Sizin Reklam Burada
Xəbər lenti
28-09-2026
27-09-2026
BÜTÜN XƏBƏRLƏR

Əvəz Zeynallıyla son vida: “Adamın tabutuna deyil, xəstə yatağında çarpayısına sarılmaq lazımdır”

Tarix: 28-09-2026 17:07     Baxış: 222 A- / A+


file_000000007de4824383174ce6dfd1450f
 “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının vəfatı ilə Azərbaycan jurnalistikası daha bir tanınmış simasını itirdi – Rövşən Hüseynli mərhum jurnalistlə son görüşünü və onun ağır xəstəliklə mübarizəsini qələmə alır.

Son vida…

Azərbaycan ictimaiyyəti bu gün ağır və acı xəbərlə sarsıldı. Tanınmış jurnalist, “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat etdi.
Əvəz Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistanda yaşayan digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988–1990-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1991-ci ildə Ankara Universitetinin Hüquq fakültəsinə daxil olub, 1999-cu ildə ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müxtəlif qəzetlərdə jurnalist kimi fəaliyyət göstərib.
Amansız xəstəliklə mübarizə aparan Əvəz Zeynallı son aylarını ağır müalicə prosesində keçirib. Səhhətində yaranmış ciddi problemlərlə əlaqədar həbsdən azad edildikdən sonra uzun müddət həm Türkiyədə, həm də Azərbaycanda müalicə olunub. Xərçəng xəstəliyinə qarşı mübarizə aparan jurnalistin son günləri ağrılı və olduqca ağır keçib.
Bəlkə də xəstəlik vaxtında aşkarlansaydı və müalicə imkanları daha geniş olsaydı, sonluq başqa cür ola bilərdi. Bunu heç kim dəqiq deyə bilməz. Ancaq amansız xəstəliklə həbsxana divarları arasında mübarizə aparmağın nə qədər çətin olduğunu tibb mütəxəssisi olmayan sadə insan belə dərk edə bilər.

Təəssüf ki, sonluq belə oldu…

Əvəz Zeynallı doğulduğu Göyçəni, Ağbulağı bir daha görə bilmədən dünyasını dəyişdi.
Türkiyədən müalicədən yenicə qayıtmışdı. Elmlər Akademiyasının bağında “Selcanın Məmləkəti” kitablarını satır, heç olmasa qismən müalicə xərclərini qarşılamaq üçün son ümidlərindən birinə – öz kitablarına üz tuturdu.
Onun görüşünə getmişdim. Ayaqüstü də olsa, görüşdük. Bu ziyarəti özümə mənəvi borc bilirdim. Ona görə yox ki, Əvəz bəyin üzərimdə hər hansı haqqı var idi. Əksinə, ondan heç vaxt heç bir xahişim və müraciətim olmamışdı.
Əvəz Zeynallının mənim üçün dəyəri başqa idi. O, hər zaman haqqın və ədalətin yanında dayanmağı, sözünü çəkinmədən deməyi özünə həyat prinsipinə çevirmişdi. Bu səbəbdən onunla görüşmək, heç olmasa bir neçə dəqiqə yanında olmaq mənim üçün mənəvi məsuliyyət idi.
Bir neçə dəqiqəlik söhbətimiz zamanı Göyçədən, Kəlbəcərdən danışdıq. Ona dedim ki, bu xəstəliyə təslim olmağa haqqın yoxdur. Azərbaycan səni sevir. Bu sevgiyə rəğmən sən də yaşamaq, mübarizə aparmaq və xəstəliyə qalib gəlmək üçün sonadək dirənməlisən.
Gözlərində yaşamaq eşqi vardı. Ümid işartıları görünürdü.
İlk və son dəfə onu bağrıma basıb şəfa dilədim və ayrıldım.

Amma içimdə bir vicdan ağrısı qaldı.

Amansız xəstəliklə mübarizə aparan tanınmış bir jurnalist xəstəxana palatasında müalicə almaq əvəzinə kitablarını satmaq məcburiyyətində qalmışdı. Bu mənzərə insanı düşündürməyə bilməzdi.
Bu boyda ölkədə bir iş adamının, imkanlı şəxsin və ya böyük şirkətin qabağa çıxaraq onun müalicə xərclərini üzərinə götürməməsi də düşündürücüdür. Bəlkə də kimsə bunu etməyə hazır idi, bəlkə də imkan yaranmadı. Ancaq nəticə dəyişmədi: Əvəz Zeynallı xəstəliyi ilə mübarizəni təkcə tibbi müstəvidə deyil, maddi və mənəvi çətinliklər içində aparmalı oldu.
Bu gün isə mediada, sosial şəbəkələrdə onun haqqında saysız-hesabsız yazılar paylaşılır, xatirəsi yad edilir, başsağlığı mesajları verilir.
İnsan istər-istəməz düşünür: Sağlığında ağlamaq, dəyər vermək, yanında olmaq, əlindən tutmaq daha vacib deyilmi?
Çünki insan sağlığında dəstəyə ehtiyac duyur. Xəstə yatağında bir xoş söz, bir ziyarət, bir yardım, bir ümid bəzən insan üçün ən böyük mənəvi dayaqdır.

Ölənin arxasınca ağlamaq asandır. Çünki artıq onun üçün etdiyin və ya etmədiyin heç nəyi dəyişmək mümkün deyil. Sağlığında isə insanın yanında olmaq həm cəsarət, həm də məsuliyyət tələb edir.
Cəmiyyət olaraq hələ də nəyi nə zaman etməli olduğumuzu tam dərk edə bilmirik. Bəzən insanın ölümündən sonra göstərdiyimiz ehtiramı sağlığında göstərə bilsək, bir çox faciələrin qarşısını almaq mümkün olardı.
Adamın tabutuna sarılmaqdan əvvəl xəstə yatağının başında dayanmaq lazımdır.
Bir məqamı da xüsusi olaraq media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə xatırlatmaq istəyirəm.
Əvəz bəyin son günlərində çəkilmiş ağır vəziyyətdəki fotolarını paylaşmayın. Onun əzizlərinin, həyat yoldaşının, övladlarının və doğmalarının onsuz da daşıdığı ağrıya bir ağrı da əlavə etməyin.
Qoy Əvəz Zeynallı insanların yaddaşında xəstəliklə mübarizə aparan son görüntüləri ilə deyil, şux görkəmi, cəsarətli səsi, kəskin sözü, jurnalist mövqeyi və haqq bildiyi yoldan dönməyən xarakteri ilə qalsın.
Əvəz bəyin həyat yoldaşı Məlahət Zeynallının bu ağır günlərdə göstərdiyi mərdanəlik, dözüm və əzmkarlıq qarşısında baş əyirəm. Ona, övladlarına, ailə üzvlərinə, yaxınlarına və Əvəz Zeynallını sevən hər kəsə dərin hüznlə başsağlığı verirəm.

Əvəz bəy…
Səninlə son görüşümüzün belə olacağını bilmirdim.
Sənə “şəfa tapacaqsan” deyərək ayrılmışdım.
İndi isə son dəfə “Allah rəhmət eləsin” deməyə məcburam.

Axirət dünyasında yerin cənnət olsun.

Rövşən Hüseynli
Subyekt.az xəbər portalının təsisçisi və baş redaktoru


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar