Xəbər lenti
Sözün vüqarı, Dəlidağ ucalığı
Zaman axıb gedir. Günlərə, aylara, illərə bölünən bu zamanın içindən bir ömür keçir. Ömür dediyimiz nəsnə insanoğlunun həyata, yaşamağa sığdırdığımız zaman toplusuna verdiyi addır. Və bu toplunu həqiqi bir ömür kimi yaşamaq hər kəsə nəsib olmur. Kimlərsə sadəcə dünyaya gəlir və gedir. Başqa biriləri xüsusi missiya ilə gəlir və mütləq bir iz qoyur. Bu, Tanrı tərəfindən seçilməkdir. Müxtəlif peşə, sənət sahibləri, elm adamları həmin seçilmişlər sırasında yer alır. Ayrı-ayrı sahələrdə boy göstərsələr də, onları birləşdirən oxşar bir tərəfləri var: xüsusi missiya daşıyıcısı olmaları seçilmişlərin ortaqlığını zaman və məkan fərqinə varmadan aydınca bəlirləyir.Bu gün doğum gününü qeyd edən dəyərli ziyalı, şair-jurnalist Namiq Dəlidağlı da məhz həmin seçilmişlərdəndir. Şair kimi, jurnalist kimi... Əbədi Sözün xidmətkarı kimi. Sadəcə söz yükünü daşımaqla yetinməyib sayt, ədəbi birlik qurucusu kimi də sözə xidmətini əsirgəməyən N. Dəlidağlı dünənin, bu günün və sabahın yaradıcı insanıdır.
Alın yazısında bu məmləkətin ən möcüzəli yurdunda — Kəlbəcərdə doğulmaq vardı ki, bu da bir seçilməkdir. Tanrının ətası deyək...
Vüqarını adını təxəllüsünə çevirdiyi əzəmətli Dəlidağdan alıb yəqin ki. Dəlidoluluğu coşan çaylardan öyrənib bəlkə. Mehribanlığı, şirin ləhcəsi də həzin bulaqlardan hopub canına. Onun torpaq, yurd, Vətən sevgisi sözdə deyil, əməldə görünür. Pafosdan uzaqdır sevgisi. Təmənnasızdır. Təkcə yazmaq, yaratmaq deyil amalı. Adının önündə sadalana biləcək neçə-neçə titullara baxmayaraq, sadəcə Dəlidağlı təxəllüsünün ucalığında qalmağa üstünlük verir. Ədəbi mühitdə, jurnalistika sahəsində yetərincə nüfuzu olmasına rəğmən, heç vaxt gərəksiz eqo sərgiləmədi. Əksinə, sadəliyi və dəyişməz xarakteri ilə daha çox sevildi. Uğurlarının kölgəsində gizlənmədi, başqalarının uğurlarına da öz uğuru kimi sevindi. İstedadı önə çəkdi, saytlarında dərc edilməsinə şərait yaratdı ki, bu da müasir dövrün ən gözəl təbliğat imkanıdır. Sözə xidmət amalının müəyyən qədər görünməyən tərəflərindən biri də budur. Bu, onun böyüklüyüdür həm də.
Artıq on ilə yaxındır Namiq müəllimi şəxsən tanıyıram. Həmkar olmaqdan əlavə, mən onun rəhbəri olduğu saytlarda çalışıram. Bundan əvvəl onu sözündən, imzasından tanımışdım. Sonra şəxsini tanımaq şansım oldu və sənət yolumuz həmkarlıqdan əməkdaşlığa yönəldi. İllərdir işə necə yanaşmasının, məsuliyyətinin, davranışının şahidiyəm. Ağırlığını çəkdiyi yükün onu əyməsinə imkan verməyərək dirəniş göstərməsi, dik dayanması yuxarıda qeyd etdiyim dağ vüqarlı olmasının təzahürüdür. İş prosesində həddindən artıq ciddi və tələbkardır. Əslində, onun ciddiliyi və tələbkarlığı təkcə işlə bağlı deyil. Ailədə, dost-tanışla münasibətdə və bütün yanaşmalarında bu xüsusiyyəti görmək mümkündür. Təvazökarlığı da bir ayrı müsbətidir. Xarakterindəki dürüstlük, əqidə və məsləyinə sadiqlik dost, məsləkdaş və əqidadaşlarının arxayınca ona yaslanmasına, etibar etməsinə rəvac verir.
Türk soy-kökünə bağlılığı, türk sevdası bütün hallarda onun öncəliyidir. Məhz bu sevgidir onu qardaş türk ölkələri ilə yaxın ədəbi, mədəni əlaqələr qurmağa, münasibətləri möhkəmləndirməyə sövq edən. Namiq müəllim bu yöndə böyük əmək sərf edib və gözəl nəticələr var.
Əsasən Manevr.az saytında yayımlanan türk ölkələrinin (Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan...) müəlliflərinin yazıları və Namiq müəllimin yaradıcılığının o ölkələrdə təbliği, kitablarının nəşr olunması bunun əyani sübutudur. Uğurlar bununla bitmir, təbii ki.
N. Dəlidağlı ölkəmizdə qazandığı bir sıra mükafat və medallarla yanaşı, böyük qazax şairi, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından olan Əhməd Yasəvi ödülünə layiq görülüb. Həmçinin "Çingiz Aytmatov — Qızıl Qələm" və XV əsrdə yaşamış, çağatay (köhnə türk) dilində yazdığı əsərlərlə bu dili ədəbi səviyyəyə yüksəltmiş Əlişir Nəvai adına təsis olunan Nəvai medalları ilə mükafatlandırılıb. Daha böyük uğurlar qazanacağına əminəm. Bu əminliyimə dayanmadan çalışması zəmin yaradır.
Bu gün Namiq müəllimin doğum günüdür, yuxarıda bildirmişdim.
Təbiətindəki həzinlik, mülayimlik, ciddi görkəminin arxasında gizlənən kövrəklik yəqin ilk günlərində dünyaya gəldiyi payız fəslinin yansımasıdır.
Payız dedim, Namiq müəllimin sevdiyim silsilə payız şeirlərindən biri yadıma düşdü:
PAYIZ OVQATI
Elə ki payız gəldi —
yenə soyuq, darıxmaq...
Yenə sözümə baxmır
bu ürək ey, bu "axmaq"...
Yarpaqlar veyillənir
tinində küçələrin.
Payız ömrü uzanır
bu qərib gecələrin.
Yavaş-yavaş çəkilir
arılar öz "evi"nə.
Payız "soğan doğrayır"
kəpənəyin kefinə.
Göydə köçəri quşlar
buludlarla yarışır —
yuyur göyün üzünü,
yuyur, payız yağışı.
Cığırlar mürgü döyür,
yol özünə sığınır.
Gedib qonaq-qarası,
kol özünə sığınır.
Sarı yarpaqdan geyib
böcəklər qış kürkünü.
Durnaların başlayıb
uzaqlara "sürgün"ü.
...Uzun payız gecəsi
təşnəsiyəm nələrin...
Boyunu oxşayıram
u z a q xatirələrin...
Əslində, yazdığım mətn təbrik mətni olmalı idi. Yazıya başladım, fikirlərim bu səpkidə toplandı və əlahəzrət söz məğzdən uzaqlaşdırdı məni...
Tanrının seçərək xüsusi missiya ilə yerə göndərdiyi Adam, bircə yorulmayın, bircə Sözü tərk etməyin. Söz sizinlə ucalıq tapır. Sözünüzlə ucalarda olun həmişə. Doğum gününüz mübarək, əziz və dəyərli Namiq Dəlidağlı!
29.09.2026
Sevinc Qərib
AYB və AJB üzvü
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























