Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölümün də ən gözəlini seçdi

Tarix: 28-06-2022 14:01     Baxış: 21 019 A- / A+

(Kamran Fərəcovun qəhrəmanlıq dastanı)

Kamran vaxt tapan kimi evə zəng edirdi. Sonuncu döyüşə girməzdən bir neçə gün əvvəl zəng eləmişdi. Yenicə hal-xoş eləmişdik ki, Dəniz özünü yetirdi, “ana, telefonu ver, ataya sözüm var”. Telefonu ona verdim. -Ata mən səni gördüm, ayağından vurmuşdular səni, sonra da böyründən qan axırdı. Bir anlıq özümü itirdim. Telefonu çəkib əlindən aldım. -Kamran, o, yəqin yuxu görüb, amma yuxu olduğunu anlamır. Yenə də ehtiyatlı ol, qurban olum. Kamran israrla telefonu Dənizə verməyimi istədi. -Qızım, narahat olma, ataya heç nə olmaz. Ata bütün düşmən üzərində qələbə çalacaq, ata İrəvana kimi gedəcək. Sən fikirləşmə ki, ataya nəsə ola bilər. Telefonu Dənizdən alıb bir daha narahatlığımı bildirdim. Kamran, körpənin ilk yuxusudur, nədənsə məni də narahat etdi, özünü qoru sən Allah! Yenə də narahat olma, deyib fikrimi başqa tərəflərə çəkməyə çalışdı Kamran. 
Yüngül atletika ilə məşğul olan Kamran “idman sağlamlığın rəhnidir” fikrinə sadiq qalaraq, hətta qida rasionuna da nəzarət edirdi. Sanki anadan hərbçi doğulmuşdu - qürurlu, məğrur, zabitəli və sözübir. Ali Hərbi Məktəbi bitirəndən sonra fərqli istiqamətlərdə xidmət keçən Fərəcov Ağdama təyinat alanda kapitan rütbəsində bölük komandiri idi. Bir zabitin həyat yoldaşı olmağın əhəmiyyətini dərk edən Nuranə xanım “Həyat yoldaşım harada, mən də orada” deyərək Mahrızlıya köçməyi üstün tutdu. Elə o vaxtdan da kənd məktəbində müəllim kimi fəaliyyətə başladı. İstedadı, bacarığı, qabiliyyəti, ədəbi-ərkanı ilə şagird və müəllim kollektivinin hörmətini qazanan gənc müəllim az sonra Rahib Məmmədov adına orta məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsinə qədər yüksəldi.
Fərəcov Gəncədəki “N” nömrəli hərbi hissəyə xidmətə başlayanda artıq 2006-cı il idi. Ballıqaya istiqamətində yerləşən erməni mövqelərinin bir addımlığında xidmət keçən komandir bir göz qırpımında silaha sarılıb düşməni darmadağın etmək istəsə də, qanunlar qarşısında aciz qalırdı. Vaxtın, zamanın yetişmədiyini düşünüb bəzən özünü qınayır, dədə yurdumuzda at oynadan düşmənin hərəkətlərinə dözə bilmirdi. 
Beləcə, illər bir-birini əvəz etdi. Amma gözlədiyi döyüş anı yetişmədi. Üstəlik yağışlı-yağmurlu, qarlı-şaxtalı, bəzən də istidən qovrulan səngərin törətdiyi fəsadlar Kamranın sağlamlığında dərin iz açdı. İkinci qrup əlil olaraq ehtiyata buraxılan kapitan Fərəcov təəssüf hissi ilə səngər həyatına son qoydu. O gün çox üzgün idi komandir. Çünki torpaqlar düşməndən azad edilməmiş, o müqəddəs yurda Azərbaycan oğullarının ayağı dəyməmiş fəaliyyətinə son verilirdi. Hətta hərbi hissəni tərk edərkən, “ürəyim sizinlədir, döyüş əmri verilən gün sizin sıralarınıza qoşulacağam” deməyi də unutmadı.
Az sonra: “yox, daha mən dura bilmərəm, Polad Həşimov kimi azman bir generalın ölümündən sonra isti otaqda oturmaq mənə yaraşmaz, - dedi Kamran. Nuranə xanım onu durdurmaq üçün nə qədər israr etsə də, bacarmadı. 
-Kamran, bu dəfə növbə mənimdir. Sən əlil olduğun üçün döyüşə mən gedəcəyəm. Özün də bilirsən ki, zarafat eləmirəm. 
Kamran gülümsündü, “məgər ölmüşəm ki, xanımım silaha sarılsın?!” -deyib Nuranənin yanaqlarını ovcunun içinə aldı. “Sən mənim üçün hər zaman dəyərlisən, əzizim. Bilirəm ki, məktəbdə, ev işlərində, təsərrüfatda olduğu kimi döyüşdə də ustalıq göstərərsən. Axı sən həm də zabit xanımısan?! -deyərək ömür-gün yoldaşının alnından öpdü.
Bir neçə gün sonra Müdafiə Nazirliyinə müraciət edən Kamran döyüşə hazır olduğunu dedi. Hətta ikinci qrup əlil olduğunu hər kəsdən gizləməyi bacardı.
Kamran ailənin ilk övladı idi. Babası Əshab Qüdrət oğlu İkinci Cahan savaşında şücaət göstərərək Ukrayna, Belarus, Polşa, Çexoslavakiya, Moldova və digər regionlarda alman faşizminə qarşı mübarizə aparmış, dəfələrlə yaralansa da, mübarizədən geri çəkilməmişdi. Qələbədən sonra geri dönən Əshab Qüdrət oğlunun bədənini qəlpələr, sinəsini orden-medallar bəzəyirdi. Kamran elə uşaqlıqdan babasının qəhrəmanlıq nağıllarının ilk dinləyicisi olmuşdu, bəlkə də vətənpərvər kimi böyüməsi, hərbçi olmaq həvəsi o nağıllardan qaynaqlanırdı. 
Kamran 1978-ci ilin şaxtalı yanvarında - Astaranın Səncərədi kəndində göz açmışdı dünyaya. Böyüdükcə seçilmişdi tay-tuşlarından. Qətiyyətli, iradəli, sədaqətli və güvənli olmaqla yanaşı, həm də xeyirxah qəlbi vardı onun. Hələ körpəlikdən hər kəsin dadına çatar, məzlumun tərəfində durardı.
Kamran orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil oldu. Çünki cəbhə bölgəsinə getmək, mənfur düşmənə zərbə vurmaq onun şah arzusu idi. Nəhayət ki, o,arzusuna qovuşdu.
***
O gün sentyabrın 21-i idi. Kamran əkiz balalarının əlindən tutub baxçaya gedirdi. Yol boyu gah atasının ayağına sarılan, gah “məni qucağına al” deyən, gah baxçaya deyil, parka getmək istəyən, gah da mağazadan cürbəcür oyuncaqlar almaq həvəsi ilə yüz oyundan çıxan Dənizlə Şəms daha nələr etmədi. Atanın yanaqlarını sıxan, onu öpüşə qərq edən əkizlər çox israrlı görünürdü. Hələ baxçaya xeyli yol vardı. Şıltaqlığı bir əyləncə sanan Kamran dəcəllərin qətiyyəti qarşısında təslim olacaqdı ki, telefon zəng çaldı. 
Müdafiə nazirliyindən idi. Deməli, müraciətinə baxılmışdı.
Sevincək halda evə zəng elədi, sanki toya hazırlaşırdı.
-Ay Nuranə, nazirlikdən zəng gəlib, təlimə gedirəm.
Nuranə bu “təlimin” nə olduğunu yaxşı anlayırdı. Odur ki, gəl, evdə danışarıq, deyib telefonu masanın üstünə qoydu. General Həşimovun ölümündən sonra vəziyyətin elə də ürəkaçan olmadığını zənn eləmişdi. Sanki ürəyinə dammışdı, dammışdı ki, müharibə qaçılmazdır. Müharibənin dəhşətini, 20 Yanvarı, Xocalı soyqrımını düşünəndə ürəyindən keçənləri dilinə gətirməkdən xoflandı. Elə bu dəm Kamran içəri girdi. Sanki üzündə güllər açmışdı. O qədər xoşbəxt görünürdü ki... 
-Nuranə, yol çantamı hazırla, uşaqlarla sağollaşıb qayıdıram.
-Ehtiyac yoxdur, onsuz da təlim uzun çəkməz, üç günə qayıdarsan.
-Yox, əzizim, uşaqlarla görüşməsəm gedə bilmərəm.
-Ay Kamran, uşaqları elə indicə aparmadınmı baxçaya, indicə ayrılmadınmı onlardan?!
-Yolda anamla rastlaşdım, uşaqları o apadı, zəng məni necə çaşdırdısa, sağollaşa bilmədim.
Kamran əkizlərlə görüşmək üçün baxçaya getmək istəsə də, Nuranə “ehtiyac yoxdur” deyib israr etdi. 
Artıq çanta hazır idi. Kamran vaxt itirmədən sağollaşıb, daha dəqiq desək, halallaşıb yola düşdü.
Ağcabədidə təlimlərə başlayan Kamran sentyabrın 27-də döyüşlərə başlayanda taborun qərargah rəisi idi.
***
Bəli, amansız savaşlar arxada qaldı. O gün qoç oğullar kürək-kürəyə, çiyin-çiyinə verərək namərd düşməni torpaqlarımızdan geri oturtdular. Məhz bu gün onların sayəsində sərhəddimiz boyu Azərbaycan bayrağı dalğalanır. Onların sayəsində erməni vandalizminə birdəfəlik son qoyuldu. Onların sayəsində çaylar yenidən çağladı, bulaqların şırıltısı artdı, sonalar göllərə qayıtdı, talan olmuş kənd və qəsəbələrə nəfəs gəldi, sanki ağacların barı, çiçəklərin ətri artdı. 
Nuranə xanım Kamranlı günləri xatırlamaq üçün xeyli zaman xərcləməli oldu. Məchul bir nöqtəyə dikilmiş baxışlar qəlbin hökmü ilə dilə güc verməyə çalışsa da, ömrün çiçəkli günlərini vərəqləmək elə də asan deyildi. Amma nisgil, kədər çökmüş xatiratları tarixin köksünə nəqş etmək, gələcək nəsillərə ötürmək üçün yaddaşını çözələməli idi. 
-Kamran elin, obanın sevimlisi idi. O, ədəbi, ərkanı, əxlaqı, təlim-tərbiyəsi ilə, eləcə də övladlarına diqqəti, ailəsinə münasibəti, xətir-hörməti ilə digərlərindən seçilirdi. O həqiqətən də seçilmişlərdən idi. Uca Rəbbimiz də onu seçib öz dərgahına apardı. Mənə elə gəlir ki, şəhidlər doğulanda şəhid doğulurlar. Onun haqqında xatirə danışmaq çətin olsa da, qürurvericidir. Həm də Kamran elə bir qəhrəmanlıq dastanıdır ki, onun hər səhifəsini yalnız qürurla oxumaq olar. 
Kamranın ən çox etibar elədiyi, güvəndiyi əsgər, snayper Rauf Salayev amansız döyüş xatirələrini vərəqləmək üçün yaddaşına sığındı.
-Kamran Fərəcov qərargah rəisi təyin olunanda səhv eləmirəmsə, oktyabrın ortaları idi. Ondan əvvəl kapitan Rəşad Quliyevin rəhbərliyi altında döyüşürdük. Təəssüf ki, onu da vaxtsız itirdik. 
Cəbrayıl ərazisində strateji bir nöqtə vardı ki, orada qüllə yerləşirdi. Ermənilərin xeyli canlı qüvvəsi cəmlənmişdi orada. Oradan Cəbrayıl-Qubadlı yoluna nəzarət etmək çox rahat idi. Ona görə də qurulan əməliyyat planını vaxtında, nöqsansız yerinə yetirməli idik. Həmin qülləni ələ keçirmək üçün dərhal hərəkətə keçdik. Gzölənilməz və sarsıdıcı zərbə düşməni pərən-pərən saldı. Həm də bir neçə ağır texnika və xeyli silah-sursat qənimət götürdük. O vaxtdan sonra Kamranla bir-birimizi daha yaxından tanıdıq. O, bizim komandirimiz olsa da, qan qardaşı kimi doğmalaşdıq. Hər bir əsgərə xüsusi diqqəti və qayğısı vardı.
Bəli, onlar seçilmişlər idi, birər-birər seçildilər, o məqama yüksəldilər və xalqın azadlığı üçün mübariz və vətənpərvər oğul kimi qanları ilə öz adlarını hərb tariximizə yazmağı bacardılar.
Kamran öz dəstəsi ilə birlikdə Füzuli istiqamətində düşmənə layiqli cavab verdi. “Ohanyan xətti” adlandırılan o mif qısa zaman ərzində darmadağın edildi.


Nuranə xanım zəfər soraqlı xoş xəbərləri necə həyəcanla izlədiyi günləri həyəcansız danışa bilmədi:
-Kamran o qədər sevincli idi ki, o günlərdə, onu sözlə təsvir etmək mümkün deyil. Amma döyüş əsnasında nələrin baş verdiyini, dəqiq desək, azad olunan kənd və qəsəbələrimizin adını Ali Baş Komandanımızın dilindən “Xəbərlər” proqramından eşidirdik. Bəzən mavi ekran qarşısında saatlarla oturub daha hansı ərazilərin azad olunduğu xəbərini gözləyir, düşmənin hiylə və məkrinə baxmayaraq, itki verdiyini, geri çəkildiyini eşitdikcə ordumuzla qürur duyurduq. Amma bir qulağım telefonda idi. Kamranın zəngini gözləyirdim. Hətta Hadrut (Ağoğlan) qəsəbəsinin azad olunduğunu mən ona çatdırdım. O qədər sevindi ki, hətta strateji bir nöqtə olduğunu söylədi. Onda bir daha inandım ki, həqiqətən də düşmənin bel sütununun qırılmağına az qalıb. 
Cəbrayıl istiqamətində çox amansız döyüşlər gedirdi. Hətta namərd düşmənin kifayət qədər canlı qüvvəsi və ağır texnikası Xudafərin körpüsü ətrafında cəmlənmişdi. Otaylı soydaşlarımızla arada olan körpünün düşmənin əlində olması, həm də tarixi keçmişimizə bir ləkə idi. Hər vəchlə əldə saxlamağa çalışsalar da, Azərbaycan ordusunun taktiki gedişi həm körpünün, həm də ətraf kəndlərin azad edilməsini tezləşdirdi.
Xudafərin körpüsü qardaşlıq bağıdır. Zaman-zaman bölünsək də, paralansaq da, ayrı düşsək də, zirehi “dəmir yumruq” olan oğullar sayəsində o torpaqlara da qovuşacağıq inşallah. Ən böyük arzumdur ki, “Təbrizin azad olunmasına görə” medalına layiq görülüm. Nədənsə içimdəki hiss o günün uzaqda olmadığını söyləyir. Rauf bəyin duyğulusallığı Təbriz nisgilimizi bir qədər də artırdı. 
Həqiqətən də Cəbrayılda qızğın döyüşlərin şahidi olduq. 30 il ərzində həm strateji mövqeləri, bunkerləri, istehkamları, minalanmış əraziləri keçilməz səddə çevirdilər, həm də dağa-daşa, yola-cığıra kifayət qədər bələdləndilər. Biz isə bələdçilərin təyini, trayektoriyası üzrə hərəkət edir, bəlli nöqtələri darmadağın eləyirdik. İtki versək də, irəliləyir, düşmənin sonuna çıxmağa çalışırdıq. Artıq geriyə yol yox idi. Məqsəd hamı üçün bir idi, torpaq azad olunmalıdır, vəssalam! İllər öncə məğlubiyyətin acısını daddığımız üçün bu dəfə inamlı qələbə çalacağımıza əmin idik. Kəndlər azad edildikcə, sevincimizdən yerə-göyə sığmırdıq. Amma düşmənin vandallığı ölçüyəgəlməz idi. Yaşayış evlərinin yandırılması, yaxud sökülməsi bir yana, məzarlığın talan edilməsi, baş daşlarının sökülüb aparılması, hətta cəsədlərin çıxarılaraq bir tərəfə atılması yalnız həqarət deyil, onların nə qədər alçaq, şərəfsiz bir millət olduğuna işarədir. Gördüklərimiz bizi daha da amansız etdi, qisas hissimiz artdıqca, daha sürətlə irəliləyir, daha çox düşmən məhv etməyə çalışırdıq.
Xudafərin körpüsü qanlı və şanlı tariximizin bir parçası, əcdadlarımızın nişanəsi, ulularımızın əmanətidir bizə. Körpü üzərində maddi və mənəvi haqqımız olduğu üçün onu qoruyub gələcək nəsillərə ötürməliyik. O gün körpü üzərində bayrağımız dalğalanır, qürur hissi sevinc göz yaşlarını yanaqda qurudurdu. 
Cəbrayıl-Qubadlı yolunun üzərindəki qüllələr ilan yuvasına çevrilmişdi. İlanın quyruğunu deyil, başını əzmək üçün Xüsusi Təyinatlıların rəşadəti mənfur düşməni elə bir xofa salmışdı ki, sözlə ifadə etmək mümkünsüz idi. Ardıcıl sarsıdıcı zərbələr düşməni geri çəkilməyə vadar edirdi. Həm də başqasının torpağı uğrunda vuruşmağın faydasız olduğunu anlamaqda idilər. Nə qədər minaatanlardan, uzaqvuran artilleriyadan, tank və toplardan atəşə tutsalar da, ordumuzun önünü açan “Bayraktar” və “Harop”ların qarşısında bir o qədər qorxaq və cılız görünürdülər. Minaatanların yağışı altında irəliləyən şir ürəkli oğullar ölümə meydan oxuyur, ətrafa saplanan qəlpələrdən heç də çəkinmirdilər.
Ordumuz düşməni gözləmədiyi tərəfdən vurmağı bacardı. Cəbrayıldakı hərbi hissədə hərəsi altı girişdən ibarət iki bina vardı. Düşmən ətrafı minaatanlarla vurmağa çalışsa da, həmin binanı nəzarətdə saxlayırdı. Bir gün geri dönəcəklərini düşünürdülər. Amma ordumuz onların arzularını da özləri ilə bərabər torpağa gömdü.
Kamran hərbi xidmətə yola düşəndə ikinci qrup əlil idi. O, əlillik vəsiqəsini gizlədərək, özünü sağlam, gümrah, yararlı bir zabit kimi təqdim edir ki, döyüşlərdə iştirak etsin. Gedərkən də əkiz balaları ilə sağollaşa bilməmişdi. Ata-bala arasındakı telefon söhbətini xatırlamaq Nuranə xanım üçün çətin olsa da, əlinin arxası ilə gözlərini qurudub fikrini cəmləməyə çalışdı.
-Gəncə şəhəri artilleriya atəşinə tutulduğu anlar idi.
Vətən hər kəs üçün nə qədər doğma olsa da, doğulduğu yerin dəyəri daha artıqdır. Amma hərbçilərdə bu bir az fərqlidir. Çünki hərbçilər xidmət etdiyi yerləri də doğmalaşdırır, doğma bilir. Əvvəllər Kamran Gəncədə xidmət etdiyi üçün ailəlikcə ora köçmüşdük. Ora mənim üçün də xüsusi önəm daşıyırdı. Şəhərin darmadağın edilməsi hər birimizi sarsıtmışdı. Xeyli mülki şəxs və körpə uşaqlar uçmuş binaların altında qalmışdı. 
Dəniz yenə də telefonu istədi. 
-Ata, bəs deyirdin, ki, erməniləri öldürəcəksən, amma mən televizorda gördüm ki, orada düşmənlər uşaqları öldürüblər, bəs niyə qoydun uşaqlar ölsün?!
Kamran cavab tapa bilmədi Dənizin sualına. Çox gərgin idi. Sanki ürəyinin tappıltısı eşidilirdi telefonun o başından. Amma özünü toparlayıb: 
-Qızım, qorxma, söz vermişəm, bütün düşmənləri məhv edib qələbə çalacağıq, - dedi. 
-Amma bir daha mən görməyim ki, uşaqlar öldürülür – dedi Dəniz. Dəniz körpə olsa da, uşaqların ölümünə qarşı etirazını bildirirdi.
***
Qanlı döyüş tarixini vərəqləmək nə qədər ağır olsa da, vərəqləməyə dəyər, çünki bizim şərəf tariximizdir. Az öncə qeyd etdiyimiz kimi bizi şərəfə çatdıran - Qələbəyə aparan bu yol məğlubiyyətdən keçdiyi üçün daha dəyərlidir. Yəni bu Qələbə göydən xəlbirlə endirilmədi, sehirli cubuğun işarəsi ilə peyda olmadı, yaxud kimsə tərəfindən bəxşiş edilmədi. Yüzlərin, minlərin qanı, on minlərin sağlamlığı bahasına əldə olundu. Əzabdan, əziyyətdən, işgəncədən, həsrətdən, ayrılqdan, hicrandan su içdi Qələbə sevgimiz. Ona görə də Qələbə libasına bürünüb birliyə, bütövlüyə can atdıq. Canımız yandı, yaxıldıq, yıxıldıq, amma yenə cəsarətimizə güvənib ayağa qalxdıq. Güvənimiz düşmənə bəla oldu. Qurtulduq bəladan. 
-Böyük an, böyük gün başlayıb. İllərlə gözlədiyimiz gün... Bu gün ona görə böyük gündür ki, düşməndən qisas almaq üçün uca Rəbbimiz bizi seçib. Ona görə də çox məmnunam, - dedi Kamran. Döyüş bölgəsindən gələn ilk telefon zəngi Nuranə xanım üçün bir təsəlli olsa da, müharibənin xofu onun vücudunu sardı.
Əslində, biz böyük bir tarixi məqamı yaşamışıq. Elə bir tarix ki, bəlkə də Azərbaycanın ən şanlı səhifələrindən biridir. O tarixi biz yaşadıq, amma şəhidlərimiz qanları ilə yazdı. Kamran hər dəfə bildirirdi ki, sən güclü olmalısan, dəyanətli, dözümlü olmalısan. Hər çətinliyə sinə gərməyi bacarmalısan, çünki sən zabit xanımısan. Bəlkə də məni bu gün üçün hazırlayırdı. Bəlkə də şəhid olacağını əvvəlcədən bilirdi. Onu da deyirdi ki, şəhidlik ən ali məqamdır və o məqam hər kəsə nəsib olmur. 
O gün eyvandan bayraq asmışdım. Əslində, bütün küçələr bayraqla bəzədilmişdi. Çünki xalq Qələbəyə ümidli idi. Döyüşün ilk başlanğıc günü olsa da, gözlərdə qələbə sevinci parlayırdı. “Kamran, evimiz də, eşiyimiz də, isti sobamız da, həyətdəki ağaclarımız da, əkiz balalarımızla birgə sənin yolunu gözləyirik”, -dedim. Amma sanki dönməyəcəyini anlamışdı. Bizi toxtaq, cəsarətli, mətanətli omağa çağırırdı hər zaman. 
Döyüş davam edir, düşmən sonsuz sayda ağır texnika və canlı qüvvə itirərək geri çəkilirdi. Hətta o texnikaların böyük əksəriyyəti işlək vəziyyətdə idi. Ələ keçirilən yararlı texnikalar yenidən sahibinin qəniminə çevrilir, əhəmiyyətli mövqeləri darmadağın edirdi, - dedi Rauf Salayev. Onu da dedi ki, Cəbrayıldakı “Dostluq bağı”nın yanında düşmənin dörd tankı ilə qarşılaşıblar.
-Dayanmadan irəliləyirdilər. Böyük döyüş təcrübəsinə malik olan Xüsusi Təyinatlıların bir qrupu yanımızda idi. Fürsəti fövtə vermədən tankları hədəfə aldılar. Yüngül zədə almış tanklar işlək vəziyyətdə ələ keçirildi. Ogünkü döyüşdə ermənini xeyli canlı qüvvəsi məhv edildi, təəssüf ki, bizim də itkilərimiz vardı.
Artıq Cəbrayıl da daxil olmaqla, Cəbrayıl və Füzulinin əksər kəndləri, eləcə də Hadrut (Ağoğlan) qəsəbəsi düşməndən təmizlənmişdi. Ordumuz düzənlikdən qismən də olsa, dağətəyi ərazilərə tərəf irəliləmişdi. Geri çəkilən düşmən bir-bir hədəfə tuş gəlib məhv edilir, qaçanlar isə mövqe seçməyə çalışırdı. Amma ordumuzun sürətli irəliləyişi onları mövqelənməyə imkan vermirdi.
***
Rauf düşüncələrdən ayılar-ayılmaz söhbətə başladı. 
Kamran hər zaman namaz qılır, əsgərləri Allah ismarlayırdı.
Silahdaşımız Ağasəlim Camalov danışırdı ki: “Komandir dəstəmaz alanda Allah xatirinə çalışırdım ki, əlinə su töküm. Bir dəfə: “Əgər şəhid olsam deyərsən ki, bir komandirim vardı, hər zaman onun əlinə su tökürdüm, yox, əgər sən şəhid olsan, deyəcəyəm ki, Ağasəlim adında bir əsgərim vardı, hər zaman əlimə su tökürdü, dəstəmaz almaq üçün” dedi. 
-Komandir, qarşıda çox döyüşümüz var, şəhid olmaq tezdir hələ, demək istəyirdim ki, azan səsi qulaqlarımı titrətdi.
Ani sükutdan istifadə eləyən Kamran dizlərini yerə qoyub namaza başladı. Heç bir dəqiqə keçməmişdi ki, düşmənin minaatanı işə düşdü. Qarşılıqlı cavab verilsə də, döyüş getdikcə şiddətlənir, toz dumanı ətrafı görünməz edirdi. Hər kəs mövqeyə çəkilib düşmənin hədəflərini vurmağa çalısa da, Kamran gözə dəymirdi. Hamı bilirdi ki, o, namazı yarmçıq saxlamayacaq. Ona görə də düşmənin diqqətini başqa tərəfə yönəldir, onu amansız güllələrdən qorumağa çalışırdılar. Amma yenə də hamı tərəddd və təəccüb içində komandiri gözləyir, odun, alovun içindən salamat qurtulması üçün duaları əsirgmirdilər. Bir qədər sonra döyüş səngidi, toz dumanı isə qeyb oldu. Komandir sanki heç nə olmayıbmış kimi ağır-ağır ayağa qalxdı. Komandirin səsi qulaqları cingildədəndə hər kəsin dodağına sevinc qonmuşdu. Bu bir möcüzə idi, ətrafda mərmi yağışından salamat yer qalmadığı halda, komandir sağ-salamat idi. Deməli, Haqqın nəzərində imiş komandir Fərəcov.  
Bölük strateji bir nöqtədə idi. Nə qida ehtiyatı vardı, nə də sursat. Təminat maşınlarının gəlişini gözləmək isə ağılsızlıq olardı. Çünki mövqe düşmənin nəzarət edəcəyi bir nöqtə idi. Ora yalnız dar cığır gedirdi, alt tərəfi sərt uçurum və təhlükəli idi.Yan-yana, qoşa addımlamaq mümkün deyildi. Bir yandan da aclıq, susuzluq taqətdən salmışdı hər kəsi. Çünki aclığa tab gətirmək mümkün olsa da, susuzluq cəllad kimi qılıncını boğaza dirəyirdi. Komandirin narahatlığı baxışlarından oxunurdu.
Artıq xeyli ərazi ordumuzun nəzarətinə keçmişdi. Növbəti hədəfimiz isə Qubadlı idi, - deyə Rauf yaddaşını vərəqləməyə çalışdı.
-Bəli, Cəbrayıldan Qubadlıya yola düşdük. Düşmən geri çəkildikcə bəzi əraziləri minaladığı üçün çox təhlükəli idi. Ancaq bir xətt üzrə irəliləməli idik. Elə bu arada qarşıdan gələn maşın bizə yol vermək üçün yolun soluna çıxmalı oldu. Təəssüf ki, minaya tuş gəldi. Komandir Fərəcovla birgə əyləşdiyimiz avtobusun bütün pəncərələri cilik-cilik oldu. İkinci partlayışda isə avtobusun təkəri partladı. Artıq irəliləmək mümkün deyildi. Ona görə də piyada getməyi qərara aldıq.
Hava qaralmışdı. Ara-sıra güllə səsləri bizi ləngitsə də, irəliləyir, təyin olunan nöqtəyə tələsirdik. Nəhayət, gecə 1-2 radələrində Qubadlıya çata bildik. Komandirlər döyüş konturlarını cızıb hücum nöqtələrini təyin etdikən sonra bir qədər dincəlməli olduq. Obaşdan düşmənin qırıcıları başımızın üstünü kəsdirdi. O zaman komandirlərimizin ilk döyüş günü dediyi bir fikir dolaşdı başımda: “Qorxunu qəlbinizdən silin, biz qalib olacağıq”. Qırıcılar dayanmadan dövrə vurur, bütün mərmiləri boşaldıb qayıdır, az sonra yenə də peyda olurdu. Mərmilər dolu kimi yağırdı. Biz dağın sinəsinə söykənib qırıcıların mərmisindən qorunmağa çalışdığımız zaman ordumuzun üç Ural və üç PDMi peyda oldu. Sanki uca Rəbbimiz bizim xilasımız üçün göndərmişdi. Komandir dərhal əmr elədi ki, hər kəs maşınlara minsin. Qismən təhlükəsiz yerə çəkilmək üçün bu son şans idi. Əsgərlərin mindiyi Urallar ölüm düşərgəsini tərk edəndə komandir xeyli rahatlandı.
-O gün komandir Fərəcov namərd düşmənin bombardmanı altından təhlükəsiz yerə çəkilmək üçün əmr verdi. Əks təqdirdə nələrin baş verəcəyi hər kəsə bəlli idi.
-Bölüyün bir hissəsi Uralla yola düşdü, qalanları isə PDM-lə getməli idi. Amma biz komandirsiz oranı tərk eləmək istəmirdik. Çünki savadlı, bacarıqlı, qorxmaz, peşəkar zabitlər orduya hər zaman lazımdır. Zabitin itirilməsi ordunun məhvinə səbəb olur. O səbəbdən komandirimizdən ayrılmaq istəmirdik. Amma sərt və qəti əmrdən sonra PDM-ə minməyə məcbur olduq. Rauf sözünə ayaq verdi.
Qarşı tərəfdə strateji bir nöqtə vardı. Ora hücum etməli idik. Şərti olaraq “Tarla əməliyyatı” adını vermişdik. Çünki yol nişanları məhv edilmişdi, hansı kəndin, yaxud hansı dağın yaxınlığında olduğumuzu bilmirdik. Düşməni həmin ərazidən təmizləyib mövqe qurmalı idik.
Komandir Fərəcov sonuncu maşına əyləşib arxamızca gəldi. Təyin olunan yerə çatan kimi döyüşlər başladı. Sən demə, bizi addım-addım izləyir, məqam gözləyirlərmiş. Həmişəki kimi hiyləgər bir mövqedən - üç istiqamətdən atəşə tutdular bizi. Amma həmin mövqeni ələ keçirmək, daha doğrusu, əldə saxlamaq üçün sona qədər döyüşməli idik. O gün “Tarla əməliyyatı” uğurla başa çatsa da, xeyli yaralı və şəhidlərimiz vardı. Düşmənin isə leşlərinin sayı bəlli deyildi. Erməni hərbi birlikləri içərisində muzdlu peşəkar döyüşçülər, xüsusən də snayperlər çox idi. Onlar əsasən zabitləri hədəfə alır, əsas aparıcı qüvvələri sıradan çıxarmağa çalışırdılar. Hər zaman əsgərə ata qayğısı ilə yanaşan komandir Fərəcov da snayper gülləsinə tuş gəldi. Ağır yara alan Fərəcov əsgər Sübhan Əliyevin köməkliyi ilə təhlükəsiz yerə çəkilərək maşınla hospitala göndərilsə də, artıq gec idi. 
Dəniz yuxuda necə görmüşdüsə, Kamran da eləcə şəhidlik məqamına ucaldı. Elə o vaxtdan da Kamranın döyüş yolu dastana çevrilib dildən-dilə keçdi. Qızlarının və canından çox sevdiyi həyat yoldaşının yuxularına qonaq oldu. Səngərdən, döyüş bölgəsindən etdiyi zənglər qulaqlarda cingildədi. Kamranlı xatirələr birər-birər dil açdı. Mən də (müəllif) Nuranə xanımın söylədiklərini nöqtəsinə-vergülünə toxunmadan vərəqlərə köçürməklə tarixin yaddaşına hopdurmağa çalışdım. 
Bir zaman məzarlıqdan vahimələnər, xoflanardım, amma heç vaxt inanmazdım ki, məzarlıq mənim üçün bu qədər doğmalaşacaq, - deyir Nuranə xanım.
***
Kamran şəhidlik məqamına ucaldıqdan sonra nə gecəm gecə idi, nə günüzüm gündüz. Gündüzlər heç yanda yer tapmadığım kimi, gecələr də gözümə yuxu getmirdi. Göz yaşlarım qurumaq bilmirdi. İstəyirdim ki, ən azından yuxularıma gəlsin Kamran. Yuxu ilə təsəlli tapmaq istəyirdim, amma bacarmırdım. İtirdiyiniz doğmalarınız yuxunuza gəlirmi? -deyə hər kəsi suala tuturdum. Əlbəttə, gəlir, - deyib səbirli, təmkinli olmağa çağırırdılar. 
On günə yaxın idi ki, Kamransız evimə gələ bilmirdim. Qaynanamgildə gecələyir, bir-birimizə təsəlli olurduq. O gecə ilk dəfə idi ki, evə gəldim. Halım özümdə deyildi. Özümü toxtaq tutmağa çalışsam da, bacarmırdım. Artıq gecədən xeyli keçmişdi... Hiss etdim ki, qapı astaca açıldı. Kamran içəri girdi.
-Niyə belə oldu, ay Kamran? sual etsəm də, göz yaşlarımı saxlaya bilmədim. 
-Nə olar, bir az təmkinli ol, bu qədər ağlamaq olmaz. Gəl, gəl gedək, o yeri sənə göstərəcəyəm, təki hər şeyi olduğu kimi qəbul et.
İkimiz də Qubadlıya getdik. 
-Bax nə oldusa, burada oldu, mən burada şəhadətə yüksəldim. Nə olar, yalvarıram, olanları qəbul edib bundan sonra yaşamağı bacar. Nə olar, bu qədər yaş axıtma, qəbul et, mənsizliyə öyrəş... 
Şəhadətə ucaldıqdan sonra ilk dəfə idi ki, Kamran yuxuma gəldi, məni Qubadlıya aparıb şəhid olduğu yeri göstərdi. Təsəlli tapa bilməsəm də, amma o gündən sonra yuxularımın qonağına çevrildi Kamran.
***
Şəhid olduğu gün evə zəng eləmişdi Kamran. 
-Bu gün ağır döyüş olacaq. Döyüşqabağı kefinizi soruşmaq istədim. Dənizlə Şəmsdən muğayat ol, onların təhsilinə diqqət ver. Sənə güvənirəm, inanıram ki, onları ürəyim istəyən kimi böyüdəcəksən, - dedi. 
Sən demə, bütün qonşu və qohumlarla əlaqə saxlayıb halallaşıbmış o gün. 
***
Üç yaşlı Dənzə dedim ki, ataya dua elə, sağ-salamat gəlsin.
Dedi:
-Ana, dua etməyəcəyəm, onsuz da atam qayıtmayacaq.
(Dəniz bu gün də elədir, hissləri və yuxusu onu aldatmır.)
***
Hər ananın dilindən bir bayatı, oxşama, əzizləmə, layla havalanır. Bizim də laylamız fərqli idi. Əvəzsiz səs sahibi Səxavət Məmmədovun ifasında bir mahnının sözlərini dəyişib laylaya çevirmişdim. Həmin layla da körpələrin ovsununa çevrilmişdi. Kamranı tanıdığım müddətdə onun hansısa bir mahnını zümzümə etdiyini heç vaxt eşitməmişdim. Amma Kamran çox həvəslə o laylanı pıçıldayardı. 
Şirin yuxu olaydım
Gözlərinə dolaydım
Dənizimə, Şəmsimə
Özüm qurban olaydım.
O hər gün beşik başında bu laylanı oxuyardı. O qədər vurğun idi ki, bir an belə ayrılmaq istəmirdi onlardan. Hər dəfə “nolar, qurban olum, oxuma o laylanı, qoy mən oxuyum” deyərdim. Amma yenə də o layla düşmürdü dilindən... 
Nədənsə, o laylanı Kamranın dilindən eşitdikcə vahimələnirdim. Bəlkə də anlam verə bilmədiyim hisslərin kölgəsi hopmuşdu ruhuma. Yalvarsam da, oxuyurdu o laylanı. Qızlar da məhz o laylada rahatlıq tapır, mışıl-mışıl yatırdılar. Hətta körpələr uyquda ikən Kamran saatlarla onların mışıltısını seyr edir, zümzüməsinə ara vermirdi. Bəlkə də ürəyinə dammışdı... dammışdı ki... 
***
Hətta bir dəfə yuxuda “bəlkə də yetərincə sənin qədrini bilməmişəm”, -deyib halallıq istədi.
***
Demək olar ki, əksər yuxuları sübh namazından sonra görürəm. Həmişə olduğu kimi namazdan sonra əkizlərin otağına girdim. Hər ikisi “ata, ata!” deyə hay salmışdılar. Anladım ki, yenə də Kamran balalarının yuxusuna gəlib. Düzü, incidim Kamrandan, bir az da gileyləndim için-için. 
-Ay Kamran, qızların yuxusuna gəlmisən, bilirəm ki, evdəsən, bəs mənim halımı niyə soruşmursan?! Sonra uşaqların üstünü örtüb otağa keçdim. Gözlərim tavana zillənmişdi, yuxuya keçdiyimdən xəbərim olmadı heç.
Kamran içəri girdi.
-Necəsən, ay Nuranə, necə yaşayırsan?
-Görürsən də necəyəm, hər yerdə yerin görünür. 
-Kamran, o dünyanın adamları bizi görür?
Xəfif-xəfif gülümsündü:
-Əlbəttə ki görür, mən bütün günü evdə sizinləyəm. Hara gedirsənsə oradayam, yanındayam.
-Bəs mən səni görə bilmirəm axı?
-Elə demə, heç vaxt görə bilməzsən məni. Əsas odur ki, daim sizin yanınızdayam.
***
Kamranın divardakı şəklinə sataşdı gözüm.
Eh, yenidən hərbi libası geyməyə o qədər tələsdin ki, mən də hamı kimi gözləyirdim ki, qələbə xəbəri ilə qayıdasan. Axı evi də sənin üçün bəzəmişəm, görürsən, hər yerə bayraqlar asılıb, axı sən bu bayraq üçün canından keçməyə hazır olmusan hər zaman.
O gecə Kamran yuxuma gəldi.
O qədər sevincək idim ki, cəld qapını açdım, “xoş gəldin” dedim. Ay Kamran altı aydı haralardasan?! Axı mən də səni qazi kimi qarşılamaq istəyirdim, Qələbə xəbərini səndən gözləyirdim.
-Gələ bilmirdim Nuranə.
-Mən belə istəmirdim, istəyirdim ki, sevincimdən hamıya pay düşsün. Niyə səni mən tək qarşılayıram axı?!
-Nuranə, bilirsən niyə gəlmişəm?
-Niyə?
-Çünki sən mənim yolumu gözləyirsən, mənə dedilər ki, hərbi libasını geyin get, yoldaşın səni gözləyir.
-Axı kim dedi sənə, mən ki, qəlbimdən keçənləri heç kimlə paylaşmıram. 
Maddım-maddım üzümə baxdı.
-Anan, qardaşın burada yoxdur, heç olmazsa anana baş çəkərdin?
-Narahat olma, gələndə oradan gəlmişəm.
Maraqlıdır ki, Kamran haqqında nə vaxt düşündümsə, o gecə yuxuma gəlib təsəllimə çevrildi. Heyrət doğuran bir məqam isə evə gələrkən oturmağa yer göstərdim, qolundan tutanda, “ehtiyatlı ol, yaralıyam”- dedi. 
-Necə yəni, altı aydır yaran sağalmayıb ki?
-Ay Nuranə, yaralarımın üstünü örtmək üçün hərbi libas geyməyə məcbur idim, çünki sən məni hərbi libasda görmək istədin. Sən özün ki, yaralı olduğumu yaxşı bilirdin. 
Əlini sağ böyrünə qoymuşdu. Həqiqətən də snayper həmin istiqamətdən yaxalamışdı onu.


***
Yenə də bir dəfə:
-Ay Kamran, səni buraxdılarmı, qayıtdınmı?
-Sən sakit olursan ki... Ona görə də mənə get dedilər.
-Düz eləyirəm, görürsən, səni göndəriblər evə. Birdəfəlik qayıtmısan, geri dönməyəcəksən ki?
-Hə, sakit ol, bax, istəmisən deyə mən də gəlmişəm, xahiş edirəm sakit ol.
Maraqlıdır ki, Kamran hər dəfə fərqli-fərqli hərbi libasda gəlir görüşə.
-Kamran, sənin yolunu o qədər gözləyən var ki, qohumlar, dostlar, qonşular hamısı səni gözləyir, gəl libasını dəyiş, sən ki, kostyumu xoşlayırsan, birini gey, gedək görüşə. Yataq otağına keçdik. Dolabı açar-açmaz Kamran gülümsündü.
-Nə olub ki, niyə güldün?
-Bilirdim.
-Axı nəyi bilirdin?
-Bilirdim ki, paltarlarımı ayırmamısan, amma indi gözlərimlə gördüm.
-Niyə ayırmalıyam ki, sən qayıdıb gəldin. Görürsən, sən necə qoyub getmişdinsə, hər şey eləcə durur.
Kamran ən sevdiyi kostyumunu geyinib görüşə getdi. Bəlkə də on minlərlə insan toplaşmışdı. Hamı Kamranın əlini sıxmaq, Qələbə üçün alqışlamaq istəyirdi. Amma bütün səs-küy, izdihamın gurultusu onun diqqətini məndən ayıra bilmirdi.
-Nuranə, bilirsən niyə gəlmişəm?
-Niyə?
-Gəlmişəm deyim ki, bu dünyada mənim yolumu bu cür (həsrətlə, intizarla, səbirsizliklə) gözləyənimə qurban olum.
-Ay Kamran, cammatın içində belə söz deməzlər axı, ayıbdır.
-Bil ki, məhz bunu demək üçün gəlmişdim, bu dünyada mənim yolumu bu cür gözləyənimə qurban olum”, - deyə bir daha təkrar etdi.
***
Kamran canıyanan, sədaqətli, vəfalı, etibalı bir dost, Vətəninə ləyaqətlə xidmət edən bir zabit olmaqla yanaşı, həm də dəyərli ailə başçısı idi. Amma bir az qapalı idi. Bəlkə də bir çox arzularını heç vaxt dilinə gətirməmişdi. 
Yenə də çox fikirli, qəmgin göründü gözümə, hətta yanağı islanmışdı.
-Nə olub, Ay Kamran, niyə ağlayırsan?
-Qızlar dünyaya göz açanda bir arzu eləmişdim, heyif ki, çin olmadı.
-Qəribə xasiyyətin var, Kamran, qızlar dünyaya gələndə etdiyin arzunu sağlığında demədin, şəhadətə yüksəldikdən sonra dilə gətirirsən. Eybi yox, indi o arzunu de, mən yerinə yetirim (qeyd edim ki, Kamran atasına çox bağlı insan olub, akademiyanın ikinci kursunda oxuyarkən, ömrünün çiçək çağında 44 yaşlı atasını itirib).
-Nuranə, o arzunu yerinə yetirə bilməzsən ki! Qızlar dünyaya gələn günü dua eləmişdim ki, övladlarım mənim yaşadığım atasızlıq duyğularını yaşamasınlar. Amma arzum yerinə yetmədi.
***
Sanki bir səhrada idim, qeybdən səs gəldi.
-Ey insan, niyə Kamranın şəhidliyi ilə razılaşmırsan?
-Kamran qayıtsın, - dedim.
-Məqamı ucadır, niyə qəbul etmirsən?
-O məqam yox idi, yaşamırdıq bəyəm?!
-İstədiyin nədir, axı mərtəbəsi alidir?!
-Yox, Kamran qayıtsın, onun yerini bilmək, onu görmək istəyirəm...
Bu dəm qarşımda bənzərsiz bir mənzərə açıldı. Quşların cəh-cəhi adamı valeh edirdi. Çəmənlikdə hər şey - çiçəklər də, ağaclar da yaşıl rəngdə idi. Şəlalə axırdı, amma su yerə tökülmürdü. Hündür ağacların başı az qala göyə dəyirdi, amma kökü yerə çatmırdı. Sanki nağıllar aləmi idi. Çəmənliyin bir tərəfində yaşıllıqlar işərisində sanki yaşıl bir çarpayının üzərində hərbi libasda uzanmışdı Kamran.
-Kamran, dur, dur gedək, balaların yolunu gözləyir, desəm də, danışmadı mənimlə. Gözümü açdım ki, həmişəki kimi yuxuların əsiriyəm.
***
O, hər şeyin gözəlini seçərdi hər zaman - peşənin də, vəzifənin də... Amma ağlıma gəlməzdi ki, ölümün də gözəlini seçəcək.
***
Həqiqətən də şəhidlik sehirli bir aləmdir. Onların yeri, məqamı o qədər ucadır ki, o ucalığı tərənnüm etmək üçün hətta sözün qüdrəti çatmaz. Ona görə də aylar, illər, əsrlər ötsə də şəhidlərin xatirəsi qəlblərdən silinməyəcək. Beləcə, onlar ölümləri ilə ölümsüzlüyə qovuşdular, dastanlaşdılar, kitablaşdılar, heykəlləşdilər. 
Mayor Kamran Fərəcov nümunəvi xidmətlərinə görə hələ sağlığında "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" medalı ilə təltif edilmişdi, 44 günlük Vətən müharibəsində göstərdiyi xidmətlərə görə isə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “İgidliyə görə” medalları və üçüncü dərəcəli “Rəşadət” oreni ilə təltif edildi. Hal-hazırda Astara şəhərinin mərkəzi küçələrindən biri də şəhid qəhrəmanımızın adını daşıyır.


Ötərxan ELTAC

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar