Dünyanın iqlimi
Artıb yer üzünün dərdi-mərəzi,
Boyverməz dəryalar olubdur dayaz.
Elə bil pozulub mizan-tərəzi,
Nə qışımız qışdı, nə yazımız yaz.
Qədrini bilmirik Yer kürəmizin,
Göyə buraxırıq tüstünü, hisi...
Suyu zəhər olub çayın, dənizin,
Saralıb dünyanın bəti-bənizi.
Oğullar azalır, qızlar qarıyır,
Tamah çoxaldıqca, iman sozalır.
Bulaqlar quruyur, çaylar quruyur,
Dünyanın üzünün suyu azalır.
Çiçəklər tərk edir yamacı, düzü,
Qayıtmaq istəmir quş da yuvaya.
Tüstünün əlindən buludlar bezib,
Ciyər həsrət qalıb təmiz havaya.
Dərdlərin əlində acizik hələ,
Qurtula bilmirik dərddən, yaradan.
Tufanla, sel ilə, zəlzələ ilə
Xəbərdar eləyir bizi Yaradan.
Qiyamət öndədir, bu nədir hələ?!
Dünyanın üzünə qaranlıq çökür.
Arabir iqlimi dəyişmək ilə
Tanrı bəndələri sınağa çəkir.
Napakdan ayırıb təmizi, pakı
Bəşər haqq uğrunda döyüşə, bəlkə?
İqlim paytaxtına çevrilən Bakı
Dünyada iqlimi dəyişə, bəlkə?
Niyə son qoymuruq hərbə, davaya?
Yetməzmi bu qədər ağrı-acılar?
Anamız dünyanın təmiz havaya,
Bəşərin saflığa ehtiyacı var.
Allah bəndələri
çəkir sınağa
Pul seltək axdıqca eyşə, işrətə,
Halal dəyirmanın suyu sozalır.
Səbirlə dözürük zülmə, zillətə,
Namərdlər çoxalır, mərdlər azalır.
Bulaqlar quruyur, çaylar quruyur,
Balıq yoxa çıxır, quş yoxa çıxır.
Ata ocağında qızlar qarıyır,
Ağıl yoxa çıxır, huş yoxa çıxır.
Sayı azalıbdır indi toyların,
Elə bil bu millət gəlib nəzərə.
Nəfs dənizinə axan çayların
Bircə damlası da çatmır Xəzərə...
Həyat dikbaşların alır canını,
Hər şey dəyişibdir özgürlüyünü.
Zəlitək soran var onun qanını -
Kür də itiribdir öz kürlüyünü.
Nə qədər doğmanı "yad çıxarmışıq", -
Haramla yoğrulan bu bazar çökə!
Hasarlar çəkməklə ad çıxarmışıq,
Yoxdur nəfsimizə bir hasar çəkən.
Başımda ildırım çaxır elə bil,
Yaralı köksümdə dərd puçur-puçur.
Hasara girməkdən qorxur elə bil,
Dəniz ətəyini çırmayıb qaçır...
Hələ məzlumların göynəyir içi,
Zalımlar daş atır qəlbi sınığa.
Qiyamət günündə haqq-hesab üçün
Allah bəndələri çəkir sınağa.
Yaşamaq eşqinin abidələri
Güllü yamaclardan çiçək dərəndə
Xoşbəxt sanmasınmı insan özünü?
Sıldırım üstündə qala görəndə
Heyrətə gəlmişəm ömrüm uzunu.
Məbədlər ucaltmaq deyilmiş asan,
Gözüm qalaların bürcündə qalıb.
Hər an düşünmüşəm, görəsən, insan
Bu gücü, qüvvəni haradan alıb?
Heç kimdən, heç kəsdən etmirəm giley,
Susuram bir xoşbəxt anın xətrinə.
Varmı bu dünyada candan əziz şey,
Nələr etməmişik canın xətrinə?
Nələrə qadirmiş həyatın gücü? -
Ömür yollarında çox şimşək çaxıb.
İnsan sağ-salamat yaşamaq üçün
Həmişə dəridən, qabıqdan çıxıb.
Çətinə düşəndə əl açıb göyə,
Hamı istəyib ki, salamat qala.
İnsan öz canını qorusun deyə,
Dağların başında ucaldıb qala.
Gözəllik məkanı olub dağ, dərə -
Gələn çiçəklərin qoxusu imiş.
İnsan qollarına sonsuz güc verən
Canını qorumaq qorxusu imiş.
Bizdən uzaq olsun bütün bəlalar,
Xoş anlar həyatın qadir səsidir.
Əlçatmaz, quşqonmaz uca qalalar
Yaşamaq eşqinin abidəsidir.
Elə bağlıyam ki,
bu doğma yurda
Gəzdim bu dünyanı mən addım-addım, -
Ömür yollarında səfər baş qatır.
Nə qədər bulağın suyunu daddım,
Qısraq bulağının suyu başqadır.
Misralar gül açar şair izində,
Demə yaratmağa həvəsi yoxdu.
Çox çaylar görmüşəm bu yer üzündə,
Ancaq Bərgüşadın əvəzi yoxdu.
Dağ dağa oxşayır, dərə dərəyə,
Dənizin dənizə bənzəri vardır.
Baxdım heyranlıqla çox mənzərəyə,
Çox şükür, bu elin Xəzəri vardır.
Burda ayrı cürdü göl də, dəniz də,
Elə bağlıyam ki, bu doğma yurda,
Sanıram fərqlidir göylərimiz də,
Ayrı cür sayrışır ulduzlar burda.
Onsuz ürəyim də döyünən deyil,
Əvəzi olmayan ruzidi vətən.
Dünya ayrı cürdü burda elə bil,
Həyat eşqimizin duzudu vətən.
Dünyanın dəyişməz qanunu vardır
Onsuz da uzundu dünyanın işi
Nə canlar gedərək, nə canlar gəlir.
Deyinə-deyinə gedir qocalar,
Öyünə-öyünə cavanlar gəlir.
Kim nəyi itirdi, kim nə qazandı? -
Qocalar...
Arzuya qəlibdi onlar? -
Cavanlar sanır ki, hər şey asandı,
Elə bilirlər ki, qalibdi onlar...
Həmişə bəşəri ümid yaşadıb,
Dünyanı yolundan saxlamaq olmaz.
Gedənin dalınca qara daş atıb,
Gələnin yolunu bağlamaq olmaz.
Hələ qarşıdadır çovğun, qar, dolu,
Ömür yollarında hələ nələr var?!
Payızda bitsə də baharın yolu,
Yaxşı ki, solmayan xatirələr var...
Həyat tez dil tapır müdriklər ilə,
Kainat nadanın başına dardır.
Fəsillər, nəsillər dəyişsə belə,
Dünyanın dəyişməz qanunu vardır.
Qu desən, qulaqlar batıran sükut
Uğurun artdıqca, oxlov udacaq,
Neçə dost sandığın batacaq qəmə.
Pambıqla baş kəsən görmüşdük, ancaq
Sükutla baş kəsən var imiş, demə...
Güvəndiyim dağlar dalıb sükuta,
Ürək istəməsə, söz demək olmur.
Hamının ümidi qalıb sükuta, -
Ancaq həqiqəti gizləmək olmur.
Bu sükut dənizdə adaya dönüb,
Bu sükut qoynunda dağ uda bilər.
Şimşəklər bir qızıl sədaya dönüb,
Həsəd buludunu dağıda bilər.
Bir yağış yağar ki, zəfər yağışı,
Qara kötükləri yuyub aparar.
Pozar bu sükutu ümid alqışı,
Bir acı həqiqət haray qoparar.
Yelkənə çevrilər bəyaz bir bulud,
Günəş saf qızılın əyarı imiş.
Qu desən, qulaqlar batıran sükut
Mənim kimliyimin meyarı imiş...
Necə simsar olsun ürəyi buzla
İnsan düşüncəsi, insan amalı?
Susun, əziz dostlar, sükutunuzla
Mənim uğurumdan intiqam alın.
Qərib kimiyəm
Zaman sifətimə salsa da qırış,
Uşaqlıq dünyamdan qopa bilmirəm.
Gəzsəm də dünyanı mən qarış-qarış,
Heç harda rahatlıq tapa bilmirəm.
Qüssə əskik olmur niyə üzümdən?
Niyə kədər dönüb can sirdaşına?
Bilmirəm nə işdi, darıxıram mən
Getsəm də dünyanın hansı başına...
Dənizin qoynunda üzürəm hərdən,
Qəm yükü daşıyan nəhəng gəmiyəm.
Sanki yer oğluna yer yoxdu yerdə,
Elə göylərdə də qərib kimiyəm.
Dərdi olmayanlar şeir oxumur
Yaranı duz kimi göynətsə belə,
Elə düşünmə ki, yağıdır şeir.
Sevən ürəklərin nuru, işığı,
Şair ürəyinin yağıdır şeir.
Çətin ki, sağala könül dağları,
Hey köks ötürürük gəzib dağları,
Xiffətlə yoğrulan ötən çağları
Gözlərdən sel edib axıdır şeir.
Hər söz vərəq üstdə həsrət toxumu,
Daş qəlb çilikləyib sevgi oxumu.
Dərdi olmayanlar şeir oxumur,
Ölən sevgilərə ağıdır şeir.
Hicran nəhrləri düşsə araya,
Körpüyə çevrilib yetir haraya.
Bəzən məlhəm olur əski yaraya,
Bəzən ürəkləri ağrıdır şeir.
İztirab çəkənin göynəyir içi,
Gözünün önündən eh, nələr keçir?!
Əli bu dünyadan üzülən üçün
Şirin təsəllidir, nağıldır şeir.
Sevgisiz bir ömür, de, nəyə dəyər?
Ürək zillət çəkər, alışar ciyər,
İçində bir zərrə nur olsa əgər,
Həsrət buludunu dağıdır şeir.