibəni öz oxucularına təqdim edir:

– Sizi yaxından tanıyaq…

– 1998-ci ildə Ankara şəhərindəki Qazi Universitetindən məzun olmuşam. Tarixciyam, amma tale elə gətirib ki, heç vaxt öz ixtisasıma uyğun işləməmişəm. Artıq 19 ildir ki, peşəkar jurnalist fəaliyyəti ilə məşğulam. Müstəqillik dövrünün məhsulu olan bir neçə aparıcı qəzetlərdə məsul redaktor vəzifəsində çalışmışam. 2008-ci ildən "Jurnalist Araşdırmaları Mərkəzi” ictimai Birliyinə rəhbərlik edirəm. Hazırda bu mərkəzə rəhbərlik etməklə yanaşı, həm də köşə yazarlığı ilə də məşğulam. İxtisasca tarixçi olmağım mənə xalqımızın soy-kökünə, keçmişinə daha yaxından bələd olmaq imkanı qazandırıb. Bu coğrafiyada doğulduğuma, Azərbaycan xalqının bağrından qopduğuma görə isə özümü xoşbəxt insan sayıram.

– Milli mənlik şüuru nə zaman önə çıxır?

– Bilirsiniz, bu anlayışın meydana çıxması bir o qədər də uzaq dövrün məhsulu deyil. Mütəxəssislər hesab edirlər ki, milli mənlik anlayışının formalaşmasında 20-ci əsrdə dünyanın ictimai-siyasi həyatında baş verən hadisələrin müstəsna əhəmiyyəti olub. Diqqəti mənlik sözünün kökündəki "mən” sözünə çəkmək istərdim. Hər birimizin içində bir mən yatır; mən kiməm? İnsan ömrü boyu bu suala cavab axtarır. Millətlər də insanlar kimidir. Hər bir millət yaxşı yaşamaq, ləyaqətli həyat tərzi keçirmək istəyir. Bu zaman milli mənlik şüuru önə çıxır. Mənliyi olan xalqlar heç vaxt əsarəti qəbul etmir. Milli mənlik şüurunun formalaşmasından və inkişafından sonra dünyadakı müstəmləkə xalqların sayı sürətlə azalmağa başladı.

– Patriotsunuz yoxsa harda yaxşı güzaran var ora vətən deyənlərdən?

– Xaricdə yaşamaq və yaxşı karyera qurmaq imkanım olub, amma həmişə Azərbaycandan kənarda yaşamağa çətinlik çəkmişəm. Hətta tələbə olanda da 3-4 aydan bir vətənə üz tuturdum. Bəlkə də inanmayacaqsınız, universitetdə oxuyanda günləri sayır, tələbəlik həyatımın bir an öncə başa çatmasını arzulayırdım. Azərbaycana dönəndən sonra ilk işim hərbi xidmətə getmək oldu. Bu mövzuda danışmaq mənimçün ağırdır: tay-tuşlarımın, həmyaşıdlarımın çoxu Qarabağda şəhid olub. Atəşkəs dövründə olsa belə Vətən qarşısındakı borcumu ödəməyi özümə borc bilirdim. Karyera qurmaq haqda yalnız hərbi xidmətimi başa vurduqdan sonra düşünməyə başladım. Mən el-obasına, torpağına bağlı bir insanam, amma həm də yaxşı yaşamaq, xoş güzəran keçirmək istəyirəm. Hər bir insanın buna haqqı çatır. Sadəcə olaraq, mən yaxşı güzəranı, yaxşı həyatı öz ölkəmdə təmin etmək istəyirəm. Əgər şərtlər buna imkan vermirsə, ölkəmizi yox, şərtləri dəyişməliyik. Yeddinci babamın də qəbri bu torpaqlardadır. Allah nəsib eləsin, mən də ömrüüm öz Vətənimdə başa vurum.

– Sizcə qəhrəman obrazları insanın düşüncə tərzini nə dərəcədə dəyişə bilər?

– Sözsüz ki, gənc nəslin formalaşmasında bədii ədəbiyyatın müstəsna rolu var. Bu baxımdan tarixi mövzuda yazılan əsərlər xüsusi əhəmiyyət kəsb edir. Ədəbiyyatla yanaşı, həm də mədəniyyət, incəsənət bu prosesə təkan verməlidir. Bizim uşaqlığımız İkinci dünya Müharibəsinə həsr edilmiş əsərləri oxumaqla keçib. Səməd Vurğunun "Ananın öyüdü”, Süleyman Rüstəmin "Ana və poçtalyon” şeirlərini hətta sinfimizdəki ən zəif şagirdlər də əzbər bilirdilər. Təəssüf ki, Qarabağ Müharibəsindən sonra biz bu cür ölməz əsərlər yarada bilmədik. Müharibə mövzzusunda çəkilən filmlərin sayı iki əlin barmaqlarını keçmir. Təbliğat üçün əlimizdə çox az vəsait var. Qarabağ Müharibəsi mövzusunda daha çox əsər yazmağa, dafa çox film çəkməyə ehtiyac var.

– Nəsillər arasında əsas fərq nədir?

– Nəsillər arasında mübarizə həmişə olub. Əvvəki nəsil bizi, biz isə müasir gəncliyi bəyənmirik, amma mən Azərbaycan gəncliyilə bağlı zərrə qədər də bədbin deyiləm. Gənclərimizin savadına, səviyyəsinə, dünyagörüşünə inanır, onların vətən sevgisinə etibar edirəm. Qəhrəmanı situasiya yetişdirir. Ötən il 2-4 aprel tarixlərində Qarabağda həyata keçirilən hərbi əməliyyatlar sübut etdi ki, hər bir Azərbaycan gənci qəhrəman olmağa qadirdir. Azərbaycan xalqı tarixin bütün dövrlərində qəhrəmanlar yetişdirib. Bu gün də belədir. Əmin olun ki, gələcəkdə də belə olacaq. Aprel döyüçlərində hərbi əməliyyatlar cəbhə bölgəsində aparılsa da, bütün Azərbaycan xalqının qəlbi Qarabağ üçün döyünürdü. Həmin vaxt ölkəmzidə fəaliyyət göstərən ali məktəblərin qarşısı dəniz kimi dalğalanırdı. Tələbələrimiz könüllü şəkildə cəbhəyə getmək, düşmənə layiq olduğu cavabı vermək üçün kütləvi şəkildə ayağa qalxmışdı. Bunun özü Azərbaycan gəncinin vətənpərvərliyinə dəlalət edir. Kimisə qınamaq, ağıl öyrətmək asandır. Çətini nümunə olmaqdır. Əgər kimsə gənclərimizi bəyənmirsə, özü onlara yaxşı nümunə olsun. Əslində, hər birimiz gənc nəslə layiqli olmalıyıq. Qloballaşan dünyada buna həddindən çox ehtiyac var.

– Gənclərin ictimai-siyasi aktivliyi necə, sizi qane edir?

– Gənclik cəmiyyətin avanqardıdır. Biz yalnız gəncliyə xas olan tükənməz enerji sayəsində irəli gedə, böyük inkişaf yolu keçə bilərik. Mən gənclərimizin ictimai-siyasi proseslərdə aktiv iştirak etməsinin təərfdarıyam. Özünün və ölkəsinin gələcəyini düşünən gənc mütləq aydın düşüncəyə sahib olmalıdır. İctimai-siyasi fəaliyyət gəncləri "bişirir”, onların kamil vətəndaş kimi formalaşmasını sürətləndirir. Bilirsiniz, biz həssas coğrafiyada yaşayırıq. Ətrafımızda nə baş verdiyini dərk etmək üçün mütləq siyasi proseslərlə maraqlanmalıyıq. Bu baxımdan gənclərimizin ictimai-siyasi fəaliyyətlə məşğul olması zamanın tələbidir.

– Məktəblərdə tədris olunan tarixi fənnlərin milli dəyərlərin tanınmasında sanballı effekti var sizcə?

– Biz öz tariximizi dərindən bilməliyik. Nəinki Qarabağ tarixi, bütövlükdə Azərbaycan tarixi ən yüksək səviyyədə tədris olunmalıdır. Şagidlərimiz bilməlidirlər ki, biz kimik, hardan gəlib, hara gedirik. Biz orta məktəbdə oxuyanda Azərbaycan tarixi ilə bağlı vəsait çox az idi. "SSRİ tarixi” adı altında bizə Rusiya tarixini öyrədirdilər, amma indi vəsait çoxdur. Tariximizin bütün dövrləri hərtərəfli araşdırılıb, sanballı monoqrafiyalar yazılıb. Bütün kitab mağazalarından həmin vəsaitləri əldə etmək mümkündür. Valideyn bütün məsuliyyəti məktəbin üzərinə atmamalıdır. Layiqli vətəndaş yetişdirmək məktəblə yanaşı, həm də valideynin, cəmiyyətin vəzifəsidir.

– İşğal tarixini necə, onlara necə çatdırmalıyıq?

– Torpaqlarımızın işğal altında olması həqiqi faciəmizdir, amma bunda gənc nəslin günahı yoxdur. Biz rayonlarımızın işğal tarixini mütləq qeyd etməliyik. Əks təqdirdə, gənc nəsil hardan biləcək ki, Şuşa, Laçın, Füzuli, Cəbrayıl və digər rayonlarımız nə vaxt işğal olunub? Ancaq bu tarixi faciəyə çevirməklə yeniyetmə və gənclərimizdə pessimist ovqatın formalaşmasına imkan verməməliyik. Gənclərə müharibəni hansı şəraitdə uduzduğumuzu dəqiq izah etməliyik. Biz müharibənin birinci mərhələsini uduzmuşuq. Düşməndən qisas almaq üçün kifayət qədər böyük imkana malikik. Ötən il 2-4 aprel tarixlərində həyata keçirilən hərbi əməliyyatlar da bunu sübut etdi. Amma əmin olun ki, torpaqlarımız işğaldan azad olunandan sonra pessimist düşüncə üçün heç bir əsas qalmayacaq.

– "Dünyadakı heç bir proses gənclərdən dəstək almadan inkişaf edə bilməz” fikri ilə razısınız?

– Gəncliyin iştirakı olmadan bəşəriyyətə fayda vermək mümkün deyil. Bir az əvvəl də qyed etdiyimiz kimi gənclik enerji mənbəyidir. Bizim vəzifəmiz bu enerjini düzgün istiqamətə yönəltməkdir. Gəncliyə etibar etməli, ona güvənməliyik. Dünyada ən məsuliyyətli iş vətəni qorumaqdır. Əgər dövlət bu işi gənclərə etibar edirsə, deməli, ona sonadək güvənməlidir. Dövlət qurumlarında gənclərin iştirak payını artırmaq lazımdır. Azərbaycan gənci savadlıdır, vətənini çox sevir. Əminəm ki, etimad göstəriləcəyi təqdirdə, gənclik bu etimadı doğruldacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar