Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda evlərin qiyməti kəskin bahalaşacaq - Səbəb bəllidir

Tarix: 01-02-2025 10:31     Baxış: 525 A- / A+
Evlərin qiyməti bahalaşıb
Mənzil bazarında qiymətlər artmaqda davam edir. Bunu statistik məlumatlar da təsdiqləyir. Belə ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb. Göründüyü kimi, qiymətlər sabitləşmir. Bəs bu nə vaxt səngiyəcək? Daşınmaz əmlak bazarında qiymətlər bu il də artmaqda davam edəcəkmi?
“Ən yüksək qiymət artımı Nərimanov rayonundadır”
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı onlarda olan rəqəmlər rəsmi statistikadan da yüksəkdir: “Ötən ilin dekabr ayında Bakının mənzil bazarında köhnə mənzillərin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə orta hesabla 10,5 faiz, yenitikililərin qiyməti isə 12,3 faiz artıb. Ən yüksək qiymət artımı Nərimanov rayonunda qeydə alınıb. Burada köhnə binalarda qiymətlər 14, yenitikililərdə isə 16 faiz artıb. Səbail rayonunda köhnə binalar üzrə qiymətlər 13, yenitikililər üzrə isə 15,2 faiz artıb. Nəsimi rayonunda bu göstəricilər müvafiq olaraq 12,2 və 15,2 faiz, Nizami rayonunda 11,7 və 12 faiz, Yasamalda 11,1 və 12,8 faiz, Qaradağda 7 və 8 faiz, Sabunçuda 8 və 10 faiz, Suraxanı və Binəqədidə köhnə binalar üzrə qiymət artımı müvafiq olaraq 6,8 və 8,3 faiz, yenitikililər üzrə isə 9,5 və 9,6 faiz təşkil edib”.
Bahalaşmanı şərtləndirən səbəblər
Sədrin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri tikinti materiallarına tələbatı artırır: “Əgər tikinti şirkətinə əvvəl bir kvadratmetr daha ucuz başa gəlirdisə, indi bu rəqəm 20-30 faiz yüksəlib. İşçi qüvvəsinin də qiyməti artır. Fəhlə və ustalar hər il 15-20 faiz daha artıq məbləğ tələb edirlər. Bu da gündəlik xərclərin artması ilə bağlıdır”.
V.Oruc bildirdi ki, insanlar dayanıqlı biznes sahəsi kimi daşınmaz əmlakı görürlər. Bu, ilbəil qiymətini artıran və dəyərdən düşməyən investisiya növüdür: “Kirayə verərsə, daha artıq gəlir deməkdir. Nəzərə almalıyıq ki, Bakının Baş planına uyğun olaraq müəyyən binaların söküntüsü aparılır. Onların yerində yeni binalar inşa ediləcək. Mənzillər söküldükcə orada yaşayan sakinlər də daşınmaz əmlak bazarına yönəlirlər. Həmçinin MİDA kimi sosial layihələrin həyata keçirilməsi də daşınmaz əmlak bazarında dinamiklik və aktivliyin yaranmasına təsir göstərir”.
Özülü yeni qoyulan binalara da maraq artıb
Ekspert deyir ki, tək hazır mənzillərə deyil, hətta təməli yeni qoyulan əmlaklarda da qiymətlər yüksəlib: “Son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür. Bəzən bu mərhələdə olan tikililər hətta yenitikili və təkrar yenitikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlara daha çox maraq göstərməyə başlayıblar. Səbəblərdən biri də iqtisadi amillərdir. Ölkə iqtisadiyyatı böyüyür. Manatın alıcılıq qabiliyyətində müəyyən fərqlər yaranır. Nəticədə bunlar hamısı qiymətlərin artımı ilə nəticələnir”.
V.Orucun fikrincə, qarşıdakı dövrdə əmlak bazarında qiymətlər daha da arta bilər: “Hər il daşınmaz əmlak 10-17 faiz bahalaşır. Əgər ABŞ və İran münasibətləri gərginləşərsə, oradan soydaşlarımızın ölkəmizə kütləvi axını olarsa, bu da daşınmaz əmlak qiymətlərinin daha da yüksəlməsinə şərait yaradacaq. Bunu Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində gördük. Qiymətlərin birdən-birə yüksəlməsini təşviq edən amillərdən biri də bu oldu”.
Vergilər artıb, qaydalar sərtləşdirilib
Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun fikrincə, mənzil bazarında qiymət artımını yaradan səbəblərdən biri vergilərin artmasıdır: “Əvvəl sahibkar 10 min kvadratmetr satışa çıxarırdısa, hər kvadratmetrinə 67-130 manat vergi ödəyirdi. İndi belə deyil. Yeni məcəllə 2020-ci ilin noyabrından qüvvəyə minib. Bu tarixdən sonra icazəsi alınıb tikintisi başlayan tikililərdə sadələşmiş vergi əvəzinə 18 faiz əlavə dəyər vergisi, mənfəətdən isə 20 faiz tutulur. Belə olan halda 100 manat olan vergi yükü 400-500 manata qədər yüksəlir”.
Ekspertin sözlərinə görə, ikinci məsələ şəhərsalma qaydalarına əlavə olunmuş şərtlərin daha da ciddiləşməsidir: “Yeni tələblərə əsasən, alınan ərazinin yalnız 30 faizində inşaat aparmaq mümkündür. Əvvəl binalar çox yaxın tikilirdi. Bir hektarda 50-70 min kvadratmetrlik mənzil sahəsi istismara verilirdi. İndi bu göstərici maksimum 22 min kvadratmetrdir. Nəticədə təklif edilən mənzil sayı azalır. Həmçinin bloklarda mənzillərin sayı xeyli azaldılıb. Əvvəl bir blokda 10-12 mənzil olardısa, indi qapı sayına da nəzarət edilir”.
“Mənzillər o ölkələrdə ucuzlaşır ki...”
Ekspert bildirdi ki, bu il də qiymətlər yüksələn istiqamətdə olacaq: “Qiymət artımının sadəcə mənzillərdə olmadığını nəzərə alsaq, bu prosesi normal qəbul etməliyik. Mənzillərin qiymətinin ucuzlaşmasını tələb edirik. Amma bu, səhv düşüncədir. Çünki o ölkələrdə mənzillərin qiyməti ucuzlaşır ki, orada iqtisadi gərginlik, böhranlar baş verir. İqtisadiyyatları inkişaf edən dövlətlərdə mənzillərin qiyməti ucuzlaşa bilməz. Bahalaşma bir müddət də davam edəcək. Bu il də bahalaşmaya hazır olmalıyıq. Ümumi iqtisadi göstəricilər yolunda gedərsə, heç bir hadisə baş verməzsə, il sonuna doğru daşınmaz əmlakın daha 13-15 faiz bahalaşacağı gözlənilir”. ("Kaspi" qəzeti)

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar