Sizin Reklam Burada
Xəbər lenti
16-09-2024
15-09-2024
BÜTÜN XƏBƏRLƏR

Ay Bəniz Əliyarın qələminin mürəkkəbi sevgi ilə qarışdırılıb... - Zakir Məmməd

Tarix: 07-09-2024 18:22     Baxış: 396 A- / A+
Aybəniz Əliyar

Müharibə, sevgi, insan

Vaxtın, düşüncənin sıxlığından kənara çəkilib adamın söz kimi görünməyi həyatın ən gözəl əməllərindən biri kimi məmnunluq doğurur. Şairin daha nə yazacağı gözləntisi bu dünyanın, görəsən, bundan sonra insanı xoşbəxt edib-etməyəcəyi gözləntisi kimidir. Buna ümid etmək hər kəsin haqqı olsa da, mənim, sənin saydığımızla fələyin saydıqları arasında fərq olanda ümidlərin doğrulması sözün üzərinə düşür. Böyük-böyük ümidlərin də qapısı bağlı olanda sözün ətəyindən yapışıb dikəlmək olur. Ən böyük ağrımız, ya ümidsizliyimiz vətən torpaqlarının itkisi ilə bağlı olanda – onda da, ərazi bütövlüyünü təmin etməyə ümid azalanda ölməz bədii sözün qüdrəti ilə bir xalqın ruhunu diri saxlamaq mümkün oldu, indi də - düşməni məğlub etdikdən sonra da bədii söz yaralarımıza məlhəm, arzulara qanad oldu. Qırx dörd gün davam edən müharibənin ədəbi səngərləri ta əvvəldən qazılıb hazırlanmışdı. “Müsəlləh əsgər”(S.Vurğun) kimi o böyük savaşın önündə gedən az saylı şairlərdən biri Ay Bəniz Əliyar oldu. Onun bu dövrü əks etdirən şeirlərində çağırış da var, vətən sevgisi də, ağır döyüş səhnələri də. Ən əsası, əlbəttə, həmin şeirlərin sənətkarlıq cəhətidir ki, bu olmasa, mövzunun aktuallığına baxmayaraq, şairin ədəbi uğurundan danışmağa dəyməz.

“Bir az ürək, bir az qan,
Alışdır, Vətən olsun.
Bir az torpaq, bir az can,
Qarışdır, Vətən olsun”.


Vətəni ifadə edən bir nümunə kimi Ay Bəniz Əliyarın dörd misralıq bu bəndində torpaq, su, hava, od ünsürü cəmləşibdir. Yer səthinin – Vətən ərazisinin bu dörd ünsürlə izahında bir sənət sirrinin olduğunu da qeyd etmək lazımdır. 2020-ci ilin 27 sentyabrında Azərbaycanın ermənistan tərəfindən işğal edilmiş əraziləri uğrunda başlayan şanlı döyüşlərə Azərbaycan əsgəri ilə birgə qələm adamlarının da qatılmağı savaşın daha iri miqyaslı olduğunun göstəricisidir. Dünyaya səpələnmiş hər bir azərbaycanlının və haqsevər insanların düşüncəsində bu savaş hər zaman var. 44 günlük döyüş hərb cəbhəsində səngisə də, ədəbiyyatda davam edir və etməlidir. Vətən uğrunda gedən bütün davalarda olduğu kimi. Bu savaşın ədəbi silahdaşlarından Ay Bəniz xanımın üzərinə düşən vəzifələr də vardı və şair bunun öhdəsindən gəlməyi bacarır. Ön cəbhədə hərbin, ədəbiyyat cəbhəsində sənətin üsulları ilə işləməyin nəticəsi torpağın işğaldan azad edilməsi oldu. Hər bir istedadlı sənət adamı da yazdıqları ilə fikri, düşüncəni “işğaldan” azad etmiş olur. Vətənin millət halında bütövlükdə dərki vətənin və sənətin qələbəsinə səbəb olmalıdır. Ay Bəniz Əliyar “alışdırmaqla”, “qarışdırmaqla” sənətdəki uğurların qazanılmasına nail olur. Alışdırmaq üçün od və havadan, qarışdırmaq üçün su və torpaqdan istifadə edən şairin bütün yaradıcılığında bu dörd ünsür iştirak edir. Onun poetik vətəninin ərazi bütövlüyü daim qorunur. Bu, şairin döyüşkənlik əzmi, iradəsi, poetik istedadı ilə təmin olunur.

“Bilirəm ki, qorxum yoxdur ölümdən,
Yerim yenə ən birinci sırada.
Mərmi kəsən ayağım var əlimdə,
Avtomatla səhv salıram arada”.


Bax bütövləşmə budur, vətənin daşı, torpağı, uğrunda aparılan savaşı, amalı, arzusu ilə bütövləşmə. Əsgər üçün əli ilə əlindəki silahının eyniliyi hərb sənətinin bir əlaməti və şərtidir. Müharibə mövzusu onun yaradıcılığında elə bil ki, söz sənəti ilə hərb sənətini birləşdirmiş olur.

Ölçülməzdi şəhidliyin dəyəri,
Bir qəlb sönər, alovlanar min ocaq.
Qar altında son nəfəsim göyərir, 
yazağzında Xarıbülbül olacaq” 


misralarının müəllifinə zaval yoxdur. Onun sözü düşdüyü yeri cücərdən toxum kimidir, özü toxumsəpənə bənzəyir. Obraz seçimi Ay Bəniz Əliyarda uğurlu alınır. 

“Bir gəlin yıxılıb üzüqoyulu,
Sərilib torpağın ər tərəfinə.
Bir övlad baxışı qəlpəylə dolu,
Səpilib dünyanın hər tərəfinə”.


Bu dörd misrada siyasətin, xəyanətin, ədalətsizliyin, insan qınağının və şübhəsiz, insan faciəsinin bədii obrazı qələmə alınıbdır. Əsasən, müasir dünyanın halı, “üst-başı” da misraların arxasından görünməkdədir, boylanmaqdadır. 
Bütün siyasətlərin müharibəyə çevrilmək təhlükəsi olduğu kimi, siyasətlərin ağır yüklərindən qurtulmaq istəyi hərdən şeirin misrasını ayrı səmtə çevirməyi tələb edir. Poetik Mən yazı "ləazimatını" yığışdırıb ayrı bir yerə daşımalı olur. 

“Bir az insanlardan qaçmaq,
Bir az özünü dinləmək...
Bir az torpağı qoxlamaq,
Getmək və geri dönməmək
”.

Bu küskünlük də şairliyin ayrılmaz xüsusiyyətlərindən biridir. Əslində, bu da etiraz etməyin bir üsuludur. Təkcə qarşıdakı düşmənlə deyil, insan özü-özü ilə də vuruşmağa məhkum olunub. O cümlədən, özünə təslim olmaq da var. “Qasırğadan, oddan keçib, Qılıncının altdan keçib, Bu dəfə... özündən keçir”. 
Hansı ovqatda olur-olsun, Ay Bəniz Əliyarın qələminin mürəkkəbi sevgi ilə qarışdırılıb, ona görə də onun yaradıcılığı bir kitabının adında ifadə olunduğu kimi, ruhun aynasına bənzəyir. Nədən yazsa da, bu aynada insan özünü görür və tanıyır.

“Ürək susanda yazılan
Şeirdən bir də yazılmaz.
Şeirlər göydə yazılır,
Şeirlər yerdə yazılmaz”.


Göydən yeri axı yaxşı görmək mümkündür. Şairlər göy adamı olduqları üçün yerin əhvalatını onlar yaxşı bilirlər. Onların bildiklərinin adı poeziyadır. Adının necə qoyulmasından asılı olmayaraq, bir şeirini bütöv paylaşmaq istəyirəm. 

Gedək göbələk yığmağa,
yağış başlasın yağmağa.
Əlini apar çaxmağa,
çaxmaq olmasın, olmasın.

Yağış alsın ağlı, huşu,
ev olsun ağac koğuşu,
gir içində bir az üşü,
çıxma olmasın, olmasın

Tanrı bol etsin yağışı,
yağış göylərin naxışı,
soyunaq yaş əyin-başı,
baxmaq olmasın, olmasın.

Gözdə eşq var, üzdə pərdə,
dərdə bax, çəkdiyin dərdə.
Adam gərək belə yerdə
axmaq olmasın, olmasın.


Ay Bəniz Əliyarın bildiklərini biz onun kitablarından oxuyuruq. Şəksiz, onun hələ kitaba yazmadığı, daha doğrusu, bizi hələ tanış etmədiyi sirləri var. Yazılmayan kitabların tamalanması üçün şair hələ göylərdə çox qalmalıdır. Ömrünün qaynar illərini yaşayan şairin məqamı həmişə uca olsun, - deyirik.













Zakir Məmməd
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar