Xəbər lenti
Məşhur “Necəsən” şeirinin əsil müəllifi kimdir? (video)
Şair Bəhlul Ataxallı “Necəsən” şeirinin ona məxsus olduğu iddiası ilə özünün “Facebook” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “2005-ci ildə dərc edilən “Məhəbbətin söz heykəli” kitabımda “Necəsən” adlı şeirim işıq üzü gördü. Həmin şeir “İncəsənət” jurnalının 5-ci nömrəsində də dərc edildi və bundan sonra müxtəlif mətbu orqanlarda və poeziyasevərlər tərəfindən kifayət qədər yayıldı.
Şair, Əli Kərim adına Sumqayıt Poeziya Evinin rəhbərli İbrahim İlyaslının 2011-ci ildə çap olunmuş “Yuxuma söykənmiş adam” kitabında eyni mövzulu, eyni rədifli, eyni qafiyəli, hətta mənim şeirimlə eyni adı, eyni ovqatı əks etdirən şeirini oxudum. Şeir tamamilə mənim şeirimin variantı idi. Bu məsələylə bağlı təxminən iki il əvvəl İbrahim İlyaslının “Facebook” sosial şəbəkəsindəki səhifəsinə yazsam da mənə cavab vermədi və hətta yazdığımı sildi. Az zaman içərisində əsli mənə aid olan “Necəsən” şeiri İbrahim İlyaslı adına kütləvi şəkildə yayınlandı. 29 yanvar 2025-ci ildə İbrahim İlyaslıya telefon açdım, “Necəsən” şeirini ilk dəfə nə vaxt çap etdirdiyini soruşdum və bu şeirin mənə məxsus olduğunu bildirdim. O isə məni böyük aqressiya ilə qarşıladı, hətta adına, imzasına, statusuna yaraşmayan tərzdə, küçə söyüşləri ilə mənə cavab qaytardı”.
Bəhlul Ataxallı videoçıxışında məsələnin araşdırılması, hüquqi qiymət alması və özünün müəllif hüququnun, şərəf və ləyaqətinin müdafiəsi üçün aidiyyatı orqanlara müraciət etdiyini də qeyd edir.
Hər iki müəllifin şeirlərini bura əlavə edirik.
Oxuculardan da məsələyə münasibət bildirmələrini xahiş edirik.
Bu barədə şair İbrahim İlyaslının da fikrini yayınlamağa hazırıq.
Necəsən? – Bəhlul Ataxallı
Soran varmı əhvalnı
Ay müşkül halım, necəsən?
Ay gözümdən daşan qəmim,
Artan məlalım, necəsən?
Bu eşq səni yora-yora,
Öz səbrimdən çəkdi dara.
Ay dəymişi dura-dura,
Tökülən kalım, necəsən?
Ayaz oldu, qara düşdün,
İsti gəldi, qora düşdün!
Səkə-səkə tora düşdün
Kəklik amalım, necəsən?
Şırım köksüm bənzər şuma,
Söz mənzilim uçuq koma.
Ay məni döndərən muma,
Pətəyim, balım necəsən?
Püskürərdin odlu-odlu,
Dillənərdin dadlı-dadlı.
Sinəm altda ilham adlı,
Olub-qalanim necəsən?
Ağayana ola-ola,
Eşq önündə döndü qula.
Hamıdan doğma Bəhlula
Hamıdan zalım, necəsən?
***
Necəsən? – İbrahim İlyaslı
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?
kultur.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar