Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

20 Yanvar – Milli müqavimət günü!

Tarix: 18-01-2025 14:19     Baxış: 3137 A- / A+


Artıq milli iradəmizin zəfər çaldığı vaxtdan, qürurumuzun kədərimizin önünə keçdiyi tarixdən, müstəqilliyimizin bərpası tarixinin ilk səhifəsinin yazıldığı gündən 35 il keçir!
 Bu gün Ümumxalq Hüzn Günü olmaqla yanaşı həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının sübuta yetdiyi gün – Milli Müqavimət Günüdür! Azadlığmız uğrunda əliyalın sovet tanklarının üzərinə yeriyən qardaş və bacılarımızın başladığı böyük bir işi 30 ildən sonra biz Zəfərlə başa çatdırdıq. 
Azərbaycan azaddır və Qarabağ Azərbaycandı.

1990-cı il 20 Yanvar hadisəsinə aparan yola qısa nəzər salarkən birmənalı şəkildə onu deyə bilərik ki, bu qanlı yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başladı. Qarabağda ermənilərin törətdiyi cinayətlərin, günahsız insanların öldürülməsinin dayandırılması tələbi ilə 1990-cı il yanvarın 16-da Bakıda və bir sıra rayonlarda piketlər keçirildi. Qarabağda artmaqda olan gərginliyin qarşısını almaq əvəzinə sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlətdi. 

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası MK-nın katibi Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ müdafiə nazirliyi, dövlət təhlükəsizlik komitəsi və daxili işlər nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Sovet rəhbərliyi Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi. Fövqəladə vəziyyət rejiminin tətbiq edilməsindən əhalinin xəbər tutmaması üçün yanvarın 19-u saat 19:27-də SSRİ DTK-nın “Alfa” qrupu televiziyanın enerji blokunu partladır. Yanvarın 19-u saat 23:00-da sovet qoşunları Bakıda “Udar” kod adı altında əməliyyata başlayırlar. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi. Fövqəladə vəziyyətlə bağlı xəbəri əhali yalnız səhər saat 5:30-da xarici radiostansiyalardan və vertolyotlardan atılmış vərəqələrdən öyrəndi. O ana qədər artıq 82 nəfər amansızcasına qətlə yetirilmiş, 20 nəfər isə ölümcül yaralanmışdı. Bakıda və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər isə yaralandı. 

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis nəfərləri var idi. Respublika ərazisində 841 nəfər qanunsuz həbs edilir. Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə “Nürnberq prosesi” kimi düşmüş, Beynəlxalq Tribunalda pislənilən bütün əməllər müşahidə edilir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Heydər Əliyevin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı DQMV- nin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri məhz o gündən başlamışdır. Bəli, şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar. Ancaq onlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparmışdılar. Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalmışdı, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır.

 Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir. Həmin günlər diqqətçəkən daha bir məqam qəhrəman dənizçilərimiz ilə bağlıdır. 1990-ci il 20 yanvar faciəsinin səhəri günü Bakı buxtasını mühasirəyə almış sovet gəmilərinin hərəkətinə yol verməyən, sovet ordusunun törətdiyi qırğını dünyaya çatdıran çoxsaylı Azərbaycan gəmisi “fövqəladə vəziyyət” elan edərək “Sabit Orucov” sərnişin gəmisində qərargah yaradırlar. Bu qərargaha 7 gəmi kapitanı rəhbərlik edib. Bakı Moskva tərəfindən informasiya blokadasına alındığı üçün bu gəmilər hər 30 dəqiqədən bir dünyaya “Diqqət! Mən Bakıyam! Məni yandırırlar!”, “Diqqət! Bakı yanır!” həyəcan siqnalı göndərirlər. Nəticədə Atlantik və Sakit okeanlarında üzən gəmilər faciədən xəbər tuturlar. Bu tarixdə nadir hadisələrdən biri idi ki, dünya dənziçiləri bu qədər həmrəy olmuşdular. Onlar Bakıya dəstək olaraq bu xəbəri öz ölkələrinə çatdırırlar. Sovet ordusu öldürdüyü mülki şəxslərin meyitlərini Bayıl tərəfindən “Vosxod” hərbi gəmisi ilə dənizə atmaq və izi itirmək istəyirdi. O zaman bu mülki gəmilər hərbi gəmilərlə döyüşə girərək meyitlərin dənizə atılmasına mane oldular. “Kapitanlar Şurası” sovet rəhbərliyindən tələb edir ki, 
1. “Ordu 24 saat ərzində Bakıdan çıxarılsın”;
 2. “Etiraz olaraq Bakı buxtasındakı gəmilərdən biri yandırılacaq”; 
3. “Müqvimət olarsa sahildəki neft bazaları yandırılacaq”;
 4. “Gəmilər hərəkətə keçərsə, biz onların qarşısını öz meyitlərimiz hesabına alacağıq.” SSRİ müdafiə naziri marşal Yazov buna görə “Kapitanlar Şurası” ilə danışıqlar aparır, onları 15 il həbs və güllələnmə maddəsi ilə hədələyir. Lakin kapitanlar bundan qorxmurlar. Yanvarın 21-dən başlayaraq sovet gəmiləri mülki gəmiləri atəşə tutur, bəzi gəmilər yandırılır və şəxsi heyəti həbs edilir. Hadisələrdən sonra 40-a yaxın kapitan həbs edilərək Rusiyanın Orenburq və Ulyanovsk şəhərlərinə göndərilir. Qəhrəman dənizçilərimiz bir müddət sonra azadlığa buraxılaraq vətənlərinə qayıdırlar. Həmin gün Xəzər dəniz-neft donanmasının dənizçiləri olmasaydı, Bakıdakı qırğınlar daha bir neçə gün davam edəcəkdi. 

20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərir. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirildi. Şəhidlər Xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Yüz il çar Rusiyası, ardınca da yetmiş il bolşevik-kommunist rejimi tərəfindən əzilən bir xalq imperiyanın dişinədək silahlanmış ordusunun qarşısına əliyalın çıxmışdı. Bundan qorxulu isə heç nə ola bilməzdi. 20 yanvar ərəfəsində və ondan sonra baş verən iki hadisə də SSRİ-nin altına yerləşdirilmiş saatlı bomba rolunu oynadı: toxunulmaz sayılan SSRİ sərhədlərinin dağıdılması və Kommunist Partiyası üzvlük biletlərinin nümayişkaranə şəkildə yandırılması. Həmin bombalar, dinamitlər üstündən heç iki il keçməmiş partladı və SSRİ-ni dağıtdı. Qəhrəman, qorxmaz həmvətənlərimizin şəhid olduğu 20 Yanvar tarixi xalq olaraq bizim diriliş günümüzdür. 

Ordu Bakıya gəlmişdi ki, Azərbaycanın azadlıq mübarizəsini boğsun və SSRİ-nin dağılmasının qarşısını alsın, ancaq SSRİ dağıldı, Azərbaycan müstəqil oldu. Ordu Bakıya gəlmişdi ki, Qarabağın hansı yolla olursa-olsun Ermənistana verilməsini təmin etsin, ancaq bu gün Qarabağ Azərbaycandır. Bu qəhrəman xalq himnimizdə keçən “Səndən ötrü can verməyə cümlə hazırız” misrasını 20 yanvar 1990-ci ildə, “Səndən ötrü qan tökməyə cümlə qadiriz”i isə 2020-ci ilin 44 günündə həmrəy şəkildə yaşadı. Bu məmləkətin gələcək övladlarının əliyalın sovet tanklarının qarşısına gedən və bu müstəqilliyimizi qazanmaqda qəhrəmanlıq göstərən oğul və qızlarımızdan, eləcə də cəsur əsgər, gizir və zabitlərimizin fədakarlıqlarından, birlik və bərabərliklərindən, Qarabağda həyata keçirdiyi ağır mübarizələrdən öyrənəcəkləri çox şey var. Düşünürəm ki, Cənab Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunması barədə bəyənatı Şəhidlər Xiyabanında elan etməsi təsadüfi deyildi. O elan tarix üçün bir elandır. Şəhidlər Xiyabanı bu millətin yaşayan yaddaşıdır. 

O yaddaşa müraciət idi. Rəmzi, simvolik, tarix üçün ciddi bir mesajdır. Çünki o şəhidlər bu Vətən torpağının bütövlüyü, azadlığı uğrunda savaşıblar. Onların tökülən qanı bu millətin yaddaşı, heysiyyatı, namusu üçündür. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “...20 Yanvar faciəsi nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır. Onların axan qanı xalqımızın hər bir fərdinin qanıdır və o qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, o qanın hər damcısında xalqımızın milli azadlıq, müstəqillik arzusu vardır”. Bu gün müstəqillik üçün canından keçən, əliyalın sovet tanklarının qarşısına gedən və bu müstəqilliyimizi qazanmaqda qəhrəmanlıq göstərən oğullarımıza, qızlarımıza müstəqilliyimiz üçün - sağ olun deyirik. Başda çağdaş Azərbaycanımızın memarı ümummilli lider Heydər Əliyev olmaqla müstəqillik uğrunda fədakarcasına mübarizə aparan bütün keçənlərimizi və bu yolda canlarından keçən bütün şəhidlərimizi sayğı və rəhmətlə yad edirik. Ruhunuza dərin ehtiramla! 













 Tural Akif oğlu Vəlizadə Bakı Qızlar Universitetinin
 baş müəllimi.
tural.akif.velizade@gmail.com 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar