Xəbər lenti
“Möcüzə şəhər” kitabının I cildi işıq üzü görüb
“Sumqayıt” qəzetinin baş redaktoru, “Tərəqqi” medallı publisist-jurnalist Sübhan Qafaroğlunun gərgin əməyinin bəhrəsi olan “Möcüzə şəhər” kitabının I cildi “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə çapdan çıxan bu kitabda publisistik məqalələr, müsahibələr və oçerklərdən ibarət olan yazılar mövzuya uyğun olaraq fəsillərə bölünüb.
Kitabın ilk fəslini “Qurub-yaratmaq eşqi” bölməsi təşkil edir. Bu bölmədə əsasən möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında son onillikdə yüksək səviyyədə icra olunan geniş miqyaslı infrastruktur layihələr, abadlıq-quruculuq və yenidənqurma işlərinə aid mənalı yazılar, dənizkənarı bulvarın necə ərsəyə gəlməsi, həmçinin şəhərin adı ilə bağlı müxtəlif əfsanələr yer alıb. Möhtərəm prezidentin indiyədək öz intibah dövrünü yaşayan Sumqayıta olan otuz üç səfərindən foto-şəkillər də kitabda əxz edilib. Hər gəlişi ilə yeni nailiyyətlərə imza atan şəhərdə müasir texnologiyalarla təchiz edilən iri sənaye müəssisələrinin, infrastrukturların, təhsil, mədəniyyət, səhiyyə və idman komplekslərinin, stadionun, xidmət mərkəzlərinin açılışı əhalidə ruh yüksəkliyi yaradaraq qurub-yaratmaq eşqini artırıb. Şəhərin elm, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinə və xidmət sahələrinə aid qazanılan uğurlardan bəhs edilən maraqlı mövzular “Tərəqqi yollarında” adlanan ikinci bölmədə öz əksini tapıb.
Sumqayıtın qurulması, inkişafı naminə əlindən gələni əsirgəməyib gənc yaşlarından ömrünü bu şəhərə həsr edən zəhmətkeş insanlar haqqında isə “Sumqayıt - talelər şəhəri” bölməsində oçerklər dərc olunub. Bu bölmədə haqqında söz açılan əmək qəhrəmanları, ictimai xadimlər, istehsalatda hünər göstərən mühəndislər, öz yaradıcılıqları ilə şəhərin inkişafına töhfə verən alimlər, yazıçı və şairlər, incəsənət ustaları, cəmiyyətin inkişafına xidmət edən müəllim və həkimlər, mütəxəssislər təkcə taleyini bağladığı şəhərdə deyil həm də respublikada zəhmətinə və peşəkarlığına görə tanınır. Müasirliyi və gözəlliyi ilə ölkənin digər şəhərlərindən fərqlənən 75 yaşlı Sumqayıtın tərəqqi yollarında yorulmadan addımlayan fədakar insanların əzmkarlığı sayəsində şəhər gündən-günə ucalır.
Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Sumqayıt müasir görkəmi və sürətli inkişafı ilə Ulu Öndər Heydər Əliyevin arzularının gerçəkləşdiyini sübut edir. Bəli, çəkilən zəhmətin nəticəsidir ki, bu gün yeni həyatına qovuşan şəhər möcüzə məskəni kimi tanınır və adı müasir şəhərlər sırasında çəkilir. Təsadüfi deyldir ki, öz möhtəşəmliyi ilə diqqət çəkən, hamını heyran qoyan dənizkənarı bulvarı ölkə başçısı möcüzə adlandırıb. Ərsəyə gətirdiyi kitabın adı haqqında çox düşünüb-daşınan müəllif Sübhan Qafaroğlu “Möcüzə şəhər” adını da qətiyyətlə seçərək yubiley münasibətilə Sumqayıta və sumqayıtlılara hədiyyə edib.
Hazırda kitabın II cildi nəşrə hazırlanır. Sübhan Qafaroğlu indiyədək oxuculara tanış olan və sevilə-sevilə oxunan ikicildlik “Ömrümüzün günəşi” kitabının həmmüəllifi, “Ömrə düşən izlər”, “Zəhmət və gözəllik”, “Sumqayıtın işığında” kitablarının müəlliflidir. Əminliklə demək olar ki, Sumqayıtın inkişaf yollarına həsr olunan “Möcüzə şəhər” kitabının hər cildi müəllifin yaradıcılığında əsas yer tutan nümunəvi kitablar sırasına daxil olaraq yaddaşlarda yaşayacaq.
Rəna TƏBƏSSÜM,
yazıçı-publisist, jurnalist,
Mahmud Kaşğari mükafatçısı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar